Bu gün Azərbaycanda Od çərşənbəsidir
Tarix: 28.02.2017 | Saat: 15:46:00 | E-mail | Çapa göndər


Fevralın 28-i xalq təqvimi ilə ilaxır çərşənbələrdən ikincisi - Od çərşənbəsidir. Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün çirkabı və azar-bezarları yandırırlar. Odun, tonqalın yandırılması istilik mənasını ifadə edir və yazın gəlişi ilə havaların qızmasının əsas göstəricisidir.
Od çərşənbəsinə xalq arasında üskü (tonqal) və ya ocaq çərşənbəsi də deyirlər. İnanclara görə, insan odu nə qədər əzizləsə, bir o qədər yüngül olar, çətinlikləri azalar. Bu çərşənbə qədim insanların Günəşə, oda inamından irəli gəlir.
AMEA-nın Folklor İnstitutunun şöbə müdiri Ağaverdi Xəlil AZƏRTAC-a bildirib ki, əski təsəvvürlərə görə, od müqəddəs sayılır. Od inancına dünyanın əksər xalqlarında rast gəlinir. Atəşpərəstlik dövründə Azərbaycanda od inancı ilə bağlı bir sıra rituallar olmuş, oda qurban vermə, odun qoruyucu, təmizləyici gücünə inam yaranmışdı. Tonqal qalamaq, odun üstündən atlanmaq mərasimi də odla bağlı inanclardan qaynaqlanır. Ta qədimdə yeni anadan olmuş uşağı odun başına dolandırmaqla paklar, ancaq bundan sonra ananın qucağına verərdilər. Bu inamın və buna əsaslanan xüsusi mərasimin izi bu gün də “Çevir ocağa, al qucağa” kimi atalar sözlərində yaşamaqdadır.
Şabran rayonunun Dağbilici kəndi də qədim Novruz ənənələrinin yaşandığı yerlərdəndir. Bu dağ kəndinin əhalisinin böyük hissəsini ölkəmizdəki azsaylı xalqlardan olan tatlar təşkil edir. Novruz adətləri ilə yanaşı, tatların özünəməxsus folklor nümunələri də bayram şənliklərinə əlavə rəng qatır.
Dağbilici sakinləri bildirirlər ki, onlar Novruz bayramının gəlişinə Su çərşənbəsindən hazırlaşırlar. Qədim dövrlərdə ilk çərşənbədə evlərin damları palçıqla suvanar, həyət-baca yığışdırılar, ev-eşikdə səliqə-sahman yaradılardı. Çərşənbə günü isə qızlar bulaq başına gedər, evə səhənglərlə su, inanca görə, eyni zamanda, ruzi-bərəkət gətirərlər. Bulaq başında yandırılan şamların evə gətirilməsi isə nur, işıq anlamını verər.
Tatlar od çərşənbəsində üç ocaq qalayırlar. Həmin gün nişanlı qızların evinə şamların müşayiəti ilə bayram xonçaları aparılır. Tüfənglərdən havaya atəş açılır. Hər bir evdə ailə üzvlərinin sayı qədər şam yandırılır. Adətə görə, evə gələn qonaq üçün də əlavə şam yandırılmalıdır.
Kənd sakini Rəna Ağasıyeva bildirir ki, tatlar çərşənbələrdə ən dadlı yeməklərini bişirirlər. Bununla yanaşı, ənənəyə uyğun olaraq, bərəkət rəmzi sayılan səməni cücərdilir, səməni halvası, yarma aşı, hədik və qovurğa da hazırlanır.
Kənddə fəaliyyət göstərən “Xınayaxdı” xalq folklor ansamblı respublikamızda çox məşhurdur. Çərşənbələrdə kollektivin ifa etdiyi el nəğmələri bütün kənd sakinlərini tez bir zamanda tonqal ətrafına toplayır.
Ansamblın bədii rəhbəri Bayram Ağasıyev deyir ki, tatlardan ibarət folklor kollektivini 1979-cu ildə təşkil edib. 1980-ci ildə Bakıda keçirilən müsabiqələrin birində “Xınayaxdı” folklor ansamblı adı ilə ilk çıxışları olub. Kollektivin repertuarında həm tat, həm də Azərbaycan dillərində mahnılar yer alır. Ansamblın bayram repertuarını, əsasən, qədim el mahnıları və səhnələr təşkil edir. Kollektivin çərşənbələrdə səhnələşdirdiyi mahnıların əksəriyyəti isə əmək nəğmələridir. Ümumiyyətlə, bu mahnılar özündə qədim əkinçilik ənənələrini yaşadır. Bir sözlə, bu nümunələrin çoxu nənə-babalarımızın nəsildən-nəslə keçən yaddaş boxçasıdır.
Respublikamızın bölgələrində yüksək əhval-ruhiyyə ilə qeyd olunan çərşənbələr xalqımızın bayram mədəniyyətinin rəngarəngliyini göstərir. Qədim tarixə malik bu ənənələrin nəsildən-nəslə ötürülərək, zamanın süzgəcindən keçərək bu gün də yaşadılması xalqımızın soy kökünə olan bağlılığının bariz nümunəsidir.
Od çərşənbəniz mübarək!
Mahmud




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur
16.11.2018
“Azərbaycanda hakimlərin sayı azdır”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info