“Özbəkistanla turizm əlaqələrinin daha da inkişaf etdirilməsi üçün yaxşı imkanlar var”
Tarix: 14.03.2017 | Saat: 19:42:00 | E-mail | Çapa göndər


Samir Abbasov: “Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistan-Azərbaycan dostluğunun təcəssümüdür”

Müsahibimiz Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovdur.

-Samir müəllim, qısa olaraq Azərbaycan Mədəniyyət Mərkəzinin yaradılması və onun fəaliyyəti haqqında məlumat verərdiniz.
-2010-cu il sentyabrın 27-də Daşkənddə ulu öndər Heydər Əliyevin adını daşıyan küçədə Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin rəsmi açılışı oldu.
Açılış mərasimində Prezident İlham Əliyev və Özbəkistanın baş naziri Şavkat Mirzoyeyev iştirak etdilər. Bu Mərkəz, əslində, Özbəkistan-Azərbaycan dostluğunun təcəssümüdür. Mərkəzdə, eyni zamanda, Özbəkistan-Azərbaycan Dostluq Muzeyi də fəaliyyət göstərir. Mədəniyyət Mərkəzi ulu öndər Heydər Əliyevin adını daşıyır. Bu da çox əlamətdar haldır. Çünki ulu öndər Heydər Əliyev bütün dövrlərdə Azərbaycan ilə Özbəkistan arasındakı əlaqələrin inkişafı üçün böyük səylər göstərib. Həm sovet dövründə xalqlarımız arasındakı münasibətlər çox yaxın idi, qardaşlıq zəminində qurulmuşdu, həm də xüsusi ilə müstəqillik dövründə Heydər Əliyev və İslam Kərimov - iki ölkənin liderləri olaraq ikitərəfli münasibətlərin bugünkü yüksək səviyyəyə gəlib çatmasında çox mühüm rol oynayıblar.
Mədəniyyət Mərkəzinin əsas fəaliyyəti iki ölkə arasında mədəniyyət, turizm, ədəbiyyat, mətbuat sahəsində münasibətləri inkişaf etdirmək və əməkdaşlığa dəstək olmaq, dostluq əlaqələrinin möhkəmləndirilməsinə xidmət etməkdir.
Mədəniyyət Mərkəzimiz Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində fəaliyyət göstərir və səfirliyin qeyd etdiyim sahədə fəaliyyətini həyata keçirir.
-Bizə məlumdur ki, aparılan təbliğati işlərlə yanaşı, Özbəkistanın müxtəlif təhsil ocaqlarında, ali məktəblərində, muzeylərində Azərbaycan guşələri, otaqları açılıb. Bu haqda məlumat verərdiniz.
-Mədəniyyət Mərkəzinin layihəsi ilə Daşkənddə Özbəkistan Dövlət Konservatoriyasında Üzeyir Hacıbəyli adına Azərbaycan-Özbəkistan Musiqi Mədəniyyəti Mərkəzinin açılışı olub. Layihə çərçivəsində Özbəkistan Dövlət Konservatoriyasında yerləşən "Soqdiana" Xalq çalğı alətləri Dövlət Kamera Orkestrinin zalı müasir səviyyədə qurulub, tərtibat işləri aparılıb.
Özbəkistan Mədəniyyət və İdman Nazirliyi ilə əldə olunan razılaşmaya əsasən Mərkəzə dünya şöhrətli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin adı verilib.
İnanıram ki, Mərkəz gələcəkdə Özbəkistanda Azərbaycan milli musiqisinin təbliğatçısına çevriləcək, dünya şöhrətli Azərbaycan bəstəkarlarının əsərlərinin təbliğinə və Özbəkistan səhnələrində tez-tez ifa olunmasına şərait yaradacaq.
Sözügedən mərkəzə Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Azərbaycan xalq çalğı alətləri üçün əsərlər, ölkəmizdə çap olunan musiqi nəşrləri, notlar, disklər hədiyyə olunub, Azərbaycan və özbək musiqişünaslarının, bəstəkarlarının portretləri vurulub, habelə ölkəmizin mədəniyyətini əks etdirən guşə yaradılıb.
Bundan başqa, mən qeyd edə bilərəm ki, Özbəkistan Milli Elmlər Akademiyasının Dövlət Tarix Muzeyində "Azərbaycan pavilyonu"nun açılışı olub. Bununla əlaqədar Tarix Muzeyinin 1-ci mərtəbəsində xüsusi sərgi zalı Azərbaycan tərəfinin müvəqqəti istifadəsinə verilib. "Azərbaycan Qafqazın dürdanəsi" adlı pavilyonda ölkəmizin tarixi, dövlətçiliyi, xəritələri, Azərbaycanın müxtəlif regionlarında ipəkdən və yundan hazırlanmış xalçalar, Azərbaycanın tarixi abidələrinin əsasında hazırlanmış maketlər, müxtəlif milli musiqi alətləri - tar, saz, qabal, balaban, zurna və s. nümayiş etdirilir. Pavilyonda Azərbaycanın Qarabağ diyarının milli qadın və kişi geyimləri, habelə ölkəmizin qədim tarixinə dair bir sıra muzey eksponatları sərgilənir.
Pavilyonda nümayiş etdirilən Azərbaycan kəndlisinin ənənəvi evi bura gələnlərin böyük marağına səbəb olub. Azərbaycan evi milli ornamentlər əsasında hazırlanıb və evdə uşaq beşiyi, məişət əşyaları, yun əyirən cəhrə, çay süfrəsi, habelə Azərbaycan kəndlisinin istifadə etdiyi kənd təsərrüfatı alətləri, lavaş və çörək bişirilməsi üçün təndir ziyarətçilərdə böyük maraq yaradıb. Sərgidə ikitərəfli əməkdaşlığa dair unikal kitablar, xəritələr, habelə ölkəmizin turizm resurslarına dair ayrıca bölmə yaradılıb.
Bölmədə Azərbaycan səfirliyinin və Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə özbək dilində son zamanlar nəşr olunan kitablar, habelə hazırlanan ölkəmizin turizm resurslarına dair videoçarx nümayiş etdirilir.
Ötən ilin noyabr ayında yaradılan "Azərbaycan pavilyonu" hazırda aktiv şəkildə fəaliyyət göstərir.
Bildiyiniz kimi 2013-cü ildə isə layihəmizlə Daşkənddə Nizami Gəncəvi adına Dövlət Pedaqoji Universitetində Azərbaycan Mədəniyyəti və Ədəbiyyatı Mərkəzi fəaliyyət göstərir. Sözügedən Mərkəzdə mütəmadi olaraq ikitərəfli mədəniyyət və ədəbiyyat layihələri həyata keçirilir.
- Bəs Azərbaycan diasporunun dəstəklənməsi, Özbəkistandakı tanınmış azərbaycanlıların irsinin təbliği istiqamətində nə işlər görülür?
-Təşkilatımız tərəfindən Özbəkistandakı Azərbaycan diaspor təşkilatına daim dəstək göstərilir və birgə tədbirlər keçiririk. Özbəkistan da Azərbaycan kimi çoxmillətli dövlətdir. Özbəkistanda bütün millətlərə öz mədəniyyətlərini, adət və ənənələrini yaşatmaq və inkişaf etdirmək üçün bütün şərait yaradılıb.
Bildiyiniz kimi azərbaycanlılar daim Özbəkistanın mədəni həyatında fəal olublar. Onların arasında Seyid Rza Əlizadə, Maqsud Şeyxzadə, Yusif Hüseynov, Eynulla Əliyev, İxtiyar Rza, Firudin Səfərov və b. tanınmış soydaşlarımız var.
Onların yaradıcılığının, irsinin təbliği bizim üçün prioritet məsələlərdəndir. Ötən müddət ərzində Özbəkistanda tanınmış azərbaycanlıların xatirəsinin əbədiləşdirilməsi, onların zəngin irsinin təbliği istiqamətində də əməli işlər görülüb.
Ötən ilin 3 mart tarixində Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin layihəsi ilə Özbəkistanda tanınmış azərbaycanlı, Özbəkistan Rəssamlıq Akademiyasının həqiqi üzvü olmuş, tanınmış rəssam, kino-teatr xadimi Yusif Hüseynovun yaşadığı binanın qarşısında onun barelyefinin açılış mərasimi olub.
4 mart tarixində isə Mədəniyyət Mərkəzində rəssam Yusif Hüseynovun "За кулисами" adlı fərdi sərgisinin açılışı olub.
Tədbirdə Azərbaycan səfirliyi, onun Mədəniyyət Mərkəzi, Özbəkistanın tanınmış mədəniyyət, incəsənət, rəssamlıq sahəsi üzrə xadimləri, rəssamla birgə çalışmış sənət adamları, diaspor fəalları, Daşkənddəki Rəssamlıq və Dizayn İnstitutunun müəllim və tələbələri iştirak ediblər.
Yusif Hüseynovun "За кулисами" adlı fərdi sərgisində ümumilikdə rəssamın 18 əsəri bir ay müddətində Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin Özbəkistan - Azərbaycan Dostluq Muzeyində nümayiş olunacaq. Sərgidə rəssamın bir sıra əsərləri ilk dəfə olaraq ictimaiyyətə təqdim olunub.
Hazırda Özbəkistan Rəssamlıq Akademiyasının Səmərqənd bölməsinin sədri olmuş, tanınmış azərbaycanlı rəssam Eynulla Əliyevin və Özbəkistan Yazıçılar Birliyinin üzvü olmuş, azərbaycanlı şair İxtiyar Rzanın xatirələrinin əbədiləşdirilməsi, onların yaşadıqları binanın üzərinə xatirə löhvəsinin vurulması və s. tədbirlər istiqamətində işlər aparılır.
Mütəmadi olaraq Özbəkistanın dövlət müstəqilliyi günü münasibəti ilə Daşkənddə mərkəzi Bobur parkında keçirilən festivallarda Azərbaycan stendinin yaradılması, Daşkənd İslam Universitetində xalqların mədəniyyət festivalında iştiraka və ölkəmizin mədəniyyətinə dair sərgilərin təşkili məqsədi ilə diaspor təşkilatımıza müvafiq dəstək göstərilir.
-Turizm sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində hansı işlər görülür?
-Fəaliyyətimizdə turizm sahəsi daim əsas prioritetlərdən olub. İki dövlət arasında tarixi bağlılıq, yaxınlıq, viza rejiminin olmaması bu əlaqələrin daha da genişləndirilməsinə imkan verir.
Əsas məqsədimiz Özbəkistanda Azərbaycanın turizm resurslarını təbliğ etmək, ölkəyə daha çox özbək turistlərini cəlb etməkdir.
Bununla əlaqədar keçirilən tədbirlərdə bizə verilən imkanlardan istifadə edərək ölkəmizin daha çox tanıdılmasına nail olmağa çalışırıq.
2016-cı il 19 aprel tarixində Özbəkistanda keçirilən "İstirahət dünyası 2016" Daşkənd IV beynəlxalq turizm sərgisində Azərbaycanın Özbəkistandakı səfirliyi və səfirliyin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzi ölkəmizi təmsil ediblər.
Sərginin əsas məqsədi Özbəkistanın, habelə dünya ölkələrinin turizm resurslarını təbliğ etmək, turizm şirkətləri arasında əlaqələri genişləndirmək, şirkətlər və turistlər üçün faydalı turpaketlər təqdim etmək olub. Builki sərgidə Özbəkistanla yanaşı, Azərbaycan, Malayziya, Türkiyə, Çin, İspaniya, Fransa, Çexiya, Ukrayna, Sinqapur və s. ölkələr öz turizm resurslarını təqdim ediblər.
Təşkil olunmuş Azərbaycan stendində ölkəmizin turizm resurslarına dair materiallar, nəşrlər nümayiş etdirilib və paylanılıb. Sərgidə ölkəmizin dünya səviyyəli müalicəvi istirahət məkanları olan Naftalan, Naxçıvan-Duzdağ turizm obyektlərinin təqdimatını həyata keçirilib. "Чудесный Нафталан" adlı videoçarx nümayiş edilib, ölkəmizin turizmi, mədəniyyəti, milli mətbəxinə dair nəşrlər sərgilənib.
İştirakçılara Azərbaycanın turizm məkanları, paytaxt Bakı ilə yanaşı, regionlardakı bütün turizm marşrutları, tarixi abidələr haqqında məlumatlar verilib. Özbək turistlər Naftalandakı müalicəvi istirahət mərkəzləri, burada fəaliyyət göstərən “Chinar Hotel SPA Naftalan”, "Qaşaltı", "Garabag Resort&Spa", Naftalan Terapiya Mərkəzində müalicə, istirahət haqqında ətraflı məlumatlandırılıb.
Sərgi çərçivəsində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Özbəkistanda 2015-ci ildə çap olunmuş özbək və rus dillərində “Муъжизавий Нафталан: Чудесный Нафталан" kitabçasının təqdimatı keçirilib.
Ötən ilin 5-6 oktyabr tarixində isə Daşkəndin Mərkəzi Sərgi Sarayında 22-ci Daşkənd Beynəlxalq Turizm yarmarkasınada da ölkəmizi Beynəlxalq sərgidə Azərbaycanın Özbəkistandakı Səfirliyi və onun nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzi təmsil ediblər.
Sərgi yarmarkada Azərbaycan Mədəniyyət Mərkəzi turizm şirkətlərimizlə birgə turistlər üçün Azərbaycanın Bakı şəhərinə 1 həftəlik istirahət turu, Naftalan şəhərinə 10 günlük müalicə turlarını turistlərə təqdim edib.
Daşkənd Dövlət İqtisadiyyat Universitetində "Xidmət sektoru və turizm: problemlər və perspektivlər" adlı beynəlxalq konfransda iştirak edərək turizm sahəsində Azərbaycan təcrübəsi, Azərbaycan-Özbəkistan əməkdaşlığı mövzusunda məruzəm olub.
Təbliğat işini gücləndirmək və özbək turistləri ölkəmizə cəlb etmək məqsədi ilə Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə hazırlanan videoçarx 2016-cı ilin noyabr ayında Özbəkistan Dövlət Televiziyasının kanallarında nümayişinə start verilib. Videoçarx Özbəkistanın "Mədəniyyət və Mərifət" telekanalında nümayiş etdirilib.
Videoçarxda Azərbaycanın tanıtımı, Bakı şəhəri, onun görməli yerləri, tarixi "İçərişəhər", şəhərin arxitekturası, Bakı gecələri, dəniz mənzərəsi dənizkənarı Milli Park öz əksini tapıb. Videomaterialın musiqisində "Qarabağ şikəstəsi"dən istifadə olunub.
Hazırda ölkələrimiz arasında turizm əlaqələrinin daha da inkişaf etdirilməsi üçün yaxşı imkanlar var. Bundan başqa, Daşkəndin Mərkəzi küçəsində Azərbaycanın turizm resurslarının təbliğinə dair hazırlanmış müvəqqəti reklam lövhəsi 3 ay müddətində nümayiş etdirilib.
(Ardı növbəti sayımızda)
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
23.09.2018
Biz tələbələri nəzəri cəhətdən çox yaxşı hazırlayırıq, ancaq praktiki cəhətdən yox
22.09.2018
Azərbaycan dinlərin və mədəniyyətlərin toqquşduğu deyil, qovuşduğu bir yerdir
21.09.2018
“Tələbələrin ixtisasa uyğun təcrübə qazanmaları üçün kifayət qədər imkanlar var”
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info