Sağlamlıq turizmi ilə turistləri ölkəmizə cəlb edə bilərikmi?
Tarix: 04.03.2017 | Saat: 00:34:00 | E-mail | Çapa göndər


Naftalan nefti və digər müalicəvi əhəmiyyətli təbii ehtiyatların, məkanların dünyada tanıdılmasına ehtiyac var

Dünyada sağlamlıq turizminə tələbat getdikcə artmaqdadır. Bu turizm növü məkanları müalicə ilə yanaşı, xüsusi qulluq və digər xidmətlər də təklif edir. Ümumiyyətlə, sağlamlıq üçün səyahət edən turistlər ölkə daxilində və xarici ölkələrdə xüsusi sağlamlıq kursları keçməyə və yaxud müxtəlif təbii üsullarla müalicələr almağa üstünlük verirlər.
Ölkəmizdə turizm və bu sektorda bütün növlərin inkişafı vacibdir. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı ölkə başçısı bildirib ki, Azərbaycan turizm üçün çox cəlbedici bir ölkədir: “İlk növbədə Azərbaycanda zəngin mədəni irs var. Tarixi abidələrimiz, qədim mədəniyyətimiz turistləri cəlb edir. Digər tərəfdən, Azərbaycan müasir ölkədir və burada turizm infrastrukturu da çox inkişaf edib - otellər, istirahət zonaları. Bizim gözəl mətbəximiz, gözəl iqlimimiz, vətənpərvər və eyni zamanda qonaqpərvər insanlarımız, Azərbaycanda hökm sürən sabitlik, təhlükəsizlik - bütün bunlar turistləri cəlb edir. Bütün bu amillər var və viza sadələşdirilməsi də həll olunub, sadəcə olaraq biz işləri indi düzgün təşkil etməliyik və ölkəmizdə güclü turizm sənayesi yaradılmalıdır. Əlbəttə, eyni zamanda bu sahədə böyük uğurları olan ölkələrin təcrübəsindən istifadə etməliyik”. Bu gün dünyada inkişaf edən sağlamlıq turizminin ölkəmizdə yüksək səviyyədə tətbiqi vacibdir.
“Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə də sağlamlıq turizmi ilə bağlı məqamlar öz əksini tapıb. Burada da qeyd edilir ki, turistlərin sağlamlıq məqsədilə qəbul etdikləri Naftalan neft vannaları Rusiya, Qazaxıstan və digər MDB ölkələrindən olan turistlər üçün, xüsusilə unikal sağlamlıq turizmi məkanıdır. Son illərdə sağlamlıq turizmi məkanlarının, o cümlədən təbii üsulla müalicə sanatoriyalarının yenilənməsi istiqamətində bir sıra tədbirlər görülüb. 2010-cu ildə Naftalan şəhərindəki və 2013-cü ildə Şabran rayonundakı bir neçə sanatoriyaların spa və sağlamlıq mərkəzi kimi yenidən bərpası buna misal ola bilər. Lakin Naftalanın bütün mövcud sağlamlıq kompleksləri spa, masaj və su əyləncə parkı infrastrukturu şəklində lüks funksiyalarla hələ də tam modernləşdirilməyib. Naftalanın və təbii müalicə ehtiyatlarının Avropa və digər region ölkələrindən olan turistlər üçün cəlbediciliyini artırmaq məqsədilə bu məhsullara beynəlxalq səviyyəli aidiyyəti sertifikatın alınmasına və Beynəlxalq SPA Assosiasiyaları ilə əməkdaşlığın qurulmasına ehtiyac var. Naftalan nefti və digər müalicəvi əhəmiyyətli təbii ehtiyatlar Azərbaycanın sağlamlıq turizminin imkanlarından istifadə üçün çox əhəmiyyətli potensialdır.

Türkiyənin sağlamlıq turizmində hədəf 7 milyard dollar gəlir əldə etməkdir
Bu gün dünyada sağlamlıq turizminin inkişaf etdiyi ölkələrdən biri Türkiyədir. Türkiyə Sağlamlıq Turizmi Şurasının sədri Emin Çakmak son 6 ayda Türkiyənin fiziki müalicə və reabilitasiya mövzusunda dünyanın ulduzu halına gəldiyini bildirib. Çakmak sağlamlıq turizmində hər il hədəf kütlənin genişləndiyini, müalicə alan xəstələrin məmnunluq səviyyəsinin yüksəldiyini deyib. Türkiyəyə Avropadan gələn turist sayının azalmasına baxmayaraq, turizm gəlirlərində keçən il artım qeydə alınan tək turizm növünün "səhiyyə" olduğuna deyən Çakmak ən sıx müraciəti Yaxın Şərq ölkələri, türk respublikaları və Afrikadan aldıqlarını bildirib: “Avropadan turist itkisini Yaxın Şərq və Afrika ölkələri ilə əvəzlədik. Turizm sektorunda ilk 2 ayı tamamladıq. Digər turizm sahələrində eniş olmasına baxmayaraq, bizdə yüksəlmə davam edir. 2016-cı ilin eyni dövrü ilə müqayisədə sağlamlıq turizmində qəbul etdiyimiz turist sayının yanvar və fevralda 7 faiz ətrafında artım göstərdiyini düşünürük”.

Adi turist təxminən 650-750 dollar valyuta xərclədiyi halda, sağlamlıq turizmində bu rəqəm təxminən 10 qat artıq olur

Bütün dünyada reallaşdırdıqları "sağlamlıq turizmi" ilə bağlı təqdimatların nəticə verdiyini deyən sədrin sözlərinə görə, şəfa üçün Türkiyəni seçənlərin arasında İraq və Liviya vətəndaşları liderdir. Nigeriya, Keniya, Tanzaniya, Efiopiyadan da sıx tələbin olduğunu vurğulayan Çakmak, ortopediya, kardiologiya sahəsində xidmət almaq istəyənlər olur. Ayrıca son dövrdə yeni mərkəzlərin açılması ilə pediatrik onkoloji, sümük iliyi transplantasiyası ilə bağlı daha çox Türkiyəni seçirlər. Yeni mərkəzlərin açılması, yataq tutumunun artımı ilə sümük iliyi transplantasiyası da geniş şəkildə həyata keçirilir. Yay turizmi üçün Türkiyəni seçən bir xaricinin təxminən 650-750 dollar valyuta xərclədiyini deyən sədr, sağlamlıq turizmində bu rəqəmin təxminən 10 qatına çıxdığını bildirib. Şəfa tapmaq üçün gələnlərin daha uzun müddət qaldığı, termal su ilə şəfa tapmaq istəyənlərin ən az 3 həftə Türkiyədə qaldığı, fiziki müalicə və reabilitasiya üçün termal mərkəzlərə gələn turistlərin 6 min dollar ödədiyi bildirilir. Qeyd edək ki, Yaponiya və Amerikadan sonra Türkiyə fiziki müalicə və reabilitasiya xidmətində dünya 3-cüsüdür. Türkiyənin sağlamlıq turizmində 2017-ci ilin hədəfi 7 milyard dollar, 2023-cü ildə isə 20 milyard dollardır. Termal müalicə mərkəzlərinin ümumilikdə payı 15 milyard dollar olacaq. Türkiyə turizmdə “ölü mövsüm” olan oktyabr ilə mart arasındakı dövrü canlandırmaq üçün Yunanıstan ilə birlikdə iş görmək qərarına gəlib ki, bu çərçivədə Avropada yaşayan 55 yaşdan yuxarı 125 milyon insan hədəf götürülüb. Geriatri turizmi çərçivəsində Avropa ölkələrindən gələn turistləri qış aylarında Türkiyə və Yunanıstanda qəbul etmək, Yunanıstan Sağlamlıq Turizmi Konfederasiyası ilə Türkiyə Sağlamlıq turizmini İnkişaf etdirmə Şurası arasında razılaşma əldə edilib. Anlaşmaya görə turistlər 3 ay Türkiyədə, 3 ay isə Yunanıstanda qalacaq.

Naftalan neftindən hazırlanacaq məhsulların brendləşdirilməsində iştirak edən şirkətlərin təklifləri və fəaliyyəti dəstəklənəcək
Bu məsələ ilə bağlı ölkəmizdə bir sıra tədbirlər həyata keçiriləcək. Belə ki, 2020-ci ilədək sağlamlıq turizmi üzrə Naftalan neftindən, eləcə də Duzdağın təbii ehtiyatlarından istifadə prioritetləşdiriləcək. Bu istiqamətdə görüləcək tədbirlərə gəldikdə isə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2017-2020-ci illər üzrə sağlamlıq turizminin inkişafına dair fəaliyyət planı hazırlanacaq. Bu plana, həmçinin 2020-ci ildən sonra sağlamlıq turizminin inkişafına təkan vermək məqsədilə Qəbələ, Şabran, Masallı, Lənkəran rayonları kimi, digər məkanların mövcud təbii ehtiyatlarından istifadə məqsədilə uzunmüddətli planlar da daxil ediləcək. Naftalan nefti əsasında sağlamlıq məhsullarının hazırlanması üzrə müvafiq tədbirlər görüləcək. Belə ki, Turizm Şurası tərəfindən Naftalan neftindən istifadə edilərək yaradılacaq yeni kosmetika məhsullarının (məsələn, pilinq kremləri, azotqliserin və s.) növlərini müəyyən etmək üçün alimlərdən və digər aidiyyəti mütəxəssislərdən ibarət Naftalan neft-tədqiqat qrupu yaradılacaq. Bundan sonra, hazırda istehsal edilən məhsullar da daxil olmaqla, müxtəlif məhsul qruplarının yaradılması və onların aidiyyəti üzrə brendləşdirilməsi işində iştirak edən şirkətlərin təklifləri və fəaliyyəti dəstəklənəcək. Beynəlxalq institutlardan Naftalan neftinin müalicəvi əhəmiyyətini təsdiqləyən sertifikatın alınması təmin ediləcək. Həm yeni, həm də mövcud məhsulların istehsalının həyata keçirilməsinə və genişləndirilməsinə özəl sektorun da cəlb edilməsi məqsədilə MTN tərəfindən müxtəlif təşviqat mexanizmləri ilə bağlı təkliflər hazırlanacaq. MTN bu növ məhsulların Azərbaycandakı və beynəlxalq sağlamlıq mərkəzlərindəki turizm məkanları arasında paylanılmasının təmin edilməsi istiqamətində əməli addımlar atacaq. Belə ki, həm xarici, həm də yerli turistləri cəlb etmək məqsədilə müəyyən marketinq tədbirləri aparılmaqla, eləcə də Naftalan nefti 61 mənşəli gözəllik məhsullarının bir neçə pulsuz nümunələri təqdim edilməklə masaj və spa müalicəsi ilə maraqlanan xarici turistlərə Bakıdan Naftalana kimi subsidiyalı səfərlər təklif ediləcək. Ölkənin turizm məkanları barədə məlumatlılıq səviyyəsini yüksəltmək məqsədilə bu növ məhsulların üzərində Azərbaycan mədəniyyətinə və xüsusi cəlbedici turizm məkanlarına dair kiçik təsvirlərin də əlavə olunması nəzərdə tutulur. Məhsulların Azərbaycandakı digər sağlamlıq komplekslərində də satışına dəstək verilməsinə və Naftalanda qısamüddətli sağlamlıq turlarının təklif edilməsinə şərait yaradılacaq. Eyni zamanda, Naftalan və Duzdağa aid investisiya, turizm tələbləri və kosmetika məhsulları ilə bağlı məlumatlar onlayn platformalarda mütəmadi şəkildə yenilənəcək. Qalaaltı, Naftalan və Duzdağda restoran, kafe və əyləncə xidmətləri kimi turistlər üçün cəlbedici yerlərdə və sağlamlıq mərkəzlərində, mövcud yerləşdirmə alternativlərində yeniliklər etmək üçün tədbirlər planının hazırlanması məqsədilə Turizm Şurası tərəfindən bütün aidiyyəti tərəflərlə görüşlər təşkil ediləcək. Görüşlərin nəticəsinə uyğun olaraq yerli və xarici investisiya qoyuluşları üçün lazımi şərait yaradılacaq. Naftalanın mövcud potensialının gücləndirilməsi ilə xarici və yerli turistlərin sayında artım təmin olunacaq ki, bununla da 2020-ci ildə real ÜDM-in 3 milyon manat birbaşa və 2 milyon manat dolayı olmaqla, ümumilikdə, 5 milyon manat artacağı və 150 yeni iş yerinin yaradılacağı proqnozlaşdırılır.
Göründüyü kimi, strateji yol xəritəsində ölkəmizdə sağlamlıq turizmi ilə bağlı vacib amillər öz əksini tapıb. Bununla yanaşı, ölkə başçısının da qeyd etdiyi kimi, turizmdə böyük uğurları olan ölkələrin təcrübəsindən istifadə etməliyik.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
21.08.2019
Yuxularınız sizin haqqınızda bunları deyir
19.08.2019
Ziyil insandan insana keçə bilər?
18.08.2019
Təzyiqin qalxmasının əsas 10 səbəbi
16.08.2019
Dəri xəstəliklərindən əziyyət çəkirsinizsə...
13.08.2019
Cavanlığı və gözəlliyi qoruyan təbii vasitə

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10867

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
5 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info