Dağlıq Qarabağın azərbaycanlı icması dünya birliyinə müraciət ünvanlayıb
Tarix: 24.02.2017 | Saat: 23:02:00 | E-mail | Çapa göndər


“Böyük dövlətlər qəti praktik addımlar atmalı və Ermənistanı beynəlxalq birliyin iradəsinə tabe etdirməlidirlər”
Son iki əsrdə erməni millətçiləri tarixi Azərbaycan torpaqları hesabına uydurma “Böyük Ermənistan” ideyasını həyata keçirmək məqsədilə 1905-1906-cı, 1918-1920-ci, 1948-1853-cü, 1988-1993-cü illərdə xalqımıza qarşı soyqırımı, terror, deportasiya və etnik təmizləmə kimi cinayətlər törədiblər. XX əsrin sonunda monoetnik dövlət yaratmağa nail olan Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun inzibati-ərazisinə aidiyyəti olmayan Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan bölgələri işğal edilib. Bütün bu ərazilər ermənilər tərəfindən etnik təmizləməyə məruz qalıb.
Bu fikirlər “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı müraciətində öz əksini tapıb.
Müraciətdə bildirilir ki, Dağlıq Qarabağın erməni icmasının öz müqəddəratını təyin etmək cəhdi kimi qələmə verdiyi Ermənistanın bu hərbi təcavüzü nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərindən 1 milyondan çox əhali məcburi köçkün düşüb: “Hazırda Azərbaycan ərazisinin 20 faizi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Bütün dövrlərdə olduğu kimi, ermənilərin həyata keçirdiyi bu işğalçılıq siyasəti kütləvi qırğınlarla müşayiət olunub. Belə ki, 1988-1993-cü illərdə Ermənistanın hərbi təcavüzü nəticəsində 20 min azərbaycanlı həlak olub, 100 min nəfərdən çoxu yaralanıb, 50 min nəfər isə müxtəlif dərəcəli xəsarət alaraq əlil olub.
“Xocalı şəhərinin əhalisinə qarşı misli görünməmiş soyqırımı törədilib”
XX əsrin sonunda bütün dünyanın gözü qarşısında baş verən, qəddarlığı və amansızlığı ilə seçilən Xocalı soyqırımı isə bu təcavüzkar siyasətin ən qanlı və yaddaşlardan silinməyən səhifəsi olub.
İyirmi beş il bundan əvvəl - 1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələri keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı motoatıcı alayı ilə birgə Xocalı şəhərinin əhalisinə qarşı misli görünməmiş soyqırımı törədib. Azərbaycan tarixinə Xocalı soyqırımı kimi yazılmış bu qanlı faciə yüzlərlə azərbaycanlının məhv edilməsi, əsir alınması, yaralanması və şəhərin yerlə-yeksan edilməsi ilə başa çatıb”.
Sənəddə qeyd olunur ki, Xocalı həqiqətlərinin dünyaya çatdırılması, bu həqiqətlərin beynəlxalq aləmdə yayılması, qətliama obyektiv qiymət verilməsi istiqamətində atılan addımları Heydər Əliyev Fondu çox uğurla davam etdirir: “Məhz Fondun gərgin səyi nəticəsində indi dünya ölkələri erməni qəsbkarlarının insanlığa sığmayan qətlləri haqqında daha dolğun məlumatlandırılır. 2008-ci il mayın 8-də Ermənistan silahlı qüvvələri tərəfindən Şuşa şəhərinin işğal edilməsinin ildönümündə “Xocalıya ədalət!” kampaniyası təsis edilib. “Xocalıya ədalət!” beynəlxalq informasiya və təşviqat kampaniyasının əsas məqsədi dünya ictimaiyyətini Xocalı soyqırımı ilə əlaqədar məlumatlandırmaq, qətliama beynəlxalq aləmdə mənəvi-siyasi qiymət verilməsinə və bu qanlı qırğının qurbanlarının xatirəsinin anılmasına nail olmaqdır. Hazırda faciənin mənəvi və siyasi-hüquqi səviyyədə tanınmasına yönəlmiş bu kampaniya bir çox ölkələrdə uğurla həyata keçirilir.

“Ermənistanın yürütdüyü etnik təmizləmə siyasəti uzun illərdir dünya ictimaiyyətinin gözü qarşısında baş verir”
Son illərdə “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində Azərbaycanın diaspor qurumları bu sahədə hakimiyyət strukturları ilə birgə səmərəli fəaliyyət göstərirlər. Bu mütəşəkkil fəaliyyətin nəticəsi olaraq Xocalı soyqırımının tanıdılması və qətliama siyasi qiymət verilməsi istiqamətində görülən işlər artıq daha ciddi nəticələr verməkdədir.
Artıq bir sıra dövlətlər 1992-ci ilin 25-26 fevralında soydaşlarımıza qarşı törədilmiş etnik təmizləmə cinayətinin əsl mahiyyətini anlayır, qətliama siyasi qiymət verilməsinin zəruri olduğunu başa düşürlər. ABŞ-ın 20-dən çox ştatının və 15-ə qədər ölkənin qanunverici orqanları bu qətliamın soyqırımı aktı kimi tanınması barədə qətnamə qəbul edib. Eləcə də İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı bu faktı soyqırımı və insanlığa qarşı cinayət hadisəsi kimi tanıyıb, üzv dövlətləri həmin faciəyə müvafiq siyasi-hüquqi qiymət verməyə çağırıb. Hazırda Xocalı faciəsinin dünya dövlətləri tərəfindən soyqırımı kimi tanınması, qətliama ayrı-ayrı ölkələrin qanunverici orqanlarının obyektiv qiymət verməsi tarixi zərurət olaraq qalmaqdadır”.
Bəyanatda vurğulanır ki, Ermənistanın yürütdüyü etnik təmizləmə və soyqırımı siyasəti uzun illərdir dünya ictimaiyyətinin gözü qarşısında baş verir: “Halbuki soyqırımı ən ağır cinayət olmaqla yanaşı, beynəlxalq hüquqa görə sülh və təhlükəsizliyə qarşı yönələn cinayətlər qrupuna aid edilir. Soyqırımı cinayətinin hüquqi əsası BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” konvensiya ilə müəyyən olunub”.

“Ermənistanın işğalçılıq siyasətinin ifşa olunması üçün təsirli tədbirlər görülsün”
Xocalı soyqırımının 25-ci ildönümündə Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin üzvlərinin sayı 80 mindən çox olan azərbaycanlı icması beynəlxalq birliyi ölkəmizə qarşı bu gün də davam edən təcavüz hərəkətlərinə obyektiv siyasi-hüquqi qiymətin verilməsi üçün respublikamızın haqlı mövqeyini dəstəkləməyə çağırır. “Biz dünya ictimaiyyətini və beynəlxalq təşkilatları Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xocalı şəhərində məqsədyönlü şəkildə yüzlərlə uşaq, qadın və yaşlı insanın da daxil olduğu dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş bu qəddarlığı insanlıq əleyhinə cinayət və soyqırımı aktı kimi tanımağa çağırırıq. Biz humanizm ideyalarının daşıyıcısı olan bütün beynəlxalq təşkilatlardan tələb edirik ki, Ermənistanın işğalçılıq siyasətinin ifşa olunması üçün təsirli tədbirlər görülsün. Bununla yanaşı, Ermənistanın təcavüzünün qurbanı olan bir milyondan çox insanın haqq səsi eşidilsin və pozulmuş hüquqlarımızın bərpa olunması üçün ermənilərin cinayətkar əməlləri beynəlxalq səviyyədə qınaq obyektinə çevrilsin”, - deyə müraciətdə qeyd edilir.
Müraciətdə Ermənistanın Azərbaycana qarşı təcavüzünün genişlənməsi ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələr xatırladılır. Vurğulanır ki, BMT Təhlükəsizlik Şurasının sənədlərində işğalçı qüvvələrin işğal etdikləri Azərbaycan ərazilərindən dərhal çıxması qeyd olunsa da, Minsk qrupunun göstərdiyi səylər indiyə kimi Ermənistanın açıq-aşkar hərbi işğalçılıq mövqeyi tutması ucbatından təsirli nəticələr verməyib: “ATƏT-in regionda sülhpərvərlik fəaliyyətinin uğursuzluqlarının başlıca səbəbi məhz Azərbaycan Respublikasına qarşı Ermənistan Respublikasının birbaşa təcavüzü faktının etiraf olunmaması ilə bağlıdır. Bundan əlavə, Ermənistanın Azərbaycana təcavüzündən birbaşa danışmadan, işğal etdiyi ərazilərdən çıxmasını tələb etmədən və qəbul olunan sənədlərdə bu barədə heç nə demədən münaqişənin ədalətli həlli yolunda müsbət irəliləyişə nail olmaq çətindir. Ona görə də böyük dövlətlər qəti praktik addımlar atmalı və Ermənistanı beynəlxalq birliyin iradəsinə tabe etdirməlidirlər”.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
19.09.2019
“News Blaze” nəşri: “Ermənistanda nasist veteranları “qəhrəman” hesab edirlər”
17.09.2019
“Los-Anceles nasist generalları mədh edən ölkəyə dəyər verməməlidir”
16.09.2019
“Türkiyə Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi
12.09.2019
Ukrayna XİN: “Dağlıq Qarabağda keçirilən qondarma “seçkilər” beynəlxalq hüququn prinsiplərini kobud şəkildə pozur”
10.09.2019
Almaniya Minsk qrupunun üzvü kimi münaqişənin həlli prosesinə qoşulur

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10896

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info