“Türkiyəli sahibkarların ölkəmizdə daha çox emal sənayesinə investisiya yatırmasına ehtiyac var”
Tarix: 24.02.2017 | Saat: 00:37:00 | E-mail | Çapa göndər


Bakıda Azərbaycan-Türkiyə kənd təsərrüfatı biznes forumu keçirilib. Forumda Azərbaycan və Türkiyədən 200-dək iş adamı iştirak edib. Kənd təsərrüfatı naziri Heydər Əsədov bildirib ki, Türkiyə iş adamları tərəfindən Azərbaycanın kənd təsərrüfatı sahəsinə investisiya qoyulması üçün bundan sonra da hər cür şərait yaradılacaq.
Nazir qeyd edib ki, türkiyəli sahibkarların ölkəmizdə daha çox emal sənayesinə investisiya yatırmasına ehtiyac var. Toxumçuluq, baramaçılıq və digər sahələrdə Azərbaycan-Türkiyə əməkdaşlığının inkişaf etdirilməsinin nəzərdə tutulduğunu deyən Heydər Əsədov bildirib ki, respublikamızda aqrar sahədə vergilər aradan qaldırılıb. Bu, Azərbaycan dövlətinin kənd təsərrüfatının inkişafına dəstəyinin bariz göstəricisidir. Dünyanın 11 iqlim qurşağının 9-nun Azərbaycanda olması respublikamızda bu sahənin çoxşaxəli inkişafına münbit şərait yaradır.

Türkiyənin kənd təsərrüfatı nazirinin müşaviri Bakıdakı səfirlikdə yerləşdiriləcək
Bakıda keçirilən Azərbaycan-Türkiyə kənd təsərrüfatı icra komitəsinin 8-ci iclasının protokolu imzalanıb. Protokolu Azərbaycanın kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev və Türkiyənin Qida, Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyinin Avropa Birliyi və xarici əlaqələr idarəsinin rəisi Ali Rəcəb Nazlı imzalayıblar.
İmzalanma mərasimindən sonra çıxış edən Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov və Türkiyənin qida, kənd təsərrüfatı və heyvandarlıq naziri Faruk Çelik kənd təsərrüfatı sahəsində ikitərəfli əlaqələrinin daha da inkişaf edəcəyindən əminlik ifadə ediblər.
H. Əsədov qeyd edib ki, Türkiyənin qida, kənd təsərrüfatı və heyvandarlıq nazirinin müşavirlərindən biri qardaş ölkənin Azərbaycandakı səfirliyində yerləşdiriləcək. Onun sözlərinə görə, müşavirin fəaliyyəti müxtəlif layihələrin icrasına nəzarət etməkdən ibarət olacaq. Nazir həmçinin əlavə edib ki, Azərbaycan Türkiyədən dəyəri 30-50 mln. dollar olan kənd təsərrüfatı texnikalarını almaq niyyətindədir.
Türkiyə istehsalı olan texnikaları rəqabətqabiliyyətli adlandıran nazir qeyd edib ki, yaxın gələcəkdə Kənd Təsərrüfatı Nazirliyinin elan etdiyi tenderlərdə türk iş adamları iştirak edə biləcək. H. Əsədov bir daha idxaldan asılılığın azaldılmasına toxunub və daxili istehsalın həcminin artırılmasının önəmini qeyd edib: "Biz hesab edirik ki, Azərbaycan və Türkiyədən olan sahibkarlar birgə istehsal müəssisələri yaratmaqla, idxaldan asılılığın azalmasına səbəb ola bilərlər. Burada türkiyəli investorların imkanlarından geniş istifadə etmək lazımdır".
Nazir onu da bildirib ki, Türkiyədə yaradılan süni mayalanma mərkəzinin analoqunu Azərbaycanda da yaratmaq və ya onun imkanlarından istifadə etmək məqsədəuyğundur.

“Türkiyədən ərzaq idxalı 3,5 dəfə artıb"
H.Əsədov bildirib ki, ötən il Türkiyədən Azərbaycana 100 mln. dollarlıq ərzaq məhsulu idxal olunub. Nazirin sözlərinə görə, beləliklə, Azərbaycan Türkiyədən ərzaq məhsulu idxalını 3,5 dəfə artırıb: "Düşünürəm ki, bu cür görüşlərdən sonra biz idxal deyil, emal və istehsal ilə məşğul olmalıyıq. Türk iş adamlarının azərbaycanlı həmkarları birgə müəssisələrin qurması daha yaxşı olar. Bu cür müəssisələrin hesabına biz idxalı azalda, daxili tələbatı ödəyə bilərik. İş adamları razılığa gələrsə, dövlət qurumlarımız sizə ciddi dəstək göstərəcək".

"Azərbaycanla Türkiyə kənd təsərrüfatı məhsullarını bir-birindən almalıdır"
"Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsinin həcmi 1,6 mlrd. dollardır". Bunu tədbirdə çıxış edən Türkiyənin qida, kənd təsərrüfatı və heyvandarlıq naziri Faruk Çelik bildirib. Onun sözlərinə görə, bunun yalnız 120 mln. dollarlıq hissəsi, yəni 8%-i kənd təsərrüfatı məhsullarının payına düşür.
"Hər iki ölkənin başçısı 2023-cü ilədək ticarət dövriyyəmizin həcminin 15 mlrd. dollara çatdırılmasını qarşımıza hədəf qoyub. Rəqəmlərə baxdıqda məlum olur ki, Azərbaycan 1,3 mlrd. dollarlıq kənd təsərrüfatı məhsulu idxal edir. Türkiyədə isə bu rəqəm 11 mlrd. dollardır. Beləliklə, hər iki ölkənin iş adamlarının üzərinə böyük yük düşür. Azərbaycan və Türkiyə kənd təsərrüfatı məhsullarını bir-birindən ala bilər. Mən iş adamlarımıza səslənərək aktiv olmağa çağırıram. Hər iki ölkənin dövlət qurumları sizin arxanızdadır", - deyə F.Çelik bildirib.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
21.09.2020
Sənaye üsulu ilə əkilən kartof sahələrindən 300-350 sentner məhsul götürülür
19.09.2020
Qroznı-Bakı neft kəmərinin bir hissəsinin tikintisi başa çatıb
19.09.2020
Uğurlarımızın əldə edilməsində neftçilərin çox böyük xidməti və zəhməti var
19.09.2020
Prezident “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirak edib
19.09.2020
Azərbaycanda ticarət şəbəkələri telefon tətbiqləri ilə onlayn satışlara yönəlir

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11601

1 Avropada nümayişçilər polis zorakılığına məruz qalır, amma bu məsələlər heç vaxt müzakirəyə çıxarılmır
2 “Yanar dağ” qoruğu Dövlət Turizm Agentliyinin tabeliyinə verilib
3 “Xınalıq”, “Keşikçidağ”, “Atəşgah məbədi” Dövlət Turizm Agentliyinin tabeliyinə keçirilib
4 “Azərbaycan öz məmləkətimizdir“
5 Ölkəmizə gələn turistlər arasında sorğu keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info