Tikdim ki, izim qala...
Tarix: 15.04.2013 | Saat: 22:18:00 | E-mail | Çapa göndər


Tarix bizim böyük keçmişimizdir. Babalarımızın, atalarımızın ayaq izləridir. Vətənin hər daşında tarixin böyük izləri dayanıb. O izlər ki bu gün şərəfimizin tarixi salnaməsidir. Bir insanın kökü onun keçmişində gizlənsə də, tarix heç zaman gizli qalmır. “Tikmədim özüm qala, tikdim ki, izim qala...” misraları da məhz babalarımızın bugünkü günə kökümüzdən nişan qoymaq istədiklərindən xəbər verir. Vətənimizin dörd bir yanına baxsaq, keçmişimizin qüdrətli izlərini görərik. Lakin mən bu izləri “kökümün şərəfli nişanı” kimi dəyərləndirirəm. Elə məhz küləklər şəhəri olan Bakımıza baxsaq, hər qarışında böyük tariximizin izlərini görərik. Bu salnamələri öyrənmək isə böyük zəhmət tələb edir. Mən tariximizin var olmağı ilə şərəf hissi duyuram. Çünki bu tarix mənim xalqımın əzəli köküdür. Millətlər arasından seçilən millətim keçmişi ilə gələcəyi arasında bir salnamə yazır. Bir vətən övladı kimi mən bu salnamənin izlərinə çox düşmüşəm və tarixini çox sevmişəm. Amma vətənimin tarixi salnamələri hər zaman mənim üçün sirli bir aləm olub. Lakin bir elm var ki, bu sirləri qarış-qarış öyrənməyə çalışır. Arxeologiya elmi. Bu elmin sirli aləmi, ürək qədər həssaslığı mənə bir çox elm sahələrindən daha çox maraq doğurur. Bu elm haqda Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun Xaraba-Gilan Arxeoloji Ekspedisiyasının rəhbəri, institutun Elmi Şurasının və Müdafiə Şurasının üzvü, Azərbaycan Arxeologiyası jurnalının məsul katibi Bəhlul İbrahimli ilə həmsöhbət oldum. B. İbrahimli sevə-sevə çalışdığı peşəsindən ürəkdolusu danışdı. Müsahibəni oxuculara təqdim edirik:
- Bəhlul müəllim, arxeologiya sənətini necə oldu ki, seçdiniz?
- Mən tibb sahəsində çalışırdım. Lakin dünyaya baxışım və düşüncələrim məni sənədlərimi Tarix fakültəsinə verməyə vadar etdi.
- Siz qazıntı işləri apardığınız zaman tarixin hansı səhifəsini tapmaq istəmisiniz?
- Biz arxeoloji qazıntı işləri apardığımız zaman yaşanılan qədim dövrün tarixini öyrənməyə çalışırıq. Abidələr də insanlar kimidir-yaranır və məhv olur. Bütün qədim şəhərlər də belədir. Nə vaxtsa yaranır və məhv olurlar. Bəzən insanda bir neçə sual yaranır. Bu abidə nə zaman tikilib? Nə zaman məhv olub? Məsələn, keçmiş dövrlərdə bizim əyalətlərdə qədim abidələrin olduğuna inanmırdılar. Baxmayaraq ki XIX əsrin ikinci yarısından bizim ölkə ərazisində son tunc və erkən dəmir dövrünə aid zəngin tapıntılar artıq Avropaya məlum idi.
XIX əsrdə arxeoloqlar çox çətinliklərlə üzləşirdilər. Çünki o zamanlar arxeologiya elmi hələ inkişaf etməmişdi və elmin əsasları hələ yox idi. Bu gün arxeologiya elmi arxeoloji qazıntılar zamanı əldə olunmuş tapıntların tərkibinin, yaşının müəyyən olunmasında bir çox elmin, məsələn, fizika, kimya, paleobotanika, antropologiya və geologiya elmlərinin nailiyyətlərindən istifadə edir. Biz arxeoloji tədqiqatlar zamanı hər hansı bir qiymətli tapıntı axtarmırıq. Bizim üçün ən vacibi həmin tapıntının oraya necə düşdüyü və min illər ərzində hansı proseslərə məruz qaldığıdır. Təsəvvür edin ki, əgər 150 il qabaq arxeoloq bir ayda 900-ə qədər qəbir qazırdısa, biz indi bir qəbri iki həftəyə qazırıq və bir qəbirdən aldığımız elmi informasiya həmin mədəni təbəqə haqqında tam informasiya əldə etməyə imkan verir. Əgər bir qəbirdə daha çox və müxtəlif əşyalar aşkar olunarsa, bu qəbrin araşdırılması daha da mürəkkəb bir prosesdir. Burada arxeoloqun bütün incəliklərə diqqət etməsinin mühüm əhəmiyyəti var.
- Arxeoloqların sovetlər dönəmindəki fəaliyyəti ilə müstəqilliyimiz dövründə olan fəaliyyətində hansısa fərq varmı?
- Bilirsiniz, mənim fikrimcə, sovet dövrünün pislənməsi düzgün deyil. Çünki sovet təhsil sistemi bütün elmlərin fundamental əsaslarını artıq orta məktəbdə öyrədirdi. Moskvada bir çox görkəmli alimlərin “arxeoloji məktəbləri” vardı. Universitet tələbələri arxeoloji tədqiqatlara cəlb olunurdu. 30-dan artıq arxeoloqun iştirak etdiyi ekspedisiyalarda tələbələr təcrübə qazanır və gələcək yollarını seçirdilər. Sənəti də gərək usta yanında öyrənəsən. Sənəti təkcə oxumaqla, nəzəriyyəni bilməklə öyrənmək mümkün deyil. Arxeologiyanın özü də bir sənətdir. Məsələn, adi bir sümük parçasını, insan skeletini, parça izlərini xüsusi üsulla təmizləməsən, o, həmin dəqiqə dağılacaq.
Zaqafqaziyada ilk əvvəllər 20-30-cu illərdə Ermənistanda və Gürcüstanda arxeologiya elmi bizdən güclü inkişaf etmişdi. Çünki ermənilər xaricdən gələn, yəni Avropadan, Rusiyadan gələn arxeoloqlar sayəsində geniş tədqiqatlar aparırdılar. Onlar xarici arxeoloqları ölkələrinə dəvət edirdilər ki, onların tarixini başqaları yazsın və bütün dünya onların tarixini bilsin. Lakin sovet dövləti Azərbaycan tarixinin öyrənilməsində maraqlı deyildi. Bizim qədim tariximiz olduğu kimi yox, siyasi büronun istədiyi kimi yazılırdı. Ona görə də biz tariximizin və mədəniyyətimizin öyrənilməsində geri qalmışdıq.
- Bu gün arxeoloqlar Azərbaycana məxsus hansı tarixi faktları üzə çıxarıblar?
- Cənubi Qafqazda Azərbaycan elə bir ərazidə yerləşib ki, tarixən bütün hərbi yürüşlərin və ticarət karvanlarının yolu olub. Şimaldan cənuba, cənubdan şimala gedən bütün qoşunlar bizim ərazidən keçiblər. Biz bu gün nə qədər arxeoloji araşdırmalar etsək də, hələ də çox şeyləri öyrənməmişik. Bizim qabaqda hələ çox işlərimiz var. Azərbaycan arxeologiyası indiyə qədər ən çox mövcud abidələri öyrənir. Amma nəzəri problemlərimizi öyrənən azdır. 2008-ci ildə Azərbaycan Respublikası Prezidentinin xüsusi sərəncamından sonra arxeoloji tədqiqatların aparılmasında əsaslı dönüş yarandı. İndi Cənubi Qafqazda aparıcı arxeoloji tədqiqatlar Azərbaycan arxeoloqlarına məxsusdur. Bizim arxeoloqlar artıq arxeologiya elminin beynəlxalq problemlərinin həllinə qoşulublar. Azərbaycan arxeoloqları artıq qədim miqrasiya problemləri, arxeoloji mədəniyyətlərin yaranması və yayılma arealı, paleometal dövründə tarixi Azərbaycan ərazilərinin inkişaf səviyyəsi, qədim sivilizasiyalarda Azərbaycan tayfalarının rolu kimi problemlərə aid monoqrafik əsərlər yazır, beynəlxalq konfrans və simpoziumlarda çıxışlar edirlər.
- Paytaxt Bakıda bir çox zəngin abidələr mövcuddur. Bu gün Şirvanşahlar sarayında tədqiqatlar aparılırmı? Keçmiş ilə əlaqədar hansısa bir yeniliklər öyrənilibmi?
-Əlbəttə, öyrənilir. Şirvanşahlar sarayında restavrasiya və qazıntı işlərilə əlaqədar aparılan araşdırmalar zamanı sarayın altında orta əsrlərdən qabaq dövrlərə aid də mədəni təbəqə aşkarlanıb. Şəhər qalıqları olmasa da, qədim yaşayış məskənlərinin qalıqlarının olması şübhəsizdir. Bilirsiniz ki, Xəzərin səviyyəsinin dəyişməsilə əlaqədar şəhərin ərazisi də dəyişir. Bakı şəhərinin özünün əsl tarixi hələ də dəqiq müəyyənləşdirilməyib. Hər yeni qazıntı yeni bir material deməkdir.
- Bəs İçərişəhər memarlıq abidə kompleksi tam olaraq aşkarlanıb, yoxsa hələ də sirlərini vermir?
- Mən sizə bir nüansı deyim ki, heç bir abidə dəqiq aşkarlana bilməz. Əgər o abidə hansısa yaşayış binasının altında qalıbsa, onu nə qədər araşdırsan, bir o qədər məlumatlar aşkarlanacaq. İçərişəhər özü Azərbaycanın orta əsr şəhər tipinin ən bariz nümunəsidir. Onu qeyd edim ki, Abşeron memarlığı daş işləmə sənətilə bağlı olduğundan tarixin izlərini daha uzun müddət və olduğu kimi qoruyub saxlayır.
- Bəhlul müəllim, bugünkü dövrümüzdə cəmiyyətdə arxeologiyaya maraq nə dərəcədədir?
- Bu bir az müzakirəli mövzudur. Dövlət hal-hazırda qayğı göstərir. Biz deyə bilərik ki, çox işlər görmüşük. Amma qarşıda hələ daha böyük işlər olduğunu bilirik. Azərbaycan arxeologiyasına qayğı nə qədər çox göstərilsə, arxeologiyaya da maraq bir o qədər böyük olar. Arxeologiyaya Vətənini, tarixini sevən, milli ruhlu gənclər daha çox gəlirlər.
- Bir ziyalı, ailə başçısı kimi cəmiyyətə baxışınız necədir?
- Cəmiyyətə baxışlarımın müsbət tərəfləri də var, mənfi tərəfləri də. Məsələn, bu gün gənclərimizin çoxu internet aludəçisi olub. Əgər gənc gününün çox hissəsini orada keçirirsə, bu, şübhəsiz, mənfi təsir göstərir və o, irəli getməkdənsə, geri qalır. İnternetdən, ümumiyyətlə, kompyuterdən gənclərin səmərəli istifadə etməsi üçün çıxış yolları axtarmaq lazımdır.
Lakin müsbət cəhəti də odur ki, internet dünyaya pəncərədir. Bu gün gənclərimiz üçün xaricdə təhsil almaq imkanları genişlənib. Onların dövlət tərəfindən təhsil haqlarının ödənilməsi, gənclərimizin parlaq gələcəyinə bir nişandır. Mən də bir ata olaraq istərəm ki, oğlum da bu imkanlardan yararlansın.
- Siz keçmiş dövrlə indiki dövr arasında fərq görürsünüzmü? Cəmiyyətdə mövcud durum barədə...
-Bəli. O dövrlə bu dövr arasında bir çox fərqlər var. Lakin mən bu dövrü pisləməzdim. Sadəcə fərqin nədə olduğunu anlamağa çalışıram. O zamanlar biz qapalı şəraitdə yaşamışıq. İzlədiyimiz hind filmləri, öz filmlərimiz nəzarət edilərək efirlərə buraxılardı. Evdə tərbiyə başqa cür qurulardı. Böyük, kiçik hörmətini saxlamağı bacarırdıq. Amma bu gün tam sərbəstlik hökm sürür. Efirlərimizdə tam başqa səpkili verilişlər, kinolar yayımlanır. Gənclərimizin dünyagörüşü dəyişib. Cəmiyyətdə böyüklərə hörmət, kiçiklərə qayğının qaydaları tamam dəyişib. Bunun da öz növbəsində mənfi tərəfləri var. Gənclər düşünməlidirlər ki, zaman gələcək özləri də yaşa dolacaqlar...
- İnsan taleyi müxtəlif yollar üzərində cızılır. Bəzən kiməsə görə taleyini yaşayırsan, bəzən kimsə sənin taleyini yazır, bəzən də insan özü öz taleyini cızır və yaşayır. Bəs siz necə?
- Mən uşaqlıqdan bəri şəxsi azadlığı, sərbəst düşünməyi xoşlamışam. Amma heç vaxt valideynlərimin sözündən çıxmamışam. Sənətimi seçməyimdə də maneələr olmayıb. Atam mənə həmişə arxa, dayaq olub. Gənclik dövrümdə mən kommunist partiyasının üzvü olmuşdum. Sonradan bizim millətə hansı zülmləri etdiyini görəndə o partiyanın üzvü olmaqdan imtina etdim. O zamandan siyasi işlər ilə də məşğul olmuram. Mənim üçün ailə, sənətim daha vacibdir.
- Bəhlul müəllim, gələcəyi necə görürsünüz?
- Arzum, Allah izin versə, övladlarımı sağ-salamat böyüdüb, onların hərəsinin ev, ailə sahibi olmasını görməkdir. Daha sonra, Allah nə qədər ömür verəcəksə, yaşayarıq. Ailə bütövlüyü xalqın bütövlüyü deməkdir. Cəmiyyət nə qədər sağlam və möhkəm olarsa, millət, xalq da bir o qədər möhkəm olar. Bir millətin gələcəyini onun gənclərindən xəbər alın. Bizi yaşadan gənclər olacaq. Onlar nə qədər savadlı, bilikli, intellektual olarsa, gələcəyimiz də bir o qədər parlaq olar. Dövlətin sabahı gənclərimizdir. Şübhəsiz ki, gələcəyimizi nurlu sabahlarla görürəm...
- Çox sağ olun xoş müsahibəyə görə...
- Siz də sağ olun.
Bəhlul müəllim ilə söhbət əsnasında arxeoloq sənətinin bir çox sirlərinə bələd oldum. Əgər bir insan xalqının keçmişini öyrənirsə, onun da böyük bir gələcəyi olacaq. Xalqa ömür həsr edən şəxs, xalqın nəfəsi olar. Məhz Bəhlul İbrahimli də bir Azərbaycan oğlu kimi tariximizin qızıl səhifələrini böyük şərəflə vərəqləyir. Onun Azərbaycan tarixi üçün etdiyi bütün işlər, qüdrətli keçmişimizə işıq salacaq. İnanıram ki, Bəhlul müəllimin yeni-yeni arxeoloji araşdırmaları şanlı tariximizi günü-gündən şərəfləndirəcək.
Xəyalə GÜNƏŞ



İbrahimli Bəhlul İmran oğlu 1952-ci il iyul ayının 12-də Ordubad rayonunun Sabir kəndində anadan olub. 1966-cı ildə Sabir kənd məktəbinin 8-ci sinfini bitirdikdən sonra Bakı 5N-li Tibb məktəbinə daxil olub, 1969-cu ildə feldşer-laborant ixtisasını bitirib. 1971-ci ilə qədər təyinatla Culfa rayon Mərkəzi xəstəxanasında labaratoriya müdiri işləyib. 1971-ci ildə daxil olduğu Naxçıvan Dövlət Pedaqoji İnstitutunun Tarix fakültəsini 1975-ci ildə fərqlənmə diplomu ilə bitirib. Təyinatla Ordubad rayonunun Sabir kəndində tarix müəllimi işlədikdən sonra həmin il Azərbaycan EA Tarix İnstitutunun aspiranturasına arxeologiya ixtisası üzrə daxil olub. Xaraba-Gilan şəhər yerinin tarixi-arxeoloji tədqiqi üzrə namizədlik mövzusu götürüb. 1978-ci ildə Azərbaycan EA Naxçıvan Elm Mərkəzində çalışıb. 1976-cı ildən Naxçıvan arxeoloji ekspedisiyasının Xaraba-Gilan dəstəsində qazıntılarda iştirak edib. 1979-cu ildə Özbəkistan respublikasının Səmərqənd şəhəri yaxınlığında, Əfrasiyab şəhər yerində aparılan qazıntılarda dəstə rəhbəri olub. 1980-ci ildən Xaraba-Gilan arxeoloji ekspedisiyasının rəis müavini olub. 1980-ci ildən Moskva şəhərinə SSRİ EA Arxeologiya İnstitutuna stajirovkaya göndərilib, həmin mövzu üzrə rəhbəri S.A.Pletnyova təyin olub.
1982-1983-cü illərdə S.A.Pletnyovanın rəhbərlik etdiyi Sovet-Bolqar-Macar ekspedisiyasının tərkibində Mayat şəhər yerində aparılan qazıntılarda iştirak edib. 1985-ci ildə Moskva Dövlət Universitetində namizədlik dissertasiyamı müdafiə edib. 1987-1989-cu illərdə əvvəlcə Azərbaycan EA Milli Münasibətlər İnstitunun Naxçıvan şöbəsində, sonra isə institutun Bakıda yerləşən Biblioqrafiya şöbəsinə baş elmi işçi keçib. 1989-cu ildə Azərbaycan EA Rəyasət Heyətinin qərarı ilə Tarix İnstitutunun Arxeologiya və Etnoqrafiya sektoruna keçib. 1993-cü ildə Rusiya Federasiyası Arxeologiya İnstitutunun doktoranturasına daxil olub. “Arazboyu qədim tayfaların tarixi-mədəni inkişafı. Naxçıvan bölgəsinin arxeoloji materialları əsasında” adlı doktorluq mövzusu təsdiq olub, 1997-ci ildə Manfred Korfmanın dəvəti ilə Türkiyə Cümhuriyyətində, Troya Beynəlxalq arxeoloji ekspedisiyasında səfərdə olub. 2000-ci ildə Moskva şəhərində “Kiran orta əsr şəhəri” adlı monoqrafiyam, 2002-ci ildə isə Bakıda “Xaraba-Gilanın qədim nekropolları” adlı kitab (Q.M.Aslanov, S.M.Qaşqayla birlikdə) nəşr olunub. XIV Beynəlxalq konfrans və Simpoziumda iştirak edib, 70-ə qədər elmi məqaləsi çapdan çıxıb. Rus, türk, fars dillərini bilir. Evlidir, iki uşağı var.




 
Bölməyə aid digər xəbərlər
12.12.2018
İlin əvvəlindən dövlət məşğulluq orqanları tərəfindən 50,2 min nəfər işlə təmin edilib
11.12.2018
“Bakcell”dən möhtəşəm Yeni İl hədiyyəsi: 20 qiqabayta qədər pulsuz internet
11.12.2018
Respublika Veteranlar Təşkilatının VIII plenumu keçirilib
11.12.2018
DTX-nın şəxsi heyəti ulu öndər Heydər Əliyevin xatirəsini yad edib
11.12.2018
Qaradağda Ulu Öndərin anım gününə həsr olunmuş tədbir keçirildi

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10524

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
3 Türkiyədə yeni Azərbaycan diaspor təşkilatı qeydiyyatdan keçib
4 “Özümü qərib ölkədə hiss etmədim”
5 Çin şirkəti Gəncədə 5 metallurgiya zavodu tikəcək


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info