“Qarabağ məsələsində Azərbaycan hökuməti ilə məcburi köçkünlərin və ziyalıların mövqeləri üst-üstə düşür”
Tarix: 14.03.2017 | Saat: 23:43:00 | E-mail | Çapa göndər


Əlibəy Məmmədov:
“Bu isə Ermənistana qarşı aparılan siyasətdə Azərbaycanın gücünə güc qatmış olur”

Ötən illərlə müqayisədə hazırda Yaponiyada Qarabağ mövzusu geniş təbliğ olunur. Bu təbliğat işi, əsasən, Yaponiyanın hökumət təqaüdçüsü, Hokkaido Universitetinin doktorantı, Hokkaydo Universiteti Xarici Tələbələr Assosiasiyasının Fəxri Prezidenti (ötən iki ildə prezidenti), Yaponiya-Azərbaycan Əməkdaşlıq Assosiasiyasının sədri Əlibəy Məmmədov tərəfindən aparılır.
Qeyd edək ki, Ə.Məmmədov 1988-ci ildə Moskvada tarixçi ailəsində dünyaya göz açıb. Uşaqlıq illərini Bakıda keçirib. 147 saylı texniki-humanitar liseyin məzunudur. 10-cu sinifdə oxuyarkən Tarix fənni üzrə Respublika Olimpiadasında 2-ci yerə layiq görülüb. Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində yapon dili və ədəbiyyatı üzrə təhsilini davam etdirib. Qırmızı diplomla bakalavr təhsilini bitirdikdən sonra 2009-2010-cu illər Füzuli rayonunda hərbi xidmət çəkib. 2010-2012-ci illərdə Yaponiya ilə bağlı bir çox qısamüddətli işlərdə çalışıb. 2012-ci ilin aprel ayından etibarən Azərbaycanda yerləşən Yaponiya səfirliyində keçirilən imtahanda ən yüksək nəticə göstərməklə, Yaponiyaya ümumi 6 illik olmaqla, Yaponiya hökumətinin dövlət təqaüdlərinə layiq görülüb. Yaponiyanın Hokkaydo Universitetində elmi fəaliyyətini davam etdirir. Yaponiyanın aparıcı media orqanlarında Dağlıq Qarabağla bağlı müsahibələri çap edilib. Elm və biznes dünyası ilə yaxından əməkdaşlıq etməklə Yaponiyanın müxtəlif təbəqələri arasında Azərbaycan adının, onun mədəniyyətinin, zəngin tarixinin tanıdılması işinə böyük töhfələr verir. Eyni zamanda Tokio şəhərinin məktəblərində müntəzəm olaraq Azərbaycanla bağlı dərslər deyir.
-Yaponiyada Qarabağ və Kuril adaları mövzusunda apardığınız elmi araşdırmada hansı nəticə əldə edibsiz?
-İcazə verin, sualınıza bir qədər geniş cavab verim. Mən 2012-ci ilin aprel ayından etibarən Yaponiyanın ən qədim və imperator universitetlərindən biri olan Hokkaydo Universitetində Yaponiya hökumətinin təqaüdləri hesabına təhsilimi davam etdirirəm. Mənim araşdırma apardığım sahə üzrə Yaponiyada ən yüksək səviyyəli elm adamının Hokkaydo Universitetində işləməsi seçimimdə əsas səbəb idi. Bu proqram üzrə il ərzində maksimum 3 tələbə Yaponiyada təhsil almaq hüququna yiyələnir. Mənim zamanımda (2011-ci ildə) yapon dili üzrə, sadəcə, mən bu hüququ əldə etmişdim. Digər iki həmkarım isə ingilis dili proqramlarında bu hüquqa yiyələnmişdi. İlk 1 ili tədqiqatçı tələbə, növbəti 2 ili magistrant, son 3 ili isə doktorant tələbə kimi təhsil almaqdayam. Ümumi 6 illik təqaüd proqramıdır. Yaponiyanın Azərbaycanda yerləşən səfirliyinin məsləhəti və dəstəyi ilə Yaponiyaya göndərilmişəm. İlkin mərhələdə sırf Cənubi Kuril adalarına keçmiş ada sakinlərinin və onların davamçılarının mövqeyindən baxmaqla, Yaponiyanın elm dünyasına yeni bir baxış gətirmək fikrində idim. Bir çox mənalarda buna nail oldum. Bilirsiz, bu çox vacib məqamdır və təəssüflər olsun ki, əksər tədqiqatçılar, elm adamları bunu önəmsəmirlər. 1945-ci ildən və ondan sonrakı dövrdə İkinci Dünya müharibəsinin nəticəsi olaraq Sovet İttifaqı Cənubi Kuril adalarını əldə etdikdə, bu adalarda yaşayan 17 mindən çox yapon, ölkənin əsas adalarına köç etmək məcburiyyətində qalmışdı. Onların yarıdan çoxu bu adalara ən yaxın şəhər olan Hokkaydo adasının uzaq şərqində yerləşən Nemuro şəhərində məskunlaşıb. Digər hissəsi isə Sapporo, Hakodate və başqa şəhərlərdə məskən salıb. Keçmiş ada sakinlərinin orta yaş həddi 80-dir. 70 ildən artıq bir müddət keçsə də adalar qayatarılmayıb. Bu səbəbdən Yaponiya hökumətinə qarşı inamsızlıq, ümidsizlik vardır. Keçmiş ada sakinləri bütün Cənubi Kuril adalarının geri qaytarılmasını tələb etsələr də, birlikdə olduqda, söhbətləşdikdə qeyd edirlər ki, əslində, cəmi 2 ada qayıtsa da çox sevinərik. Adaların qayıtması ilə həm də dəniz ərazisi genişlənmiş olar ki, bu da öz növbəsində balıqçılığın inkişafına və miqyasına böyük təkan verər. Cənubi Kuril adaları ilə bağlı bir konkret məsələ var ki, Yaponiya hökuməti 1951-ci ilin San-Fransisko müqaviləsində açıq şəkildə Kunaşir və İturup adalarından imtina edib, Şikotan və Habomai arxipelaqının qaytarılması isə sırf Yaponiya ilə münasibətlərin normallaşdırılması baxımından, 1956-cı ildə Sovet İttifaqı tərəfindən atılmış xoş niyyətli bir addımdır. Lakin bu, hər iki dövlət arasında sülh müqaviləsi imzalanandan sonra baş verə bilər. 50-ci illərin sonu, 60-cı illərdə isə Yaponiya gücləndikcə, Amerika ilə ittifaq qurduqca, sovetlərlə münasibətlərində soyuqlaşma yaşandı. Digər tərəfdən Amerikanın o zamankı dövlət katibi Con Foster Dalles konkret olaraq Yaponiyaya hədə-qorxu gəldi ki, əgər iki adanın geri qaytarılması ilə razılaşıb, Sovet İttifaqı ilə münasibətləri normallaşdırsa və sülh müqaviləsi imzalasa, o zaman Okinava adalarını geri qaytarmayacaqlar. Seçim qarşısında qaldıqda isə Yaponiya tərəfi təbii olaraq strateji baxımdan daha əhəmiyyətli olan Okinavanı üstün tutmaqla yanaşı, Sovet İttifaqına qarşı bütün 4 adanın geri qaytarılması tələbini qoymaqla, münasibətləri xoşagəlməz məcraya sürükləmiş oldu. Bunun nəticəsində Sovet İttifaqı, ümumiyyətlə, ərazi probleminin mövcudluğunu belə, qəbul etmədi. Ümumiyyətlə, keçmiş Sovet-Yaponiya, müasir Rusiya-Yaponiya münasibətlərini düşündükcə hər zaman Amerika faktorunu nəzərə olmaq lazımdır. Bu olmadan, Yaponiyanın geosiyasi vəziyyəti, siyasi həyatı və ərazi problemi haqqında konkret fikir yürütmək yanlış olardı.
-Yaponiya hökuməti Kuril adaları mövzusunda hansı mövqedədir?
>-Yaponiya hökuməti hər zaman qeyd edir ki, Cənubi Kuril adaları ilə bağlı siyasətində keçmiş ada sakinlərinin mövqelərini əsas götürür və istənilən kompromis onlar tərəfindən mənfi qarşılanır. Mənim araşdırmalarım isə onu göstərdi ki, əksinə, keçmiş ada sakinləri Rusiya hökuməti ilə ola biləcək hər hansısa bir kompromisə real və xoş yanaşırlar. Mənim araşdırmamda cəmi 39% bütün adaların geri qaytarılmasını dəstəkləmiş, 47% isə bunun əksinə çıxmışdır. Yaponiya hökumətinin Cənubi Kuril adaları siyasətini dəstəkləyən cəmi 6%, dəstəkləməyən isə 74% olmuşdur. Rusiya ilə siyasətini dəstəkləyən 14%, buna qarşı çıxan isən 65% olmuşdur. Adaların qayıdacağı təqdirdə geri qayıtmaq istəyən yaponlar cəmi 49% təşkil etmişdir. Eyni zamanda yerli rusiyalı ada sakinləri ilə yaşamaq istəyənlərin faiz göstəricisi 78 olmuşdur. Onlar qeyd edirlər ki, bu ərazilər həm də yerli rusların vətənidir. Bu haqda Yaponiyanın məşhur “Yaponiyanın Sərhəd Araşdırmaları” adlı elmi jurnalında mənim elmi məqaləm çap edilib. Hazırda ingilis və yapon dilli bir çox ədəbiyyatlarda mənim elmi işimdən sitatlar gətirilməkdədir. Gördüyünüz kimi, keçmiş ada sakinləri hökumətə qarşı kifayət qədər sərt və tənqidi mövqedə dayanırlar. Tokioda oturanların əksəriyyəti keçmiş ada sakinlərinin həqiqi hislərini, yerli mühiti, demək olar ki, bilmir. Hətta yaponların böyük əksəriyyəti ərazi probleminə maraq da göstərmir. Bu isə hökumət üçün kifayət qədər böyük çətinliklər yaradır.
-Dağlıq Qarabağ münaqişəsinin Kuril adaları məsələsindən fərqi nədir?
-Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyət kifayət qədər fərqlidir. Mən eyni araşdırmanı bir qədər fərqli formada, Azərbaycanda (Bakı və Bərdə şəhərlərində) məcburi köçkünlər və ziyalılar arasında da həyata keçirdim. Bununla bağlı elmi işim hələ çap edilmədiyindən dərinliklərə vara bilməyəcəm. Amma onu deyə bilərəm ki, araşdırmalar nəticəsində Azərbaycan hökuməti ilə məcburi köçkünlərin, ziyalıların fikir və mövqeləri bir çox əsas məqamlarda üst-üstə düşürdü. Bu isə Ermənistana qarşı aparılan siyasətdə Azərbaycanın gücünə güc qatmış olur. Ümumiyyətlə, siyasi elita ilə problemdən birbaşa əziyyət çəkənlər arasında eyni fikrin olması düşünürəm ki, müsbət amildir. Araşdırmamın nəticələrinə əsasən geri qayıtmaq istəyənlər 90%-dən çox olmuşdur. Ermənistanın dərhal Azərbaycan torpaqlarından çıxmasını tələb edənlər də bir o qədər olmuşdur. Mən, hətta bu haqda Yaponiyada elmi konfranslarda çıxış edəndə elm adamları təəccüblənirlər ki, necə olur ki, adi insanlar, ziyalılar, siyasi elita və məcburi köçkünlərin mövqeyi bir çox əsas məqamlarda üst-üstə düşür.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
23.09.2018
Biz tələbələri nəzəri cəhətdən çox yaxşı hazırlayırıq, ancaq praktiki cəhətdən yox
22.09.2018
Azərbaycan dinlərin və mədəniyyətlərin toqquşduğu deyil, qovuşduğu bir yerdir
21.09.2018
“Tələbələrin ixtisasa uyğun təcrübə qazanmaları üçün kifayət qədər imkanlar var”
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
3 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info