Heç bir zaman ədəbiyyatsız yaşamamışam
Tarix: 28.02.2017 | Saat: 22:34:00 | E-mail | Çapa göndər


“Qələmsiz keçməyən ömür” rubrikasının növbəti qonağı gənc şairə Leyla Əsədullayevadır. Leyla xanım erkən yaşlarından bədii yaradıcılıqla məşğuldur. Bir neçə şeirləri gənc yaşlarından dövri mətbuatda işıqlandırılıb. Hal-hazırda bu sahədə fəaliyyətini davam etdirir. Bir neçə uğurlara imza atan gənc qələm dostumuza yaradıcılığında və gələcək həyatında uğurlar arzulayıram.

Əsədullayeva Leyla Mövludşah qızı 1993-cü ildə Bakı şəhərində anadan olub. Tibb Kollecinin məzunudur. Hal-hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rejissorluq fakültəsində təhsil alır. 3 ildən çoxdur ki, bədii yaradıcıllıqla məşğuldur. Şeirləri “Ulduz” jurnalında, “Kaspi” və “Oxu məni” qəzetlərində çap olunub. “Lent.az”, “Kulis.az”, “Sia.az” saytlarında mütəmadi olaraq şeirləri yayımlanır. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
- Bir gənc şairə olaraq gənc şair dostlarınızın poetik dilindən razısız? Ədəbiyyata yeni gələn gənclərin yaradıcılığı sizi qane edirmi?
- İlk sualınızın bu qədər qəliz olacağını heç gözləmirdim. Düşünürdüm ki, ilk sualınız mənimlə bağlı olar. Amma şair dostlarımla bağlı oldu. Onu deyim ki, şair dostum çox azdır. Gənc şairlərin hamısı ilə dostluq etmirəm. Şair dostlarımın da poetik dilindən razıyam. Ona görə yox ki, onlar mənim dostlarımdır. Ona görə ki, onların şeirləri, həqiqətən, gözəldir. Heç kimi təqlid etmirlər. Şeirlərində öz nəfəsləri, öz üslubları aydın şəkildə seçilir.
Ədəbiyyata yeni gələn gənclərin yaradıcılığı isə tam olaraq məni qane etmir. Çünki onlar ədəbiyyatdan daha çox şöhrət arzusundadırlar. Şöhrət üzərində qurulan ədəbiyyat isə ədəbiyyat deyil. Ədəbiyyat daim öz üzərində işləməyi, gecə-gündüz çalışıb mütaliə etməyi, zəif yazıdan utanmağı tələb edir.
- Bu gün sosial şəbəkələr geniş oxucu auditoriyasına malikdir. Bir sözlə, ədəbiyyatımız kitabdan elektron kitaba keçib. Bunu necə qiymətləndirirsiz? Bu haqda fikirlərinizi bilmək istərdik.
- Burada mənfi olan heç nə görmürəm. Çünki yazar özü birbaşa olaraq öz əsərini geniş oxucu kütləsinə təqdim etmək imkanına malik olur və eyni zamanda özü birbaşa olaraq əsərə göstərilən mənfi və ya müsbət fikirlərlə tanış ola bilir. Əvvəllər yazar geniş oxucu kütləsinə təqdim olunmaq üçün mütləq kitab çıxarmalı idi. Bu isə müəyyən maddi xərclər tələb edirdi. Maddi imkanı zəif olan yazar çox zaman irəli çıxa bilmirdi. Bu gün isə bu kimi xərclərə ehtiyac yoxdur. Yazar sosial şəbəkə və elektron kitab vasitəsilə bir günə belə, bütün reytinqləri aşa, geniş oxucu auditoriyası qazana bilər. Təbii ki, professional oxucu kütləsi nəzərdə tutulur. Bəzi hallarda çox primitiv, adi şeirlər belə, sosial şəbəkələrdə yüksək reytinq toplayır. Lakin bu, şeirin mukəmməl olması anlamına gəlmir. Ola bilər ki, onu bəyənən insanların şeirdən anlayışı olmasın, sadəcə, yazara xoş olsun deyə, bəyənsinlər. Bu kimi hallar bu gün çoxdur. Lakin bu məni narahat etmir, çünki ədəbiyyatda son sözü zaman deyir. Yaxşı bir şeir və ya nəsr əsəri öz aktuallığını bütün dövrlərdə qızıl kimi qoruyur. Zəif bir əsər isə zamanın ağuşunda su kimi axıb gedir.
- Ədəbiyyata gəlməyiniz və uğurlarınız haqqında söz aça bilərdiz?
- Ədəbiyyata gəlməyim təsadüfi olmayıb. Hələ məktəbdə oxuduğum zaman məktəblilər arasında keçirilən ümummilli lider Heydər Əliyev inşa müsabiqəsinin qalibi olmuşam. Bu, təbii ki, mənim ədəbiyyata olan həvəsimdən, marağımdan irəli gəlirdi. Bu uğurumu tələbəlik illərimdə də, təkrarlaya bildim. Bakı şəhəri üzrə tələbələr arasında keçirilən Heydər Əliyev esse müsabiqəsinin qalibi oldum.
Hər zaman yaradıcılığıma tənqidi olaraq yanaşmışam. Yadımdadır, 2012-ci ildə “Mən azərbaycanlıyam”adlı Respublika şeir müsabiqəsi keçirilirdi. Qorxaraq öz şeirimi müsabiqəyə təqdim etdim. Nəticədə isə müsabiqənin qalibi oldum. Məhz bu uğurum mənə şeirlərimi geniş oxucu kütləsinə təqdim etməyə təkan verdi.
- Bəs ədəbiyyat tarixinə marağınız varmı? Bu sahəyə aid yazılarınız olurmu?
- Əlbəttə ki, var. Ədəbiyyatı sevən hər bir insan, onun tarixinə nəzər salmalı, ədəbiyyat tarixini dərindən öyrənməlidir. Azərbaycan ədəbiyyatı tarixini yaradıcılığa başladığım ilk illərdə öyrənmişəm. İki il olar ki, dünya ədəbiyyatı tarixini öyrənməkdəyəm. Demək olar ki, dünya klassiklərinin bir çoxunu oxumuşam. Dünya ədəbiyyatını kifayət qədər mənimsəmişəm. Hətta bu sahədə tərcümələrim də var, lakin mükəmməlliyin tərəfdarı olduğum üçün, hələ də bu sahədə özümü tam hazır hiss etmirəm. Dünya ədəbiyyatı tarixi bitib-tükənməyən bir ümmana bənzəyir. Dərinliyinə vardıqca daha çox oxumaq lazım olduğunu anlayırsan. Təbii ki, kortəbii mütaliədən söhbət getmir. Dünya ədəbiyyatını sistemli şəkildə öyrənməyə çalışmalısan. Bunun üçün sistemli şəkildə mütaliəyə üstünlük verirəm. Onu da qeyd edim ki, ədəbiyyat kortəbiiliyi heç zaman sevmir. Ədəbiyyatı dövrləşdirmək və bu dövrləri dərindən mənimsəmək kifayət qədər zaman alır. Bəzən nəzərdə tutduğundan xeyli artıq vaxt sərf etməli olursan, lakin sırf ədəbiyyata sərf etdiyim zaman üçün heç zaman təəssüflənməmişəm, çünki ədəbiyyatı çox sevirəm. Hələ ki, ədəbiyyat tarixinə aid yazılarım yoxdur. Düzdür, günümüzdə ədəbiyyat tarixinə aid yazılarla çox tez-tez qarşılaşıram, lakin bəzilərində xeyli qüsurlar nəzərə çarpır. Bu da bəzi gənclərin öyrənmədən yazı yazmağa həvəs göstərməsi ilə bağlıdır. Mən isə özümü həmin gənclərin sırasında görmürəm. Ədəbiyyatı və onun tarixini mükəmməl bilmədən o barədə yazı yazmaqdansa, yazmamağı üstün tuturam. İnşallah, yaxın zamanlarda bu mövzuda məqalə yazmağı düşünürəm. Ümid edirəm ki, heç də pis alınmayacaq...
- Adətən, şeirlə çıxış edən şairlər az hallarda mətbuatda yazılarla görünürlər. Sizdə də bu belədirmi? Yoxsa yazmaqla da məşğul olursuz?
- Çox düzgün vurğuladınız. Məhz bu sualınızdan aydın oldu ki, siz şairlərin fəaliyyətinə yaxından bələdsiniz. Öncə bunun səbəbini vurğulamaq istərdim. Şairlər, doğrudan da, mətbuatda az görünürlər. Qalmaqallı yazılardan, uzun-uzadı məqalələr yazmaqdan uzaq olurlar. Çünki şairlərin öz dünyası olur. Onlar hər gün öz şeirlərində nə isə yaratmağa çalışırlar. Bir sıra səbəblər şairi hər gün yenidən düşünməyə vadar edir. İkinci bir səbəbi isə odur ki, əsl şairlər, adətən, daxilən çox təmiz duyğulu insanlar olurlar. Metafora, şişirtmə kimi anlamlardan həyatda çox uzaq, şeirdə isə çox yaxın insanlardır şairlər. Bəlkə də, real həyatda öz düşündüklərini dilə gətirdikləri zaman bunun qınağa səbəb ola biləcəyindən çəkinib, susurlar. Mən dövri mətbuatda, adətən, öz şeirlərimlə çıxış edirəm. Müsahibələrimi də, adətən, öz şairlik fəaliyyətim haqqında vermişəm. Publisistikada hələ özümü sınamamışam. Mütaliə və nə isə yaratmağa, şeirlərimdə fərqli və çox işlənməmiş mövzular seçməyə, yaradıcılığımda daha çox üstünlük verirəm. Məncə, şairin publisistikayla məşğul olmasında da heç bir qəbahət yoxdur. Əgər şair publisistikada yazmağı mükəmməl şəkildə bacarırsa, niyə də bunu etməsin. Qismət deyərdim. Bəlkə də, gələcəkdə ola bilsin ki, özümü bu sahədə də sınadım və heç də pis alınmadı. Bunu zamanın öhtəsinə buraxsaq daha yaxşı olar...
- Gələcəkdə hər hansı bir elmi əsər üzərində çalışmaq niyyətiniz varmı?
- Sual üçün təşəkkür edirəm. Hər bir gənc yazar kimi, bu, mənim də ən böyük arzularımdan biridir. Şairin elmi əsərə yanaşması və onu mükəmməl şəkildə işləməsi onun gücündən xəbər verir. Elmi əsərdə özünü ifadə etmək qabiliyyəti şairin yaradıcılığının kulminasiya nöqtəsidir. Hələ ki, bu mövzuda tam olaraq düşünməmişəm. Fikrimdən keçməyib. Buna görə də qabaqcadan deyə bilmərəm. Əgər belə bir imkanım olsa, Azərbaycan ədəbiyyatından Mikayıl Müşfiq yaradıcılığına müraciət edərdim. Dünya ədəbiyyatından isə çox mükəmməl, lakin çox az öyrənilmiş şair, Robert Börns yaradıcılığını seçərdim. Börns yaradıcılığı sirli bir aləmdir. O aləmə daldıqca, ondan ayrılmaq istəmirsən. Şair hiss və həyəcanı şeirlərdə bir az sirli, lakin qeyri-adi ustalıqla, çox mükəmməl təsvir edilibdir. Gələcək fəaliyyətimdə ümid edirəm ki, ilk müraciət etdiyim elmi əsərlər məhz bu şairlərin yaradıcılığı ilə bağlı olacaq.
- İndiki gənclərin bir çoxu poeziyadan sanki uzaqlaşıblar. Əsasən, roman janrına üstünlük verirlər. Sizcə, bu nədən qaynaqlanır?
- Çox aktual bir mövzuya toxundunuz. Sual üçün sizə təşəkkür edirəm. Poeziya janrı bütün dövrlərdə ədəbiyyatın tacı olmuşdur. Böyük fransız ədibi Viktor Hüqo özünün “Kromvel” dramına müqəddimədə də bunu qeyd etmişdir.
Yaxşı poeziyanı yaratmaq, yaxşı nəsr əsəri yaratmaqdan daha çətindir. Oxuyub qavramaq da, həmçinin. Oxucu oxumaq üçün, təbii ki, daha asan əsərdən başlayır. Onun üçün də nəsr əsərlərinə üstünlük verirlər. Təbii ki ,burada oxucu zövqünü də vurğulamaq lazımdır. Oxucunun zövqünə nəsr uyğundursa, onu poeziyanı oxumağa heç kim məcbur edə bilməz.
- İctimai yerlərdə gənclərin mütaliəsi azalıb. Əvvəllər metro, avtobus və s. yerlərdə gənclər kitab oxuyardılar. Bunu indi çox az-az görürük. Görəndə də, çoxu yaşlı nəsil olur. Sizcə, bu nədən qaynaqlanır?
- Tam olaraq sizinlə razı deyiləm. Mən özüm ictimai nəqliyyatda çox oluram və əlində bədii kitab oxuyan, çox gənclərlə qarşılaşıram və bu bir gənc yazar kimi, məni çox sevindirir. Daha çox gənclər isə bədii əsərləri “pdf” olaraq oxumağa üstünlük verirlər. Əllərində telefon olan gənclərin çoxuna yaxınlaşdıqda onların hər hansı bir əsəri “pdf” variant olaraq oxuduğunu görmüşəm və bunu kifayət qədər təqdirəlayiq hal kimi qiymətləndirirəm, çünki elm və texnika inkişaf etdikcə, hər bir sahə inkişaf edir. O cümlədən də ədəbiyyat. Artıq əvvəlki dövrlərdə olduğu kimi, gənclərin ictimai nəqliyyatda ağır kitablar daşımasına ehtiyac yoxdur. Həmin kitabları “pdf” olaraq telefonuna yükləmək və “online” kitabxanadan da oxumaq olar. Düzdür, insanlar hər şeyin görünən tərəfinə qiymət verirlər. Bu baxımdan, hal-hazırda cəmiyyətdə gənclərin mütaliəsi ilə bağlı fikirlər çox aşağıdır. Lakin tam əminliklə söyləyirəm ki, bu belə deyil. Bu barədə olan fikirlərimi, böyük Amerika yazıçısı Ernest Heminqueyin bir zamanlar ədəbiyyatda formalaşdırdığı Aysberq üslubunun fonunda bitirmək istərdim: “Aysberqin görünməyən hissəsi görünən hissəsindən daha böyükdür”.
- Bizə ədəbiyyata olan sevginizdən söz aça bilərsiz?
- Ədəbiyyat mənim həyatımın ayrılmaz hissələrindən biridir. Uşaqlıqdan mütaliə etmişəm. Ədəbiyyat incəsənətin ən sevilən bir növüdür və uşaqdan böyüyə hər kəs tərəfindən sevilərək, həvəs göstərilir. Fasiləsiz mütaliə etdiyimi də söyləyə bilmərəm. Çünki mütaliə qədər təhlilə də geniş yer verirəm. Hər bir əsəri və yaxud bir ədibin yaradıcıllığını oxuyub bitirdikdən sonra onu öz dünyamda öz duyğularımla təhlil edirəm. Daha sonra növbəti mütaliəyə başlayıram.
- Sonda gələcək planlarınızdan danışardız.

- Ədəbiyyat haqqında gələcək planlarım həddindən artıq çoxdur. Onlardan biri və birincisi Azərbaycan oxucularının ürəyini fəth etməkdən ibarətdir. Öz oxucu kütləmi, az da olsa, formalaşdırsam da, tam olaraq Azərbaycan oxucu kütləsini fəth etməmişəm. Bunun üçün bir yazara- birinci, gözəl hislər, ikinci, zəngin mütaliə, üçüncü isə qüvvətli qələm lazımdır. Düşünürəm ki, birinci amil insana Tanrı tərəfindən verilir və bunu başqa heç nə ilə qazanmaq mümkün deyil. Tanrıma şükürlər olsun ki, bunu məndən əsirgəməyib. İkincisini hər kəs öz zəhməti və əməyi hesabına əldə edir. Belə fikirləşirəm ki, mütaliəyə ayırdığım zamanım heç vaxt itməyəcək. Gələcək yaradıcılığımda özünü məhz mənə xas şəkildə büruzə verəcək. Üçüncüsünə nail olduqda isə hiss edəcəyəm ki, ən böyük arzuma çatmışam. Məncə, yazarın əsl gücü, onun qələminin itiliyində yox, qüvvətindədir. Bir-birinə bənzəyən, ədbiyyatda yeniliyə səbəb olmayan, hadisəyə çevrilə bilməyən şeirlər yazmaqdansa, zamanla susub, üzərində işləyərək, yeni nəfəsdə bircə şeir yaratmağı daha üstün tutardım...
Sonda yaradıcılığıma müraciət etdiyiniz və müsahib olaraq məni seçdiyiniz üçün sizlərə dərin təşəkkürümü bildirirəm.
Söhbəti qələmə aldı:
Mahmud Əyyub









 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Biz tələbələri nəzəri cəhətdən çox yaxşı hazırlayırıq, ancaq praktiki cəhətdən yox
22.09.2018
Azərbaycan dinlərin və mədəniyyətlərin toqquşduğu deyil, qovuşduğu bir yerdir
21.09.2018
“Tələbələrin ixtisasa uyğun təcrübə qazanmaları üçün kifayət qədər imkanlar var”
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10136

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info