“Ermənistanın məqsədli məskunlaşma siyasəti beynəlxalq hüquqa görə müharibə cinayətidir”
Tarix: 16.03.2017 | Saat: 00:22:00 | E-mail | Çapa göndər



Xələf Xələfov:
“Ermənistan tərəfindən Suriya və Livandan olan ermənilərin işğal olunmuş ərazilərimizə köçürülməsi təşviq edilir. Ermənistanın bu avantürasına beynəlxalq qiymət verilməlidir”
Milli Məclisdə AŞPA-nın miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin iclası keçirilir. İclası komitənin sədri, Milli Məclisin deputatı Sahibə Qafarova açıb. Sonra çıxış edən Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Avropa Şurasının bir çox üzvünün ərazisində münaqişələrin olduğunu bildirib.
Qeyd edib ki, Türkiyə və Azərbaycanda 4 milyondan çox qaçqın və məcburi köçkün var. Bu sıraya İtaliyadan, Yunanıstandan olan qaçqınları da əlavə etsək, vəziyyətin çox mürəkkəb olduğunu görə bilərik. “Krıma görə Rusiya sanksiyalarla üzləşib. AŞPA-nın son iclasından sonra Türkiyə də nəzarətə götürüləcək. Biz bunu ədalətli saymırıq. Bu məsələlərdə AŞPA-nın Miqrasiya, Qaçqın və Məcburi Köçkünlər üzrə Komitəsinin fəaliyyəti önəmlidir. 2005-ci ildən Azərbaycan Avropa Şurasına tam üzv olduğu andan bu günə qədər insan hüquqları, xüsusən, qadın, uşaq, ailələrin hüquqları kimi önəmli mövzuları həmkarlarımızla müzakirə etmiş, mövqelərimizi paylaşmışıq. Burada işğal təbii ki, beynəlxalq hüququn ciddi bir məsələsinə çevrilib və milyonlarla miqrantların yaranmasına səbəb olur. Bakıda keçirilən iclasdan sonra bu problemlərin həlli yollarının tapılacağına inanırıq”, - deyə S.Seyidov vurğulayıb. İclasda çıxış edən Milli Məclis sədrinin müavini Valeh Ələsgərov bildirib ki, AŞPA-nın komitə iclasının Bakıda keçirilməsi, hökumətlə müzakirələrin aparılması əlaqələrin gələcək inkişafından xəbər verir. Azərbaycan artıq 17 ildir ki, AŞPA-nın tamhüquqlu üzvüdür və bu təşkilatla sıx əməkdaşlıq edir.

Nazir:
“Bütün qaçqın və məcburi köçkün övladlarının təhsil hüququ təmin edilib”
Komitə iclasında çıxış edən təhsil naziri Mikayıl Cabbarov bildirib ki, Azərbaycanın ən böyük uğurlarından biri də qaçqın və məcburi köçkünlərin tam olaraq təhsil almasını təmin etməsidir. Nazir deyib ki, artıq bütün qaçqın və məcburi köçkünlərin övladları təhsil alır: “Bağça məsələsində müəyyən problemlər var, məktəbəqədər yaşda olan qaçqın və məcburi köçkün uşaqların 55 faizi məktəbəqədər təhsil müəssisələrinə qəbul edilib”. Təhsil naziri bildirib ki, qaçqın və məcburi köçkün uşaqlarla digər kateqoriyadan olan uşaqların təhsil uğurları sahəsində də fərq yoxdur.
Nazir Azərbaycan torpaqlarının bir hissəsinin Ermənistan tərəfindən işğalının, insanların doğma yurdlarından didərgin salınmasının təhsil sisteminə də mənfi təsir etdiyini bildirib. Diqqətə çatdırılıb ki, işğal nəticəsində 700-ə qədər təhsil müəssisəsi dağıdılıb.
Azərbaycanda qaçqın və məcburi köçkünlərin problemlərinin diqqət mərkəzində saxlanıldığını deyən M.Cabbarov bildirib ki, ali təhsil müəssisələrində təhsil alan qaçqın və məcburi köçkün uşaqların təhsil haqqı dövlət büdcəsindən ödənilir. Son 12 ildə ölkədəki məktəblərin 70 faizi təmir olunub və yenisi tikilib.
M. Cabbarov deyib ki, 2010-cu ildə Ağdam rayonunda Fariz Bədəlov Ermənistan əsgərləri tərəfindən snayperlə qətlə yetirilib: “Ermənistan münaqişənin sülh yolu ilə həlli istiqamətində bütün təşəbbüsləri əngəlləyir”. Onun sözlərinə görə, Azərbaycan təhsil sistemində etnik nifrətin aşılanması siyasətini seçməyib: “Azərbaycanda multikulturalizm və tolerantlığı aşılayan təhsil sistemi mövcuddur. Ermənistanda isə bunun əksidir. Azərbaycanda tarixən müxtəlif millətlər mehribançılıq və sülh şəraitində yaşayıb. Azərbaycan tolerantlıq sahəsində dünyaya nümunədir, antisemitizmin olmadığı nadir ölkələrdəndir. Biz inanırıq ki, gənclərin çoxdilli mühitdə təhsil alması cəmiyyətdə tolerantlığın güclənməsinə töhfə verəcək. Bu baxımdan ali təhsil müəssisələrimizdə müxtəlif ölkələrin tələbələrinin təhsil alması üçün imkanlar yaradılıb. Yalnız həqiqi vətəndaşlar kimi yetişdirilən insanlar millətin gələcəyinə töhfə verə bilər. Təhsil millətin gələcəyi üçün ən yaxşı vasitədir”.

“Qaçqın və məcburi köçkünlərin problemlərinin tam həlli yalnız torpaqlar azad ediləndən sonra mümkündür”
Xarici işlər nazirinin müavini Xələf Xələfov çıxışında deyib ki, qaçqın və məcburi köçkün problemlərinin həlli ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşılmasını, ikili standartlara son qoyulmasını, birgə humanitar səyləri vacib edir. Bu problemlər transmilli cinayətkarlığa, narkotiklərin qanunsuz dövriyyəsinə yol açır. Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində 1 milyondan çox qaçqın və məcburi köçkün mövcuddur. Bu problemin miqyası geniş olsa da, Azərbaycan hökuməti həmin insanların sosial vəziyyətinin yaxşılaşdırılması, təhsili və digər sahələrdə ciddi nəticələr əldə edib. Azərbaycan həm ölkə daxilində, həm də xaricdə qaçqın və köçkünlərə öz yardımını əsirgəmir. Hökumətimiz bu sahədə müvafiq qanunvericilik sistemi yaradıb, mənzil təminatı yaxşılaşıb, yoxsulluq azalıb. Ancaq qaçqın və məcburi köçkünlərin problemlərinin tam həlli yalnız torpaqlar azad ediləndən sonra mümkündür. Azərbaycan hökuməti bununla bağlı Böyük Qayıdış Proqramı hazırlayıb. Keçən il işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpasına başlanılıb. Ermənistanın məqsədli məskunlaşma siyasəti beynəlxalq hüquqa görə müharibə cinayətidir. Ermənistan tərəfindən Suriya və Livandan olan ermənilərin işğal olunmuş ərazilərimizə köçürülməsi təşviq edilir. Ermənistanın bu avantürasına beynəlxalq qiymət verilməlidir. Azərbaycan işğal olunmuş ərazilərini tezliklə azad edəcək, qaçqın və məcburi köçkünlərin problemləri həllini tapacaq. Beynəlxalq birlik bu məsələdə Azərbaycana dəstək verməlidir.
Sonra çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Azərbaycanda qaçqın və məcburi köçkünlərin, o cümlədən bu ailələrdən olan uşaqların, qadınların problemlərinin həllinin daim diqqət mərkəzində saxlanıldığını vurğulayıb. Bildirib ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ilk müşavirəsini məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması və sosial problemlərinin həllinə həsr edib. Bu, Azərbaycanda qaçqın və məcburi köçkünlərin problemlərinin həllinin prioritet məsələlər sırasında yer aldığını bir daha təsdiqləyir. “Azərbaycanda qadınların sahibkarlıq sahəsində bacarıqlarının inkişafına yönəlmiş layihələr həyata keçirilib, qadın sahibkarlara dəstək verilib. Ölkəmizdə təsdiqlənən strateji “yol xəritələri”ndə qadınların sahibkarlıq fəaliyyətinin genişləndirilməsi xüsusi diqqət mərkəzindədir. Regionlarda qadın sahibkarların fəaliyyətinin genişlənməsi də qarşıya qoyulan əsas məqsədlərdən biridir. Azərbaycanda qadın sahibkarlara diqqət sayəsində onların cəmiyyətdə rolu artıb. Bu, həm də gender bərabərliyinin təmin olunmasında mühüm rol oynayır”, - deyə H.Hüseynova qeyd edib. Dövlət Komitəsinin sədri gec-tez Azərbaycanın işğal olunmuş ərazilərinin azad ediləcəyinə, qaçqın və məcburi köçkünlərin torpaqlarına qayıdacağına inandığını vurğulayıb.

Keçən il üçüncü ölkə vətəndaşı olan 209 nəfər qaçqın statusu almaq üçün Dövlət Miqrasiya Xidmətinə müraciət edib
Dövlət Miqrasiya Xidməti rəisinin müavini Pərviz Musayev çıxışında bildirib ki, Azərbaycanda yaradılan müvafiq sistem sayəsində miqrantların hansı tarixdə ölkəyə daxil olduğu, harada yaşadığı, işlədiyi, yaxud ölkəni nə vaxt tərk etdiyi barədə məlumat bazası yaradılıb. Təkcə keçən il üçüncü ölkə vətəndaşı olan 209 nəfər qaçqın statusu almaq üçün Dövlət Miqrasiya Xidmətinə müraciət etdiyini diqqətə çatdıran P.Musayev deyib: “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin statusunun müəyyənləşdirilməsi üçün Miqrasiya Məcəlləsi qəbul edilib və 2013-cü il avqustun 1-dən qüvvəyə minib. Həmin Miqrasiya Məcəlləsi bu gün bir sıra xarici dövlətlər tərəfindən model kimi öyrənilir. Azərbaycanda qaçqın statusu almaq üçün müraciət edən şəxslər müraciətə baxıldığı müddətdə üçüncü ölkəyə verilmir, məcburən ölkədən çıxarılmır. Son illər üçüncü ölkədən olan iki qaçqına Azərbaycan vətəndaşlığı verilib. Azərbaycanda miqrantlara qarşı bu günə qədər ayrı-seçkilik, ksenefobiya halları qeydə alınmayıb”.
Sonra iclasda AŞPA nümayəndələrini maraqlandıran suallar cavablandırılıb. İclas martın 16-da da davam etdiriləcək, məruzəçilərin hesabatları dinləniləcək.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”
13.11.2018
Nazarbayev Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını təklif edib
13.11.2018
NATO Avropa ordusuna qarşı çıxdı
13.11.2018
Ermənistanın dövlət strukturlarında çalışanlar ixtisar ediləcək

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10477

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 “Gedir dayanmadan zamanın köçü”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info