Dünyada 214 milyon miqrant var
Tarix: 11.04.2013 | Saat: 23:21:00 | E-mail | Çapa göndər


BMT-nin Rezident Əlaqələndirici ofisi, BMT-nin İctimai İnformasiya Departamenti (UNDPİ) Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) ilə birgə təşkil etdiyi “Dayanıqlı inkişaf və 2015-ci ildən sonrakı əsas inkişaf məsələləri, o cümlədən insan alveri və bu problemin aradan qaldırılması zamanı qarşıya çıxan problemlər və bu sahədə BMT agentliklərinin gördüyü işlər”lə bağlı təqdimat keçirildi.

BMT-nin Minillik sammitində
8 hədəf seçilib

UNDPİ-nin Azərbaycandakı nümayəndəsi Envera Selimoviç bildirdi ki, departament dünyanın bir çox yerlərində cəmiyyətin müxtəlif təbəqələri ilə müzakirələr və diskussiyalar təşkil edir: “Məlumdur ki, BMT-nin Minilliyin İnkişaf Məqsədləri adlı uzunmüddətli inkişaf planı var. Bu tədbirin təşkilində əsas məqsədimiz jurnalistlər üçün dayanaqlı inkişaf və 2015-ci ildən sonrakı əsas inkişaf məsələlərini müzakirə etməkdir. Həmçinin insan alveri və bu problemin aradan qaldırılması zamanı regionda və ölkədə qarşıya çıxan problemlərə toxunmaq, habelə bu sahədə BMT agentliklərinin gördükləri işlər ətrafında müzakirələri təşkil etməkdir. Artıq Mililliyin İnkişaf Məqsədləri üzərində qurulan və onların davamı ola bilən əsas məsələlərə dair müzakirələr başlayıb.
BMT-nin Əlaqələndirmə məsələləri üzrə müşaviri İradə Əhmədova bildirdi ki, 2000-ci ilin sentyabr ayında Nyu-Yorkda ifrat yoxsulluğu azaltmaq məqsədilə keçirilən BMT-nin Minillik sammitində bütün dünyada qadın, kişi və uşaqlar üçün ərzaq, təhsil, tibbi yardım və iqtisadi imkanları təmin etmək üçün müəyyən zaman çərçivəsində yerinə yetiriləcək 8 hədəf seçilib. Bunlar Azərbaycan da daxil olmaqla BMT-nin 192 üzvü və 23 beynəlxalq təşkilatın 2015-ci ilə qədər yerinə yetirilməsi barədə razılığa gəldikləri Minilliyin İnkişaf Məqsədləri(MİM) kimi tanındı. Burada bəyannamə ümummilli lideri Heydər Əliyev tərəfindən imzalanıb. Həmin qlobal məqsədlərdən birincisi məhz ifrat yoxsulluq və aclıq içində yaşayan dünya əhalisinin sayının yarıyadək azaldılmasını nəzərdə tutur. Minilliyin bəyannaməsinə qoşulan bir ölkə kimi, Azərbaycanda da bu öhdəliyin ölkə şəraitinə uyğun şəkildə həyata keçirilməsini təmin etmək məqsədilə Prezidentin 2003-cü il 20 fevral tarixli fərmanı ilə “2003-2005-ci illər üçün Azərbaycanda yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı” təsdiq edilib. Əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində əldə olunan müsbət meyilləri davam etdirmək məqsədilə “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı” (YADİDP) hazırlanıb. Digər 8 hədəfdən biri ümumi ibtidai təhsilə nail olmaqdır ki, burada bütün dünyada oğlan və qızların tam ibtidai təhsil almalarını təmin etməkdir. 3-cü hədəf olaraq gender bərabərliyini təmin etmək və qadınlara səlahiyyət verməkdir. Bundan başqa hədəflər arasında uşaq ölümünü azaltmaq, ana sağlamlığını yaxşılaşdırmaq, HİV/ AİDS,malyariya və digər xəstəliklərə qarşı mübarizə aparmaq, ətraf mühitin davamlılığını təmin etmək, inkişaf üçün qlobal tərəfdaşlığı inkişaf etdirməkdir.
Bu müddətdə dünya öz diqqətini MİM-nə nail olmağa yönəltməli olduğunu deyən İ.Əhmədova qeyd etdi ki, bu gün vacib amil olan dayanıqlı inkişafın əsas vəzifəsi insanın tələbat və istəklərinin ödənilməsi ilə ifadə olunur: “Dayanıqlı inkişaf bütün insanların bərabər səviyyədə ən zəruri tələbatlarının ödənilməsini tələb edir. Bu günün qlobal problemlərinə gəldikdə isə bərabərsizlik hallarının hələ də mövcud olması, ərzaq və qida ilə bağlı təhlükələr, biliklərin keyfiyyəti məsələsi, ətraf mühitə təsirlərin artması, münaqişə, zorakılıq və təhlükələr, bütün səviyyələrdə idarəetmədə çatışmazlıqlar, demoqrafik dəyişikliklər (miqrasiya, urbanizasiya, yaşlanma), əhatəli, ədalətli və davamlı qlobal inkişafa doğru yeni yolların təxirə salınmadan tapılması tələbi daxildir”. Tövsiyə olunan DİM-də isə firavan həyat, dayanıqlı ərzaq təhlükəsizliyi, davamlı su təchizatı, təmiz enerji, sağlam və məhsuldar ekosistemlər, dayanıqlı cəmiyyətlər üçün idarəetmə öz əksini tapıb. Mahiyyətcə davamlı inkişaf konsepsiyası mövcud problemlərə keyfiyyətcə yeni yanaşma olduğunu deyən İ.Əhmədovanın sözlərinə görə, 2015-ci ildən sonrakı inkişaf məsələlərini formalaşdırmaq üçün hazırda ətraflı milli məsləhətləşmələr aparılır. BMT təxminən 100 ölkədə (Azərbaycan da daxil olmaqla) məsləhətləşmələrə dəstək göstərməyi planlaşdırır. BTQAK, BMT-nin Uşaq Fondu, BMTİP, BMT-nin Əhali Fondu, ÜST, BƏT, FAO, BMqT və Dünya Bankı (Bakı və təxminən 12 rayonda) əhali ilə görüşlər keçirəcək. Yekun hesabat 28 iyunda təqdim olunacaq. İ.Əhmədova bildirdi ki, Minilliyin İnkişaf Məqsədləri istiqamətində “Azərbaycan-2020: Gələcəyə Baxış” konsepsiyası mühüm əhəmiyyət kəsb edir: “Burada strateji hədəflər-ölkədə iqtisadiyyatın tarazlı və dayanıqlı inkişafını təmin etmək, əhalinin sosial rifahını yüksəltmək, sosial-iqtisadi inkişafın cari, orta və uzunmüddətli dövrləri arasında üzvi bağlılıq və qarşılıqlı uzlaşma yaratmaq, cəmiyyətin bütün istiqamətlərdə tərəqqisini sürətləndirmək, inkişafın keyfiyyətcə yeni modelini formalaşdırmaqdır”.
Bildirildi ki, miqrasiya da müasir dövrün qlobal problemidir. Dövlətlər, cəmiyyətlər, iqtisadi və mədəni sistemlər dünyanın müxtəlif regionlarında vahid inteqral sistemə çevrilir, bir-birindən sıx asılı vəziyyətə düşürlər. Yəni texnologiyalar kapital, əmtəə, xidmətlər, informasiya və ideyaların bir ölkədən digər kontinentlərə axınını hədsiz sürətləndirir. İqtisadi qloballaşma getdikcə genişlənərək milyonlarla insana daha yaxşı yaşamaq üçün imkanlar açır. 2015-ci ildən sonrakı əsas inkişaf məsələlərinin müzakirə prosesi dövlətlər üçün yaratdığı imkanlar sırasında insan hüquqlarına və qanunun aliliyinə əsaslanan təhlükəsiz miqrasiyanın təmin olunması, miqrasiyanın təhqiredici formalarının qarşısının alınması, doğma, tranzit və üçüncü ölkələrdə arzu edilməyən nəticələrinin qarşısının alınması da öz əksini tapıb. BMqT-nin Azərbaycandakı nümayəndəliyinin rəhbər əvəzi Serhan Aktoprak bildirdi ki, Azərbaycanda miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, qanunvericiliyin beynəlxalq normalara və müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsi, qanunların tətbiqində milli təhlükəsizliyin və sabit sosial-iqtisadi, demoqrafik inkişafının təmin edilməsi, əmək ehtiyatlarından səmərəli istifadə edilməsi, ölkə ərazisində əhalinin mütənasib yerləşdirilməsi, miqrantların intellektual və əmək potensialından istifadə edilməsi, tənzimlənməyən miqrasiya proseslərinin neqativ təsirinin aradan qaldırılması, insan alveri də daxil olmaqla, qeyri-qanuni miqrasiyanın qarşısının alınması məqsədi ilə Prezidentin 25 iyul 2006-cı il tarixli sərəncamı ilə “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Proqramı (2006-2008-ci illər)” təsdiq edilib. Miqrasiya sahəsində dövlət siyasətini, miqrasiya proseslərinin idarə edilməsi və tənzimlənməsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirmək məqsədilə Prezidentin 19 mart 2007-ci il tarixli fərmanı ilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti yaradılıb və Əsasnaməsi təsdiq edilib. Tarix boyunca dünyada miqrasiyanın mövcud olduğunu deyən S. Aktoprak qeyd etdi ki, hazırda dünyada 214 milyon miqrant var. Miqrantların 90 faizini əməkçi miqrantlar və ailə üzvləri təşkil edir. Miqrantların 107 milyonu qadın, 105 milyonu isə iqtisadi cəhətdən fəal əməkçi miqrantlardır. Regionlar üzrə miqrasiyaya gəldikdə isə bu rəqəm Avropada 70 milyon, Asiya 61 milyon, Şimali Amerikada 50 milyon nəfərdir. 2012-ci ilin rəsmi statistikasına görə, Azərbaycanda 165 min 267 əcnəbi var. Onlardan fərdi icazəsi olan 11 min 970 nəfər əməkçi miqrantdır. Azərbaycanda təhsil alan xarici tələbələrin sayı 2012-2013-cü illər üzrə 5,440 nəfərdir.
Hazırda dünyada mövcud problemlərdən olan insan alveri isə miqrasiyanın gətirdiyi problem deyil. Burada istismar var. Qəddar və laqeyd münasibətlərlə insan hüquqlarının pozulması halları ilə müşayiət olunan insan alverində insan manipulyasiya obyektinə çevrilir və onunla şəxsi əşya kimi davranılır. Mövcud problemlərdən biri olan insan alverinin qarşısının alınması da mühüm məqsədlərdən biridir.
Nigar ABDULLAYEVA




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Bakıda Səudiyyə Ərəbistanının milli bayramı qeyd edilib
25.09.2018
Azərbaycanın XİN rəhbəri GUAM-Yaponiya Nazirlər görüşündə iştirak edib
24.09.2018
XİN yayılan məlumatı araşdırır
24.09.2018
Azərbaycan ilə Monteneqro arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib
24.09.2018
Baş nazir Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info