Vətəndaşın ödədiyi vəsaitin 90 faizi onun hesabında toplanacaq
Tarix: 11.03.2017 | Saat: 00:21:00 | E-mail | Çapa göndər


Bu da gələcəkdə onun pensiya məbləğinin yüksək olmasına gətirib çıxaracaq

Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib. İclası açan parlamentin sədri Oqtay Əsədov gündəliyi təqdim edib. İclasda “Məktəbəqədər təhsil haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi davam etdirilib.
Bildirilib ki, bu qanun layihəsinin hazırlanmasında məqsəd erkən yaş dövründən başlayaraq uşaqların əqli, fiziki və yaradıcı potensialının, ətraf aləmə həssas münasibətinin formalaşdırılması, onların sağlamlığının mühafizəsi, mədəni səviyyəsinin inkişafının, psixoloji dayanıqlığının təmin edilməsidir. Qeyd olunub ki, məktəbəqədər təhsil müəssisəsinə lisenziya müddətsiz verilir və bu sahədə xidmətlər göstərən hüquqi və fiziki şəxslər tərəfindən məktəbəqədər təhsilin vəzifələri pozulduqda, məktəbəqədər təhsilin dövlət standartının tələbləri yerinə yetirilmədikdə onların lisenziyası ləğv edilir. Məktəbəqədər təhsil müəssisəsi aşkarlıq, şəffaflıq və demokratik prinsiplər əsas tutulmaqla “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa, digər aidiyyəti hüquqi normativ aktlara və öz nizamnaməsinə uyğun olaraq idarə edilir. Bu qanun layihəsi Azərbaycan Respublikasında fəaliyyət göstərən xarici ölkələrin diplomatik nümayəndəlikləri və konsulluqları yanında yaradılan məktəbəqədər təhsil müəssisələrinə şamil olunmur. Layihə ikinci oxunuşda səsə qoyularaq qəbul edilib. Milli Məclisin iclasında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanun layihəsinə dəyişikliklər müzakirəyə çıxarılıb. Layihəni parlament sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova təqdim edib. Layihədə qanuna yeni III-I fəslinin (İnternet informasiya ehtiyatları) əlavə olunması təklif olunur. Layihə qəbul edilib.

Pensiya yaşının artırılmasını nəzərdə tutan dəyişikliklər qəbul edilib
Plenar iclasda “Əmək pensiyaları haqqında” qanuna əlavə və dəyişikliklər layihəsi müzakirə olunub. Layihə barədə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli məlumat verib. Onun sözlərinə görə, layihəyə 98 dəyişiklik təklif edilir. H.Rəcəbli qeyd edib ki, layihədə Azərbaycanda bütün peşə sahələri üzrə əmək pensiyasına görə yaş həddinin artırılması təklif olunur. Layihəyə əsasən, polis və hərbi qulluqçular istisna olmaqla bütün peşələr üzrə pensiyaya çıxmaq üçün tələb olunan iş stajı artırılır. Dövlət qulluqçuları üçün hazırda qüvvədə olan 15 təqvim ilinin 20 təqvim ilinə, prokurorlar üçün 25 təqvim ilinin 35 ilə, o cümlədən digər peşələr üçün də tələb olunan staj ilinin müvafiq olaraq 5 il qaldırılması layihədə əksini tapıb. Layihədə, ümumilikdə, pensiya yaşının artırılaraq əmək pensiyaları üçün tələb olunan yaş hədləri ilə diferensiallaşdırılması da əks olunub. H.Rəcəbli qeyd edib ki, qanun layihəsinə edilən təkliflərdən biri də pensiyanın baza hissəsinin ləğvi ilə bağlıdır. “Əvvəl pensiyanın sığorta hissəsi indeksləşirdi, baza hissəsi indeksləşmirdi. Qanun layihəsində pensiyanın baza hissəsi məfhumu aradan götürülür. Bu da insanların ödədiyi məbləğə uyğun olaraq pensiya haqqı deməkdir. Burada baza hissəsi olmayacaq. Pensiyada bir hissə olduğundan indeksləşdirmə olanda daha çox insanlar pensiya məbləğinin artımından faydalana biləcək”, - deyə komitə sədri vurğulayıb. Komitə sədri əlavə edib ki, pensiya yaşında olan vətəndaşlardan bəziləri işləyir və sosial sığorta haqqı ödəyir: “Bu dəyişikliklər belə şəxslərin işlədiyinə və sosial sığorta haqqı ödədiyinə görə 6 ildən sonra onun pensiyasının yenidən hesablanmasına imkan verəcək. Bu isə o deməkdir ki, sözügedən dəyişiklik onun pensiya məbləğində artıma səbəb olacaq”.

12 illik staj
tələb olunmayacaq

Bundan başqa, dəyişikliklərdən biri vətəndaşın ödədiyi məcburi dövlət sosial siğorta haqqının çox hissəsinin onun fərdi hesabında toplanması ilə bağlıdır: “Bilirsiniz ki, məcburi dövlət sosial sığorta haqqının 22%-ni işəgötürən, 3%-ni isə vətəndaş ödəyir. Vətəndaşın ödədiyi məbləğin 50%-i onun hesabında əks olunurdu, digər 50%-i isə Dövlət Sosial Müdafiə Fondunun sərəncamında qalırdı. Bu ədalətsizlik idi. Bizim təklifimizlə vətəndaşın ödədiyi vəsaitin 50%-i yox, 90%-i onun hesabında toplanacaq. Bu da gələcəkdə onun pensiya məbləğinin yüksək olmasına gətirib çıxaracaq”. H.Rəcəbli bildirib ki, qanun layihəsində pensiya kapitallarına əlavə olunma imkanlarının yaradılması da nəzərdə tutulur: “Yəni, əgər hazırda şəxs işləyən dövrdə az sosial sığorta haqları ödədiyi üçün pensiyaya çıxa bilmirdisə, artıq imkan yaradılacaq ki, istədiyi bankda hesab açsın və gəlirləri ilə onun üstünə əlavələr etməklə 110 manata çatdırsın ki, artıq pensiya ala bilsin”.
Əmək və Əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev bildirib ki, pensiya sisteminin dayanıqlığı, sığorta prinsiplərinin qorunması, demoqrafik dəyişikliklər bu sahədə islahatları zəruri edir. O qeyd edib ki, qanun layihəsində dəyişikliklərdən biri illik indeksləşdirmə ilə bağlıdır: “Əgər əvvəllər pensiyanın sığorta hissəsi indeksləşdirilirdisə, qanunun qəbulundan sonra bütün pensiya məbləği indeksləşdiriləcək. Bundan başqa, vətəndaşın ödədiyi məbləğ minimum əmək haqqına bərabər olduğu təqdirdə ondan 12 illik staj tələb olunmayacaq”.
İ. İsayev qeyd edib ki, ölkədə pensiyada olan kişilər orta hesabla 14,4, qadınlar isə 18,5 il yaşayır: “Güzəştli şərtlərlə pensiyaya çıxanların pensiya alma müddəti daha çoxdur. Beləliklə, 2006-cı ildə qəbul edilən qanuna görə, bu göstərici qadınlar üzrə pensiya yaşını 6,5 il, kişilər üzrə isə 2,4 il üstələyir. Bu da sığorta-pensiya sisteminin maliyyə yükünün artıq olmasına səbəb olur. Gələcəkdə özünümaliyyələşdirmə sisteminə keçəcəyimizi nəzərə alsaq, qarşımızda iki yol var. Bunlardan biri ya pensiya məbləğinin təyin olunması üçün əsas götürülən 144 ay digər xarici dövlətlərdə olduğu kimi artırılmalı, ya da pensiya yaşı 65-ə çatdırılmalıdır. Araşdırmalar göstərir ki, biz 144 ayı 204 aya qədər artırsaq və pensiya təyini üçün ödənilən məbləği 204-ə bölsək, sığorta olunanların əksəriyyətində alınan rəqəm minimum pensiya məbləğindən aşağı olacaq. Bu isə o deməkdir ki, onlar daha çox çalışmalı və pensiya hüququ əldə etmək üçün bu müddət ərzində sosial sığorta haqqı ödəməlidir və tələb olunan sosial sığorta kapitalı toplamalıdır”.
Nazir müavini əlavə edib ki, qanuna dəyişikliklər qəbul olunsa, qadınların pensiya yaşı 4 il ərzində, kişilərin pensiya yaşının 10 il ərzində 65-ə çatdırılacaq. Başqa sözlə, qanun layihəsinə əsasən, kişilər üçün pensiya yaş həddi 2021-ci ilə qədər, qadınlar üçün isə 2027-ci ilə qədər pensiya yaşı hər il 6 ay artırılacaq. Bununla da qadınların və kişilərin pensiya yaşı həddi 65-ə çatdırılacaq.
İ. İsayev əmək haqlarının leqallaşdırılmasının vacib olduğunu vurğulayıb: “Müvafiq hesablamalar və təhlillər aparmışıq. Bu təhlillərə uyğun olaraq müvafiq tədbirlər nəzərdə tutulub. İlk addım kimi, əmək müqavilələrinin qeydiyyatı sistemini yaratmışıq. Eləcə də Əmək Müfəttişliyinin nəzarət tədbirləri ilə bağlı planlar var”. Qanun layihəsi səsə qoyularaq qəbul edilib. Qanun 2017-ci il iyulun 1-dən qüvvəyə minəcək. Bu dəyişikliklər indiyə qədər pensiyaya çıxanlara şamil edilməyəcək.
Nigar




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10132

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info