“Media cəmiyyətdə, xüsusilə gənclərdə əsl vətəndaşlıq mövqeyi formalaşdırmalıdır”
Tarix: 04.03.2017 | Saat: 00:31:00 | E-mail | Çapa göndər


Vüqar Əliyev:
“Gənclər Prezidentin ətrafında sıx birləşərək ölkəmizin təhlükəsizliyinin təmin olunmasında və inkişafında fəal iştirak etməlidirlər”

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX), Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Prezident yanında Gənclər Fondunun, Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə “Terrorçuluğa, ekstremizmə və radikalizmə qarşı mübarizədə gənclərin rolu” mövzusunda konfrans keçirilib.
Tədbir iştirakçıları əvvəlcə sərgi salonunda DTX-nin Mədəniyyət Mərkəzinin rəssamlıq dərnəyində fəaliyyət göstərən uşaqların və yeniyetmələrin “Biz terrora “yox” deyirik!” mövzusunda rəsm əsərlərindən ibarət sərgi ilə tanış olublar.
Tədbirin moderatoru, Bakı Dövlət Universitetinin Kriminalistika və məhkəmə ekspertizası kafedrasının müdiri, hüquq elmləri doktoru, professor Kamil Səlimov konfransı açaraq tədbirin məqsədi barədə məlumat verib. Bildirib ki, konfransın məqsədi Prezidentin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən fəal hüquq-mühafizə və təhlükəsizlik siyasətinin əsas istiqamətlərinə dair gənclərin ümumi məlumatlandırılması, şəxsiyyətin, cəmiyyətin və dövlətin təhlükəsizliyi əleyhinə yönəlmiş hədələrin, xüsusilə bütün təzahür formalarında terrorçuluğun, ekstremizmin və radikalizmin mahiyyəti, yaranma şəraiti, gerçəkləşdirilmə üsulları və onlardan qorunma yolları barədə maarifləndirmənin təşkilidir. Həmçinin dövlət təhlükəsizliyinə mümkün təhdidlərin qarşısının alınmasında ən səmərəli vasitə olan vətənpərvərlik, dövlətçilik amallarının, milli-mənəvi irsin, adət-ənənələrin aşılanması, gənc nəslin dini dözümlülük və tolerantlıq mədəniyyətinin inkişaf etdirilməsi ruhunda tərbiyə olunması, eləcə də ölkə gənclərinin aparıcı nümayəndələri, müxtəlif dövlət və ictimai təşkilatların təmsilçiləri ilə terrorçuluq, ekstremizm və radikalizmə qarşı effektiv mübarizə mexanizmlərinin yaradılması istiqamətində birgə səyləri müzakirə etmək, ayrı-ayrı qurumların səylərinin birləşdirilməsi, fəaliyyətinin əlaqələndirilməsi də konfransın məqsədləri sırasındadır.

1988-1994-cü illərdə Ermənistan tərəfindən törədilən 373 terror aktı nəticəsində 2 mindən artıq dinc insan həlak olub
DTX-nın rəisi, general-leytenant Mədət Quliyev dünyanı təhdid edən terrorizm, ekstremizm və radikalizmlə mübarizənin Azərbaycan üçün də mühüm əhəmiyyət kəsb etdiyini bildirib. O qeyd edib ki, hazırda bölgədə, xüsusən Yaxın Şərq ölkələrində, o cümlədən qardaş Türkiyədə cərəyan edən terrorçuluq, dini radikalizm, ekstremizm, separatçılıq və digər mühüm hədələr Azərbaycan üçün də ciddi təhlükə təşkil edir. Prezidentin “Terrorizmə qarşı mübarizə qlobal xarakter daşımalıdır” sözlərini xatırladan Mədət Quliyev bildirib ki, Azərbaycan terrorun fəsadları ilə hələ yüz il bundan əvvəl üzləşib. Erməni terrorçuları ötən əsrin 20-ci illərindən xalqımıza qarşı müxtəlif cinayətlər törədiblər. 1980-ci illərin sonlarından erməni terrorunun xüsusilə geniş vüsət aldığını diqqətə çatdıran DTX rəisi qeyd edib ki, Azərbaycan müstəqilliyinin əvvəllərində beynəlxalq terrorizm, ekstremizm, separatçılıq və s. təhlükələrlə daha çox üzləşib. Xidmət rəisi deyib ki, 1988-1994-cü illərdə Ermənistan tərəfindən törədilən 373 terror aktı nəticəsində 2 mindən artıq dinc insan həlak olub. Ermənilər çirkin niyyətlərinin həyata keçirilməsində məxfi əməkdaşlığa cəlb edilən şəxslərdən və hərbi əsirlərdən, eləcə də ölkəmizdə yaşayan azsaylı xalqların nümayəndələrindən istifadə ediblər. O bildirib ki, gərgin geosiyasi mövqedə yerləşməsinə baxmayaraq, Azərbaycan bu gün nəinki regionun, hətta dünyanın ən sabit və dinamik inkişaf edən ölkələrindən biridir. Bunun əsas səbəbi ulu öndər Heydər Əliyevin müəyyən etdiyi uğurlu inkişaf siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün reallıqları nəzərə alınmaqla müvəffəqiyyətlə davam etdirilməsidir. DTX sədri diqqətə çatdırıb ki, son bir ildə 54 nəfər Azərbaycan vətəndaşı terrorçu təşkilatların tərkibində döyüşdüklərinə görə vətəndaşlıqdan xaric edilib. Terrorçuluğa və hər cür qanunsuz fəaliyyətə qarşı mübarizə aparan Azərbaycanın bu mövqeyi ölkəmizin dünyada sülhün bərqərar olunmasına, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipinə tərəfdar olduğunu, beynəlxalq hüququn prinsiplərini rəhbər tutduğunu göstərir. Azərbaycan radikalizmə və terrorizmə qarşı mübarizədə ikitərəfli və çoxtərəfli proqramlarda fəal iştirak edir.

Azərbaycanın sabitlik və inkişaf nümunəsi beynəlxalq səviyyədə örnək kimi qəbul olunur
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Vüqar Əliyev “Terror, ekstremizm və radikalizm ilə mübarizədə KİV-in rolu və vəzifələri” mövzusunda məruzə ilə çıxış edərək konfransın olduqca aktual məsələyə həsr olunduğunu diqqətə çatdırıb. O, dünyada mürəkkəb proseslərin cərəyan etdiyini, yeni hərbi qarşıdurmaların davam etdiyi bir şəraitdə münaqişə vəziyyətində yaşamasına baxmayaraq, Azərbaycanın sabitlik və inkişaf nümunəsinin beynəlxalq səviyyədə örnək kimi qəbul olunduğunu bildirib. Vüqar Əliyev qeyd edib ki, bunun əsas səbəbi Prezident İlham Əliyevin rəhbərliyi ilə praqmatik siyasətin həyata keçirilməsi və bu kursun xalq tərəfindən dəstəklənməsidir.
Diqqətə çatdırılıb ki, ölkəmizin müstəqilliyinin ilk illərində siyasi qüvvələr gəncləri ayrı-ayrı qruplara bölərək onlardan öz maraqları naminə istifadə edirdilər. Yalnız Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanda gənclər siyasətinin konseptual əsası formalaşdırıldı, gənclər ölkəmizin inkişafında fəal iştirak edən yaradıcı qruplara çevrildilər. Ulu öndərin əsasını qoyduğu bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
O qeyd edib ki, Azərbaycan gəncliyi vətəndaş cəmiyyəti quruculuğunda fəal iştirak edir: “Bu gün Azərbaycan gəncliyi deyəndə biz Vətənimizi qoruyan cəsur əsgərlərimizi, beynəlxalq yarışlarda bayrağımızı ucaldan, eləcə də siyasi arenalarda fəal vətəndaşlıq mövqeyi ilə çıxış edən gəncləri görürük. Söz və məlumat azadlığının təmin olunduğu Azərbaycanda KİV cəmiyyətin inkişafında fəal rol oynayır. Milli maraqların təəssübkeşi olan medianın formalaşdırılması Prezident İlham Əliyevin bu sahədə həyata keçirdiyi siyasətin əsas istiqamətlərindəndir. Sosial şəbəkələrdə onlayn medianın sürətlə inkişafı şəraitində medianın əsas vəzifəsi dövlətin maraqlarını əsas tutmaq və cəmiyyəti dövlət və Vətənin maraqları naminə səfərbər etmək, cəmiyyətdə, xüsusilə gənclərdə əsl vətəndaşlıq mövqeyi formalaşdırmaq, vətənpərvərlik ruhunu təbliğ etməkdir. Jurnalistikanın mühüm sahə olduğunu nəzərə alaraq, gənc jurnalistlər peşəkar jurnalistlərin təcrübəsindən bəhrələnməli, ölkədə və dünyada baş verən prosesləri yaxından izləməli, erməni terrorizminin ağır nəticələrini dəqiq bilməlidir. Gənclər Prezident İlham Əliyevin ətrafında sıx birləşərək ölkəmizin təhlükəsizliyinin təmin olunmasında və inkişafında fəal iştirak etməlidirlər”.

Yüksək təhsilli gənclər nəinki radikal terrorizmin qarşısını almağa, eləcə də onları açıq-aşkar ifşa etməyə qadirdir
Təhsil nazirinin müavini Firudin Qurbanov “Təhsil - terrora, ekstremizmə və radikalizmə qarşı mübarizədə ən effektiv vasitə kimi” mövzusunda məruzə ilə çıxış edərək bildirib ki, ekstremizm və terrorizm bu gün baş verdiyi ölkənin vətəndaşları ilə yanaşı, dünyanın hər yerində bütün insanları narahat edir. XX əsrin əvvəllərində terrorizmin, radikalizmin və ekstremizmin bir sıra ölkələrdə ciddi təhdid yaratdığını vurğulayan nazir müavini bunun Azərbaycan üçün də təhlükə təşkil etdiyini qeyd edib.
Vurğulanıb ki, yüksək təhsilli mədəniyyətə malik gənclər nəinki radikal terrorizmin qarşısını almağa, eləcə də onları açıq-aşkar ifşa etməyə qadirdirlər. Təhsilin inkişafı sosial problemlərin həllində ölkənin inkişafında mühüm rol oynayır. Dünyanın müxtəlif ölkələrində münaqişələrin baş verməsi həmin cəmiyyətlərdə təhsilin səviyyəsinin aşağı olması ilə əlaqədardır.
Azərbaycanda dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaş üçün bərabər təhsil imkanları yaradılır. Bu sahəyə xüsusi diqqət yetirən Azərbaycan dövlətinin diqqət və qayğısı sayəsində son on ildə üç mindən artıq məktəb tikilib. Xaricdə təhsil proqramları sayəsində 3500-dən çox gənc xarici ölkələrdə təhsil alıb. Azərbaycanda təhsil ölkəmizin minilliklər boyu sahib olduğu tolerantlığa, multikulturalizmin təbliğinə yönəlib. Torpaqlarımızın 20 faizini işğal edən Ermənistan ekstremizmi dövlət siyasəti elan etdiyi, Avropada və dünyanın bir sıra ölkələrində miqrant böhranı yaşandığı halda, Azərbaycanda multikulturalizm və tolerantlıq dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Multikulturalizm ölkəmizin təhsil proqramlarına salınaraq məktəblərdə ali təhsil müəssisələrində tədris olunur.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev “Dövlətin gənclər siyasəti. Terror, ekstremizm və radikalizm ilə mübarizə kontekstində” mövzusunda məruzəsində ekstremizmin, radikalizmin və terrorçuluğun Azərbaycan dövləti üçün də ciddi təhdid olduğunu qeyd edən İ.Babayev ölkəmizin müvafiq qurumlarının bu sahəni diqqət mərkəzində saxladığını qeyd edib. Nazir müavini sürətlə inkişaf edən Azərbaycanda gənclərin ekstremizm, radikalizm və terrorçuluq fəaliyyətlərinə cəlb olunmasının qarşısının alınmasında dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsinin rolunu xüsusi vurğulayıb. Bildirib ki, gənclər sahəsini daim diqqət mərkəzində saxlayan Azərbaycan dövlətinin bu istiqamətdə həyata keçirdiyi tədbirlər nəticəsində ölkəmizin əksər bölgələrində Gənclər evləri, mərkəzləri yaradılır, gənclərimiz beynəlxalq yarışlarda parlaq qələbələr qazanır, onların fəaliyyəti üçün hərtərəfli şərait yaradılır. Sonra Milli Məclisin gənclər və idman komitəsinin sədri Fuad Muradov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov, DTX-nin şöbə rəisi Suad Mahmudov, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev, “Azərbaycan Xüsusi Xidmət Orqanlarının Veteranları” İctimai Birliyinin sədri Şamil Süleymanov, Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının sədri Nərgiz Xələf və başqaları məruzələrlə çıxış ediblər.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Aİ nümayəndələri Naxçıvanda fiziki məhdudiyyətli uşaqlarla görüşüblər
23.09.2018
Naxçıvan Biznes Mərkəzində avropalı diplomatların sahibkarlarla görüşü olub
23.09.2018
Naxçıvanda “Avropa şəhərciyi”nin rəsmi açılış mərasimi olub
23.09.2018
Otman-Bozdağ palçıq vulkanında püskürmə baş verib
23.09.2018
Payız fəsli Azərbaycana daxil oldu

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10135

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info