Naxçıvanda yas və dəfn adətləri nümunə səviyyəsinə yüksəlib
Tarix: 01.03.2017 | Saat: 18:04:00 | E-mail | Çapa göndər


Naxcivantv.az-ın suallarını Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə İdarəsinin rəisi, ilahiyyatçı Vüqar Babayev cavablandırır

Hazırda ölkə gündəmindən düşməyən və cəmiyyətimizi narahat edən məsələlərdən biri də dəfn və yas adətlərinin öz məcrasından çıxmasıdır. Lakin Naxçıvan Muxtar Respublikasında artıq bir neçə ildir ki, istər dəfn, istər yas, istərsə də ehsan mərasimləri islami qaydalara uyğun tənzimlənir və bu işlər əhali tərəfindən də böyük razılıqla qarşılanaraq ölkə miqyasında nümunə kimi göstərilir.
Naxcivantv.az saytının suallarını Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə İdarəsinin rəisi, ilahiyyatçı Vüqar Babayev cavablandırır.
Naxcivantv.az: Vüqar müəllim, Naxçıvanda cəmiyyətimizin böyük razılıqla qarşıladığı daha bir addım atıldı. Muxtar respublika ərazisindəki bütün qəbiristanlıqlarda abadlıq işləri davam etdirilir, mə¬zar¬la¬rın də¬mir çə¬pər¬lə¬ri mər¬hum¬la¬rın ya¬xın¬la¬rı tə¬rə¬fin¬dən sö¬kü¬lə¬rək gö¬tü¬rü¬lür. Bu, hansı dini və hüquqi əsaslara söykənir?
Vüqar Babayev: Əvvəlcə məsələnin qanuni tərəfinə toxunaq. Bu məsələ ilə bağlı Nax¬çı¬van Mux¬tar Res¬pub¬li¬ka¬sı Na¬zir¬lər Ka¬bi¬ne¬ti¬nin 2007-ci il 27 no¬yabr ta¬rix¬li Qə¬ra¬rı vardır. Həmin qərarda mə¬zar¬lıq¬lar¬da dəfn za¬ma¬nı qə¬bir¬lə¬rin mil¬li-di¬ni də¬yər¬lə¬rin tə¬ləb¬lə¬ri¬nə və qay¬da¬la¬ra uy¬ğun öl¬çü¬də sa¬lın¬ma¬sı əsas götürülüb. Bu qərarda göstərilir ki, hər bir qəbrin eni 1 metr 40 santimetr, uzunluğu isə 2 metr 20 santimetr olmalıdır. Bu, bir standart ölçüdür. Məsələnin dini tərəfinə gəldikdə isə deyə bilərəm ki, dinimizə görə müsəlman qəbrinin təmtəraqlı olması və onun üzərində hər hansı bir tikilinin tikilməsi və dəmir çərçivə ilə hasarlanması dinimizə zidd və israfçılıqdır.
Sovetlər dönəmində qəbiristanlıqlarımız hər hansı bir dəmir çərçivə ilə əhatələnməmişdi. Ona görə də insanlar yaxınlarının məzarlarını qorumaq üçün onları dəmir barmaqlıqlarla çərçivəyə alırdılar. Müstəqillilk illərində muxtar respublikanın bütün ərazisindəki qəbiristanlıqlarda səliqə-səhman yaradıldı və dörd bir tərəfi çəpərləndi. Əgər belədirsə, hər bir qəbir üçün ayrıca dəmir çəpər çəkməyə və qəbirlərə dam ucaltmağa nə ehtiyac var?! Fikrimcə, bu gün hər hansı qəbrin əlavə çərçivələnməsinə və qiyməti on min manatlarla ölçülən qəbir daşlarının ucaldılmasına ehtiyac yoxdur. İnsanın dəyəri onun sağlığında qazandığı yaxşı əməllərindədi. İnsanlara sağlığında qiymət vermək lazımdır.
Naxcivantv.az: Üstəlik məsələnin maddi tərəfi də var...
Vüqar Babayev: Bəli, bu gün dəmir çərçivənin hazırlanması təxminən 700-1500 manata başa gəlir. Bunun da vəfat edən üçün heç bir faydası, xeyri yoxdur. Deməli, buna sərf olunan vəsait izafədır, hədərdir. Digər tərəfdən isə bu iş getdikcə daha zərərli bir adətə çevrilirdi. “Qonşudan qalma dala” prinsipi ilə hərəkət edənlər də az deyildi. Onlar bir növ özlərinin nəyə “qadir olduqlarını” bahalı məzar daşları qoymaqla, məzarı qiymətli metal lövhələrlə çərçivələməklə göstərirdilər. Əlbəttə ki, bütün bunlar böyük hikmətə və elmi dəyərə malik olan İslam dininə yaraşmayan bir haldır.
Naxcivantv.az: Çərçivələnmiş qəbirlər əlavə vəsait tələb etdiyi kimi, əlavə yer də zəbt edirdi. Ailənin digər üzvləri üçün qəbir yeri “bron” edənlər də az deyildi. Bu barədə fikirləriniz nədən ibarətdir?
Vüqar Babayev: Düzdür, mühüm cəhətlərdən biri də budur. Tutaq ki, qəbrin eni 1 metr 40 santimetrdirsə, əgər onun ətrafını çərçivələsək, təbii ki, bu çərçivə qəbri əhatə etdiyi üçün qəbirdən kənara çıxacaq. Təbii olaraq çərçivələr artdıqca, bu da qəbiristanlığın ərazisinin zəbt olunmasına gətirib çıxarır. İnsanlar qəbir ziyarətləri edərkən də çətinliklərlə üzləşirdi. Deyək ki, qəbiristanlıqda 50 min cənazə dəfn olunmalıdır. Dəmir çərçivə ilə hasarlanarsa bu rəqəm yarı-yarıya azalır. Dəmir çəpərlərin söküntüsünün əsas səbəblərindən biri də budur: Torpaq israfçılığına yol verməmək, dinimizin qayda və tələblərinə uyğun hərəkət etmək.
Sualınızın digər hissəsi də maraqlıdır. Bəli, qeyd etmək lazımdır ki, ailə üzvlərinin biri dünyasını dəyişirsə, onun yanında sağ olan insanlara da dəfn üçün yer saxlayırlar. Bu da düzgün hal deyil. Deyək ki, bu gün yer saxlanılırsa, bir müddət sonra ailə üzvləri yaşayış yerini dəyişirsə, bəs onda necə olacaq? Elə ona görə də belə zəbtetmə halları aradan götürülməlidir. İnsanlar özləri bunu başa düşməli və əməl etməlidirlər. Dinimiz bizə tövsiyə edir ki, qəbiristanlıqlarımız son dərəcə təmiz və səliqəli olsun. Qəbiristanlıqlarda hər hansı bir yaşıllıq zolağının salınması və yaxud da təmizlik işinin aparılması, abadlaşdırılması dəmir çərçivələr ucbatından mümkün olmurdu. Bu, eyni zamanda qəbiristanlıqların son dərəcə səliqəsiz görünməsinə səbəb olurdu. Yeri gəlmişkən deyim ki, qəbri ziyarət edərkən qəbirdən nə isə istəmək, diləmək, qurban kəsmək, başına dolanmaq, şam yandırmaq da İslam dininə zidd olan hallardır və bu, bir növ bütpərəstliyi andırır.
Naxcivantv.az: Vüqar müəllim, istərdik ki, yas mərasimlərinin təşkilinə də münasibət bildirəsiniz...Necədir və necə olmalıdır?
Vüqar Babayev: Son illər muxtar respublikada yüzlərlə məscid tikilib və ya bərpa edilərək əhalinin istifadəsinə verilib. Kəndlərimizdə də onlarla yeni mərasim evi tikilib. Hazırda yaslar əsasən məscidlərdə və mərasim evlərində təşkil edilir. Yas mərasimlərinin də dinimizin qaydalarına uyğun şəkildə keçirilməsi vacibdir. Yasların israfçılıqla, az qala toy tədarükü səviyyəsində xərclə keçirilməsi, yumşaq desək, başa düşülən deyil. Bəzən 1 həftə yas tutulur, “qırx”, “əlli iki”, “qara bayram”, “il” verilir. Bunların İslam dini ilə heç bir əlaqəsi yoxdur. Bir həftə yası qadınlar yalnız öz həyat yoldaşlarına saxlaya bilərlər. Hal-hazırda muxtar respublikamızda vəfat edən şəxs üçün 3 gün yas tutulur. Ehsan olaraq qənd, limon və çay verilir. Yasın üçü günü isə bir dəfə sadə formada yemək ehsanı verilir. Bu da bir növ yeməklə yekunlaşır. Bu da imkan verir ki, yas sahibi ələvə xərcə-borca düşməsin.
İslam bərabərlik, yardımlaşma, dostluq dinidir. Hər kəsə üzümü tutub deyirəm ki, gəlin hər birimiz İslam dini bizə nəyi tövsiyə edirsə, biz də bu yolla gedək.
Naxcivantv.az: Söhbətimizdən belə aydın olur ki, bu sahədə ölkəmizdə ciddi maarifləndirmə işlərinə ehtiyac var və israfçılıq etməyi, ucuz şöhrəti insanlar özləri bir kənara qoymalıdırlar. Təbii ki, aid qurumlar da bu sahədə fəaliyyətlərini gücləndirməlidirlər...
Vüqar Babayev: Bəli, bu, məsələnin əsas tərəfidir. Dini maarifləndirmə və İslamın olduğu kimi insanlara çatdırılması vacibdir. Məsələn, əvvəllər Naxçıvandakı yas mərasimlərində din xadimləri xurafatçılığa meyl edirdilər. Bir neçə ildir ki, davam edən maarifləndirmə işləri və təkmilləşdirmə kurslarından sonra indi yas mərasimlərində İslami dəyərlər, Quranın hikməti, milli adət-ənənələrimiz, vətənpərvərlik tərbiyəsi üstün istiqamət kimi götürülür və gənc nəsil də bu dəyərlər əsasında formalaşdırılır. Qaldı ki, israfçılığa, Qurani-Kərimin bir ayəsini diqqətə çatdırmaq istərdim: “Allahın sənə verdiyindən özünə axirət qazan. Malını Allah yoluna sərf et. Dünyadakı nəsibini də unutma. O maldan qismətinin ancaq bir kəfən olduğunu bil. Pulunu mənasız yerə sağa-sola səpələmə. Səhhətinin, sərvətinin, gəncliyinin qədrini bil. Sabah səni Allah əzabından qurtara biləcək yaxşı əməllər et. Allah sənə sərvət verməklə yaxşılıq etdiyi kimi, sən də varından yoxsullara, qohum-əqrəbaya xərcləməklə yaxşılıq et. Yer üzündə fitnə-fəsad törətməyə cəhd göstərmə. Həqiqətən Allah fitnə-fəsad törədənləri sevməz”.
Naxcivantv.az




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Aİ nümayəndələri Naxçıvanda fiziki məhdudiyyətli uşaqlarla görüşüblər
23.09.2018
Naxçıvan Biznes Mərkəzində avropalı diplomatların sahibkarlarla görüşü olub
23.09.2018
Naxçıvanda “Avropa şəhərciyi”nin rəsmi açılış mərasimi olub
23.09.2018
Otman-Bozdağ palçıq vulkanında püskürmə baş verib
23.09.2018
Payız fəsli Azərbaycana daxil oldu

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10135

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info