“Gənclər cəmiyyətin avanqard qüvvəsinə çevrilib”
Tarix: 07.03.2017 | Saat: 21:10:00 | E-mail | Çapa göndər


İsmayıl Kərimov: “Könüllülərə göstərilən xüsusi diqqət və qayğı onların oyunlar zamanı işlərinə daha həvəslə, daha məsuliyyətlə yanaşmalarına şərait yaradır”

Müsahibimiz Bakı Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının sədri İsmayıl Kərimovdur. 
(Əvvəli ötən sayımızda)
-BDU TGT-si haqqında da söz açardınız.

- Azərbaycan Respublikası Prezident Administrasiyası rəhbərinin 2005-ci il 15 fevral tarixli sərəncamına əsasən Azərbaycanda bütün ali və orta ixtisas təhsil müəssisələrində gənclər və tələbələrlə işin təkmilləşdirilməsi məqsədilə Tələbə-Gənclər təşkilatları yaradıldı. Digər universitetlərlə yanaşı, Bakı Dövlət Universitetində də 2005-ci il iyun ayının 3-də Tələbə Gənclər Təşkilatı yaradıldı. Universitetdə 17 fakültə olduğu üçün təşkilatda 17 Fakültə Tələbə Gənclər Təşkilatı fəaliyyət göstərir və onlar Bakı Dövlət Universiteti TGT tərəfindən istiqamətlənir. BDU TGT-də əsas istiqamətlər üzrə ixtisaslaşmış departamentlər təşkil olunub ki, bunlar da elm və təhsil, layihələr, beynəlxalq əlaqələr, insan resursları, ictimaiyyətlə əlaqələr departamentləridir. Hər bir departament öz fəaliyyətini müəyyən edilmiş məqsədlər üzrə qurub. Elm və təhsil departamentinin əsas məqsədi elm və təhsillə bağlı olan proqramların, layihələrin həyata keçirilməsidir. Bununla bağlı olaraq departament müxtəlif intellektual oyunları, debat yarışlarını, olimpiadaları, inşa yazı müsabiqələrini və sair bu səpkili tədbirləri həyata keçirir. Departamentin nəzdində Debat klub, İntellektual klub və Şən və Hazırcavablar Klubu, Ekologiya klubu fəaliyyət göstərir. Debat klub 2012-ci ildə respublika forumunun qalibi olub, İntellektual klub isə universitetlər arası birinciliyə nail olub. Digər tələbələrimizin uğurlarını da unutmaq olmaz. Şən və Hazırcavablar Klubu respublika üçüncüsüdür və klubun üzvləri Azərbaycan yığma komandasına seçiliblər. Layihələr departamenti təşkilatın müxtəlif sahələrdə həyata keçirmək istədiyi ideya, təklifləri dəstəkləmək məqsədi ilə layihələr tərtib edir, onların reallaşmasını və idarə olunmasını təmin edir. Bu günə kimi departamentin ən böyük işləri “Müxtəlif mədəniyyətlərin tanıtım sərgisi”, “Gül festivalı”, “Layihələrin yazılması və idarə olunması”, “Qarabağın dünyaya yayılan səsi” və “Tələbə radiousu” internet radio layihəsidir. Beynəlxalq əlaqələr departamenti isə Bakı Dövlət Universiteti TGT-nin beynəlxalq əməkdaşlığın qurulmasında, xarici universitetlərin tələbə təşkilatları ilə ikitərəfli münasibətlərin yaranmasında, razılaşmaların bağlanmasında, universitet tələbələrinin beynəlxalq tədbirlərdə, konfranslarda iştirak etməsinə yardımçı olur və bu sahənin daha da genişlənməsi üçün tədbirlər həyata keçirir. Tələbələrimiz müxtəlif beynəlxalq tədbirlərdə iştirak ediblər, bunların sırasında Cənubi Koreya, Gürcüstan, Rusiya, Almaniya, Fransa, Türkiyə kimi dövlətlərə səfəri qeyd etmək olar. Həmçinin Bakı Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin və Taras Şevçenko adına Kiyev Milli Universitetinin Tələbə təşkilatları ilə əməkdaşlıq haqda müqavilələri mövcuddur. İnsan resursları departamenti təşkilat üzvlərinin uçotunu aparır, yeni üzvlərin qəbulunu həyata keçirir, tədbirlərdə tələbələrin iştirakını, həyata keçirilən layihələr üzrə əlaqəli şəxslərin, təşkilat komitəsinin işinin səmərəli keçməsini təmin edir. Təşkilatın 2000-ə yaxın üzvü var. Departament mütəmadi olaraq uşaq evlərinə, qocalar evinə, talassemiyadan əziyyət çəkən uşaqlar üçün qanvermə aksiyaları təşkil edir. İctimaiyyətlə əlaqələr departamenti haqqında da söz açmaq istərdim. Bu departament həyata keçirilən tədbirlərə dair məlumatlar hazırlayır, keçirilən iclasların protokol və qərarlarını tərtib edir, kargüzarlıq işini təşkil edir, təşkilat haqda təqdimatları hazırlayır və fəaliyyət haqda informasiyanın yayılmasını təmin edir. Təşkilatın məqsədi ali məktəblərdə təhsilin inkişafına kömək göstərmək, tələbələrin maraqlarını təmsil və müdafiə etmək, respublikanın ictimai-siyasi, mədəni və sosial-iqtisadi həyatında onların fəal iştirakını təmin etməkdir. BDU TGT mütəmadi olaraq yerli təlimlər, seminarlar, konfranslar, tələbələrarası müxtəlif olimpiadalar, incəsənət müsabiqələri və digər bu kimi fəaliyyətlər təşkil edir. Buna misal olaraq noyabr ayında təşkil etdiyimiz tələbələr arası keçirilən “BDU 97” adlı İntellektual yarışı misal göstərmək olar. Ümumiyyətlə isə Tələbə Gənclər Təşkilatının məqsədi tələbələrin maraqlarını təmsil və müdafiə etmək, respublikanın ictimai-siyasi, mədəni, sosial-iqtisadi həyatında onların fəal iştirakını təmin etmək, tələbələrin hüquqlarını müdafiə etmək, tələbə gənclər arasında bəşəri dəyərləri təbliğ etmək, vətəndaş cəmiyyətinin inkişafında onların rolunun artırılmasına nail olmaqdır. Hazırda təşkilatın 3000-ə yaxın üzvü var. Bakı Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının sədri olaraq qeyd etmək istərdim ki, bacardığımız qədər tələbələrin ölkədaxili və beynəlxalq layihələrdə iştiraklarını təmin etmək üçün çalışırıq ki, tələbələrimiz tək təhsillə deyil, eyni zamanda müxtəlif təcrübələrlə dünya görüşlərini inkişaf etdirə bilsinlər.
-TGT sədri kimi təşkilat haqqında dolğun məlumat verdiniz. Bəs özünüzün təhsiliniz ilə bağlı hansı planlarınız var? Ümumiyyətlə, xaricdə təhsili necə dəyərləndirirsiniz?
-Magistr pilləsi üzrə təhsilimi xarici universitetlərdə davam etdirməyi düşünmürəm. Magistr təhsilimi hazırda bakalavr pilləsi üzrə təhsil aldığım Bakı Dövlət Universitetində elə oxuduğum ixtisas üzrə davam etdirməyi düşünürəm. Son illər xaricdə təhsil alan gənclərimizin sayı, həqiqətən də, xeyli artıb. Bunun əsas səbəbi gənclərin "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində xarici universitetlərə maraqlarının artması oldu. Bu proqram çərçivəsində tələbənin bütün xərcləri dövlət tərəfindən qarşılanır və həmin tələbə hər ay təqaüdlə təmin edilirdi. Xaricdə təhsil almış gənclərin ölkə üçün daha effektli və lazımlı olduğunun şahidi oluruq. Xaricdə təhsil zamanı həm də gənclərimiz yeni bir mühit, yeni insanlar, yeni atmosfer ilə tanış olur və onların dünyagörüşləri, mənəvi dəyərləri daha da zənginləşir. Ulu öndər Heydər Əliyevin dediyi kimi, “Təhsil millətin gələcəyidir”. Bir ölkədə nə qədər çox savadlı kadr olarsa, ölkə bir o qədər güclü olar.
- Bəs Azərbaycan gəncliyinin hazırkı durumunu necə xarakterizə edərdiniz?
-Qloballaşmanın vüsət aldığı və informasiya cəmiyyətinin sürətlə formalaşdığı hazırkı mərhələ Azərbaycanda sosial-iqtisadi, elmi-mədəni, təhsil və digər sahələrdə gənclərin daha fəal iştirakını təmin etmək istiqamətində aparılan işlərin yeni səviyyəyə yüksəldilməsini tələb edir. Məhz buna görə də cəmiyyətin maraqlarının təmin edilməsi və ölkə iqtisadiyyatının rəqabətə davamlılıq qabiliyyətinin artırılması üçün gəncliyin innovativ potensialından geniş istifadə olunmasına əlverişli zəmin yaradılmalıdır. Bu gün Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin avanqard qüvvəsinə çevrilib. Bu gün gənclərin öz bilik və bacarıqlarını, təbii potensialını effektli reallaşdırmasını, cəmiyyətdə layiqli yer tutmasını təmin edən şəraitin yaradılması məqsədilə dövlət tərəfindən müəyyən edilmiş prioritetlər və həyata keçirilən tədbirlər danılmazdır. Düşünürəm ki, biz gənclər də çoxsaylı tədbirlərin təşkilində aktiv iştirak edərək cəmiyyətin inkişafında öz töhfəmizi veririk.
-BDU-tələbələri, yəqin ki, İslam Həmrəyliyi Oyunlarına öz töhfələrini verəcəklər.
- Bildiyiniz kimi, ölkəmiz artıq 4-cü dəfədir ki, mötəbər beynəlxalq idman yarışına ev sahibliyi edəcək. “Bakı-2015” İlk Avropa Oyunları, 42-ci Dünya Şahmat Olimpiadası , Formula1 Avropa Qran-prisi idman yarışlarının ən yüksək səviyyədə təşkil olunduğunu nəzərə alsaq, əminliklə deyə bilərəm ki, 4-cü İslam Həmrəyliyi Oyunları da ən yüksək səviyyədə keçəcək. Təbii ki, belə oyunlar zamanı tələbə könüllülərin rolu əvəzsizdir. Onu da deyə bilərəm ki, ölkə rəhbərliyi tərəfindən könüllülərə göstərilən xüsusi diqqət və qayğı onların oyunlar zamanı işlərinə daha həvəslə, daha məsuliyyətlə yanaşmalarına şərait yaradır. Tələbə könüllülərin oyunlar zamanı verəcəkləri töhfələr, sözsüz ki, olacaq. Onlar öz ölkələrini ən yaxşı səviyyədə təmsil etmək üçün hər zaman ən yüksək səviyyədə çalışıblar. Onu da nəzərə almalıyıq ki, artıq könüllülük təcrübəsi yetəri qədər olan tələbə gənclərimiz var, hansı ki, onların bir çoxları artıq əməliyyat komitələrinin əməkdaşları olaraq çalışırlar. Sonda qeyd etmək istərdim ki, keçirilən yarışlar zamanı könüllülük qeydiyyatına ən çox Bakı Dövlət Universitetinin tələbələri müraciət edir və uğurla qeydiyyat prosesini başa vururlar. Fürsətdən istifadə edərək, tələblərimizi İslam Həmrəyliyi Oyunları və Formula 1 Azərbaycan Qran-prisi yarışlarında aktiv olmağa dəvət edirəm.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycan dinlərin və mədəniyyətlərin toqquşduğu deyil, qovuşduğu bir yerdir
21.09.2018
“Tələbələrin ixtisasa uyğun təcrübə qazanmaları üçün kifayət qədər imkanlar var”
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”
07.09.2018
“Ukraynada bizim güclü və mehriban komandamız var”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info