“Müsəlman dünyasının birliyə ehtiyacı var”
Tarix: 21.02.2017 | Saat: 00:43:00 | E-mail | Çapa göndər


Elxan Şahinoğlu:“Azərbaycan bu il nümunə kimi İslam dünyasına göstərəcək ki, təkcə bütün məzhəblər yox, bütün dinlər də rahat, həmrəy şəkildə yaşaya bilər”

Xəbər verildiyi kimi, Prezident İlham Əliyev Əl-Cəzirə televiziyasına müsahibə verib. Müsahibədə ölkə başçısı bir sıra maraqlı məsələləri şərh edib ki, bunlardan biri də 2017-ci il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunması, eyni zamanda ölkəmizin bu il İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsidir. Prezident deyib: “Azərbaycan İslam sivilizasiyasının bir parçasıdır və biz bununla fəxr edirik. Biz tarixi, dini abidələrimizlə fəxr edirik. Sizə deyə bilərəm ki, Sovet İttifaqı dövründə Azərbaycanda yalnız 20-dən az məscid var idi, çünki ateizm dövründə məscidlərimizin böyük əksəriyyəti dağıdılmışdı. İndi isə 2000-dən artıq məscid var. Onlar müstəqillik dövründə tikilib. Biz onları təkcə tikməmişik, həm də tarixi məkanlarımızı, bütün məscidlərimizi bərpa etmişik və müsəlman aləminin ən qədim məscidlərindən biri Azərbaycanda, qədim Şamaxı şəhərində yerləşir. Şamaxı məscidi 743-cü ildə tikilib. Bax, bu, bizim tariximiz və mədəniyyətimizdir. Məqsədimiz, ilk növbədə müsəlman dünyasında birliyi gücləndirməkdir. “İslam Həmrəyliyi İli”nin elan olunması da elə bu deməkdir.
Düşünürəm ki, indi müsəlman dünyasının əvvəl heç zaman olmadığı qədər daha çox birliyə ehtiyacı var. Müsəlman dünyasında bu birlik çatışmır. Düşünürəm ki, Azərbaycan bu istiqamətdə mühüm rol oynayır. IV İslam Həmrəyliyi Oyunlarının təşkil olunması da bunu göstərir, çünki bu, təkcə idman deyil, bu, təkcə idmançıların bayramı olmayacaq, bu, müsəlman dünyasının gənclərini birləşdirəcək, onlar Bakıya gələcəklər, ölkəmizi görəcəklər, əlaqələr quracaqlar və bu əlaqələr bütün müsəlman gənclərinə ölkələr arasındakı əlaqələri gücləndirməyə kömək edəcək. Biz islamofobiya meyillərinin artmasından, İslamın bəzi beynəlxalq media orqanları tərəfindən, necə deyərlər, terror dini kimi təqdim olunmasından çox narahatıq. Terrordan ən çox müsəlmanlar ziyan çəkib. Bizim qədim sivilizasiyamız, dəyərlərimiz, dünyaya töhfələrimiz var. Biz bunu nümayiş etdirməliyik. Azərbaycan Avropa ölkələrində çox işlər həyata keçirir, biz sərgilər, təqdimatlar təşkil edirik, İslam mədəniyyətini təbliğ edirik və beləliklə, göstəririk ki, qədim sivilizasiyaya malikik və eyni zamanda bununla Azərbaycanda müsəlman həmrəyliyini gücləndiririk. Ümumiyyətlə, Azərbaycanda bütün dinlərin nümayəndələrinin hamısının arasında yüksək səviyyədə birlik mövcuddur. Biz sülh şəraitində yaşayırıq və heç zaman ayrı-seçkilik etmirik. Budur, irəli getməyin yolu.
Müsəlman ölkələri bizə çox böyük hörmətlə yanaşır. İslam Əməkdaşlıq Təşkilatı dəfələrlə Azərbaycanda çoxsaylı tədbirlər təşkil edib və Ermənistan-Azərbaycan münaqişəsində bizi tam dəstəkləyir. Beləliklə, bizim planlarımız bunlardır. Biz bununla bir daha müxtəlif hədəflərə nail olmaq, müsəlman aləmində birliyi möhkəmləndirmək işinə töhfəmizi vermək, Azərbaycanda həmrəyliyi daha da gücləndirmək və İslamı dünyaya sülh və mədəniyyət dini kimi təqdim etmək üçün daha çox çalışmaq istəyirik”.
Politoloq Elxan Şahinoğlu hər iki təşəbbüslə Azərbaycanın İslam dünyasında daha önəmli rol oynamağa, həm də İslam dünyasını yaxınlaşdırmağa çalışdığını söylədi. O Prezidentin sözügedən məsələni dolğun şəkildə şərh etməsini də təsadüfi hal saymadı: “Öncə onu qeyd edim ki, Azərbaycanın bütün millətlərlə və mədəniyyətlərlə münasibətləri yüksək səviyyədədir. Bəli, müsahibədə jurnalistin sualında deyildiyi kimi, Azərbaycan, mədəniyyətləri bir-birinə yaxınlaşdırmaq istəyir. Prezidentin müsahibədə söylədiyi fikirlərdə də böyük həqiqətlər var. Əslində, indiki ağır dövrdə Azərbaycanın ortaya qoyduğu məqsədə-həmrəyliyin yaradılmasına da çatmaq çox çətindir. Amma Prezidentin həmrəyliklə bağlı dilə gətirdiyi həqiqətlər aktual mövzulardır. Həmrəylik və s. dilə gətirilən məsələlər Azərbaycanın da maraqlarına cavab verir. Düzdür, Azərbaycanın İslam həmrəyliyini yaratmasına nail olması çox çətindir. Çünki İslam ölkələrində gedən savaşlar, burada məzhəblərin ortaya atılması, terrorun baş alıb getməsi həmrəylik yaratmağa mane olacaq. Amma Azərbaycan bu təklif, təşəbbüslə çıxış edirsə, niyə də İslam dünyası buna müsbət reaksiya verməsin? Ən azından bəhanələri bir kənara qoyub bir sıra toplantılarda bir yerdə həmrəy olub müzakirələr aparıla bilər. Bir qədər bu da çətin görünür. Çünki Səudiyyə Ərəbistanı ilə İranı barışdırmaq yüz illərdir mümkün olmur. Bu və ya digər dərəcədə iki İslam ölkəsi bir-birinə rəqibdirlər”.
Elxan Şahinoğlu deyir ki, Azərbaycan İslam Həmrəyliyi Oyunlarını Bakıda yüksək səviyyədə təşkil etməklə burada İranın, Səudiyyə Ərəbistanın, başqa bir-birinə zidd gedən İslam ölkələrinin də idmançıları bir araya gəlib bir neçə günlük də olsa qardaşlaşacaqlar. Bakıda bir qardaşlıq mühiti yaradılacaq. Həm də Azərbaycan özü də nümunə kimi İslam dünyasına göstərəcək ki, bizdə sünni də, şiə də hətta vəhhabi də qardaş kimi eyni məsciddə namaz qıla bilir, nəinki, bir-birilərinə nifrətlə yanaşalar. Bizdə təkcə bütün məzhəblər yox, bütün dinlər də rahat şəkildə yaşaya bilərlər. Belə bir cəmiyyət formalaşırsa, niyə də belə birlik-ölkələrin birliyi, həmrəyliyi formalaşmasın? Əslində, bu cür hədəflərin dilə gətirilməsi o hədəflərə çatmaqdan çox, Azərbaycanın öz məqsədlərinə çatmasına da xidmət edir: “Əsas iki məqsədimiz isə odur ki, daxilimizdəki həmrəyliyimiz, multikulturalizm, dinlərarası dialoq davam etsin. İkincisi isə İslam dünyasını tam şəkildə ölkəmizə cəlb edə bilək. Fərqli bir İslam ölkəsini hər kəs öz gözü ilə görsün. Son illərdə Azərbaycan ərəb ölkələrindən xeyli sayda turist də cəlb edə bilib. Qətər, Səudiyyə Ərəbistanı, İranın özündən gələn turistlərin sayı o qədər çoxalıb ki, bəzən küçədə bu qədər ərəb turisti görəndə çaşıb qalırıq. Bu da bizə əlavə gəlir imkanları verir. Biz bütün dünyada həmrəyliyin genişlənməsində maraqlıyıq, amma buna nə qədər nail olacağımızı zaman göstərəcək. Ən azından bu təşəbbüslər alqışlanmalıdır. Bu hədəfləri ortaya qoymaqla dünyaya göstərəcəyik ki, Prezidentin də dediyi kimi, müxtəlif məzhəb və dinlər çox sakit, qardaş kimi bərabər yaşayırlar və biz dünyaya nümunə ola bilərik. Bu yolla, yuxarıda da qeyd etdiyim kimi, ərəb ölkələrindən, ümumən İslam aləmindən Azərbaycana olan marağı daha da artıra bilərik”.
Politoloq onu da vurğuladı ki, Prezidentin irəli getməyin yolu kimi, heç zaman Azərbaycanın ayrıseçkilik etməməsi ilə bağlı fikri də bir deviz olmalıdır. Bu bizim qanımızdadır, millət olaraq heç zaman başqa millətlərə ayrı-seçkiliklə yanaşmamışıq: “Azərbaycanda yəhudilər çox rahat şəkildə yaşayıblar və bu davam edir. İsrailin rəhbər şəxsləri dəfələrlə qürurla deyiblər ki, hətta Avropadan fərqli olaraq Azərbaycanda heç zaman antisemitizm olmayıb. Yəhudilərə qarşı münasibət dünyaya nümunə göstərilib. Bütün bunları Prezident müsahibəsində qabardaraq, necə dünyaya bir daha nümunə olmağımızı göstərməsin axı? Əgər biz yəhudilərlə çox rahat yaşaya biliriksə, deməli, digər konfessiyalarla da belə mümkündür. Yəni bu bir nümunədir, Prezident açıq şəkildə qeyd edib ki, bu yaşam tərzi Azərbaycanın markasına çevrilib. Ölkə başçısı da daim bunu populyarlaşdırmağa çalışır. Azərbaycan öz üzərinə düşən işi görəcək, həmrəyliyə cəhd edəcək. Bu da yüksək qiymətləndirilir. Təsadüfi deyil ki, iki dünya gücünün soyuq münasibətlərinin olduğu dövrdə onlar belə, görüş yeri kimi Bakını seçdilər. Üç ildən sonra baş qərargah rəisləri bir araya gəlmək üçün Azərbaycana üz tutdular. Azərbaycan təkcə dini və digər məsələlərdə nümunəvi ölkə deyil, həm də siyasi proseslərin yürüdülməsində də nümunəvi məkandır. Biz daim neytral ölkə olmuşuq. Bu cür təşəbbüslərlə daha çox tərəfdaşlar qazana bilərik, bu siyasət isə bir çox problemlərimizin həllinə kömək edəcək”.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Rusiya-Azərbaycan münasibətləri fundamental xarakter alır
24.09.2018
Azərbaycan xarici ölkələrə silah satışını artırıb
24.09.2018
Əsas məqsəd ərzaq təminatını daha da yaxşılaşdırmaqdır
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
2 Yalnızlıq qorxusu
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info