“Gənclərimiz artıq boş vaxtlarından səmərəli yararlanmağı bacarırlar”
Tarix: 21.02.2017 | Saat: 00:16:00 | E-mail | Çapa göndər


İlkin Həsənov:
“İslam Həmrəyliyi Oyunlarında tələbələr ən böyük töhfələrini öz könüllülük fəaliyyətləri ilə verəcəklər”

Müsahibimiz Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının 4-cü kurs tələbəsi, akademiyanın Tələbə Gənclər Təşkilatının sədri İlkin Həsənovdur.
-Özünüz barədə məlumat verərdiniz.
- Mən, İlkin Həsənov 1996-cı il fevral ayının 2-də anadan olmuşam, 2003-cü ildə ibtidai təhsilə başlamışam və 2013-cü ildə orta məktəbi bitirmişəm. Elə həmin ildə də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına daxil oldum. Hazırda akademiyanın 4-cü kurs tələbəsiyəm. Ali təhsil aldığım müddətdə ictimai işlərdə aktiv tələbə olmuşam. 21 may 2016-cı ildə keçirilən Tələbə Gənclər Təşkilatının hesabat seçki konfransında təşkilata sədr seçildim.
-Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının idman mütəxəssislərinin yetişdirilməsində əvəzedilməz rolu var. Akademiyanız haqqında nələri deyərdiniz?
-Haqlısınız. Akademiyanın özəlliyindən biri dediyiniz amildir. Ümumiyyətlə, akademiyanın əsası 1930-cu ildə qoyulub. O vaxt Cənubi Qafqazda bu tip təhsil verən yeganə ali təhsil ocağı Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası olub. Hazırda da Azərbaycanda bədən tərbiyəsi və idman mütəxəssisi yetişdirən yeganə ali təhsil ocağı Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasıdır. Akademiyada 2016-cı ilin əvvəlindən başlayaraq əsaslı yenidənqurma işləri gedir. Bu yenidənqurma işləri tək infrastrukturu deyil, həm də təhsili əhatə edir. Hazırda akademiyada üç fakültə mövcuddur. Onlardan 2-si yeni açılıb və artıq bu ildən o fakültələrdə “İdman menecmenti”, “İdman jurnalistikası” və “İdman tibbi və reabilitasiya” magistr ixtisaslarına qəbul gözlənilir. Qeyd edim ki, bu ixtisaslar üzrə tədris Avropanın idman sahəsində fəaliyyət göstərən aparıcı ali təhsil müəssisələri ilə birgə olduğundan tədris tamamilə ingilis dilində aparılacaq və bu da, öz növbəsində, hazırlanan kadrların beynəlxalq əmək bazarında dayanıqlı və rəqabətqabliyyətli mütəxəssis olmasını təmin edəcək.
Bundan əlavə, keçən tədris ilinin sonlarından başlayaraq imtahanlarda şəffaflığı təmin etmək üçün akademiyada elektron təhsilin müasir standartlarına cavab verən “Online Unversity” proqramı quraşdırılıb və imtahanlar test üsulu ilə aparılır. Bununla da imtahanlarda 100 faiz şəffaflıq təmin olunub. Tələbə imtahanı bitirdiyi andaca topladığı nəticəni bilir.
Eyni zamanda akademiyada müasir standartlara cavab verən elektron kitabxana və bütün lazımi avadanlıqla təmin edilmiş oxu zalları yaradılıb. Əvvəllər tələbələr kitabxanaya az maraq göstərsələr də, mütaliələrin vacib olduğunu görəndən sonra onlar kitabxanada səhərdən axşama kimi dərslərə, kollokviumlara və imtahanlara hazırlaşırlar. Yəni indi kitabxanada daha çox tələbə görmək olur.
Bir sözlə, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında yaxşı təhsil almaq üçün bütün şərait yaradılıb və biz, tələbələr buna sevinirik.
- Belə anladım ki, akademiyadakı təhsil, tədrisin səviyyəsi, ümumilikdə mühit sizi qane edir.
-Bəli. Amma xırda problemlər də olur. Bu da təbiidir. Düşünürəm ki, hər bir cəmiyyətin təhsil, tədris sistemində və mühitində müəyyən problemlər mövcuddur. Təbii ki, bu problemlər bizim də təhsil və tədris sistemimizdən yan keçməyib. Müəyyən problemlər mövcuddur, amma ümumilikdə təhsil sistemini və mühitini normal qiymətləndirmək olar. Əsas odur ki, təhsil alanlar üçün dövlət tərəfindən bütün şərait yaradılır.
-Akademiyanın TGT-si haqqında da söz açardınız.
- Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında Tələbə Gənclər Təşkilatı 2005-ci ildə yaradılıb. Təşkilatın əsas vəzifələri tələbələrin hüquqlarını müdafiə etmək, tələbələr arasında geniş şəbəkə yaratmaq, onların sosial həyatını canlandırmaq və asudə vaxtlarını səmərəli təşkil etməkdən ibarətdir. Sadalanan istiqamətlər üzrə bu tədris ilində bir çox işlər görülüb, TGT-yə və onun gördüyü işlərə yeni nəfəs gətirmişik. Tələbələrimizin dünyagörüşünü genişləndirmək və asudə vaxtlarını faydalı təşkil etmək üçün biz, təşkilat olaraq onları mədəniyyət mərkəzlərimizlə tanış edir, mütəmadi olaraq mədəniyyət mərkəzlərinə səfərlər təşkil edirik. Bu səfərlərə Qala-Tarix Etnoqrafiya mərkəzi, Xalq Təhsil Muzeyi, Şirvanşahlar sarayı, Heydər Əliyev Mərkəzi, Qobustan dövlət bədii-tarix qoruğuna və s. mərkəzlərə təşkil etdiyimiz səfərləri misal göstərmək olar.
Tələbələrin seçdiyi peşədən başqa, əlavə bilik və bacarıqlara yiyələnməyi də vacib hesab etdiyimizə görə maraq üzrə müxtəlif klubların fəaliyyətini dəstəkləyirik. Hazırda ADBTİA TGT çərçivəsində 8 klub fəaliyyət göstərir. Bu klublarda tələbələr öz maraq dairələrinə uyğun olaraq fəaliyyətlə məşğul ola bilirlər. Klubların fəaliyyəti çərçivəsində pulsuz olaraq gitara, rəqs dərsləri təşkil olunub, “II ASAPES CUP” daxili futzal turniri keçirilib və digər idman növləri üzrə yeni turnirlər planlaşdırılır, intellektual yarışlar, konsert proqramları təşkil olunub, ingilis dili bacarıqlarını yaxşılaşdırmaq üçün danışıq klubu, fotoqrafiya sənətinin təbliği üçün isə foto-art klub fəaliyyət göstərir.
Cari tədris ilinin ikinci yarısında da müəyyən fəaliyyət istiqamətləri artıq planlaşdırılıb. Tədris ilinin ikinci yarısında, əsasən, yerli və beynəlxalq təşkilatlarla əməkdaşlığın qurulmasını, klubların fəaliyyətlərini daha da təkmilləşdirməyi, mədəniyyət mərkəzlərinə olan səfərləri davam etdirməyi və tələbələrimizin yay tətillərinin səmərəli keçirilməsi üçün onları müxtəlif yay məktəblərinə, düşərgələrə və könüllü fəaliyyətə cəlb etməyi düşünürük. Əməkdaşlığın yaradılması üçün artıq bir neçə təşkilatla görüşüb - məsələn, AİESEC, AEGEE, ENACTUS Azərbaycan və s. - müvafiq razılıqlar əldə etmişik.
Təbii ki, həyata keçirdiyimiz bütün bu fəaliyyət rəhbərliyin dəstəyi nəticəsində baş tutub. Rəhbərliyin dəstəyi nəticəsində TGT-nin maddi-texniki bazası günü-gündən möhkəmlənir. Məsələn, bu yaxınlarda musiqi dərslərinin keçirilməsi üçün yeni “Musiqi otağı” ilə təchiz olunmuşuq. Əlavə olaraq, TGT otağı və Tələbə Mərkəzi də bizim ixtiyarımıza verilib.
Bizə verilən dəstəyi gördükcə dayanmadan işləmək, həm akademiyaya, həm ölkəmizə fayda vermək istəyirik. Artıq yeni ideyalarımız və yeni layihələrimiz var. İnanırıq ki, bizim xoş xəbərlərimizi hələ çox eşidəcəksiniz.
-Təhsilinizi genişləndirməklə bağlı planlarınız varmı? Məsələn, xaricdə təhsilin sizə hansı töhfələri olardı?
-Təhsilimi davam etdirmək fikrindəyəm. Amma xaricdə deyil, öz ölkəmizdə. Bizdə də xaricdəki universitetlər səviyyəsində təhsil verən ali təhsil ocaqları mövcuddur. Ümumiyyətlə, son illərdə xaricdə təhsil alan gənclərimizin sayı artıb. İlk öncə qeyd etmək istərdim ki, bunun başlıca səbəblərindən biri dövlətimizin xaricdə təhsil almaq üçün yaratdığı imkanlardır. Bu imkanlara “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nı misal göstərmək olar. Xaricdə təhsil alan gənclər haqqında da optimist düşüncələrim mövcuddur. İnanıram ki, xaricdə təhsil alan gənclərimiz yüksək səviyyədə təhsil alıb gələcəkdə öz təhsilləri ilə cəmiyyətimizə böyük faydalar verəcəklər.
- Bəs, ümumən gəncliyimizin indiki durumunu necə xarakterizə edərdiniz?
-Hazırda Azərbaycanda parlaq, vətənpərvər bir gənclik mövcuddur. Azərbaycanın gəncliyinin əsas məqsədi mədəniyyətimizi inkişaf etdirmək, tariximizi dərindən öyrənmək və öyrənilməsinin təbliğ edilməsi, Qarabağ probleminin tez bir zamanda həll edilməsidir. Bəli, gənclərimiz də bu problemin həllinə müəyyən mənada öz töhfələrini verirlər və əsas məqsədləridir.
Gənclərimiz-tələbələr ictimai işlərdə çox fəaldırlar. Ümumi götürsək, artıq gənclərimiz boş vaxtlarından səmərəli yararlanmağı bacarırlar. Tələbələrimizdə günü-gündən yeni dil bilikləri formallaşır, bədii kitablar oxumaq həvəsi artır. Eyni zamanda tələbələrimizin bir çoxu könüllülük fəaliyyətinə maraqlıdırlar.
-Könüllülük fəaliyyətindən söz açdınız. İslam Həmrəyliyi Oyunları yaxınlaşır. Tələbələrin bu beynəlxalq yarışa hansı töhfələri olacaq?
-Böyük idman tədbirlərini könüllülərsiz təsəvvür etmək mümkün deyil. Artıq Azərbaycanda könüllülər ordusu mövcuddur. Bu ordunun əsas tərkib hissəsi isə tələbələrdən ibarətdir. İslam Həmrəyliyi Oyunlarında tələbələr ən böyük töhfələrini öz könüllülük fəaliyyətləri ilə verəcəklər. Artıq İslam Həmrəyliyi Oyunlarının könüllülərinin böyük əksəriyyətinin tələbələr olduğunu müşahidə etmək mümkündür.
Ümid edirəm ki, digər beynəlxalq idman yarışları kimi, bu yarışı da ən yüksək səviyyədə təşkil edəcəyik və bu yarışın daha da uğurlu təşkil olunmasında tələbələrimiz öz əməklərini əsirgəməyəcəklər.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
16.11.2018
“Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
15.11.2018
Nağdəli Zamanov: “Aşıq Şəmşir Miskin Abdalın layiqli davamçılarından biridir”
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info