Konservləşdirilmiş məhsul ixracını artırmalıyıq
Tarix: 21.02.2017 | Saat: 00:21:00 | E-mail | Çapa göndər


Ketçup istehsal edilməsi açıq sahədəki istehsaldan 386 faiz artıq əlavə dəyər əldə etməyə imkan verir

Dünya konserv meyvə və tərəvəz ixrac bazarı 25 milyard dollardan artıqdır
Son illər dünya əhalisinin sayında baş verən artımla bağlı kənd təsərrüfatı məhsulları və istehsal formaları mühüm əhəmiyyət kəsb edir. Bu məhsullara olan tələbin artması istehsalda artımı zəruri edir. Eyni zamanda sürətlə artan əhalinin ehtiyaclarını qarşılamaq üçün daha bol və keyfiyyətli istehsal, gündəlik kənd təsərrüfatı istehsalının əsas məqsədlərindəndir. Bu məqsəd, yeni texnologiyalardan və modellərindən faydalanaraq reallaşdırılmaqdadır. Ölkəmizdə də kənd təsərrüfatı məhsullarının istehsalı, emal potensialının artırılması prioritetdir. Ölkə başçısı da bildirib ki, son illər ərzində biz öz ərzaq təhlükəsizliyimizi böyük dərəcədə təmin edə bilmişik: “Əgər biz sovet vaxtına nəzər salsaq, görərik ki, - təbii, o vaxt bölgü aparılırdı, Azərbaycanda üzüm, pambıq, gül, meyvə, tərəvəz istehsal edilirdi, ancaq yağ, ət, un başqa respublikalardan gətirilirdi. Bu da vahid ölkə üçün məqbul variant idi. Ancaq biz indi müstəqillik dövründə yaşayırıq və əlbəttə ki, çalışmalıyıq ki, öz ərzaq təhlükəsizliyimizi tam şəkildə təmin edək. Buna nail oluruq. Əlavə tədbirlər nəticəsində, 150-160 min hektar yeni suvarılacaq əkin sahələrinin hesabına biz nəinki bu boşluğu doldura bilərik, eyni zamanda çox böyük ixrac imkanımız da yaranacaq. Xüsusilə Azərbaycanda yetişdirilən bütün bu məhsullar təbiidir və xaricdə onlar çox yüksək qiymətləndirilir. Bazarlara çıxmaq üçün, əlbəttə ki, müxtəlif reklam kampaniyaları aparılmalı və təqdimatlar keçirilməlidir. Bu işlər icra edilir, amma bu işlərə daha da böyük təkan verməliyik”. Bu gün ölkədə ixrac məhsulları sırasında konservləşdirilmiş məhsullar da önəmli yer tutur. “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ində də qeyd edilir ki, meyvə-tərəvəz məhsullarının emalı potensialının gücləndirilməsi məsələsi də aktualdır. Məsələn, pomidor istehsalını dəyər zənciri üzrə inkişaf etdirməklə, ketçup istehsal edilməsi açıq sahədəki istehsaldan 386 faiz artıq əlavə dəyər əldə etməyə imkan verir. Kartofdan çips istehsalı açıq sahədəki istehsaldan 1278 faiz, xiyar istehsalında isə konservləşdirmə 500 faiz artıq əlavə dəyər əldə etməyə şərait yaradır. Qeyd edək ki, 2015-ci ildə meyvə-tərəvəz konservləri 147,9 min ton təşkil edib.
Xatırladaq ki, ötən il Nazirlər Kabineti "İxrac təşviqi şamil olunacaq qeyri-neft məhsullarının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə Siyahısı”nı təsdiq edib. İxrac təşviqi şamil olunacaq qeyri-neft məhsullarının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə siyahısına sirkə turşusu ilə konservləşdirilmiş tərəvəz, konservləşdirilmiş pomidor, sirkəsiz və ya sirkə turşusuz hazırlanmış və ya konservləşdirilmiş, dondurulmamış digər tərəvəzlər, şəkər vasitəsilə konservləşdirilmiş tərəvəz də daxildir. İxracın təşviqi üzrə qəbul edilən qərarlara uyğun olaraq, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, ixrac missiyalarının təşkilinə və digər tədbirlərin icrasına başlanılıb. Ötən ilin noyabrından etibarən konservlər və digər məhsulların Rusiya, ABŞ, Çin, Almaniya, Türkiyə, Belarus və sair ölkələrə ixracı ilə əlaqədar ixrac təşviqinin ödənilməsinə dair qərarlar qəbul edilib. Ümumilikdə ölkədə ixracın həcmi əvvəlki illə müqayisədə 73 milyon və ya 20,7 faiz artaraq 426 milyon dollar təşkil edib.

Türkiyədə adambaşına illik konserv pomidor istehlakı 1,5 kq olduğu halda, Avropa ölkələrində 17 kq, ABŞ-da 47-50 kq-dır

Dünyada konserv məhsulların istehsalı getdikcə artmaqdadır və bir çox ölkələr bundan böyük məbləğdə gəlir əldə etməkdədir. 2010-cu ilin Konserv Meyvə Tərəvəz Hesabatına görə, dünya konserv meyvə və tərəvəz ticarətində bölgə olaraq Avropa qitəsi istər idxalda, istərsə də ixracatda ən yüksəkdə yer alır. Dünya konserv meyvə və tərəvəz ixracı 2008-ci ildə 26,3 milyard dollardan artıq olub. İxracda öndə gedən ölkələr arasında Çin, İtaliya, İspaniya, Amerika Birləşmiş Ştatları yer alıb ki, Türkiyə bu siyahıda 8-ci sırada qərarlaşıb. Türkiyədə adambaşına illik konserv pomidor istehlakı 1,5 kq olduğu halda, Avropa ölkələrində 17 kq, ABŞ-da 47-50 kq ətrafındadır. Ən böyük ixracatçı mövqeyindəki Çin, yerli istehsalının çox olmasından istifadə etdiyi halda, Hollandiya, ABŞ və Fransa kimi ölkələr istehsalı həddindən artıq olmadığı halda, qida istehsalı texnologiyasında tutduqları yüksək texnologiyadan faydalanmaqdadırlar. Beynəlxalq Maliyyə Təşkilatının 2010-cu ilin hesabatına görə konserv sektorunda önə çıxan iki ölkə Çin və ABŞ-dır. Belə ki, ixracını yerli istehsalı sayəsində gücləndirən Çinin son dövrdəki rəqibi qabaqcıl texnologiyası sayəsində keyfiyyətli və ardıcıl istehsal təmin edə bilən ABŞ-dır. 2010-cu ildə ABŞ-da pomidor konservi istehsalı ən çox olan konserv növü olub. USDA (Amerika Birləşmiş Ştatları Kənd təsərrüfatı şöbəsi) məlumatına görə, məhz ABŞ Çindən sonra ən çox pomidor istehsal edən ölkədir.
Türkiyənin 2016-cı ildə meyvə-tərəvəz ixracatı əvvəlki ilə görə 5 faiz gerilədiyi halda, bu məhsullardan hazırlanan konserv, meyvə suyu və tomat pastası kimi qida məhsullarının ixracı əvvəlki ilə görə 11 milyon dollar artaraq 1 milyard 323 milyon dollara yüksəlib. Bu sahədə ənənəvi ixracatçı olan Türkiyənin ixracı keçən il Rusiyanın tətbiq etdiyi sanksiyalara görə aşağı düşmüşdü. Bu məhsullardan tomat, konserv, sous, meyvə suyu hazırlayan ixracatçılar isə ili itkisiz başa vurub. Ege Təzə Meyvə Tərəvəz İxracatçıları Birliyinin başçısı Rza Səyyar tərəvəz, meyvə məhsulları ixracatının, sabit hədəf bazarlara sahib olduğu üçün artdığını bildirib. Emal edilən qida ixracında Almaniya, İraq, ABŞ, Hollandiya, İngiltərə və İtaliya kimi bazarlar önə çıxır. Rza Səyyar qeyd edib ki, 2016-cı ildə başda tomat, konserv, turşu və meyvə suyu növlərində, bir əvvəlki ilə görə ciddi artımlar olub: "Məhsuldakı artım, Avropa, Uzaq Şərq və ABŞ bazarlarındakı artımlardan qaynaqlandı. Bu, 3 əsas bazardakı hərəkətlilik artıma səbəb olub. Məhsul ixracı Rusiyaya deyil, Avropa, Avstraliya, Yaponiya, ABŞ kimi daha sakit bazarlara edilir. Bu səbəbdən oralarda çox dalğalanma ilə qarşılaşmırıq. Turşu qrupunda ixracat 156 milyon dollardan 172 milyon dollara yüksəlib. Başda tomat qrupu olmaqla, xüsusilə konserv və şirniyyat qrupunda əhəmiyyətli artım var”. Səyyar bildirib ki, təzə meyvə-tərəvəz yerinə bunlardan hazırlanmış məhsulların ixracı ölkə iqtisadiyyatının inkişafı baxımından daha sərfəlidir: “Bu proses emal üçün hazırlandıqda 12 ay davam edir. Xərclərimiz olur, ancaq məhsul hazırlanıb satılınca kiloqram başı ixrac dəyəri artır. Türkiyənin artıq təzə satıcı olmaqdan xilas olub, hazırlanmış məhsul ixracıyla xatırlanması lazımdır”.

Balakəndə meyvə məhsulları konservləşdiriləcək, cem, mürəbbə və kompot istehsal ediləcək
Bu gün ölkəmizdə də məhsulların konservləşdirilmiş şəkildə istehsalının genişləndirilməsi lazımdır. Hazırda ölkədə bu istiqamətdə fəaliyyət göstərən “Gilan Qəbələ Konserv Zavodu”, “Azərsun Holding” konservləşdirilmiş məhsullar istehsal etsə də, belə məhsullar hələ kifayət qədər deyil. Respublika Sanitariya-Karantin Müfəttişliyinin (RSKM) Sanitariya-gigiyena şöbəsinin məlumatına görə, ölkəyə gətirilərək dövlət qeydiyyatına alınanlar arasında konservləşdirilmiş məhsullar da üstünlük təşkil edir. Qeyd edək ki, bu günlərdə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən icra olunan sosial xarakterli “Ailə Biznesinə ASAN Dəstək - ABAD” pilot layihəsi çərçivəsində Balakən rayonuna süd məhsullarının hazırlanması üçün nəzərdə tutulan ilk konteyner gətirilib. Layihə çərçivəsində rayona gətirilmək üçün 12 konteyner sifariş verilib. Bu konteynerlərdən 9-u meyvə məhsullarının konservləşdirilməsi, cem, mürəbbə və kompot istehsalı, 2-si süd məhsullarının hazırlanması, biri isə kolbasa və sosiska istehsalı üçün nəzərdə tutulub. Ölkə başçısının da qeyd etdiyi kimi bazarlara çıxmaq üçün reklam kampaniyaları aparılmalıdır. Bu gün konservləşdirilmiş formada ixrac üçün məhsulumuz kifayət qədərdir.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
On ayda neft sektoruna 5 milyard manatadək vəsait yönəldilib
17.11.2018
Azərbaycanda 32,2 milyon ton neft və 15,5 milyard kubmetr əmtəəlik qaz çıxarılıb
17.11.2018
Azərbaycan nefti bahalaşıb
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq
16.11.2018
“Sumqayıt Kimya Sənaye Parkında 18 müəssisə fəaliyyət göstərəcək”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10492

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info