Müstəqil və balanslı siyasət: Azərbaycan dünya birliyinin nüfuzlu dövlətinə çevrilib
Tarix: 03.03.2017 | Saat: 00:19:00 | E-mail | Çapa göndər


Azərbaycan Prezidenti tərəfindən ölkəmizin maraqlarının qorunmasına xidmət edən aktiv, geniş manevr imkanlarına malik xarici siyasət, ustalıqla həyata keçirilən diplomatik gedişlər, siyasi uzaqgörənlik ölkəmizə dünya miqyasında xeyli nüfuz qazandırıb

Müasir dünyamızda dövlətlərin beynəlxalq münasibətlər sistemində müstəqil dövlət kimi təmsil olunması çətin məsələyə çevrilib. Geosiyasi dəyişikliklər, terror və münaqişələr, beynəlxalq hüquqa əməl olunmaması, ali qurum olan BMT-nin qəbul etdiyi qətnamələrin bir çox halda elə kağız üzərində qalması dövlətlərin müstəqil siyasət həyata keçirərək öz maraqlarını aktiv şəkildə qorumasıda ciddi problemlər yaradır. Beynəlxalq hüququn ən ali prinsipləri sırasında dövlətlərin ərazi bütövlüyünün qorunması, suverenliyə hörmət edilməsi ilk sırada dayandığı halda, bu gün güc mərkəzləri həmin prinsiplərə göz yumur. Bu prinsipə əməl olunmaması dünyanı ciddi kataklizmlərə, qarşısı alınmaz xaosa sürükləyə bilər. Belə bir şəraitdə dövlətlərin müstəqil siyasət həyata keçirərək siyasi-iqtisadi-enerji təhlükəsizliyini təmin etməsi, beynəlxalq münasibətlər sistemində öz maraqlarını qoruması dövlətin mənefelərinin ifadə olunması baxımından çox vacib olduğu qədər də çətindir. Geosiyasi baxımdan əhəmiyyətli regionda yerləşən Azərbaycanda həyata keçirilən praqmatik, milli maraqların qorunmasına əsaslanan siyasət ölkəmizin dünya birliyinə inteqrasiya olunması, beynəlxalq münasibətlər sisteminin müstəqil siyasət həyata keçirən fəal üzvünə çevrilməsini təmin edib.
Azərbaycan dövlətinin ardıcıl şəkildə həyata keçirdiyi müstəqil və balanslı siyasət ölkəmizin siyasi nüfuzunun artmasında, etibarlı tərəfdaş olmasında böyük rol oynayır. Ölkəmizin milli maraqlarının qorunmasına əsaslanan bu siyasət dünyanın güc mərkəzləri tərəfindən də təqdirlə qarşılanır. Bu siyasətin nəticəsidir ki, Azərbaycanın həm ABŞ, həm Rusiya, həm Avropa İttifaqı, həm Çin, həm də əsas regional aktorlarla normal siyasi-iqtisadi münasibətləri var. Həmin güc mərkəzləri arasında hansısa konfliktlərin yaşanması, maraqların toqquşması Bakının bu siyasətinə heç bir təsir göstərmir. Yəni rəsmi Bakı balansı qorumaqla münasibətləri qoruyub saxlamağı bacarıb. Bu halda həmin güc mərkəzlərinin heç birinin maraqları ziyan çəkmədiyindən Bakı ilə ənənəvi dostluq münasibətləri davam edib. Bu siyasətin ardıcıl şəkildə həyata keçirilməsi və dəfələrlə sınaqdan çıxarılmasının nəticəsidir ki, Azərbaycan müstəqil və balanslı siyasət həyata keçirən dövlət kimi nüfuz qazanıb.

“Bu gün Azərbaycan dünyada hörmət edilən ölkədir”


Azərbaycan Prezidenti tərəfindən ölkəmizin maraqlarının qorunmasına xidmət edən aktiv, geniş manevr imkanlarına malik xarici siyasət, ustalıqla həyata keçirilən diplomatik gedişlər, siyasi uzaqgörənlik ölkəmizə dünya miqyasında xeyli nüfuz qazandırıb. Azərbaycan Prezidenti İlham Əliyevin həm ABŞ Prezidenti Donald Trampla, həm də Rusiya Prezidenti Vladimir Putinlə qarşılıqlı hörmətə və etimada əsaslanan yüksək səviyyəli əlaqələri var. Hər iki lider Prezident İlham Əliyevi etibarlı tərəfdaş, dünya səviyyəli siyasi lider kimi qəbul edir, onunla əməkdaşlıq əlaqələrini yüksək qiymətləndirirlər. Təsadüfi deyil ki, həm D.Tramp, həm də V.Putin Prezident İlham Əliyev haqqında yüksək rəy bildirib və onun fəaliyyətini təqdir ediblər. ABŞ-ın yeni seçilən dövlət başçısı Donald Trampın ilk telefon əlaqəsi saxladığı liderlərdən birinin də məhz Azərbaycan dövlət başçısı olması cənab Prezidentin dünya səviyyəli nüfuzlu siyasi lider olmasını təsdiqləyir. Azərbaycan Prezidentinin bu siyasətinin nəticəsidir ki, ölkəmiz beynəlxalq münasibətlər sisteminin nüfuzlu, güvənilən, sözünə hörmət edilən üzvünə çevrilib. Elə ölkəmizin BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi, dünyanın ən ali təşkilatının iclaslarına rəhbərlik etməsi Azərbaycanın qısa müddət ərzində nə qədər siyasi nüfuz qazanmasına ən bariz nümunədir. Prezident İlham Əliyev ötən ay Davos forumu çərçivəsində keçirilən panel iclaslarının birində çıxışı zamanı bu məqama toxunaraq qeyd edib ki, bu gün Azərbaycan dünyada hörmət edilən ölkədir: “Azərbaycan Asiya ilə Avropa arasında yerləşir və bizim coğrafi mövqeyimiz, əslində, regionumuzda geosiyasi vəziyyəti müəyyən edir. Azərbaycan əsrlər boyu sivilizasiyaların qovuşduğu bir məkan, ölkə olmuşdur və bu gün biz tarixi irsimizi qoruyub saxlayırıq. Biz dünyanın multikulturalizm mərkəzlərindən birinə çevrilməyimizlə qürur duyuruq. Coğrafi mövqeyimiz, eyni zamanda, qonşularımızla yaxşı münasibətlərimiz bizə regionumuzda yaşayan insanların mənafeyinə xidmət edən təşəbbüslər irəli sürülən bölgədə çox etibarlı tərəfdaş olmaq imkanını verdi. Azərbaycan beynəlxalq arenada etibarlı tərəfdaşdır. Biz gənc ölkəyik. Ötən il müstəqilliyimizin bərpasının 25-ci ildönümünü qeyd etmişik. Bu qısa müddət ərzində hesab edirəm ki, bu gün Azərbaycan dünyada hörmət edilən ölkədir. Bunun ən yaxşı nümunəsi bir neçə il bundan əvvəl Birləşmiş Millətlər Təşkilatında nümayiş olunmuşdur. O zaman Azərbaycan 155 ölkənin dəstəyi ilə BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir. Beləliklə, bu, beynəlxalq ictimaiyyətin mütləq əksəriyyətinin bizim fəaliyyətimizə verdiyi həqiqi qiymət, bizə göstərilən etimad və hörmət əlaməti idi”.

Qonşu dövlətlərlə münasibətlər, birinci növbədə qarşılıqlı hörmət, daxili işlərimizə qarışmama və praqmatizmə, milli maraqlarımıza əsaslanır

155 dövlətin Azərbaycana səs verməsi onun göstəricisidir ki, Azərbaycan dünyanın güc mərkəzləri, nüfuzlu beynəlxalq təşkilatları, aparıcı siyasi, iqtisadi və humanitar dairələri ilə sıx əlaqələr qurub və onların böyük hörmətini qazanıb. Bu nüfuzun arxasında genişmiqyaslı siyasət dayanır. Azərbaycan dünyada sülhyaratma missiyalarında fəal iştirakçıdır. Əfqanıstanda həyata keçirilən beynəlxalq sülhyaratma missiyasına ilk qoşulan dövlətlərdən biri məhz Azərbaycan olub. Eləcə də dünyada terrora qarşı başlayan savaşa ilk dəstək verən ölkələrdən biri də ölkəmiz olub. Ölkəmiz bu missiyaların uğurla həyata keçirilməsinə, dünyada sülh və təhlükəsizliyin təmin olunmasına böyük töhfələr verir. Bakı regional münaqişələrin, gərginliyin aradan qaldırılmasında fəal rol oynayır, barışdırıcı missiya həyata keçirir. Bunun ən bariz sübutu məlum təyyarə olayından sonra Rusiya ilə Türkiyə arasında yaranan gərginlik idi. Ölkəmiz iki qonşusu arasında yaranan problemlərin həll olunmasında aktiv rol oynadı. Eləcə də Bakı regionda yeni əməkdaşlıq formatları, təşəbbüsləri ortaya qoymaqla bölgəni sülh, əməkdaşlıq məkanına çevirməyə çalışır. Azərbaycan-Rusiya- İran, Azərbaycan-Türkiyə-Gürcüstan və digər əməkdaşlıq formatları buna əyani sübutdur. Bu əməkdaşlıq formatlarının özünü doğrultmasının nəticəsidir ki, Türkiyə dövlət başçısı Ərdoğan Moskvada Putinlə görüşdən sonra bəyan etdi ki, Azərbaycan-Rusiya-Türkiyə əməkdaşlıq formatı yaradıla bilər. İstər qonşu dövlətlər, istərsə də digər dövlətlərlə münasibətlər, dövlət başçısının qeyd etdiyi kimi, birinci növbədə qarşılıqlı hörmət, daxili işlərimizə qarışmama və praqmatizmə, milli maraqlarımıza əsaslanır.
Azərbaycan dünyanın əsas güc mərkəzləri ilə balanslı siyasət həyata keçirərək, həm NATO, həm də KTMT-nin regionda maraqlarının uzlaşmasına hərtərəfli dəstək verir. Kifayət qədər əhəmiyyətli və həssas regionda yerləşən Azərbaycan, bəlkə də, yeganə ölkədir ki, dünya siyasətində mühüm rol oynayan Rusiya və İran dövlət başçılarını eyni vaxtda bir araya gətirə bilir. Ötən ilin avqust ayında Azərbaycan, Rusiya və İran dövlət başçılarının Bakıda keçirilən zirvə görüşü və qəbul edilən bəyannamə dünya siyasəti üçün çox önəmli hadisə idi. Deməli, Azərbaycan nüfuzlu dövlətlərin bir araya gəldiyi, əməkdaşlıq münasibətləri, bu gün dünya və region üçün əhəmiyyət kəsb edən təhlükəsizlik məsələsini müzakirə etmək üçün optimal platformadır. Elə bunun nəticəsidir ki, ötən ay Bakıda ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri Cozef Danford və Rusiya Müdafiə nazirinin birinci müavini, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeriy Gerasimov arasında görüş keçirildi.
ABŞ və Rusiya orduları qərargah rəislərinin danışıqlar aparmaq üçün Bakını seçməsi bir daha təsdiqləyir ki, rəsmi Bakının həyata keçirdiyi siyasət güc mərkəzləri tərəfindən razılıqla qarşılanır. Bakının dünya səviyyəli problemlərin müzakirə məkanı kimi seçilməsi Azərbaycan dövlətinin siyasi nüfuzu, beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınması və sabitləşdirici amil kimi rolunun artması ilə bağlıdır.

Politoloq Arzu Nağıyev: “Uğurlu siyasət ölkəmizin müstəqil siyasət həyata keçirən dövlət kimi nüfuz qazanmasını təmin edib”

Bu məsələni “Palitra”ya dəyərləndirən politoloq Arzu Nağıyev hesab edir ki, Azərbaycan bu gün həm xaricdə, həm də daxildə balanslı siyasət həyata keçirir: “Bu, hər bir istiqamətdə belədir. Azərbaycan iqtisadi, siyasi, hərbi və sosial, hətta deyərdim mənəvi cəhətdən də öz dəst-xətti ilə seçilən bir dövlətdir. Siyasi məsələlərə gəldikdə əsas prioritet, təbii ki, insanların rifahı əsas götürülməklə müvafiq qərarların qəbul edilməsidir. İqtisadi məsələlərdə isə, təbii ki, beynəlxalq layihələrdə iştirak etməklə enerji ehtiyatlarının ixracından əldə edilən gəlirin qeyri-neft sektoruna, o cümlədən turizm, kənd təsərrüfatı, idman, səhiyyə, elm və müxtəlif sahələrə sərmayələrin qoyulmasıdır. Beynəlxalq səviyyədə isə böyük iqtisadi layihələrdə iştirak etmək və bu proseslərə aparıcı rol oynamaq əsas məsələlərdən biridir. Burada həm də dünya iqtisadiyyatında eyni müstəvidə oynayan bərabərhüquqlu partnyor kimi iştirakdan söhbət gedir. Təbii ki, lobbiçilik, xarici diplomatiyada, diaspor siyasətində də islahatlar aparmaqla Azərbaycanın tanıdılması mühüm addımlardandır. Azərbaycana nüfuz qazandıran əsas amillərdən biri də məhz bütün bu prosesləri həyata keçirərək heç bir siyasi və hərbi birliklərdə təmsil olunmadan, ikitərəfli müqavilələr çərçivəsində qonşuluq və dostluq münasibətini inkişaf etdirməsidir. Azərbaycan çox nadir ölkələrdən biridir ki, eyni zamanda, həm İslam Əməkdaşlıq Təşkilatının, həm də Avropa Şurasının üzvüdür. 2015-ci ildə ölkəmiz ilk Avropa Oyunlarını təşkil edib, bu il isə IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcəyik. Bu tədbirlər onu göstərir ki, Azərbaycan multikultural dəyərləri qoruyaraq, tolerantlıq şəraitində sivilizasiyalar, mədəniyyətlər arasında dialoqa töhfə verir. Azərbaycanın həyata keçirdiyi uğurlu siyasət ölkəmizin müstəqil siyasət həyata keçirən dövlət kimi nüfuz qazanmasını, regionun aparıcı dövlət olmasını təmin edib”.

Anar Miriyev





 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Qanunsuz aksiyalar heç bir ölkədə məqbul sayılmır
19.11.2018
Bu tarixi bilmək lazımdır və ya keçmişin dərsləri
19.11.2018
Prezidentin Belarusa səfəri ölkələrimizin iqtisadi əlaqələrində yeni bir mərhələnin əsasını formalaşdırır
19.11.2018
Almaniyadakı azərbaycanlı alimlərin konfransı keçirilib
19.11.2018
İsveçrə Azərbaycanlıları Koordinasiya Şurasının toplantısı keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info