Ad gününə dörd gün qalmışdı
Tarix: 23.02.2017 | Saat: 18:22:00 | E-mail | Çapa göndər


Elşad Qoca

Dayım oğlu Ruslanın qəfil zəngi fikrimi dağıtdı. – Elşad, təcili “Pamyat-naroda.ru” saytına gir, İkinci Cahan Savaşında itkin düşmüş Qoca əmim barədə məlumat var. Bir az duruxdum, rəhmətlik ana nənəm, anam yadıma düşdü. Yaxşı xatırlayıram, hələ uşaqlıqda Xeyransa nənəm mənə müharibədə itgin düşmüş Qoca dayım barədə çox danışmışdı: – Kaş deyirdi, ay bala, dayın sağ ola, günlərin bir günü qayıdıb gələ. Yuxuma tez-tez gəlir, kaş yuxum çin olaydı, balam gəlib bu ocağa sahiblik eləyəydi. Hətəm Tiflisdə, Şıxməmmədlə Göycədə (Fərhad) də Bakıda. Gəlsə, heç yerə buraxan deyiləm. Qoy Körpülüdə qalsın, burada evlənsin.
Uşaq idim, biləndəki Qoca adında dayım olub və müharibədən qayıtmayıb, əvvəl-əvvəl təəccübləndim. Atamın adı da Qocadır, dayımın adı da Qocadır, bu necə ola bilər. Sonralar böyüdükcə hər şeyi anladım.
Nənəmgildə divardan asılmış solğun bir şəkli də vardı. Anam ortada, sağında Qoca və solunda Şıxməmməd. O, tez-tez oğlunun uşaqlığından, gəncliyindən danışırdı. Ana ürəyi quş kimi çırpınırdı, onun səsi də xatirimdədir. Qoca dayımın adını çəkəndə doluxsunar, səsi titrəyərdi. Nə bilim, ay bala, Şıxməmmədlə Göycə axtarırıq, deyirlər. Hər yerə yazıblar, hələki xəbər yoxdur. Sonra Göycə dayım təsadüfən respublika qəzetlərinin birində Belorusiyada itgin düşmüş azərbaycanlı əsgərlərin siyahısında qardaşının adını tapır. Bununla əlaqədar Belorusiyanın Hərbi komissarlığına məktub yazır. Cavab gəlir ki, qardaşınız Qoca Abbas oğlu Əliyev Vorontsovka kəndi ətrafında almanlarla döyüşdə itgin düşüb. Vəssalam, başqa məlumat yoxdur.
Mən nənəmi başa düşürdüm. O, oğlunun ölümünə inanmırdı. Müharibənin bitməsindən 40-50 il keçsə də bəzən kəndin müharibədə itgin düşmüş övladları barədə xəbərlər çıxırdı. Gah deyirdilər, filankəs sağdır, Türkiyədə yaşayır, filankəs barədə hərbi komissarlıqdan soruşublar, ya da filankəsin Rusiyada, Belorusiyada qəbrini tapıblar və s. Belə xəbərlər çıxanda nənəmin söhbətləri daha da çoxalırdı. Evlərimizin arası iki-üç yüz metrə olardı, bir də görürdüm nənəm gəlib anamı sorğu-suala tutub. Anamdan xəbər gözləyirdi. Deyirdi ki, filankəsdən deyirlər xəbər var, bir şey eşitməmisən. Sən allah bir maraqlan, görək qardaşın Qocadan nə xəbər var. Sonra ana-bala uzun-uzadı söhbət eliyərdilər. Mən də onların söhbətinə qarışar, yerli-yersiz suallar verərdim. Anamdan da dayım haqqında çox eşitmişdim: - məndən 8-9 yaş böyük idi. Həyətdə tay-tuşlarımla oynayanda Qocanın bir gözü daim məndə olardı. Elə bir balaca büdrəyən kimi yadımda peyda olurdu. Məni körpə uşaq kimi qoruyurdu. Sonra əsgər getdi. Dörd il hərbi xidmətdə oldu. Sovet-fin müharibəsində iştirak etdi. Gəlməyinə az qalmışdı, 1939-cu ildə Smolenskdən məktubu gəldi. Rəhmətlik anamın danışığı olduğu kimi yadımdadır, əsgər həyatımın bitməyinə az qalıb, qismət olsa tezliklə görüşəcəyik, ancaq “G” məsələsi var, yazmışdı. Biz “G” məsələsini çox yerə yozduq, ancaq yekun nəticəyə gələ bilmədik. Yalnız İkinci Cahan Savaşı başlayanda “G” məsələsinin Germaniya, yəni Almaniya olduqunu dərk etdik. Elə ona görə də qardaşım Qocanı 1939-cu ildə ordudan tərxis etmədilər. Sonra məktubların arası kəsildi və elə o vaxtdan qardaşımdan heç bir xəbər çıxmadı. Gözlərimiz yolda qaldı. O, Hətəmdən də, Şıxməmməddən də, Göyçədən də yaraşıqlı idi. Zarafatı sevirdi, yumşaq xasiyyəti vardı. Anama çox kömək edirdi. Təsərrüfat işlərində həmişə anamın yanında olurdu. Nənən “can Qocam” deyə-deyə getdi. Yazıq anam onunla nəfəs alırdı. Son nəfəsinə qədər ümidlə yaşadı, bəlkə ciyərparası Qoca günlərin bir günü qayıdıb gəldi atası Abbas kişinin yurduna. Evlənə, oğul-uşaq sahibi ola.
Xeyransa nənəmin qardaşı Qurban da müharibədə itkin düşmüşdü. Nənəm dünyasını dəyişəndə rəhmətlik Şıxməmməd dayım onun qəbir daşına belə bir bayatı yazdırmışdı:

Dağlardan dolu düşər,
At gəlsə, nalı düşər.
Qəbrimi yol üstə qazın,
Bəlkə, qardaşımın yolu düşər.

İllər ötdükcə bu hadisə unuduldu desəm, düz olmaz. Dayım qardaşlarının da, bacılarının da ürəyində öz əbədi yerini tutmuşdu. Məqamı gələndə Qoca dayımı və müharibədə itgin düşmüş digər qohum-əqrəbanı xatırlayırdılar. Tələbə dövrü, ondan sonrakı illərdə mənim də axtarış cəhdlərim uğursuz alındı. 1988-ci ildə indi Ermənistan adlanan Qərbi Azərbaycandan bütün soydaşlarımız kimi bizim ailə də Azərbaycana köçdü. Mən Bakıda yaşadığımdan atam da, anam da, bacımın ailəsi də burada yerləşdi. Qardaş itgisi ilə üzləşmiş anam bu şəhərdə yeganə qızını da itirdi. Anamın nələr çəkdiyi gözümün önündən getmir. Allah heç kimə övlad dağı göstərməsin. Anamı ovundura bilmədik, onun hıçqırtısını yada salanda indi də özümə gələ bilmirəm. Rəhmətlik ağlayanda, alçaqdan ağı deyəndə bacımla yanaşı, qardaşı Qocanın da, adı mənə qoyulan qardaşım Elşadın da adını çəkirdi. Ədəbiyyat vurğunu olan anamın bayatıları ürəyimi didirdi. Beləcə günlər keçirdi. Günlərin bir günü anam Xeyransa nənəmin divardan asdığı solmuş foto şəkili mənə verdi. Gözlərimə inanmadım, sən demə, anam doğma Körpülüdən qaçqın düşəndə həmin şəkli özü ilə gətiribmiş. – Qoca dayının ayrıca şəkilini çıxartdır və böyüt, mənə gətir. Şəkili götürdüm. Şəhərdə müxtəlif foto-atelyelərdə oldum, baxdılar, dedilər ki, şəkil çox bərbad vəziyyətdədir. Bunu təmizləmək mümkün deyildir. Çarəsiz qalıb kompüterdə işləyə bilən uşaqlarla məsləhətləşdim, yenə də alınmadı. Adını çəkə bilmədiyim dostlardan biri fotoya baxıb, mən bu işi görə bilərəm, dedi. Sevindim. Bir ay keçdi, iki ay keçdi, dostumuzdan xəbər çıxmadı. Soruşdum, dedi xatırlamıram. Vəssalam, beləcə anamın yanında pərt oldum. Vəziyyəti anama danışdım, məni başa düşdü. Ancaq şəkil məsələsi yadıma düşəndə, hələ də xəcalət çəkirəm. Qoca dayımım yeganə şəkilini itirdim. Həmin hadisədən on-on beş keçməmiş anam dünyasını dəyişdi. Onda bu məsələnin mahiyyətini dərk etdim, insan oğlu ölümünün yaxınlaşdığını anlayır, yaxınları ilə görüşmək, ünsiyyətdə olmaq istəyir, hətta görüşmək üçün bəzilərinin dalınca xəbər göndərir, əzizlərinin qəbirlərini ziyarət edir, yasin oxutdurur. Nə isə... kədərli notlara çox baş vurmaq istəmirəm. Anam dünyasını qəfil dəyişdi.
Ötüb keçənləri niyə xatırladım? Ruslanın “təcili “Pamyat-naroda.ru” saytına gir, İkinci Cahan Savaşında itgin düşmüş Qoca əmim barədə məlumat var” sözləri məni çaşdırdı, əlim-ayağım əsdi, nə qədər çalışsam da sayta girə bilmədim. Təkrar-təkrar çalışdım. Əmələ gəlmir ki, gəlmir... bir də Ruslana zəng vurdum. Nəhayət, deyəsən bu dəfə alındı. Gözlərimə inana bilmirəm, saytın məlumat səhifəsində oxuyuram: “Aliev Xodya Abasovic, krasnoarmeeyts ryadovoy”. 2 fevral 1916-cı ildə anadan olub. 28 iyun 1941-ci ildə Belorusiyada əsir düşüb. Ştalaq XD (310) düşərgəsində saxlanılıb, əsirin nömrəsi 8512-dir. 29 yanvar 1942-ci ildə Vitsendorf şəhərində basdırılıb.
Hələ də ürəyimdə nahatçılıq vardır. Odur, ya o deyil. Odursa, adı niyə Qoca deyil, Xodja yazılıb? Əlavə informasiya üçün “enter” düyməsini basıram. Saytın səhifəsində alman dilində tərtib edilmiş və doldurulmuş məlumat kartının əsli yerləşdirilib. Odur, sevincimin həddi-hüdudu yoxdur. İki yüz faiz odur. Aydın olur ki, bu kart Vitsendorf şəhərində ştalaq XD düşərgəsində doldurulub. Əsirin nömrəsi 8512-dir. Onu da deyək ki, alman dilində doldurulmuş sənədin qrafalarının qarşısında Rusiyanın arxiv idarəsinin əməkdaşları tərəfindən rus dilində qeydlər edilmişdir. Sənəddən aydın olur ki, Qoca Əliyev 2 fevral 1916-cı ildə anadan olmuşdur. Müsəlmandır. Atasının adı Abbas, anasının adı Xeyransa (sənəddə Xarsa kimi verilib) İbrahimovadır. Azərbaycanlıdır. Sıravi əsgərdir. Kəndlidir. 28 iyun 1941-ci ildə Minskdə əsir düşüb. Sağlamdır. Boyu 168 sm-dir, qarabuğdayıdır. Barmaq izi götürülüb. Atası Abbas Əliyev Ermənistan SSR, Noyemberyan rayonu, Yu¬¬xarı Körpülü kəndində yaşayır. Sənədi Klier (belə oxunur) soyadlı alman zabiti tərtib etmişdir. Göründüyü kimi təqdim olunmuş sənədlərdən aydın olur ki, sıravi əsgər Qoca Abbas oğlu Əliyev 28 iyun 1941-ci ildə, müharibə başlayandan cəmi 6 gün sonra alman ordusu tərəfindən Belorusiyanın paytaxtında əsir götürüıüb. Yeddi ay Vitsendorf şəhərində ştalaq XD (310) düşərgəsində saxlanıldıqdan sonra 26 yaşının tamamına 4 gün qalmış güllələnmişdir. Daha heç bir məlumat yoxdur. Alman həbs düşərgəsində dünyaya əlvida deyən Qoca Abbas oğlu Əliyev bu gün yaşasaydı 101 yaşı olacaqdı. Təbii ki, belə məlumatları toplayıb üzə çıxaranlara minnətdarlıq düşür. Onsuz da gedəni qaytarmaq olmur. Ancaq kimlərsə itgin düşmüş əzizləri barədə ən azı məlumatlı olur, bilmədiklərini öyrənir. Xeyirxah işdir. Allah köməkləri olsun. Kaş bu faktlar Xeyransa nənəmin, anam Məleykə xanımın sağlıında məlum olaydı. Neyləmək olar, görünür qismət beləymiş. Uca Tanrıdan hamısına rəhmət diləyirəm, qəbirləri nurla dolsun deyirəm.
Bu balaca xatirə yazısı sadəcə ürəkləri sərinlətmək, təsəlli tapmaq üçündür. Allah hamıya kömək olsun.

Bakı, 23.02.2017-ci il.





 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Pambığın alış qiyməti artırılıb
20.09.2018
“Hazırda biz Avrasiyanın enerji xəritəsini dəyişəcək “Cənub Qaz Dəhlizi“ layihəsini həyata keçiririk”
20.09.2018
Yanvar-avqust aylarında əsas kapitala 9 milyard manata yaxın vəsait yönəldilib
19.09.2018
Yeni yolların açılışı cənub bölgəsində turizmin inkişafına təkan verəcək
19.09.2018
“First in Azerbaijan“ investisiya təşviqi mexanizmi yaradılır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info