“Azərbaycanda öyrəndiyimiz təcrübə əsasında ABŞ-da tolerantlığı təkmilləşdirəcəyik”
Tarix: 13.03.2017 | Saat: 21:26:00 | E-mail | Çapa göndər


“Biz Azərbaycanda yəhudi və müsəlmanların bir yerdə dostcasına yaşamasının şahidi olduq”

Xəbər verdiyimiz kimi, ABŞ-ın müxtəlif ştatlarında çoxsaylı tədbirlər təşkil edən “Salaam Şalom Qardaşlığı” antisemitizm və islamafobiyaya qarşı mübarizə aparan yəhudi və müsəlman qadınlardan ibarət təşkilatın üzvləri Azərbaycanda səfərdədirlər. Səfər Azərbaycanın ABŞ-dakı səfirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyası və Azərbaycan Mərkəzi tərəfindən təşkil olunub. Qonaqlar səfər çərçivəsində bir sıra görüşlər keçiriblər. “Salaam Şalom Qardaşlığı” təşkilatının yəhudi və müsəlman rəhbərləri Şeryl Olitzkiy və Atiya Aftab öz səfər təəssüratlarını bizimlə bölüşdülər.
Şeryl Olitzkiy dedi ki, təşkilatın əsas məqsədlərindən biri xalqlar arasında sülhü yaymaqdır: “Biz təşkilat olaraq bir neçə ölkəyə belə səfərlər etmişik. Azərbaycana yəhudi və müsəlman qadınlardan ibarət 34 nəfərlik qrupla gəlmişik. Martın 7-dən Azərbaycandayıq. Bakı çox gözəl şəhərdir, gördüyümüz insanlar bizə çox dostcasına münasibət göstərirlər. Əsas məqsədimiz dünyada məşhur olan iki din nümayəndələrinin birlikdə yaşamasını görməkdir. Biz, əsasən, bu birgəyaşayışın təcrübəsini öyrənib ABŞ-a aparmaq istəyirik. Bu təcrübə əsasında ABŞ-da tolerantlığı təkmilləşdirəcəyik”.
Şeryl Olitzkiy Azərbaycanda, həqiqətən də, plüralist bir cəmiyyətin mövcud olduğunu qeyd etdi: “Azərbaycan dünya dövlətləri üçün öz multikultural dəyərləri, tolerantlığı ilə bir örnəkdir. Burada müxtəlif dinlərin, xalqların nümayəndələri bir ailə kimi yaşayır, bir-birlərinə hörmət və qayğı ilə yanaşırlar”.
O, Bakıda keçirdiyi görüşlər haqqında da danışdı: “Biz səfər çərçivəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Təhsil Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Qafqaz Müsəlmanları İdarəsi, “ADA” Universiteti və s. təşkilatlarda görüşlər keçirdik. Bu görüşlərdə Azərbaycan xalqına xas olan tolerantlıq, multikultural və ailə dəyərləri, qadın hüquqlarının müdafiəsi, gender bərabərliyi və digər mövzular ətrafında müzakirələr aparıldı. Eyni zamanda ikitərəfli əməkdaşlığın genişləndirilməsi, maarifləndirmə tədbirlərinin keçirilməsi və gələcək layihələr müzakirə olundu”.
Nəzərə çatdıraq ki, xanımlar Azərbaycanın regionlarında da olublar. Şeryl Olitzkiy regionlardan çox müsbət təəssüratla qayıtdıqlarını dedi: “Biz Qəbələ, Şəki, Şamaxı və Qubaya səfər etdik. Quba səfəri mənim üçün çox maraqlı oldu. Biz Qubada dağ yəhudilərinin yığcam yaşadıqları Qırmızı qəsəbəni gəzdik. Qəsəbədəki yəhudi qəbiristanlığını ziyarət etdikdən sonra “Altı günbəz” sinaqoqunda olduq. Bizə məlumat verdilər ki, Qırmızı qəsəbədə məskunlaşan yəhudilər uzun illərdir öz adət-ənənələrini yaşadırlar. Biz gördük ki, orda yəhudilərin dini icması və milli mədəniyyət mərkəzi fəaliyyət göstərir. Biz, həmçinin Qırmızı qəsəbədə yəhudilərin hər il qeyd etdiyi Purim bayram şənliyində də iştirak etdik. Milli mədəniyyət mərkəzində keçirilən tədbirdə mən də çıxış etdim. Bu tədbirdə mən sevincimdən göz yaşlarımı saxlaya bilmirdim. Biz şahidi olduq ki, Azərbaycandan öyrənəcəyimiz şeylər çoxdur. Yəni burda müxtəlif icmaların və dinlərin birgə yaşaması və ənənələrini yaşatması bizim üçün böyük bir ibrət dərsidir. Biz burdan aldığımız ismarıcı öz ölkəmizdə yaymağa çalışacağıq.
Biz günün ikinci yarısında Quba Soyqırımı Memorial Kompleksini və ərazidəki kütləvi məzarlığı da ziyarət etdik. Burada gördüklərimizdən çox təsirləndik. Mən buradakı xatirə kitabına ürək sözlərimi yazdım”.
“Salaam Şalom Qardaşlığı” təşkilatının üzvləri Qubadakı zəngin memarlıq üslubuna malik, 1802-ci ildə tikilən Cümə məscidində və xalçaçılıq müəssisəsində də olublar.
“Salaam Şalom Qardaşlığı” təşkilatının müsəlman rəhbəri Atiya Aftab səfərlə bağlı fikirlərini bildirərək qeyd etdi ki, Azərbaycanda müsəlman və yəhudilərin birgəyaşayışı onda iftixar hissi yaradıb: “Mən öncə təşkilatçılığa görə Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyası və Azərbaycan Mərkəzinin sədri İradə Axundovaya öz təşəkkürümü bildirmək istəyirəm. Təxminən bir həftədir ki, biz Azərbaycandayıq. Mən müsəlmanam. Biz Azərbaycanda yəhudi və müsəlmanların bir yerdə dostcasına yaşamasının şahidi olduq. Sizin ölkənizdə insanın milli və dini mənsubiyyətindən asılı olmayaraq ona çox gözəl münasibət bəslənir. Bu məni bir müsəlman kimi sevindirir. Biz bir daha şahidi olduq ki, Azərbaycanda dünyaya nümunə sayılacaq multikultural dəyərlər, tolerantlıq mühiti var. İslam müasirliklə vəhdət təşkil etdir, İslamda qadına, ailəyə xüsusi önəm verilir. Biz bu kimi məsələlərdə Azərbaycanla təcrübə mübadiləsinin aparılmasında maraqlıyıq”.
Atiya Aftab Bakı və regionlarda məscid, kilsə və sinaqoqların fəaliyyətinin onları heyran etdiyini dedi: “Bizim Şəki, Qəbələ, Şamaxı və Qubaya səfərlərimiz oldu. Qəbələdə Nic kəndində Kotari kilsəsinə getdik. Orda kilsənin rəhbəri bizi qarşıladı. Həmçinin Şəkinin Kiş kəndinə, eləcə də Şah sarayı, Şəki bazarına getdik. Şamaxıda məsciddə olduq. Tarix muzeyinə baş çəkdik. Səfər çərçivəsində bütün gördüklərimiz bizdə, ümumiyyətlə, Azərbaycan haqqında çox müsbət təəssürat yaradıb”.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10473

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info