Turist cəlb etmək üçün mədəniyyət müəssisələrinin marketinq siyasəti olmalıdır
Tarix: 15.04.2013 | Saat: 22:56:00 | E-mail | Çapa göndər


Azərbaycanda prioritet istiqamətlərdən olan turizmin inkişafı istiqamətində davamlı tədbirlər həyata keçirilir. Bu sektorun daha da inkişafı üçün mövcud problemlərin aradan qaldırılması vacib amillərdəndir. Hazırda adıçəkilən sahədə mövcud problemlərdən biri də turizm müəssisələri və mədəniyyət obyektlərinin lazımi səviyyədə əməkdaşlıq etməməsidir. Mədəniyyət və turizm naziri Əbülfəz Qarayev də bu problemə toxunaraq bildirib ki, bu vaxta qədər turizm müəssisələri və mədəniyyət ocaqları bir-biri ilə sıx əməkdaşlığı formalaşdıra bilməyiblər. Bundan çox təəssüfləndiyini deyən nazir turizm şirkətlərinə, mədəniyyət ocaqlarına iradını bildirib: «Hansı muzeyin turizm şirkətləri ilə müqaviləsi var ki, turizm müəssisələri də bunu proqrama salsınlar? Əgər qoruqlar, muzeylər bu proqrama daxil olsalar, turistlər o muzeylərə gələrlər. Amma bu mexanizm hələ də tətbiq olunmur. Gələn ildən turistlərə vizalar elektron formada veriləcək. Bu hansı formada ediləcək? Bu, yalnız turizm şirkətinin vasitəçiliyi ilə mümkün olacaq. Bəs turizm şirkətləri bu məqamda hansı proqramlar təqdim edəcəklər? Bunların hamısı vahid bir sistemə bağlanmalı və bu yöndə işlər görülməlidir».

Yaradılan infrastrukturu effektli işlədən kadrlara ehtiyac böyükdür

Mövcud problemin səbəbi və onun həlli istiqamətində hansı addımlar atılmalıdır? Azərbaycan Turizm İnstitutunun rektoru Cəfər Cəfərov bildirdi ki, turizmin və mədəniyyətin bir nazirlikdə birləşdirilməsi əslində bu sahələrin təmsilçilərinin bir-biri ilə əməkdaşlıq etməsi məqsədi güdür. Lakin təəssüf ki, bu sahələrin əməkdaşlığı istənilən səviyyədə deyil: «Turizm deyəndə bizim ölkə kimi tarixi keçmişi olan ölkələrdə mədəni turizm daha çox diqqəti cəlb edir. Məsələn, Dubayda tarixlə bağlı elə bir şey yoxdur. Oranın öz özəlliyi var, çimərlik turizmi inkişaf edib. Ancaq bizim kimi ölkələrdə gələn turistlərin içərisində xalqın tarixi, mədəniyyəti ilə maraqlananlar çoxdur. Mədəniyyət müəssisələri turistin gəlməsindən faydalana bilərlər, çünki məsələn, muzeyə gərək adam gəlsin ki, onun maddi vəziyyəti yaxşılaşsın. Hazırda bizdə bunu dövlət öz üzərinə götürüb. Əslində isə muzeylər də bir təsərrüfat subyekti kimi formalaşmalıdır. Bu, eləcə də digər mədəniyyət obyektlərinə aiddir. Turizm şirkətləri ilə mədəniyyət obyektləri həm maddi, həm də mahiyyət baxımından bir-birini saxlayan qurumlardır. Onların əməkdaşlığından hər üç tərəf qazanır: mədəniyyət müəssisələri turist, turist istədiyi məlumatları, turizm şirkətləri isə faiz əldə edir. Bu isə sonda ölkəyə çoxsaylı turistlərin gəlməsinə səbəb olur. Azərbaycanda turizmi mədəniyyətsiz, mədəniyyəti isə turistlərsiz təsəvvür etmək mümkün deyil. Muzeylərin, teatrların, qoruqların, konsert salonlarının turist cəlb etmək üçün bir marketinq siyasəti olmalıdır. Bu siyasətin içərisində o cümlədən də turizm şirkətləri ilə işləmək məsələsi öz əksini tapmalıdır. Bununla bağlı bir neçə dəfə nazirlik səviyyəsində məsələ qaldırılıb. Faktiki olaraq, ölkə rəhbərliyinin siyasəti də budur». C.Cəfərov bəzi mədəniyyət müəssisələrinin turizm şirkətləri ilə əməkdaşlıq qura bilməməsinin əsas səbəbini bununla izah edir ki, mədəniyyət menecerləri yox dərəcəsindədir: «Tarixi-mədəni abidələrimiz eyni zamanda əhəmiyyətli bir turizm məhsuludur və onu ortaya çıxarmaq ayrı bacarıq tələb edir. Bundan ötrü böyük işlər görülməlidir. Özünü dolandırmaq üçün dövlətdən vəsait gözləmək düzgün deyil. Çünki bu, sonsuza qədər davam edə bilməz. Burada yenə də söhbət bacarıqlı kadr məsələsinin üzərinə gəlir. Peşəkar kadrlar olmayınca qoyulan vəsaitlərin səmərəli istifadəsi haqqında danışmaq çətindir. Yaradılan infrastrukturu effekli işlədən kadrlara ehtiyac böyükdür. Muzey, teatr, qoruq menecerləri düşünməlidirlər ki, daha çox insan cəlb etmək üçün hansı işləri görmək lazımdır. Dünyada bunun üçün müxtəlif mexanizmlər işlənilir. Bu təcrübəni öyrənib tətbiq etmək lazımdır. Mədəniyyət müəssisələrində çalışan hər bir əməkdaş buna xidmət etməlidir. Gələn turistlər o müəssisələrdən xoş təəssüratla ayrılmalıdır, burada suvenirlərin satışı təşkil olunmalıdır, müxtəlif dillərdə məlumat verməyi bacaran bələdçilər olmalıdır. Bütün bu məsələlər isə yuxarıda da qeyd etdiyim kimi, müəssisənin marketinq siyasətində öz əksini tapmalıdır».

Ölkəmizə gələn turistlərə hotellər və restoranlardan daha çox tarixi
mədəniyyət obyektlərimizi göstərməliyik

«Millennium Tourism & Congress DMC»nin direktoru Ruslan Quliyev isə deyir ki, Mədəniyyət və Turizm Nazirliyinə turizm funksiyası birləşdirilməmişdən öncə turizm şirkətləri mədəniyyət obyektlərində çox böyük sıxıntılar yaşayıb: «Turizm şirkətlərinin nümayəndələrini burada arzuolunmaz şəxs hesab edirdilər. Mədəniyyət və turizm sahələri bir qurumda birləşdirildikdən sonra bu sahəyə elə bil yeni bir nəfəs gəldi. Bir cəbhədə fəaliyyət göstərən təşkilatlar kimi mədəniyyət obyektlərində bizə qarşı münasibətlər də dəyişdi. Mədəniyyət obyektlərinə, tarixi məkanlara daha çox turist axınının olması Azərbaycan dövlətinin də marağındadır. Turizm şirkətləri öz turpaketlərini yaradan zaman maksimum dərəcədə bölgələrə planlaşdırılan marşrutlara tarixi abidələri və ziyarət yerlərini də daxil etməlidirlər. Bu məsələdə son zamanlar bir qədər irəliləyiş hiss olunur. Bununla belə, mədəniyyət obyektlərində qiymətlərin tənzimlənməsi, peşəkar bələdçilərin olması və s. kimi məsələlərdə problemlər mövcuddur. Ümumiyyətlə götürdükdə isə dünya ölkələrinin praktikasında da var ki, ölkəyə gələn turist mütləq həmin ölkənin tarixi, mədəniyyəti haqqında maksimum bilgilər əldə etməlidir. Biz də bunu əlimizdə əsas kimi tutaraq çalışırıq ki, 1-2 günlük ölkəmizə gələn turistlərə tarixi abidələrimizi göstərək. Təbii ki, gələcəkdə bunu daha interaktiv formada həyata keçirəcəyik. Düşünürəm ki, əgər biz turizmçilərin əsas məqsədi Azərbaycanı tanıtmaqdırsa, ölkəmizə gələn turistlərə hotellər və restoranlardan daha çox tarixi mədəniyyət obyektlərimizi göstərməliyik». Konkret olaraq, «Millennium Tourism»in hansı muzey və yaxud qoruqla əməkdaşlıq etməsinə gəlincə, R.Quliyev bildirdi ki, rəhbərlik etdiyi turizm şirkəti Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksi, Qobustan Milli Tarix-Bədii Qoruğu, «Atəşgah məbədi» Dövlət Tarix-Memarlıq Qoruğu, Xalçaçılıq, Milli İncəsənət muzeyləri, Muzey Mərkəzi, regionlardakı bəzi muzey və qoruqlarla sıx əməkdaşlıq edir.

Qoruqlarla turizm
şirkətlərinin münasibətləri nisbətən yaxşıdır


Azərbaycan Turizm Assosiasiyası İdarə Heyətinin sədri Nahid Bağırovun fikrincə, qoruqların turizm şirkələri ilə əməkdaşlığı normaldır. Bu məsələdə əsas problem muzeylər, konsert salonları və digər mədəniyyət müəssisələri ilə mövcuddur: «Azərbaycan Turizm Assosiasiyası turizm şirkətləri ilə mədəniyyət obyektləri arasında koordinator rolunu oynayır. Qoruqlarla turizm şirkətlərinin münasibətləri nisbətən yaxşıdır. Amma təəssüf ki, bunu mədəniyyət müəssisələri haqqında demək mümkün deyil. Bu istiqamətdə müəyyən işlər görülür. Artıq mədəniyyət obyektləri ilə şirkətlər arasında müqavilə imzalanmağa başlanıb. Müqaviləyə əsasən mədəniyyət obyektləri bir illik proqramlarını turizm şirkətlərinə verəcəklər. Şirkətlər də bunun əsasında tərtib etdikləri turlara həmin obektlərdə olan tədbirləri də daxil edəcəklər. Müxtəlif mədəni tədbirlər, musiqi festivalları haqqında məlumatları saytlarında yerləşdirəcəklər, xarici partnyorlarına göndərəcəklər. Bunun çox böyük əhəmiyyəti var. Tutaq ki, turist hər hansı bir ölkəyə getməklə bağlı seçim qarşısındadır. Bu zaman müraciət etdiyi turizm şirkəti ona səfər etmək istədiyi günlərdə Azərbaycanda keçiriləcək caz, Rastrapoviç və s. festivalla və ya hər hansı dünya şöhrətli müğənninin konserti ilə bağlı məlumat təqdim edir. Turist də öz zövqünə uyğun olaraq istədiyi ölkəni seçir. Mədəniyyət müəssisələrinin turizm şirkətləri ilə əməkdaşlığının əhəmiyyəti budur».
Nigar ABDULLAYEVA





 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qazaxda vətəndaşlarla görüşəcək
18.09.2018
“Ailə münaqişələrinə qarşı mübarizə mövzusunda tədbirlərin təşkili”
18.09.2018
Ağcabədi rayonunun Bilağan kəndinə təbii qaz verilib
17.09.2018
Baş prokuror Qubada vətəndaşları qəbul edəcək
17.09.2018
Heydər Əliyev Fondu tərəfindən inşa olunan yeni məktəb binası istifadəyə verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info