Ərdoğan və Netanyahunun Moskva səfərini zəruri edən səbəb
Tarix: 13.03.2017 | Saat: 23:58:00 | E-mail | Çapa göndər


Türkiyə və Rusiya xarici işlər nazirləri arasında telefon danışığı olub

Suriya mətbuatında İranla bağlı yer alan xəbərlər göstərir ki, pərdə arxasında ciddi oyunlar gedir. Əvvəlcə onu qeyd edək ki, həmin xəbərlərdə Bəşər Əsədin İrana Suriyada hərbi-dəniz bazası yaratmağa razılıq verdiyi qeyd edilir. Həmin hərbi-dəniz bazasının Rusiyanın istifadə etdiyi Hmmeym bazasının yaxınlığında olduğu bildirilir. Bazanın Latakiyada yaradılacağı planlaşdırılır. Hərbi baza ilə bağlı məlumat, hələlik rəsmi təsdiqini tapmayıb.
Amma İsrail baş naziri Netanyahunun son Moskva səfərində əsas müzakirə mövzularından birinin Suriya və İranla bağlı olduğunu nəzərə alsaq, onda baza xəbərini heç də qeyri-ciddi qəbul etmək olmaz. Putinlə görüşdən sonra keçirilən mətbuat konfransında Netanyahunun səsləndirdiyi fikirlər də bunu göstərir. İsrailin baş naziri mətbuat konfransında bildirmişdi ki, İranın Suriyada daimi qalmaqla bağlı səyləri onun Moskva səfərinin əsasını təşkil edir: “Biz görürük ki, İran Suriyada hərbi iştirakını və infrastrukturunu genişləndirməkdədir. Buraya hərbi-dəniz bazası yaratmaq cəhdlərini də əlavə etmək lazımdır. Bütün bunların İsrailin təhlükəsizliyi üçün böyük əhəmiyyəti var”.

İranın Aralıq dənizi sahilində yerləşən Latakiyada baza yaratmaq istəyi regionda yeni vəziyyət yarada bilər

Netahyahunun Moskvadan hansı razılıqla qayıtdığı bəlli deyil. Amma bir məsələ dəqiqdir ki, Bəşər Əsəd Moskvanın razılığı olmadan İrana hərbi baza yaratmaqla bağlı müsbət cavab verə bilməz. Deməli, məsələ Rusiya ilə həll olunmalıdır. Hərbi ekspertlər hesab edir ki, hərbi-dəniz bazası yaratmaq çox baha başa gəldiyindən Tehranın bu addımı atacağı, hələlik gözlənilmir. Çox güman ki, burada söhbət İranın Suriyada hərbi infrastrukturu genişləndirməsindən, əlavə anbarlar, anqarlar inşa etməsindən gedir. Suriya mediası yazır ki, İranın hərbi-dəniz qüvvələrinə məxsus gəmilər Aralıq dənizi sahilində yerləşən Latakiyada lövbər sala bilər. Həmin yerdə vaxtilə keçmiş SSRİ-nin Aralıq dənizindəki hərbi bazası yerləşirdi. Bu gün Rusiyanın Aralıq dənizində daimi operativ hərbi-dəniz gəmiləri üzür. “Nezavisimaya qazeta” nəşri yazır ki, iqtisadi çətinliklərə görə Rusiya Tartusdan əlavə Latakiyanı da ikinci bazaya çevirmək imkanında deyil. Amma İran bunu edə bilər. İran ordusunun Baş Qərargah rəhbəri Baqeri ötən ilin noyabr ayında elan etmişdi ki, ölkənin hərbi gəmiləri üçün tezliklə Suriya və Yəməndə bazaya ehtiyac yarana bilər. Həmin vaxt bu məlumatın təbliğat xarakterli olduğu qeyd edilirdi. Amma indi elə düşünənlərin sayı kəskin azalıb-məsələ ciddiləşir. Tramp dönəmində ABŞ və koalisiya qüvvələri Suriyada hərbi iştiraklarını artıraraq Əsəd və müttəfiqləri olmadan mübarizə aparmağa, terrorçulardan azad edilən ərazilərdə Əsədə alternativ yaratmağa çalışırlar. Bu isə separatizm meyillərini artırır. Situasiyanı dəyişmək və Fəratın şərq sahillərini azad etmək üçün Rusiya və müttəfiqlərinin hərbi potensiallarını artırması zərurətə çevrilib. Amma təkcə Rusiya aviasiyasının gücü ilə bunu etmək çətindir. Rusiya hərbçiləri üçün bütün hərbi avadanlıqlar Tartus limanında yerləşən baza vasitəsilə çatdırılır. İranın Suriyada öz qüvvələrini necə təmin etdiyi bəlli deyil. Amma hərbi potensialı artırmaq üçün yeni bazaya ehtiyac var. Hərbi ekspert Yuri Netkaçev hesab edir ki, İranın daim ordu birləşmələrinin əməliyyatlarda iştirakı Əsədin qələbəsini təmin edə bilər. Amma bunun üçün hərbi bazaya ehtiyac var ki, döyüş sursatları dəniz yolu ilə ora gətirilsin: “Bu çox ciddi məsələdir və ABŞ, İsrail, Türkiyə və NATO-nun narazılığına səbəb ola bilər”. Bu, məsələlər Ərdoğanın son Moskva səfərində də diqqət mərkəzində olub. Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan açıqlayıb ki, Türkiyə Silahlı Qüvvələri Azad Suriya Ordusu ilə birlikdə Münbiç şəhərinin terrorçulardan azad edilməsi üçün əməliyyat keçirəcək. Ərdoğan bildirib ki, Suriyadakı əməliyyatların növbəti hədəfi Münbiçdir: “Ölkəmizin təhlükəsizliyi üçün təhdid yaradan Suriya ərazilərinə Cerablus istiqamətindən Azad Suriya Ordusu ilə birlikdə daxil olduq. Raiyə, Dabıka, Əl-Baba girdik və oraları “İŞİD” terrorçularından təmizlədik. Növbədə Münbiç var". Ərdoğan bu məsələni Rusiyada prezident Putinlə müzakirə etdiyini deyib. O bildirib ki, "Fərat qalxanı" əməliyyatında yeganə məqsəd Suriyanı Türkiyə üçün təhdidə çevrilən ünsürlərdən təmizləməkdir. Suriyanın şimalında hansısa terror təşkilatının dövlət qurmasına icazə verməyəcəyik. Bunu yadda saxlasınlar. Onlar bu torpaqlarda heç bir dövlət qura bilməyəcəklər. Qərb dövlətləri nə edirsə-etsin, Suriyada, Yəməndə, İraqda insanlıq adına üzərimizə düşən vəzifələri alnımız açıq şəkildə yerinə yetirəcəyik”. Onu da qeyd edək ki, PKK terror təşkilatının Suriya qanadı olan PYD Münbiçdə muxtariyyət elan edib. Bir məqamı da xatırladaq ki, dünən Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında sürpriz telefon danışığı olub. Rusiya XİN-in məlumatına görə, tərəflər Suriya məsələsi ilə bağlı Astana görüşünə hazırlığı, atəşkəs barədə razılığın yerinə yetirilməsinin gedişatını müzakirə ediblər.
A.Miriyev




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Yerevan meri postuna seçkilərdə xeyli qanun pozuntusu və insident qeydə alınıb
24.09.2018
Aşot Qriqoryan: “Bu gün Ermənistanın yürütdüyü siyasət acınacaqlı vəziyyətdədir”
24.09.2018
Minsk şəhərində “Bakı Bulvarı”
23.09.2018
İrəvanda “ölü canlar” da seçki bülletenlərinə salınıb
22.09.2018
Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info