Mənəvi qida bəxş edən kitablar yaxın dostumdur
Tarix: 09.03.2017 | Saat: 23:56:00 | E-mail | Çapa göndər


“Qələmsiz keçməyən ömür” rubrikasının növbəti qonağı yazar, şairə Nailə Süleymanlıdır. Nailə xanımın qələmindən süzülüb gələn şeirləri öz oxucularının qəlblərini oxşayır. Hələ də yaradıcılığını uğurla davam etdirir. Sözə böyük qiymət verən Nailə xanımın şeirlərində fəlsəfi fikirlər oxucunun diqqətini cəlb edir. Hal-hazırda da qələmindən süzülən şeirlərini yenidən kitab şəklinə gətirməyi planlaşdırır. Nailə xanıma bu işində uğurlar arzulayırıq.

Nailə Süleymanlı 1956-cı il noyabrın 15-də Azərbaycanımızın barlı-bəhrəli bölgələrindən biri sayılan Ağsu rayonunda dünyaya göz açıb. 1963-cü ildən ailə üzvləri ilə birgə Bakı şəhərinə köçüb. Orta məktəbi 1975-ci ildə Binəqədi rayonunda bitirib və həmin il sənədlərini V.İ. Lenin adına APİ-nin (indiki ADPU) Ədəbiyyat fakültəsinə təqdim edib. Lakin arzusu çin olmayıb. Sonra Xarici Dillər İnstitutunun (indiki ADU) İngilis dili fakültəsində hazırlıq kursu keçib. Daha sonra Mədəniyyət Mərkəzi nəzdində fars dili və mühasibatlıq kursunda təhsil alıb. 1982-ci ildən bu günə kimi Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində çalışır. Xarici Verilişlər Redaksiyalarından birinin-Türk şöbəsinin əməkdaşıdır. Ədəbiyyata olan marağı, sevgisi bu gün də Nailə Süleymanlını tərk etməyib.
- Bu gün gənclər az mütaliə edirlər. Kitab oxumağa az vaxt ayırırlar. Xüsusilə də nəsr yox, nəzm əsərlərinə daha çox maraq göstərirlər. Bunun səbəbi, sizcə, nədir?
- Əsrimiz kompüter əsridir. Müasir dövrdə idarə və müəssisələrdə, təhsil ocaqlarında, hətta evlərdə belə kompüter mövcuddur. İnternet saytları fəaliyyət göstərir. Bu, dövrün, zamanın tələbidir. Zamanın tələbinə riayət etmək hər birimizin vətəndaşlıq borcudur. Onunla ayaqlaşmalıyıq. Gənclər elmin, texnikanın yüksək səviyyədə inkişaf etdiyi bir zamanda yeniliyə, müasirliyə can atırlar. Onlar vaxta qənaət etmək üçün kitablarda oxumağa ehtiyac duyduqları mövzuları saytlardan əldə edərək bəyəndiyi, pərəstiş etdiyi şairin, yazıçının həyatı, yaradıcılığı və ya hər hansı əsəri barədə məlumat əldə edir və lazımi tələbatlarını ödəyirlər.
Fikrimi belə ifadə edə bilərəm ki, nəsr əsərləri həcmcə geniş səpkidə olduğuna görə mütaliə üçün çox vaxt sərf etməli olursan. Nəzm əsərlərində əksini tapan fikir isə yığcamlığı ilə diqqəti daha çox cəlb edir. Ona görə də gənclər ən çox zövqünə uyğun, ruhunu oxşayan nəzm əsərlərini mütaliəyə meyilli olurlar. Dahi filosof Nizami “cavanlıq günüdür ən qiymətli gün” deyərək gəncliyi daha səmərəli ömür-gün yaşamağa səsləmişdir. Yəqin elə gənclərimiz də bu kəlama istinadən hərə istədiyi kimi hərəkət etməyə çalışır.
- Müasir yazıçılardan kimlərin əsərlərini oxuyursuz? Sovetlər dönəminin yazarları ilə müasir dövrün yazarları arasında hansı fərqləri görürsüz?
- Sovet dönəminin yazıçıları sovet ideologiyasına uyğun olaraq öz əsərlərinin qəhrəmanlarını daha çox əmək cəbhəsindən götürürdülər. Yəni öz dövrünün zəhmət adamının-“təri torpağa qarışan” pambıqçının, üzümçünün, neftçinin, bir sözlə, zəhməti, hünəri alqışa layiq əmək bahadırlarının müsbət surətini yaradır və onları öz əsərlərinin baş qəhrəmanı seçirdilər. Bu da bir siyasi tələb idi. İndi belə siyasi tələblər irəli sürülmür. Yazarlar sərbəstdir. Hər kəs istədiyi mövzunu qələmə ala bilir. İstədiyi xarakteri obraza çevirə bilir.
Ədəbi mühitdə geniş oxucu kütləsinin məhəbbətini qazanmış görkəmli Xalq yazıçısı Anar, Elçin, Çingiz Abdullayev, Natəvan Dəmirçioğlu, Əvəz Süleyman, Seyran Səxavət, Elçin Hüseynbəyli pərəstiş etdiyim ədiblərdəndir. Onların yaradıcılığını mütəmadi olaraq izləyir və oxuyuram.
Anarın, Elçinin, Çingiz Abdullayevin əsərləri Azərbaycan oxucularının rəğbətini qazanıb. İsmayıl Şıxlının, İsa Muğannanın və Yusif Səmədoğlunun əsərləri oxucu ürəyinə yol tapan əsərlərdəndir və onların əsərlərinə çəkilən filmlər çox məşhurdur. “Dəli Kür”, “Nəsimi”, “Tütək səsi”, “Qətl günü” və s. Yaradıcılığı ilə bu üç böyük sənətkarın çox layiqli davamçısı olan Natəvan Dəmirçioğlunun yaradıcılığı son dərəcə maraqlıdır. Onun sırf psixoloji səpkidə yazdığı “Üç nöqtə”, “Səbət”, “Yetim” əsərləri, məncə, müasir nəsrimizin ən maraqlı və oxunaqlı əsərləridir. Əlavə məlumat üçün deyim ki, Azərbaycanın bu xanım yazarını Moskva və İstanbul ədəbi mühiti çox dəyərləndirib, onun əsərləri türk və rus dillərinə tərcümə edilərək nəşr olunub. Ən son oxuduğum kitab bu müəllifin povest və hekayələr toplusudur. O topluda mənim ən çox diqqətimi çəkən əsər “Səbət” povesti Amerikada “Modern Azerbajani Womens Prose” silsiləsindən “Basket” adı ilə nəşr olunub. Onu da deyim ki, Natəvan Dəmirçioğlunun hal- hazırda “Ədəbiyyat” qəzetində ara-sıra “Açar” romanından parçalar dərc edilir. Bu parçalar həqiqi ədəbiyyat qıtlığında oxucunun ehtiyacını ödəyir. Bunun çox böyük və dəyərli bir roman olacağını düşünürəm.
- Ədəbiyyata olan sevginizdən söz aça bilərsiz?
- Mən ədəbiyyatın bütün janrlarını sevə-sevə oxuyuram. Ancaq şeir yazmaq daimi hobbimdir. Məndə, qəlbimin dərinliklərində gizlənən ülvi duyğuları şeir dililə izhar etmək adətə çevrilib. Elə ki, ilham pərim məni qələmə söz verməyə səsləyir, ürək də “durma, yaz”, - deyir. Arabir ehtiyac duyanda, özümü həmin mövzunu qələmə almağa hazır biləndə nəsrə də müraciət edirəm. Şeirlərim toplanan “Ana laylası”, “Kövrək duyğularım” və “Qayıdar bu sevda” adlı kitablarımın son səhifələrində hekayələrimə və məqalələrimə yer ayrılıb. Yəqin ki, yaradıcılığımı izləyən sevimli oxucularım - pərəstişkarlarım, həmin mövzularla da tanış olublar. “Sənsiz könlüm ağlar mənim!”, “Narahat ürək”, “Qəmli xatirələr”, “Həsrətindən könlüm dinər”, “İntizar”, “Yollar haraylar”, “O günləri xatırlayıram”, “Yol ayrıcında”, “Sarsıldıq” və s. başlıqlı mövzular bu qəbildəndir.
- Ədəbiyyatımız kağız üzərindən internet üzərinə köçür. Buna münasibətiniz necədir?
- Ədəbiyyatın kağız üzərindən internet üzərinə köçməsini mənfi hal kimi dəyərləndirmək olmaz. Mütaliəyə ehtiyacı olan bir qrup oxucu istədiyi mövzunu kitab, jurnal və qəzetdən oxuyar, bir qrup isə internetdən məlumatlanar. Şəxsən mənim özümün kitablarımda əksini tapan şeirlərim, məqalələrim və hekayələrimin bir çoxu elə internet saytlarında öz əksini tapıb. İnternetə meyilliliyin çoxaldığı belə bir dövrdə daha çox oxucu kütləsinin, tez bir zamanda sevimlisinə çevrilmək mümkündür,- desəm, məncə, yanılmaram.
- Kitaba olan sevginizdən söhbət aça bilərsiz? Ümumiyyətlə, bir yazar kimi deyə bilərsiz yazıçı kimdir?
- “Kitab böyük müəllimdir, sinəsində min aləm var”, “Kitab elmin açarıdır” - deyən aqillərimiz yanılmayıblar. Axı bizi gələcək müstəqil həyata hazırlayan müəllimlərimiz də kitabdan elmi bilikləri əxz edərək bizlərə çatdırıblar. Vaxtımın səmərəli keçməsi, geniş dünyagörüşünə malik olmaq üçün mən məktəb illərində də, məktəbi bitirdikdən sonra da mütaliə ilə məşğul olmuşam. Elə indi də mənə zəngin mənəvi qida bəxş edən kitablar yaxın dostumdur. Aqillərimizin “çox oxuyan çox bilər” kimi dəyərli kəlamı mənim əbədi şüarıma çevrilib. Peyğəmbərimizin belə bir kəlamı var: “İnsan beşikdən qəbir evinə qədər öyrənməlidir”. Dahi yazıçılar, şairlərlə bərabər, həmkarlarım və dostluq etdiyim müasir şair və yazıçıların kitabları da kitab rəfimi bəzəyir. Natəvan xanım Dəmirçioğlunun, Fəridə Ləmanın, Tariyel Abbaslının, Zəminə Xınalının, Əvəz Süleymanın, Kamil Əfsəroğlunun, Kifayət Salmanqızının mənə bağışladıqları kitabları ən qiymətli hədiyyə kimi qoruyub saxlayıram. Bu kitabların hər birini mütaliə etdikcə sanki daxilən zənginləşmiş, elmin-biliyin əlçatmaz zirvələrinə pillə-pillə ucalmışam.
Yazıçı həyata açıq gözlə baxmağı bacaran insandır. O, ədalətli olmalıdır. XIX-XX əsrlərdə yaşayıb-yaratmış Azərbaycanın satirik şairi M.Ə.Sabirin təbirincə desək, “pisi pis, əyrini əyri, düzü həm var” yazmalıdır. Dövrün-zamanın nəbzini tutmalı, günlə səsləşən mövzularla oxucularının zövqünü oxşamalı, sevimli könül həmdəminə çevrilməyə çalışmalıdır. Bu gün bizləri-Vətənini, xalqını, el-obasını dərin məhəbbətlə sevən şair və yazıçıları ən çox düşündürən xalqımızın yaralı yeri olan Qarabağ məsələsidir. Vətəni yağılardan xilas etməyə hazır olan rəşadətli ordumuz var. Cəsur, igid eloğlularımız-əsgərlərimiz ön cəbhədə düşmənə qarşı döyüşür, biz də boş dayanmamalıyıq, “Hamı bir hədəfə vurmalıyıq” şüarını əsas tutaraq arxa cəbhədə öz qələmimizi süngüyə çevirməliyik. Yeraltı-yerüstü sərvətləri düşmən tərəfindən talanan, özü də o “çörəyi dizi üstündə olan”, “yersiz gəldi, yerli qaç” deyən nankor qonşularımızın tapdağında inləyən Vətən itkisindən, igidliyi dastana sığmayan, hər cür hörmətə, şan-şöhrətə layiq şəhidlərimizin ömür yolundan bəhs edən əsərlər yaratmaq qarşımıza qoyulan ümdə məqsədlərimizdən olmalıdır və belədir.
- Sonda gələcək planlarınızdan danışardız.
- Bizi əhatə edən aləmdə aparılan yenidənqurmanı-başı göylərə ucalan işıqlı-yaraşıqlı binaları, gözə nur, könülə yaraşıq gətirən yeni salınan parkları, xiyabanları seyrə dalanda yaradıcı insana yeni ruh, yeni ilham bəxş olunur sanki. Belə məqamda necə susub durmaq, göz görüb, könül sevdiklərindən söz açmamaq olar?
İlham çeşməm çağlayanda qələmə söz verirəm, axşam da, səhər də yazmaq, elə hey yazmaq istəyirəm. Kövrək duyğulu, yeni məzmunlu şerlərimi bəyaz vərəqlər üzərinə həkk edirəm. Yəqin ki, bu qələm məhsullarım 4-cü kitabımın səhifələrini bəzəyəcək. Azərbaycan Yazıçılar Birliyinin üzvlüyünə qəbul olunmağım üçün sənədlərimi təqdim etmişəm. Buna nail ola bilsəm, yeni ilin sevincini yaşamalı olacağam.
Arzular çoxdur. Çözələdikcə arzudan arzu doğur. Bir arzum da var: “Sözlərimə mahnılar bəstələnəydi”.
Pərəstişkarlarımın zövqünü oxşaya biləcək yeni-yeni əsərlər yazmaqla ədəbi mühitin sevimlisi olmaq qarşıma qoyduğum gələcək planların sırasına daxildir. Dünyaya, cahana illər-qərinələr ötdükcə unudulmayan, əbədiyaşarlıq qazanan dahi ədəbi simalar bəxş edən Azərbaycanımızın əmək, zəhmət cəbhəsinin yorulmaz öncülləri sırasında cəsarətlə addımlayaraq ədəbiyyatımızın öyrənilməsində və təbliğində fəal rol oynamaq, daha mükəmməl yaradıcılıq uğurları qazanmaq, ziyalı Azərbaycan qızı kimi öz haqq səsimi dünyaya çatdırmaq qəlbimin dərinliklərində iz salan ümdə arzumdur.
Söhbəti qələmə aldı:
Mahmud Əyyub








 
Bölməyə aid digər xəbərlər
20.11.2018
İlkin Əsgər: ““İndiki əsərlərin bir qismindən zövq almaq olmur”
20.11.2018
“Azərbaycanda Ədliyyə Nazirliyi vətəndaş cəmiyyəti ilə əməkdaşlıq edən ilk dövlət orqanı kimi tarixə düşüb”
19.11.2018
“BANM-ın tələbələri məzun olan kimi ən yaxşı şirkətlərə işə qəbul ola bilir”
16.11.2018
“Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
15.11.2018
Nağdəli Zamanov: “Aşıq Şəmşir Miskin Abdalın layiqli davamçılarından biridir”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info