Gizli xidmətimizin ilk general-leytenantı
Tarix: 28.03.2017 | Saat: 00:19:00 | E-mail | Çapa göndər


Elşad QOCA

Xeyli vaxtdır, keçmiş sovetlər dönəmində xüsusi xidmət orqanlarında, hərbi qu­rum­larda xidmət etmiş və Azərbaycan müstəqillik əldə etdikdən sonra taleyini gənc ölkənin qurulmasına həsr etmiş tanınmış şəxsiyyətlər haqqında sil­silə yazılar hazırlayıram. Bu qəbildən bir neçə tanınmış şəxsiyyətlərlə bağlı yazılar hazırlayıb oxucuların ixtiyarına vermişəm.
Görkəmli hərbi xadimlər kontr-admiral Həmid Qasımbəyov, general-mayor Abbasəli Novruzov barədə yazılar saytlarda saysız-hesabsız oxucu kütləsi topladı. Növbə şəxsiyyətinə böyük hörmət bəslədiyim Azərbaycan təhlükəsizlik orqanlarının ilk general-leytenantı, Ulu Öndər Heydər Əliyevin yaratdığı peşəkarlıq məktəbinin ən layiqli nümayəndələrindən olan indiki Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının rəisi Ziya Yusifzadəyə çatdı. Açığı, bu barədə çox düşünmüşəm. Yazını heç cür başlaya bilmirdim. Həm də Ziya müəllim haqqında materiallar toplamaq lazım idi. Qəribə burasıdır ki, Ziya müəllimin respublika mətbuatında müxtəlif mövzulara həsr olunmuş kifayət qədər müsahibələri, məqalələri dərc olunub. Ulu Öndər haqqında ayrı-ayrı illərdə yazdığı məqalələrdən və verdiyi müsahibələrdən ibarət nəfis tərtibatlı “Böyük insan” kitabı da çap olunub. Ancaq konkret olaraq özü barədə demək olar ki, çox az və əhatəli yazılmayıb. Düzdür, Ziya Yusifzadə haqqında bə­zi mənbələrdə bioqrafik xarakterli materiallar toplanılıb, ancaq onlar da daha çox bir-birinin təkrarıdır. Bu da növbəti çətinlik yaradırdı. Nəhayət, deyəsən alındı. Ürəyimi boşaltmağın vaxtı gəldi. Məni qınamayın, belə halda material birnəfəsə yazılır. İllahdaki, haqqında yazdığın sözün həqiqi mənasında böyük şəx­siyyət olanda və ürəyində yer tapanda. Qəbrin nurla dolsun, böyük insan.
Çox maraqlıdır, Ziya müəllimlə ilk görüşümün, ilk tanışlığımın başlanğıc tarixini xatırlamıram. Ancaq o yadımdadır ki, ilk dəfə dörd nömrəli hökumət rabitəsi ilə danışdıq. Ümumiyyətlə, Ziya müəllimlə telefon danışıqlarımız həmişə əməliyyat rabitəsi ilə deyil, hökumət rabitəsi vasitəsi ilə olurdu.
- Təzə nəyin var, nə yazırsan, dedi.
Onu qısaca məlumatlandırdım. İstiqlal tariximizlə bağlı hazırladığım materiallar barədə fikir mübadiləsi apardıq. Ona göndərdiyim “Cəllad etirafı”, “Sibir dərsi”, “Azərbaycanın təhlükəsizlik və xüsusi xidmət orqanları”, “Gizli xidmətin sirləri” kitablarıma görə təşəkkürümü bildirdi. Dedi ki, “Cəllad etirafı”, “Sibir dərsi” kitabların xoşuma gəldi, elə adları oxucunu çağırır, yaxşı seçmişsən. Bunun əhəmiyyəti böyükdür. Gözəl publisistikan var, bunu davam elə. Bilirsən, sənin yazıların niyə xoşuma gəlir? Sadə, anlaşıqlı, səlis dilin, aydın məntiqin var. Rahat oxunur. Xeyli yeni faktlara rast gəldim. Tənbəllik eləmə, yaz. “Azərbaycanın təhlükəsizlik və xüsusi xidmət or­qan­ları” kitabın isə elmi-publisistik səpgidədir. Açığı bu kitabın mənə daha xoş gəldi. Müdafiə eləmisən? Elmi dərəcən var?
- Xeyr, dedim.
- Böyük səhvin var, oğlum, təhlükəsizlik orqanları haqqında az-çox oxumuşam. Sənin kitabın 1918-1920-ci illərin nəinki təhlükəsizlik, həm də dövrün tarixinin öyrənilməsi baxımından qiymətlidir. Nə qədər tarixi faktlar. Bu mövzu barədə məlumatlıyam. Ancaq sənin kitabın tamam fərqlidir, əldə olunmuş faktlar da, onlara münasibətlər də bambaşqadır. Maraqlıdır, sən simiclik eləmə, kitablardan Akademiyanın kitabxanasına göndər, qoy kursant­lar oxusunlar. İstiqlal tariximizi hamı öyrənməlidir.
Bu sözləri Ziya Yusifzadə kimi böyük bir insanın dilindən eşitmək xoş idi. Özümü itirmişdim. O, vəziyyəti hiss etdi və mənə özümə gəlməyə şərait yaratdı. Söhbəti uzatmağa çalışırdı. Hiss etdim ki, məqsədi məni sakitləşdirməkdir. Qənaətim düz çıxdı. Ziya müəllimin yazılarım, xüsusən də onun oxuduğu kitablarım, tərcümələrim barədə fikirlərini, tövsiyələrini yeri gəldikcə istəkli oxu­cu­ların diqqətinə çatdıracağam.
Bax, beləcə bizim tanışlığımız başlandı. Həmin tarixi gündən sonra böyük şəxsiyyətlə telefon danışıqlarımız adi hala çevrildi. Sözün düzü, ilk vaxtlar Ziya müəllimlə danışanda yenə də içimdə bir narahatçılıq baş qaldırırdı, fikrimi tam söyləyə, əsaslandıra bilmirdim. Onu da deyim ki, bizim söhbətlərimiz əsasını daha çox əməliyyat xarakterli sözlərin rus dilindən tərcüməsi, mahiyyəti, yazılışı, tərcüməsi mümkün olmayan sözlərin yenidən yaradılması, yaxud uyğun sözlərin tapılması təşkil edirdi. Ancaq birinci sözü “nə yazırsan və ya nədən yazırsan?” idi. Deyəndə ki, maraqlı faktlarım var, yazıram, düz eləyirsən, yaz, deyirdi. Deyəndə ki, işim çoxdur, bir az fasilə vermişəm, a kişi iş həmişə var, yaradıcılığınla ciddi məşğul ol, deyirdi.
Bir həqiqəti etiraf etməyi özümə borc bilirəm. Ziya müəllim müzakirə etdiyimiz hər bir sözə xüsusi həssaslıqla yanaşırdı. Və təklif etdiyi sözlər, sonda bir qayda olaraq təsdiqini tapırdı. Bu o demək deyildir ki, mən onun hər bir təklifi ilə elə həmin dəqiqə razılaşırdım. Əsla yox. Heç Ziya müəllim də bunu məndən tələb etmirdi. Hər kəs öz variantını bildirirdi. Sadəcə təqdim edilən söz xeyli müzakirədən sonra həyata vəsiqə alırdı. Ancaq söhbətin sonunda həmişə adəti üzrə: - sluşi, (bu ifadəni tez-tez işlədirdi, xüsusən də kefi kök olanda) qəbul olunsun, deyirsən də - deyərdi. Beləcə telefon danışığımız bitərdi. Mənə elə gəlirdi ki, “sluşi” ifadəsini mənimlə münasibətdə olan vaxtlar işlədir. Sonradan onu daha yaxından tanıyanlarla söhbət zamanı aydın oldu ki, Ziya müəllim bu ifadəni tez-tez işlədir.
Ziya müəllim bu işlərə, telefonla fikir mübadiləsinə rəhmətlik Tofiq Heydərovu da cəlb eləmişdi. Tofiq müəllim zəng edəndə həmişə deyərdi ki, ay Elşad, Ziya müəllim ikimizi də işə salıb. Lazım olan kimi soruşur, Elşadla danışdın? Düzü, Ziya müəllimin mənə belə sıcaq münasibətinin nədən və haradan qaynaqlandığını bilmirdim. Elə Tofiq müəllim də mənə hörmətlə yanaşırdı. Təhlükəsizlik orqanlarında xidmət edənlər yaxşı bilirlər, Ziya Yusifzadə, Tofiq Heydərov kimi peşəkarlarla işləmək nə deməkdir. Rəhmətlik Tofiq müəllimlə tanış olsaq da ciddi ünsiyyətimiz olmamışdı. Bir dəfə, hələ kurslar (Akademiya yaradılmamışdan əvvəl) fəaliyyət göstərən vaxtlar nazirliyin rəhbər işçilərindən biri qəfildən zəng etdi. Dedi ki, uzaqdayam, başım yaman qarışıqdır, kurslarda dər­sim vardır, istəsəm də çata bilməyəcəyəm. Xahiş elədi ki, onu əvəz edim. Saata baxdım, dərsin başlanmasına 15 dəqiqə qalmışdı. Dedim, nə danışırsan, bunun 10 dəqiqəsini də yola sərf edəcəyəm. Heç bilmirəm mövzu nədir. Nə isə, çox çalışdım bu xahişdən vaz keçim, mümkün olmadı. Dəstəyi atıb qaçdım. Sözün düzü, pərt olmuşdum. Bu işin öhdəsindən necə gələcəyim barədə düşünürdüm. Növbətçi gəlişim barədə kursun rəhbəri Tofiq Heydərova məruzə etdi. Yuxarı qalxıb qapını astaca döydüm.
- Gəl, ay Elşad gəl, dedi. Özümü itirmişdim. Tofiq müəllim ayağa durub əllə görüşdü.
- Yazılarını, məqalələrini qəzet-jurnallarda oxuyuram, televiziya verilişlərində görürəm, 1920-1950-ci illərdə baş vermiş qırmızı repressiyalar barədə olan­ları isə xüsusi maraqla izləyirəm. Bu barədə dərsdən sonra geniş söhbət edərik.
Auditoriyaya daxil olduq, məni xoş sözlərlə kursantlara təqdim elədi: - Bilirsiniz ki, Elşad müəllim, həm də qələm əhlidir. Bu gün sizə xüsusi mühazirə oxuyacaq, 1920-1950-ci illərdə baş vermiş repressiyalar barədə MTN və DİN-in arxivlərində xeyli vaxtdır araşdırmalar aparır. Kitabları çıxır, məqalələr yazır, radioda, televiziyada verilişlərdə iştirak edir. Maraqlı və savadlı oğlandır. Bu mühazirələri heç yerdə eşitməmişsiniz. Təkcə sadaladığı faktlar sizin marağınıza səbəb olacaq. Bəlkə də bu faktları birinci dəfə eşidirsiniz. Hələ tam yazılmamış is­tiqlal tariximiz hamımızı, hər bir azərbaycanlını maraqlandırır. Uğur olsun!
İnsafən mövzunun adını eşidəndə bir az sakitləşdim, çətini başlamaq idi. 1920-1950-ci illərdə qırmızı imperiyanın insanların başına gətirdikləri müsibətlər barədə 90 dəqiqə bir nəfəsə danışdım. Ömründə ilk dəfə belə auditoriya qarşısında çıxış edirdim. Fasilə olmadı, zəng çalınsa da heç kim yerindən durmadı. Tofiq müəllim ətrafa baxdı, heç kimin yerindən tərpənmədiyini görüb işarə verdi ki, davam edim. İkinci qırx beş dəqiqənin necə gəlib keçdiyini hiss etmədim. Və müəllim peşəsinin şərəfli olduğu qədər də çətin olduğunu bir daha anladım. Əslinə qalanda, müəllim ailəsində böyüdüyümdən bu hisslər mənə olduqca doğma idi. Atam da, anam da, qardaşlarım da, bacım da talelərini müəllim peşəsinə bağlamışdılar. Ailədə məndən başqa, hamı pedaqoji fəaliyyətlə məşğul idi. Mühazirə bitdi, suallar yağış kimi yağırdı. Kursantları daha çox “Difai” partiyası və onun fəaliyyəti maraqlandırırdı. Qırx beş dəqiqə də belə keçdi.
Tofiq müəllim əllərimi sıxıb təşəkkür elədi, xoş sözlər söylədi. Belə mühazirələrin kursantlar üçün vacib olduğunu və bunun gələcəkdə də davam etdiriləcəyini bildirdi. 15 də­qiqə də onun kabinetində söhbət etdik. Səhv etmirəmsə, həyat yoldaşının tanınmış Səfikürdski nəslindən olduğunu bildirdi. Biləndəki Səfikürdskilərlə əlaqədar araşdırmalarım var, xeyli, bir-birindən maraqlı hadisələr danışdı. Son­ralar bununla əlaqədar yazılar yazanda Tofiq müəllimin danışdıqarı köməyimə gəldi. Rəhmətlik Tofiq müəllimlə ünsiyyətimiz belə yaranmışdı. Sonralar üzbəüz görüşməsək də, telefonla əlaqələrimiz çox olurdu. Hörmətli oxucu düşünəcək ki, müəllif Ziya müəllimdən danışırdı, qəfildən Tofiq mü­əllimə keçdi. Düşünürəm ki, hörmətli oxucular məhz bu hissənin Ziya mü­əllimlə tanışlığımıza bir keçid olduğunu hiss etdilər. Böyük şəxsiyyətlə yaranmış sıcaq münasibətin təməli uzun illər təhlükəsizlik orqanlarında çalışmış və xidmət etdiyi kollektivlərdə böyük nüfuzu olmuş Tofiq Heydərovla ünsiyyətdən sonra yaranmışdı. Yəqin ki, mənim barəmdə bilgiləri Ziya müəllimə o vermişdi. Beləliklə, mənim böyük Ziya müəllimlə tanışlığımız, daha doğrusu əməkdaşlığımız başladı. - Slu­şi, səninlə kitablar barədə danışmışdıq. Noldu, göndərdin? Bilirsən də kitablar oxunmaq üçündür. Müəllifin kitabı oxunmursa, deməli, ya yazdığı bir şey deyil, ya da simiclik edib kitablarını satmaq istəyir.
Bir həqiqəti bu gün əziz oxucularla bölüşmək istəyirəm. “Azərbaycanın təhlükəsizlik və xüsusi xidmət or­qan­ları”, “Tariximiz, taleyimiz” kitabları barədə Ziya müəllimlə dəfələrlə söhbətlərimiz olub. Görünür, Ziya müəllim bu kitabları tələsmədən, rahat oxuyurdu. Və hər dəfə də kitabların müəyyən hissələri barədə fikir mübadiləsi aparırdıq. Onu da deyim ki, bu kitablardan başqalarına da göndərmişdim, ancaq kimlərin bu kitabları oxuyub-oxumadıqları barədə məlumatım yox idi. Bəlkə də heç vərəqləməmişdilər. Lakin Ziya Yusifzadəni yaxından tanıyanlar onun bəyəndiyi əsərləri diqqətlə oxuduğunu və müəlliflə fikir mübadiləsi aparmağı sevdiyini söyləyirdilər. Özü də elə bir yaşda. Söhbətlərin birini indiki kimi xatırlayıram. 1918-1920-ci illərdə cəmisi 23 ay ömür sürmüş Azərbaycan Xalq Cüm­huriyyətinin xüsusi xidmət və təhlükəsizlik orqanlarının tarixi, onların rəhbərləri, fəaliyyətləri barədə geniş söhbətimiz oldu. - Bu barədə digər müəlliflərin də materiallarını vərəqləmişəm. Sənin kitabın yeni və maraqlı faktlarla doludur. Məncə kitabda verilən faktların az qala 80 faizi yenidir. Hiss olunur ki, arxivlərdə çox işləyirsən. Ona görə də kitab maraqlı çıxıb. Əməlli-başlı elmi tədqiqat işidir. Təkrar olmasın, nahaq yerə bunu sistemə salıb müdafiə etməmişsən. Burda nə var ki, çətini kitabı yazmaqdır. Bu da sən də var. Qa­lır texniki məsələlər. Bilirsən də, indi elmi ad almaq adiləşib. Ordan-burdan köçürürlər, adını da qoyurlar elmi iş. Vəssalam, oldu elmlər namizədi, elmlər doktoru. İndi də adını qoyublar filan sahə üzrə fəlsəfə doktoru, nə bilim nə. Sənə bir şeyi də deyim, bəzən bir məsələ haqqında iki nəfər yazır. Onun biri elmi dərəcəsi olan “alim”, digəri isə adi yazar olur. Nəticədə birincinin sözünə inanırlar, deyirlər filankəs alimdir. Əslində isə yazdığı zibildir. İndi də maşallah, belə zibillərin sayı ki­fayət qədərdir.
Ziya müəllim həqiqəti söyləyirdi. Sözün düzü, mənim elmi işlərə o qədər də həvəsim olmayıb. Mən bir kitab yazmağı elmi iş yazmaqdan daha üstün sayırdım. Ürəyimdə Ziya müəllimin dediklərini qəbul etsəm də, yenə yün­gülcə inad et­dim. İnsafən o da bu söhbətə bir də qayıtmadı. Nə isə, söhbətim­izi davam etdirək. - Həmin dövrün təhlükəsizlik orqanlarının fəaliyyətini yaxşı bölmüşsən. Birinci mərhələ 28 mart -11 iyun 1919-cu ili, ikinci mərhələ 11 iyun 1919-cu il - 6 mart 1920-ci ili, üçüncü mərhələ 6 mart - 28 aprel 1920-ci ili əhatə edir. Hətta arada, Əksinqilabla Mübarizə Təşkilatı Bakı Möhkəmləndirilmiş Rayonunun rəisinin də tabeçiliyinə verilib. Çox maraqlıdır. İnanın, çaşıb qalmışdım. Mənə elə gəldi ki, həyatda kitabımı yeganə Ziya müəllim oxuyub. Çünki heç kim mənimlə bununla bağlı bu dərəcədə aydın müzakirə aparmayıb. Və Azərbaycan əks-kəşfiyyatının 28 avqust 1918-ci ildə Azərbaycan hökumətinin 7 say­lı sərəncamı ilə yaranması barədə Səməd bəy Mehmandarovun əmrlərinin birində xatırlandığını, hətta bu vəzifəyə Ağalarovun təyin olunduğunu da de­yəndə do­nub qaldım. Bilmirdim nə deyim, sanki Ziya mü­əllim bu kitabı mənimlə birlikdə yazmışdı. Kimdən danışmadıq, Ağalarovdan, Məmmədbağır və Nağı bəy Şeyxzamanlı qardaşlarından, Ələkbər bəy Şahsuvarovdan, vaxtilə həmin qurumlarda çalışmış, sonralar qırmızı imperiyanın cəlladlarından birinə çevrilmiş Lavrenti Beriyadan, soyadları tanınmış insanlardan Şamçızadədən, Tatyana Şahtaxtinskayadan, Azərbaycanın ölkədən kənarda fəaliyyət göstərən ilk kəşfiyyatçısı polkovnik Məmməd bəy Əliyevdən, Hərbi kəşfiyyatın rəisi İrza bəy Ha­cıbəylinskidən və daha kimlərdən. Axırda: - məni xeyli məlumatlandırdın, ancaq Lavrenti Beriya barədə ayrıca danışarıq, əslinə qalanda Beriyanın AXC dövründəki fəaliyyəti məni daha çox maraqlandırır. Dünyanın tanıdığı Beriyanın müstəqil Azərbaycan təhlükəsizlik və xüsusi xidmət orqanlarındakı xidməti maraqlı olmaya bilməz, dedi. Bir də Azərbaycan xüsusi xidmət və təhlükəsizlik or­qan­la­rı­nın rəhbərlərinin siyahısını tərtib edəndə Ağalarovun adını yazmırıq, ancaq or­qa­nın tarixini onun rəhbərlik etdiyi qurumun yarandığı gündən götürürük. Səncə, maraqlı və haqlı sual deyil?
Bu söhbətə qayıdacağıq. Yadıma Ziya müəllimlə maraqlı bir dialoqumuz düşdü. Növbəti telefon danışıqlarımızın birində Ziya müəllim qəfildən söhbətin is­tiqamətini dəyişdi. - Sluşi, bir dayan görüm, yadımdan çıxmamış bir məsələni öyrənmək istəyirəm. AXC-nin təhlükəsizlik və xüsusi xidmət orqanlarında çalışanların peşə hazırlıqları, təhsilləri vardımı? Ümumiyyətlə, onların arasında peşəkarlar işləyirdimi? Təbii ki, maraq doğuran məsələ idi. Bu barədə mən hələ həmin suallara o dövrlə tanış olarkən cavab axtarmağa çalışırdım.
Mən birnəfəsə danışır, aradabir Ziya müəllimin mənə qulaq asıb-asmadığını öyrənmək istəyirdim. Sanki o, məni hiss edirdi, hərdənbir ya sözümü təsdiqləyir, ya da təəccübünü bildirirdi. İlk olaraq AXC-nin təhlükəsizlik və xüsusi xidmət orqanlarının fəaliyyətinin birinci mərhələsi barədə danışdım. Bildirdim ki, bu barədə Dövlət, DİN, eləcə də indiki DTX-nin arxivində yüzlərlə sənədlər saxlanılır. Onu da etiraf etdim ki, qırmızı imperiyanın nümayəndələri əldə olan sənədləri səliqə ilə saxlayıblar. Düzdür, bu sənədlərlə yalnız Azərbaycan müstəqillik qazandıqdan sonra tanış olmaq imkanı qazanmışıq. Birinci müstəqil Azərbaycan təhlükəsizlik orqanlarının ilk rəisi Ağalarov barədə danışdım. Ümumiyyətlə, Ağalarov, onun tərcümeyi-halı barədə məlumat çox azdır. Yalnız Səməd bəy Mehmandarovun məlum əmrində Ağalarov barədə qısaca məlumat almaq mümkün olur. Ağalarov çar ordusunda baş poruçik rütbəsində xidmət edib. Təhsili barədə məlumat yoxdur. Azərbaycan müstəqillik qazandıqdan sonra Milli Orduya dəvət olunub. Sonra kornet rütbəsi alıb. Avqust ayınadək Baş Qərargahda, xüsusi tapşırıqlar üzrə zabit vəzifəsində xidmətini davam etdirib. 28 avqust 1918-ci ildə Azər­baycan hökumətinin sədrinin 7 saylı sərəncamı ilə Azərbaycan əkskəşfiyyatının rəisi təyin edilib. Ancaq həmin gündən 1919-cu ilin mart ayınadək bu qurumun və Ağalarovun fəaliyyəti barədə sənəd əldə edə bilməmişəm. 1919-cu ilin mart ayından iyun ayının 11-dək xeyli materiallar tapmaq mümkün oldu. AXC-nin ilk əks-kəşfiyyatçıları, eləcə də ölkədən kənarda fəaliyyət göstərən kəşfiyyatçılar barədə saysız-hesabsız sənədlər mövcuddur. Və Ziya müəllimə deyəndə ki, onların istər ölkə daxilində, istər cəbhə bölgəsində, istərsə də ölkədən kənarda ümumi vəziyyət və əməliyyat şəraiti barədə yüksək səviyyədə, özü də rus di­lin­də tərtib etdikləri arayışlar, əməliyyat məlumatları və onların üzərində yazılmış dərkənarlar sovet və indiki dö­nəmdə yazılanlardan seçilmir, bəzən daha üstündür, dedikdə həmin də­qiqə sözümü kəsdi. - Nə danışırşan, yəni təhsilləri və bu sahədə təcrübələri olmaya-olmaya belə peşəkarcasına işləyirdilər, dedi. Misal çəkdim, əks-kəşfiyyatçılardan Ağalarovun özü, yasavul Yusupov və başqalarının sə­nədləri yüksək səviyyədə hazırlanıb. Hələ kəşfiyyatçıları demirəm. Tiflisdə Azərbaycan Xalq Cümhuriyyətinin nümayəndəliyində həm attaşe, həm də kəş­fiy­yat zabiti kimi xidmət edən, eyni zamanda Gür­cüstanın Baş Qərargahı ilə Ermənistana qar­şı gizli kəşfiyyat işləri aparan, hərbi topoqraf polkovnik Məm­məd bəy Əliyevin, eləcə də Şah­zadə Məmməd kod adı ilə Er­mənistandan, döyüş bölgələrindən qiymətli məlumatlar ötürən, lakin adını müəyyən edə bilmədiyim kəşfiyyatçı barədə danışanda, Ziya müəllim maraqlı işlər varmış, dedi.

1919-cu ilin 11 iyunundan başlayan Azərbaycan təhlükəsizlik orqanlarının ikin­ci mərhələsi çox qarışıq, çətin bir dövrə düşür. Ölkədə yaranmış bolşevik təhlükəsi ilə əlaqədar kəşfiyyat qurumu Hərbi nazirliyin tərkibində saxlanıldı. Əks-kəşfiyyat isə Əksinqilabla Mübarizə Təşkilatı (ƏMT) adı ilə müstəqil quruma çevrildi. Təşkilatın fəaliyyət göstərdiyi 9 aya yaxın bir müddətdə Məmmədbağır və Nağı bəy Şeyxzamanov qardaşları rəhbərlik etmişdir. Şeyxzamanovlar barədə söhbətimiz daha uzun çəkdi. Məmmədbağır bəy təşkilata 2 aydan bir qədər artıq, Nağı bəy isə 7 aydan bir qədər az müddətə ƏMT-ya başçılıq etmişdi. Ziya müəllimi daha çox onların fəaliyyəti maraqlandırırdı. Məmmədbağır bəy səh­hə­tinə görə öz ərizəsi ilə təşkilata rəhbərlikdən imtina etmişdi. O parlamentin üzvü olduğundan millət vəkili kimi fəa­liy­yət göstərirdi. Nağı bəy isə təşkilatın ləğv edildiyi günədək, yəni 1920-ci ilin mart ayının 6-dək təşkilata rəhbərlik etmişdi. - Təşkilatın fəaliyyəti dövləti niyə qane et­mirdi sualını verəndə, başa düşdüm ki, Ziya müəllim məsələnin dərinliyinə get­mək istəyir. Təəssüflər olsun ki, ƏMT Müsavat və Hümmət partiyalarının göndərdiyi nümayəndələr əsasında formalaşmış­dı. Bir-birinə zidd ideologiyalara xidmət edən təhlükəsizlik əməkdaşlarının birgə fəaliyyəti necə ola bilərdi? Hümmətçilər açıq-aşkar bolşeviklərə, Rusiyaya işləyirdilər. Ona görə də hazırlanmış əməliyyatlar tez-tez uğursuzluğa düçar olurdu. Bununla bağlı yüzlərlə arxiv sənədləri saxlanılır. Hətta təşkilatın fəaliyyətinin da­yandırılması, yenidən qu­rul­ması, yaxud digər qurumların tabeçiliyinə verilməsi məsələləri də müzakirəyə səbəb olurdu. Təbii ki, ƏMT-nın fəaliyyətini sıfıra endirmək də ol­maz. Burada Məmmədtağı Dadaşov, Yusif bəy Bayraməlibəyov, Hüseyn bəy Mansurski, Əli Razi Şamçızadə, eləcə də Lavrenti Beriya kimi bacarıqlı şəxslər işləyirdilər. Təşkilat ermənilərlə, denikinçilərlə, ingilislərlə mübarizədə fəallıq göstərə bilirdi. Bu barədə arxivlərdə onlarla sənədlər saxlanılır. Hətta təşkilat oktyabr ayında ölkədə vəziyyətin gərginləşməsi, Denikin ordusunun Azər­baycan sərhədlərinə yaxınlaşması və hər an hücum təhlükəsinin olduğu bir vaxtda vahid mərkəzdən müdafiə məqsədilə yaradılmış Bakı Möhkəmləndirilmiş Rayonunun rəisi general Tlexasın tabeçiliyinə verilmişdi. ƏMT-nın Əsasnaməsini də Tlexas təsdiq etmişdi. Tlexas qatı antibolşevik və tələbkar olduğundan rəh­bərlik etdiyi qurum bütün istiqamətlərdə, o cümlədən ƏMT da daxil omaqla, bolşeviklərə qarşı yorulmadan mübarizə aparılırdı. Elə bolşeviklərə qarşı növbəti tədbirlərin biri təşkilatın fəa­liyyətinin dayandırılmasına səbəb oldu. Təşkilatın əməkdaşları tərəfindən məşhur bolşevik Nikolay Çikalonun (sonralar Ukrayna KR MK-nın Siyasi bürosunun üzvü, Xarkov Vilayət KP MK-nın katibi, 1938-ci ildə güllələnib) həbsi za­ma­nı guya onun döyülməsi faktı şişirdildi və bolşeviklərin təzyiqi ilə ƏMT buraxıldı.

Ziya müəllim bu yerdə mənim sözümü qəfildən kəsdi: - maşallah, rahat və aydın danışırsan. Qəbul edilsin. Beriyanı yenə də unut­dun. Deməsəm, keçəcəksən birbaşa 3-cü mərhələyə, yəni İnformasiya şöbəsinə. Bu tərəflərə də gəlmirsən də. Bir gəl də, oturub danışaq. Yaxşı oldu, arada davam edə­rik. Mütləq zəng elə, ha.
Hərdən mənə elə gəlirdi ki, o uzun danışıqlardan bezir. Ona görə də sözümü yarımçıq kəsir. Bəzən də sözün düzü Ziya müəllimi anlamırdım. Da­nı­şı­ğın­dan hiss edirdim ki, kitabları oxuyub. Bəs niyə məni danışdırır? Ancaq növbəti dəfə danışanda, sluşi, bax ha, xaltura edirsən, deyəndə, bilirdim ki, ardıcıllığı pozmuşam. Beləliklə, söhbətimiz da­vam edirdi.
Lavrenti Beriya haqqında danışmamışdan əvvəl mənə bir sual verdi: - Elşad, sən həm jurnalistsən, həm də faktiki tarixçisən, istiqlal tariximizlə bağlı çoxlu yazıların, araşdırmaların var. Bir de görüm, Beriya haqqında sənin şəxsi fikrin nədir? Təbii ki, Lavrenti Beriya digərləri kimi deyil, nəinki Sovetlər birliyində, eləcə də dünyada tanınmış tarixi şəxsiyyətdir. Onun haqqında az oxumamışam, məlumatlıyam. Ancaq sənin kitabında müəyyən bilgilər vardır. Məhz o illər mənim üçün qaranlıqdır.
- Əlbəttə Ziya müəllim, Beriya dünyada tanınmış tarixi şəxsiyyətdir, hansı tərəfdən araşdırsaq da onu tarixdən silmək mümkün deyildir. Onun səhvləri ilə yanaşı, xidmətləri vardır. Zarafat deyildir, SSRİ kimi nəhəng qırmızı imperiyanın əsas rəhbərlərindən biri olmuşdur. Beriyanın keçdiyi yolu hər təsadüfi adam keçə bilməz. Stalinin ən yaxın çevrəsinə daxil olan Lavrenti Beriyanın həyat yolunda Əksinqilabla Mübarizə Təşkilatının da özünəməxsus yeri vardır. Öm­rünün çox az bir hissəsini ƏMT-də keçirən Beriyanın məhz bu məsələyə görə az qala ömrünün sonuna qədər başı ağrıyıb. Onun düşmənləri fürsət düşən kimi Beriya Müsavat əks-kəşfiyyatının agenti olub deyə onu ləkələməyə, Stalinin gözündən salmağa çalışıblar. Dəfələrlə bu məsələ şəxsən Stalinin rəhbərliyi ilə keçirilən iclaslarda müzakirə olunub.
Hiss olunurdu ki, Ziya müəllim Beriyanın sovet dövrü haqqında mə­lu­mat­lı­dır. Hətta elə rus müəlliflərinin adını çəkirdi, ya mən onları tanımırdım və ya yazdıqlarını oxumamışdım. Lavrenti Beriyanın Müsavat Əks-kəşfiyyatında, yəni ƏMT-da qısa fəaliyyətini AR DTX-nin arxivində saxlanılan istintaq işindən və Nağı bəy Şeyxzamanlının “Azərbaycan istiqlal mücadiləsi xatirələri” kitabından öyrənməyə çalışmışıq. İstintaq işində cəmisi 2 sənəd saxlanılır. Birinci sənəd onun həbs edilməsi barədə orderdir. 8 sentyabr 1920-ci ildə Azərbaycan Fövqəladə Ko­missiyasının əməkdaşları Beriyanı Müsavat əks-kəşfiyyatının agenti (əməkdaşı) kimi həbs etmişdilər. İkinci sənəd isə 8 sentyabr 1920-ci ildə açılmış istintaq işinin 1932-ci ildə şəxsən L.Beriyanın özünə göndərilməsi barədədir. Onu da deyim ki, dövlət arxivində ƏMT ilə bağlı fondu ən lazımsız vərəqinə qədər vərəqləmişəm. Ən az məlumat Lavrenti Beriya barəsindədir. Onun adı yalnız ümumi tərtib edilmiş müxtəlif siyahılarda keçir. Siyahının birində 11-ci sırada agent kimi onun soyadı göstərilir. Mandat nömrəsi 1-dir. “Hansı dilləri bilir” qrafasında “rus dilində savadlı”, “türk dili” əvəzində “gürcü dili, savadlı” yazılıb. Di­gər siyahı da isə “senzura işləri üzrə rəis” yazılıb. Ar­xiv bilgiləri bu qədərdir. Beriya haqqında daha geniş bilgiləri onun rəisi olmuş Nağı bəyin xatirələrindən öy­rənirik. Bil­diyimiz kimi, ƏMT “Müsavat” və “Hümmət” partiyalarının üzvləri əsa­sında təşkil edilmişdi. Nağı bəyin yazdığına görə, Lavrenti Beriyanı “Hümmət” partiyasının tövsiyəsi ilə təşkilatın senzura şöbəsinə götürmüşdü. O, sosialist kimi çar rejiminin qəti əleyhdarı idi. 21 yaşlı Lavrenti işinə son dərəcədə məsuliyyətlə yanaşırdı. Verilən tapşırıqları vicdanla yerinə yetirir, ürəklə çalışırdı. Əldə etdiyi məlumatlarla əlaqədar düzgün izahat verirdi. Nağı bəy onun bacarığını, çalışqanlığını nəzərə alır, senzura şöbəsinin rəisi vəzifəsinə təyin edir. Nağı bəy onun konkret faktlarla qəddarlığını da xüsusi olaraq qeyd edir. Eyni zamanda, anası da və özü də maddi sıxıntı içərisində yaşayırdı. İşdən aldığı maaşla, ərzaqla vəziyyətini düzəldə bilmişdi.
1920-ci ilin əvvəllərindən bolşeviklər gənc Azərbaycan dövlətinə qarşı açıq-aşkar hücuma keçmişdilər. ƏMT da fəaliyyətini (Tlexasa tabeçilik dövründə) onlara qarşı gücləndirmişdi. Təşkilatın bir çox bolşevik üzvləri işdən uzaq­laş­dırılmışdı. Bununla yanaşı, Beriya hələ vəzifəsində qalırdı.
Nağı bəyin xatirələrindən onu da öyrənirik ki, günlərin bir günü Beriya yoxa çıxır. Onu çox axtarırlar. Nəhayət, Nağı bəy belə qənaətə gəlir ki, Lavrenti Beriya Azərbaycanın hüdudlarından çıxıb. Ancaq Nağı bəy onun 2 aylıq maaşını anasına göndərir.
28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti bolşeviklər tərəfindən işğal edildikdən sonra Nağı bəy Şeyxzamanlı Gürcüstana keçmək məcburiyyətində qalır. Xəstəxanaların birində təsadüfən Beriya ilə rastlaşır. Ancaq bu görüş Beriyanın ürəyincə olmur. - Niyə məni xəbərdar etmədən Gürcüstana keçdin, de­yə Nağı bəy onu sorğu-suala tutur. Beriya cavabında bildirir ki, siz mənim əqidə, yəni kommunist yoldaşlarımı təqib edirdiniz. Orada qala bilməzdim. Sizinlə yolumuz tamam ayrılmışdır. Anama maaşımı verdiyinə görə təşəkkür edirəm. Nağı bəy Beriyadan soruşur ki, Azərbaycanda bolşeviklərin hərəkətlərindən xəbəri var­mı? Çarın atasına rəhmət oxuyurlar. İnsanları nahaqdan güllələyirlər, təqib edirlər. Məni tutsalar, kömək edərsənmi? Cavabında Beriya deyir ki, nahaq yerə bolşeviklərdən qaçırsınız, onlar Qafqaza hürriyyət gətirirlər. Getsəniz yaxşıdır, mən sənə kömək etməyəcəyəm.
Ziya müəllimi Beriya ilə Nağı bəyin dialoqu çox maraqlandırdı. Söhbətə diqqətlə qulaq asırdı. Arada Ziya müəllim Nağı bəyin qeyd etdiyi qəddarlıq söh­bə­tinə yenə qayıtdı. Rus dilində alçaqdan nəsə dedi, düzü eşitmədim. Sonra: - hər şey aydındır, davam elə, dedi.
Beriya sonralar hakimiyyət yollarında sürətlə irəlilədi. Tiflisdə, Moskvada müxtəlif vəzifələr tutdu. Stalinin ən yaxın çevrəsinə daxil oldu. Ancaq Beriyanı bir məsələ, müsavat əks-kəşfiyyatında işləməsi daim düşündürür, narahat edir­di. Ona görə də 1932-ci ildə Lavrenti Beriya haqqında arxivdə saxlanılan istintaq işini Moskvaya apartdıraraq (Mircəfər Bağırovun bundan xəbəri vardı) özündə saxlamışdır. Lakin bu da Beriyanı düşdüyü vəziyyətdən çıxara bilməmişdir. Bu, onun zəif yeri idi, onu rəqibləri də bilirdi. Məqam düşdükcə bu məsələni gündəmə çıxarırdılar. - Bəs SSRİ Nazirlər Sovetinin dəftərxana müdiri Suxanov bu sənədləri Beriyanın seyfində necə görmüşdü və nə əcəb Beriya bu sənədləri vaxtında məhv etməmişdi? - deyə Ziya müəllim qəfil mənim sözümü kəsdi. Hiss elədim ki, Lev Bezımenskinin “Novoye vremya” jurnalında Suxanova istinadən Lavrenti Beriya haqqında yazdığı materialdan xəbəri var.
- Şübhəsiz ki, Suxanov Beriyanın razılığı olmadan onun seyfinə baxış keçirə bilməzdi. Ola bilsin, hansısa sənədin seyfdə axtarışı zamanı Suxanov Beriyanın ƏMT ilə əlaqəli materiallarını görmüşdü. Beriyanın başağrısına çevrilmiş bu materialları məhv etməsi mümkün deyildi. Çünki Bakıda, indiki DTX-nin arxivində bu işin Beriyanın özünə verilməsi barədə qeydlər vardı. Eyni zamanda, Mircəfər Bağırov bu məsələdən xəbərdar idi. Çox güman ki, Beriya bu məqamları nəzərə alırdı.
Ziya müəllim nəsə demək istədi, ancaq demədi. Bir anlıq susdu, mən də susdum, gözlədim. Handan-hana “mən də belə güman edirəm”, dedi.
Nağı bəy Şeyxzamanlının xatirələrində bir məqam da diqqəti cəlb edir. 1950-ci illərdə İstanbulda özünü dolandırmaq üçün əntiqvarçılıqla məşğul olan Nağı bəyin dükanına təsadüfən bir nəfər gəlir. Uzun sözün qısası, məlum olur ki, həmin təsadüfi adam İstanbulda sovet baş konsuludur. Beş gündən sonra həmin konsul yenə gəlir. Gərgin dialoqdan sonra konsul deyir ki, dünyada barışıq və sülh olmasını istəmirsiniz, bilirsiniz Stalin öldükdən sonra Rusiyanı (SSRİ nəzərdə tutulur) üç nəfər idarə edir: Beriya, Molotov və Malenkov. Eşitdiyimə görə, Beriya sizin idarənizdə (ƏMT nəzərdə tutulur) işləmişdir, Moskvada hamı bilir ki, Beriya liberalizmə yuvarlanmışdır, kolxozun dağıdılmasının tə­rəfdarıdır. Ona məktub yazın, Qərb dünyası ilə anlaşsın, məktubda ikinizin də bildiyiniz məsələlərdən bəhs edin ki, məktubun sizin tərəfdən yazıldığı aydın ol­sun. Məktubunuzu kuryer vasitəsilə göndərərəm. Nağı bəy sərt şəkildə ona bildirir ki, mən də sülh tərəfdarıyam, lakin bir məktubla dünyada sülhün gerçəkləşəcəyinə inanmıram. Və təbii ki, Nağı bəy məsələnin mahiyyətini anlayır və məktub yazmır. Aradan bir qədər keçir, Beriyanın güllələnməsi xəbəri bütün dünyaya yayılır. Həmin günlərdə Nağı bəy Be­riya barədə İstanbulda çıxan “Və­tən” qəzetinin müxbirinin suallarına cavab vermişdi.
- Aydındır, elə bu müsahibəni də çox güman ruslar təşkil etmişdilər, ümumiyyətlə, danışdığın bu mə­qam­lar­da maraqlı detallar vardır, deyə Ziya müəllim söh­bətə müdaxilə etdi.
Nağı bəyin gəldiyi bir nəticə də Ziya müəllimin marağına səbəb oldu. Nağı bəy qeyd edir ki, Moskvada, 20-ci qurultayda Xruşşov Molotov, Malenkov və Kaqanoviçə deyir, “Beriya ölməsəydi, siz də burada oturmazdınız. O, alçaq milli Azər­baycan Xalq Cümhuriyyətinin kəşfiyyat xidmətində çalışmış və xaricdə yaşayan müsavatçılar ilə əlaqə yaratmış və sözləşmişdir. Sovet hakimiyyətini yıx­mağı düşünmüşdür. Bunu oxuyanda Moskvanın nə üçün Beriyaya məktub yazılmasını istədiyini anladım. Deməli, məktubu mənim adımdan yazmışdılar. Be­ri­yanı bu mək­tubun əsasında öldürmüşdülər”.
- Hər şey gün kimi aydındır. Elşad, bir tədqiqatçı kimi, bir orqan əməkdaşı kimi sənə elə gəlmirmi ki, hələ çox qaranlıqlar aydınlaşmalı, gizlinlər açılmalıdır. İstanbulda baş verənlər də diqqəti çəkən məqamlardır. Əlbəttə, bunlar zamanın işidir. Ancaq bütün bunlara baxmayaraq çox sağ ol, yazdığın kitab da, gəldiyin nəticələr də maraqlıdır. Mən Beriya haqqında az oxumamışam, xüsusən də rus mət­buatından. Ancaq inanıram ki, çox mətləblərin açılmasına ehtiyac vardır. Onlarla, bəlkə də yüzlərlə sənədlər arxivlərdə yatır. Yəqin ki, zamanı gələr, arxivlər açılar, bax onda çox məsələlər aydınlaşar.
Sözün düzü, qoca general-leytenantın dedikləri məni sonralar çox düşündürdü. Ancaq əldə olunan faktlardan geniş istifadə etmişdim. Dövlət və digər arxivlərdə işləyərkən materialları bir-bir vərəqləyirdim ki, bəlkə yeni nəsə tapa bil­dim. Bəzən əvvəl baxdığım toplulara birdə baxmağa çalışırdım, bəlkə, yeni materiallar əldə edə bildim. Bütün bunlara baxmayaraq, təzə bir şey tapa bilmədim. Çox güman qoca general Moskva arxivlərini nəzərdə tuturdu. Onu da qeyd etmək lazımdır ki, Beriya məhkəmədə Müsavat əks-kəşfiyyatında işlə­məsini özünün ən ağır cinayətlərindən biri hesab eləmişdi. Doğrudan da bu fakt Beriyanı sovet hakimiyyəti dövründə qarabaqara izləmişdi. Eyni zamanda, bu faktdan Mircəfər Bağırovun da əleyhinə istifadə edilmişdir. Məhkəmə Mircəfər Bağırovun Beriyanın cinayətkar əməllərindən, xüsusən də onun Müsavat əks-kəşfiyyatın­da işləməsindən xəbərdar olan şəxs kimi günahkar hesab etmişdir. Təbii ki, Mircəfər Bağırovun bu məsələdən xəbəri vardı. Onun icazəsi olmadan Bakıda, res­publikanın xüsusi xidmət orqanlarının arxivindən sənədlərin götürülməsi müm­kün deyildi. Ziya müəllimin bu məsələ ilə bağlı fikri indi məni düşündürür. O, M.Bağırovun Beriyanın Müsavat əks-kəşfiyyatında işləməsini və onun haq­qında olan cinayət işindən müəyyən sənədlərin götürülməsini gizləməsi faktını bi­lən kimi maraqlı bir fikir söylədi: - Sluşi, sənə elə gəlmirmi ki, onların dostluqlarının, müəyyən məqamlarda bir-birilərini müdafiə etmələrinin əsasında bu faktın prinsipial əhəmiyyəti vardır.
Mən də bu qənaətə gəldim, təbii ki, Ziya müəllimin məlum fikrindən sonra.
Ziya müəllim ƏMT ilə əlaqədar bir məsələni də xatırlatdı: - Ümumiyyətlə, 1918-1920-ci illərdə müstəqil Azərbaycan xüsusi xidmət və təhlükəsizlik orqanlarının fəaliyyətini tənzimləyən hüquqi aktlar vardımı? Yox idisə, bu məsələ ne­cə tənzimlənirdi?
- Əlbəttə vardı, dedim. Təşkilat 22 maddədən ibarət olan “Azərbaycan Respublikası əks-kəşfiyyat xidməti vəzifəlilərinin hüquq və və­zifələri haqqında” Əsasnamə əsasında fəaliyyətini qurmuşdu.
Əsasnamə ilə əlaqədar xeyli fikir mübadiləsi apardıq. Qəfildən Ziya müəllim sö­zümü kəsdi, dedi ki, ƏMT ilə söhbəti yekunlaşdır. Bu barədə çox danışdıq. Gə­lən dəfə İnformasiya şöbəsi və Azərbaycan Parlamentinin Mühafizə dəstəsi ilə bağlı söhbəti davam et­dirərik.
Ziya Yusifzadənin cəmi 23 ay fəaliyyət göstərmiş gənc Azərbaycan Cüm­hu­riy­yətinin xüsusi xidmət və təhlükəsizlik orqanının işinə belə maraq göstərməsi əslində məni sevindirirdi. Təvazökarlıqdan uzaq da olsa deməliyəm, çünki məhz bu istiqlal tariximizin şərəfli səhifələrinin araşdırılmasında az da olsa mənim də zəhmətim var. Bu səbəbdən də Azərbaycan xüsusi xidmət və təhlükəsizlik or­qan­larının bö­yük peşəkarlarından olan və adını bu qurumun tarixinə əbədi olaraq yazdırmış Ziya müəllimlə dialoqumuzun, fikir mübadiləsinin mənim üçün özəl mənası vardı.
Növbəti görüşlərimizin birində Ziya müəllim məni görən kimi zarafatyana dedi:
- ƏMT-nı ləğv elədin, təzəsini yaradırsan, ya yox? Ölkənin belə bir orqanı olmasa, nələr baş verər? Ümumiyyətlə, istənilən müstəqil ölkədə xüsusi xidmət orqanı saat kimi işləməlidir.
Onun fikrini başa düşdüm. Söhbətimizin davamını istəyirdi. Özü də mənə elə gəlirdi ki, Ziya müəllim nə danışacaqlarımı bilir, sadəcə mənimlə fikir mübadiləsi aparırdı. Zənnim doğru çıxdı, bu dəfə də zarafatından qalmadı: - Çikalonu döydünüz, buna görə də təşkilatı ləğv etdilər.
Həmsöhbətim doğru deyirdi. 1920-ci ilin fevralından bolşeviklərin təsir da­i­rə­si böyüyürdü. Xərçəng kimi ölkəni addım-addım gəzirdi. Artıq dövlət rəhbərlərinin bəziləri uduzduqlarını dərk edir, hadisələrə ehtiyatla yanaşırdılar. Ancaq Vətəni sevən, onun müstəqilliyini qorumağa çalışan fədakar insanlar da vardı. On­lardan biri də Ələkbər xan Şahsuvarov idi. O, Azərbaycan Xalq Cümhuriyyətinin süqutuna 52 gün qalmış ölkədə yeni xüsusi xidmət orqanı - İnformasiya şöbəsini yaratmağa razılıq verdi. 6 martda ləğv edilmiş ƏMT-nın əməliyyat və texniki təsərrüfatı İnformasiya şöbəsinə təhvil verildi. Qısa vaxt kəsimində şöbənin əməkdaşları ölkədə, xüsusən də Bakıda əks-kəşfiyyat təminatını yerinə yetirməyə başladılar. 52 gün ərzində 2 uğurlu əməliyyat icra edilmişdi. Onu da deyim ki, mən söhbəti daha çox Ziya müəllim istədiyi istiqamət üzrə qurmağa çalışırdım. Bilirdim nəyi soruşacaq. Ələkbər xan Şahsuvarov əslən cənubdan idi. Zadəgan ailəsində böyümüşdü. Moskva Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdi. Heç bir partiyanın üzvü deyildi. 1 mart 1919-cu ildən 6 yanvar 1920-ci ilədək Qarabağ general-qubernatorluğunda məsləhətçi vəzifəsində işləmişdi. Söhbətin bu yerində Ziya müəllim sözümü kəsdi. Dedi ki, deyəsən Ələk­bər xan 1918-1920-ci illərdə Azərbaycan xüsusi xidmət və təhlükəsizlik or­qan­la­rında xidmət etmiş yeganə ali təhsilli əməkdaş imiş. Əlimizdə olan faktlara əsa­sən deyə bilərik ki, müstəqil Azərbaycan xüsusi xidmət və təhlükəsizlik or­qan­la­rın­da işləyən azərbaycanlılar, ruslar, gürcülər və digər millətlər arasında ali təh­si­li olanlar yoxdur. Daha çox hərbi təhsilli şəxslər burada (əks-kəşfiyyat və kəşfiyyat Hərbi nazirliyin tərkibində olanda) xidmət edirdilər. Əksəriyyət orta və texnikum təhsilli idi. Ancaq qeyd etmək lazımdır ki, orqanda bir müddət türklər də işləmişdi. ƏMT-da Hüseyn bəy Mansurski (soyadı Bakıda qəbul etmişdi), İnformasiya şöbəsində isə Cəmil bəy xidmət et­mişdi. Hüseyn bəyin təhsili barədə mə­lumat yoxdur. Ancaq Cəmil bəy İn­for­ma­siya şöbəsində rəisinin köməkçisi və xü­susi tap­­şırıqlar üzrə məmur vəzifəsini yerinə yetirirdi. O, türk ordusunun pol­kov­niki idi. Təbii ki, Cəmil bəyin ən azı ali hər­bi təhsili vardı.
Sonra Azərbaycan parlamentinin mühafizə dəstəsi barədə danışdıq. Mü­ha­fi­zə dəstəsi ölkənin dövlət və parlament rəhbərliyini, eləcə də bir sıra strateji əhəmiyyətli obyektləri mühafizə edirdi. Dəstə ilə bağlı materiallar daha çox Qa­ra­bağ­da gedən döyüşlərlə əlaqəlidir. Onlar döyüşlərdə yaxından iştirak edirdilər.
Ziya müəllimi bir məsələ də maraqlandırırdı. Sözün düzü, mən bu barədə heç vaxt düşünməmişdim. - Yaxşı, bunlar hamısı əla, yaxşı araşdırma apar­mış­san. Ancaq bir məqamı istəyirəm aydınlaşdırasan. Ölkədə xüsusi xidmət və təhlükəsizlik orqanları üzrə peşəkar kadrlar yox idi, başa düşdüm. Ona görə də belə bir qurum yaradılanda hərbiçilərə, başqa peşə sahiblərinə üs­tün­lük verilirdi. İlk olaraq Hərbi nazirliyin tərkibində yaradılan əks-kəşfiyyat və kəşfiyyat bölməsində bir qrup əməkdaş çalışırdı. Sonra kəşfiyyat Hərbi nazirliyin tərkibində qal­dı, əks-kəşfiyyat isə müstəqil quruma - ƏMT-ya çevrildi. Aydındır, kəşfiyyatçılar Hərbi nazirlikdə fəaliyyətlərini davam etdirdilər, bəs əks-kəş­fiyyatçılar? - Ziya müəllim, tamamilə düzgün buyurursunuz, onlar da Hərbi nazirliyin tərkibində qaldılar. ƏMT yuxarıda dediyim kimi, əsasən müsavat və hümmətçilərdən təşkil edilmişdi. İnformasiya şöbəsi yaradılanda da ƏMT-dan heç kimi xidmətə götürülməmişdilər. Əldə olunan siyahılarda onların adı keçmir. Yalnız bir sənəddə, ƏMT-nın Balaxanı-Sabunçu rayon bölməsinin rəisi vəzifəsində işləmiş Məmmədtağı Dadaşovun adı keçir. O da M.Dadaşovun İnformasiya şöbəsinə işə qə­bul üçün yazdığı ərizədir. Ərizədə göstərir ki, ƏMT-da vicdanla işləyib və xahiş edir ki, onu şöbəyə işə qəbul etsinlər. Lakin bu xahiş nədənsə yerinə yetirilməyib. Ziya müəllim təəccübünü gizlədə bilmədi: - Bax, bunu başa düşmədim. Nə üçün peşəkar kadr qıtlığı dövründə az da olsa bu sahədə təcrübəsi olan şəxs­lərə üstünlük verilməyib? Hər dəfə qurum yenidən təşkil olunanda tamamilə təzə insanlar xidmətə qəbul edilirdi.
Məntiqli sual idi. Doğrudan da, nə üçün özlərindən əvvəl işləyənlərə etibar edilmirdi. Ziya Yusifzadənin bu sualını həmin dəqiqə cavablandıra bilmədim. O, bir qədər susdu.
-Yəqin dedi, burada etibar məsələsi əsas rol oynayıb. Başqa nə ola bilərdi, deyə qoca general-leytenant yanındakıların üzünə baxdı. Əksəriyyət onun fikrini təsdiqlədi. Sonda hamı etibar məsələsinin üstündə dayandı. Lakin Ziya müəllim səslənən fikrin yalnız ehtimal olduğunu bildirdi. Sonra ət­rafındakıların eşidəcəyi tonda hündürdən dedi:
- Əzizim Elşad, bilirsən bu məsələ ilə bağlı niyə səninlə çoxlu müzakirələr aparıram. 23 aylıq istiqlal tarixi­miz­lə əlaqədar xeyli materiallar oxumuşam. Bu dövr hər bir azərbaycanlı üçün qiy­mət­li tarixdir. Məni həm də Cümhuriyyətin xüsusi xidmət və təhlükəsizlik orqanlarının fəaliyyəti maraqlandırır. Bu sahədə də oxuduğum kitablar az deyil. Ancaq sənin tədqiqatların mənim diqqətimi çəkdi, onlarla faktlar var ki, xoruz səsi eşitməyib, ona görə də səninlə fikir mü­ba­diləsi aparmaq mənə ləzzət elədi.
Qəfildən Ziya müəllim çevrilib ətrafındakılara diqqətlə baxdı:
- Düz demirəm, yəqin ki, siz də oxu­muşsunuz Elşad tədqiqatlarını, televiziyalarda və çıxışlarını dinləmişsi­niz. Ancaq sifə­tinizdən hiss olunmur, deyə Ziya müəllim yaxınları ilə zarafat elədi.
- Hə, yadıma düşdü, altı seriyalı sənədli filmdə, eləcə də televiziya verilişlərin­də etdiyin çıxışlar da xoşuma gəl­di. Bəs bu insanların taleyi necə oldu?
Kəşfiyyat və əks-kəşfiyyat bölməsinin ilk rəisi Ağalarov barədə məlumat yox­dur. ƏMT-nın ilk rəisi olmuş Məmmədbağır bəy Şeyxzamanlı və İnformasiya şöbəsinin rəisi Ələkbər xan Şahsuvarov bolşevik işğalının ilk günlərində güllələndilər. Bir müddət bolşevik qovğasından kənarda qalmış hərbi kəşfiyyatın rəisi general-mayor İrza bəy Hacıbəylinski və ƏMT-nın əməkdaşı Əli Razi Şamşızadə 1937-ci ildə bolşevik gülləsinə tuş gəldi. ƏMT-nın Balaxanı-Sabunçu rayon şöbələri­nin rəisi Məmmədtağı Dadaşov və digərləri həbs olundular. ƏMT-nın ikinci rəisi Na­ğı bəy Şeyxzamanlı və onun müavini Mahmud Səfikürdski Türkiyəyə sığındılar.
Təbii ki, Ziya Yusifzadə kimi uzun və mənalı yol keçmiş böyük bir şəxsiyyətin mənim və yazdıqlarım barədə fikirlərini bildirməsi çox qiymətli idi. Mənim haqqımda həmişə bir söz deyib, “mədəni və ziyalı oğlandır”. Düzü, mən bu sözlərdən həmişə qürurlanmışam, çünki bu ifadələr böyük Ziya Yusifzadəyə məxsusdur.
2012-ci ilin iyun ayını yaxşı xatırlayıram. Səhhətimlə bağlı problemlər məni narahat edir, cərrahiyyə əməliyyatına hazırlaşırdım. Əməliyyatdan sonra bir müddət xəstəxanada və evdə müalicə aldım. Qəfil telefon zəngi məni yu­xu­dan oyatdı və aramızda hörmət və ehtiram olan kadr əməkdaşlarından biri çətinliklə mə­nim hərbi xidmətdən ehtiyata buraxılmağım barədə məni məlumatlandırdı. Səhər tezdən işə gəlib mənə məxsus əşyaları yığdım. Uzun illər birgə işlədiyim, hörmət bəslədiyim əməkdaşlarla sağollaşdıq. Yadıma Ziya müəllim düşdü. Hökumət rabitəsi ilə ehtiyatla nömrəni yığdım. Alçaqdan zəif səsi gəldi: - Harada itib batmısan, xeyli vaxtdır zəng də eləmirsən? Nə var, nə yox, təzə bir şey var? Nə oldu, bəs deyirdin “Yaxın, uzaq Körpülü” kitabı üzərində işləyirəm? Ancaq başqa bir yerdə oxudum, kitabın adını “Körpülü və körpülülər” qoymusan? Ortada bir şey yoxdur, axır vaxtlar yaman tənbəlləşmisən. Çox təəccübləndim, danışığımız olduğu kimi Ziya müəllimin yadında qalmışdı. Bil­dir­dim ki, ki­ta­bın əsas hissəsi hazırdır. Bir dəfə Tiflisə ezamiyyətə getməyə ehtiyac var­dır. Müəyyən faktlar lazımdır, ona görə gecikir, dedim. Xeyli danışdıq. Az qala niyə zəng etdiyimi unutmuşdum. Pensiyaya getməyimi de­yən­də sözümü kəsdi:
- Dayan görək, nə pensiya-pensiya salmısan, sən hələ uşaq­san, mən bu yaşda işləyirəm, sən hara gedirsən? Dinmədim. Arif adam idi Ziya müəllim, hər şeyi başa düşdü. Sənə bir ay vaxt verirəm, dedi, dincəl, səni Akademiyada gözləyirəm. Birlikdə işləyərik, darıxma.
Qəhər məni boğdu, özümü güclə ələ aldım. Mənə heç bir ehtiyacı olmayan bö­yük bir şəxsiyyətin məni sakitləşdirməsi, isti münasibət göstərməsindən kövrəldim. Təşəkkür elədim, açığı Akademiyada, Ziya müəllimin rəhbərliyi altında iş­ləmək istəyərdim və o günləri həyatımın ən uğurlu məqamları sayardım. Həyat yol­daşım da, qızım da bu təhsil ocağında xidmət edirdi. Hər ikisini də xidmətə Ziya mü­əllim götürmüşdü. Açığı bu səbəbdən də mən orada işləməyi arzu etmirdim. Düzgün başa düşülməzdi. Etika xatirinə telefonda ona heç bir şey de­mə­dim. Bir müddət görüşmədik, nə də zəngləşmədik. Yavaş-yavaş hər şey unuduldu. Hərdən həyat yoldaşımdan mə­ni və işimi soruşurdu. Yoldaşım bi­zim aramızda əlaqələndirici rolunu oy­nayırdı. Yazdığım materiallar­dan, müxtəlif informasiya vasitələrində etdiyim çıxışlardan, tərcümələrdən xəbəri vardı. Mən də nə gizlədim, bu münasibətdən qürurlanırdım. Niyə də qürurlanmayaydım? Ulu Öndər Heydər Əliyevin yaratdığı pe­şəkarlıq məktəbinin ən layiqli və etibarlı nümayəndələrindən biri, Azərbaycanımızı sevən, onun in­ki­şa­fı­nı və güc­lən­məsini istəyən və özü də bu proseslərin içində olan böyük şəxsiyyət mənim yaradıcılığımla maraqlanırdı.
Ziya müəllimlə son əlaqəmiz 2015-ci ilin yay aylarına təsadüf etdi. Rəhbərlik et­diyi Akademiyada əlavə ixtisasların açılması ilə əlaqədar məni yenidən təh­sil ocağına dəvət etdi. Yenə min bir bəhanələr gətirdim. İkinci dəfə idi ki, Ziya mü­əl­li­min dəvətini qəbul etmirdim. Ona görə də məsələyə çox həssaslıqla ya­na­şır­dım. İnciyə bilərdi. Yoldaşım və orada işləyən yaxın əməkdaşlar vasitəsilə fik­ri­mi ehtiyatla ona çatdırdım. Son qəti sözü isə Akademiyanın kuratoru dostumuz Sey­mur­ düşündük, elə bu da mə­sələni bitirdi.
Sonuncu dəfə Ziya müəllimlə hüzrdə görüşdük. Həmişə deyirdi ki, biz tərəflərə niyə gəlmirsən, axır vaxtlar ancaq hüzrlərdə görüşü­ük. Əvvəlki kimi güm­rah deyildi, düşmüşdü. Sən demə, bu axırıncı görüşümüz imiş, xeyli söhbət etdik, hər şeydən danışdıq.
- Sınıxmısan, özünə fikir ver, ay Elşad, sən də bu cavan yaşında çox əziyyət çəkdin. Az müddətdə bacını, atanı, ananı, qardaşını itirdin, yoldaşın xəstə, səni başa dü­şürəm. Bu həyatdır oğlum, acısı da var, şirini də, özünü qoru. Şükür allaha, xəbərim var, uşaqların ağıllı və qabiliyyətli balalardır. Bundan sonra səh­hətinə ciddi fikir ver. Hələ hər şey qarşıdadır. Yazı-pozu işlərini davam elə, unutma, bundan gö­zəl iş yoxdur.
Elə həmin görüşdən sonra eşitdim ki, xəstəxanada yatır, müalicə alır. Mən həmin vaxtlar dövlət arxivində araşdırma aparırdım, maraqlı faktlar tapmışdım. Ziya müəllimlə müzakirə etməyə kifayət qədər faktlar vardı. Özü də bilirdim ki, bu arxiv sənədləri və digər materiallar onu maraqlandıracaq. Xüsusən də Beriya ilə əlaqədar deyiləsi sözüm vardı. Çünki bu, onu çox maraqlandırırdı. Ümid edir­dim ki, xəs­təxanadan çıxacaq, yalnız bundan sonra görüş və ya telefon zəngi baş tuta bilərdi. Xəstəxanaya get­mə­yə hazırlaşırdım, Seymur dedi ki, vəziyyəti çox ağırdır. Ölüm xəbəri sanki ildırım sü­rəti ilə gəldi, inana bilmirdim. Bir neçə gün özümə gəlmədim. Ömrünün əlli ildən çoxunu Azərbaycan xüsusi xidmət və təh­lü­kəsizlik orqanlarına həsr etmiş, Ulu Öndər Heydər Əliyevin sadiq əsgərlərindən olan Ziya Yusifzadənin qəfildən dünyasını dəyişməsi hamı kimi mənim üçün də gözlənilməz oldu. Topladığım materiallar müzakirə üçün yetərli idi. Rəhmətlik yenə deyəcəkdi ki, təzə bir şey var, yoxsa tənbəlliyi davam etdirirsən? Mən də topladığım və oxuduğum materialları aram-aram danışacaqdım. Ona deyəcəkdim ki, Azərbaycan kəşfiyyatının və əks-kəşfiyyatının ilk rəisi barədə də xeyli qiymətli materiallar toplamışam. Beriya barədə arxivdə rast gəldiyim materiallardan söhbət açacaqdım. Eləcə də bir-birindən qiymətli materialların müəllifi Adıgözəl Məmmə­dovun “Kremldəki türk agenti Beriya 0029 saylı iş” kitabını oxumağı məsləhət görəcək və ya onu maraqlandıran hissələri danışacaqdım. Tam məxfi sənədlər toplanmış kitabda Beriyanın Bakıda, ƏMT-da işləməsi, onun nümayəndəsi Vsevolod Merkurovun Bakıya gəlməsi, Mircəfər Bağırovun köməkliyi ilə Beriyaya aid sənədlərin arxivlərdən götürülüb Moskvaya aparması və s. barədə maraqlı faktlar vardır. Beriyanın ƏMT-da işləməsi və onun bu orqana necə düşməsi məsələsi daim onun başağrısına çevrilmişdir. Müsavat hökumətinin dövlət və xüsusi xidmət qurumlarının kadr potensialı Türkiyənin bu sahədə çalışan zabitləri tərəfindən formalaşdırılmışdı. Adıgözəl Məmmədov kitabında bu məsələləri, o cümlədən Bağırovla Beriyanı bağlayan telləri konkret faktlarla aydınlaşdırır. Bu və digər materiallar mütləq Ziya müəllimin marağına səbəb olacaqdı. Onun danışılanlar barədə fikrilərini öyrənmək də ümumi işin xeyrinə olardı. Bunu nə üçün deyirəm, hər dəfə Ziya müəllimlə fikir mübadiləsi aparanda növbəti yazıla­rımda onun qiymətli düşüncələrini nəzərə alırdım.
Bir məsələni xüsusi ilə qeyd etmək istəyirəm. Yazının əvvəlində də bu barədə azacıq fikrimi bildirmişdim. Ziya Yusifzadə barədə illərdir ürəyimdə yığılanları sadəcə dalbadal, ardıcıllığı pozmadan bilgisayarın yaddaşına köçürdüm. İnanıram ki, bu yazı sonuncu olmayacaq, onun haqqında çoxlu yazılar yazıla­caq, kitablar bağlanacaq. Ondan öyrənməli çox şey var: yüksək mədəniyyət, peşəkarlıq, idarəçilik, redaktorluq və redaktə qabiliyyəti, ya­şı­nın çox olmasına baxmayaraq öyrənmək həvəsi, ali insani hisslər, qayğıkeşlik və s. Bir deyil, iki deyil, saymaqla bitən deyil.

Uzun və şərəfli həyat yolu keçmiş Ziya Məmmədiyyə oğ­lu Yusifzadənin olduqca maraqlı, öyrənilməli bioqrafiyası vardır. Əziz oxucular, isti xatirələrin fonunda Ziya müəlli­min ruhu şad olsun deyərək, onun bioqrafiyasını birlikdə vərəqləməyi mədsədəuyğun sayıram. Ziya müəllim 15 fevral 1929-cu ildə Vətənimizin dilbər guşələrindən olan qədim Şəki şəhərində respublikamızın əməkdar mədəniyyət işçisi, yazıçı Məmmədiyyə Yusifzadənin ailəsində dünyaya gəlmişdir. Məmmədiyyə Yusifzadə Bakıda Pedaqoji Texnikumu bitirdikdən sonra bir müddət, Şəkidə, Qəbələdə və Zaqatalada müəllimlik etmişdir. Bu səbəbdən də gənc Ziya orta məktəbi qızıl medalla Zaqatala şəhərində bitirmişdir. İkinci Ca­han Savaşı zamanı atası müharibəyə getdiyindən ailənin qayğıları gənc Ziyanın üzərinə düşüb. Bir müddət axşam fəhlə-gənclər məktəbində dərs deyir, rayon qəzetində məsul katiblik edir, yerli radioda müxtəlif səpgili verilişlər hazırlayır. Beləliklə, üzərinə düşən missiyanı ləyaqətlə yerinə yetirir. Onun jurnalistlik fəaliyyəti son­ra­lar onun karyerasında böyük rol oynayır. Gənc yaşlarından işləməsi onu həm də müstəqil həyata hazırlayır. Ali təhsilini Rusiyada, Mo­riz Terez adına birinci Mosk­va Dövlət Dillər İnstitutunun ingilis dili fakültəsində almışdı. Özü də fərqlənmə diplomu ilə. Üç il Azərbaycan SSR-nin Maarif nazirliyində və Nazirlər Sovetində məsul vəzifələrdə işləmişdi. 1956-cı ildə Ziya Yusifzadə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Ko­mitəsində (DTK) həqiqi hərbi xidmətə qəbul edilir. Bu illərdə DTK-da yüksək vəzifə tutan Heydər Əliyevin bilavasitə təşkilatçılığı ilə bü­tün müqavimətlərə baxmayaraq, burada milliləşmə, saflaşma kimi siyasət həyata keçirməyə başlanılmışdı. Sovet dövründə bu, olduqca çətin və məsuliyyətli bir iş idi. Bu insandan həm iradə, həm də cəsarət tələb edirdi. Yeni bir mühit yaranmışdı, azərbaycanlı kadrlar rəhbər vəzifələrə təyin edilirdilər. Məhz belə bir vaxtda Ziya Yusifzadə Heydər Əliyevlə tanış olur və onun rəh­bərliyi altında mühüm strukturların birində, əks-kəşfiyyat şöbəsində fəaliyyətini davam etdirir. Eyni zamanda, Heydər Əliyevin xeyir-duası ilə xidmətdə yavaş-yavaş irəliləyir, mühüm vəzifələr tutur.
Onu da qeyd etmək lazımdır ki, Hey­dər Əliyev 1969-cu ildə res­publikamıza rəhbərlik edəndə də DTK-ni daim diqqətdə saxlayırdı. Xüsusən də azərbaycanlı kadrların irəli çəkilməsi məsələsində öz qəti fikrini deyirdi. Elə Ziya Yu­sif­za­də həmin illərdə məhz Ulu Öndərin bir­başa dəstəyi ilə Azərbaycan SSR DTK-nın Əks-kəşfiyyat idarəsinin rəisi, bir müd­­dət sonra sədrin birinci müavini kimi mü­­hüm vəzifələrə irəli çəkilir. Bu barədə Ziya Yusifzadə “Ulu öndərimizə sevgimiz əbədidir” adlı xatirə yazısında belə deyir: “Tale elə gətirib ki, mən həyatımın böyük hissəsini Ulu Öndərimizin bilavasitə rəhbərliyi altında işləmişəm. Bu müddətdə onun yeritdiyi siyasi kursun ya iştirakçısı, ya da müşahidəçisi olmuşam. Heydər Əliyev istər DTK-da işləyəndə, istərsə də Azərbaycan KP MK-nın birinci katibi olanda özünə və tabeçiliyin­də olan­lara qarşı olduqca tələbkar idi”.
Ziya Yusifzadənin DTK-nın sədri vəzifəsinə təyinatı ilə əlaqədar Ulu Öndər çıxışları­nın birində söyləmişdi: “Nə çətinliklə mən özümdən sonra ənənə yaratdım ki, bu­ra­da azərbaycanlı olsun. Nə çətinliklə! Bu da asanlıqla olmadı”. Nə­hayət, 1980-cı ildə Ziya Yusifzadəni DTK-nın sədri və­zi­fəsinə təyin edirlər. O, bu vəzifədə düz səkkiz il xidmət edir. Azərbaycan xüsusi xidmət orqanlarında azər­bay­canlı kadrların yerləşdirilməsi prosesi, Heydər Əliyev Bakıda, eləcə də Mosk­vada yüksək vəzifədə çalışanda da onun daim diqqət mərkəzində ol­muş­dur. Ziya müəllim Ulu Öndər haqqında xatirələrinin birində yazır ki, 1980-ci ildə mən DTK-ya sədr vəzifəsinə təyin olunandan sonra Heydər Əliyev qəti şəkildə göstəriş verdi ki, 1981-ci ildə 40, 1982-ci ildə isə 30 nəfər azərbaycanlı gəncin DTK-da işə götürülməsini təmin edim. Bununla yanaşı, hər il yaşı 23-dək olan, orduda xidmət et­miş 20 nəfər azərbaycanlı gənci oxumaq üçün F.Dzerjinski adına SSRİ DTK-nın ali mək­təblərinə göndərim. Göründüyü kimi, Heydər Əliyev dövlət təhlükəsizlik orqanlarında kadrların azərbaycanlılaşdırılması si­ya­sətinə Ziya Yusifzadəni də cəlb etmişdi.
O, 1988-ci ildə 33 illik hər­bi xidmətdən sonra istefaya gedir. Özü də general-leytenant rütbəsində. Azər­baycan xüsusi xidmət tariximizdə ilk dəfə belə yüksək rütbəyə layiq görülən azərbaycanlı olur. Onu da deyək ki, 1970-1988-ci illərdə Ziya Yusifzadə bir neçə çağırış Bakı Sovetinin, Azər­baycan SSR Ali Sovetinin və SSRİ Ali Sovetinin deputatı seçilir. Azər­bay­can KP MK üzvlüyünə namizəd, MK üzvü, MK-nın büro üzvü seçilmişdir.
İstefada olan general-leytenant Ziya Yusifzadənin təcrübəsini, bacarığını, ida­rəçiliyini nəzərə alıb yenidən Azərbaycan SSR Nazirlər Sovetinə işə dəvət edir­lər. Düz dörd il, 1992-ci ilədək millətlərarası mü­nasibətlər şö­bəsinin müdiri və­zifəsində çalışır. Məlum hadisələrlə əlaqədar pensiyaya çıxır.
1993-cü ildə Azərbaycan xalqının təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev Azərbaycan dövlətçiliyini məhv olmaqdan xilas etdi. Bütün sahələrdə ciddi islahatlar başladı. Şərəfli ömrünün 25 ilini dövlət təhlükəsizliyi orqanlarında keçirmiş Ulu Öndər ölkədə təhlükəsizlik orqanlarının milli maraqlar is­tiqamətində və müasir tələblər səviyyəsində qurulmasına xüsusi diqqət yetirirdi. O, eyni zamanda, orqanların konkret fəaliyyət istiqamətlərini müəyyən edərək, ölkədə təhlükəsizlik konsepsiyasının əsaslarını yaratdı. Azərbaycan dövlətinə sadiq, vətənsevər, savadlı və geniş dünyagörüşə malik milli kadrların ye­tiş­dirilməsinə böyük ehtiyac vardı. Bunları nəzərə alan Ulu Öndər Heydər Əliyev 1998-ci ilin dekabr ayının 1-də tarixi bir qərar qəbul etdi, keçmiş MTN-in Akademiyasının yaradılması haqqında sərəncam verdi. O, böyük peşəkar olaraq yaxşı bilirdi ki, bu sahənin mütəxəssisləri ancaq respublikanın özündə hazırlanmalıdır. Beləliklə, ölkədə ilk dəfə olaraq xüsusi xidmət və təhlükəsizlik orqanları üçün milli kadrların hazırlanması işinə başlanıldı. Təbii ki, belə mötəbər təhsil müəssisəsinə rəhbərlik üçün təcrübəli və peşəkar kadra ehtiyac vardı. Məhz belə bir məqamda Ulu Öndər verdiyi yeni sərəncamla növbəti bir tarix yazdı. Uzun illər özünün rəhbərliyi altında işlədiyi, Heydər Əliyev ideyalarına daim sadiq və onun peşəkarlıq məktəbinin ən yaxşılarından olan Ziya Məm­mədi­yyə oğlu Yusifzadə­ni Akademiyanın rəisi vəzifəsinə təyin etdi. Heydər Əliyev onu şəxsən qəbul edərək qarşıya qoyulan vəzifələr barədə danışmış, müvafiq tapşırıqlarını vermişdi. Elə həmin gündən Aka­de­miyanın bütün fəaliyyəti məhz Ulu Öndərin dəyərli tövsiyələri, tələbləri əsasında qurulmuşdur. General-leytenant Ziya Yusifzadənin rəhbərliyi ilə Aka­de­miyada böyük işlər görülmüş, xüsusən də peşəkar kadrların hazırlanmasında müxtəlif kom­pleks tədbirlər həyata keçirilmişdir. Nəzərə almaq lazımdır ki, Akademiya fəaliyyətə başladığı vaxtlarda peşə hazırlığı üzrə ədəbiyyatlar çox az idi. Bi­lavasitə onun redaktorluğu ilə xüsusi xidmət orqanlarının peşə fəaliyyətinə dair çoxsaylı dərsliklər, dərs vəsaitləri və xüsusi proqramlar hazırlanmışdır. Xidmət etdiyi 17 il ərzində Ziya Yusifzadə Ulu Öndərin ona göstərdiyi etimadı layiqincə doğrultmuşdur. Müstəqil Azərbaycan Respublikasının xüsusi xidmət orqanının Akademiyası özünəməxsus elm və tədris ocağına çevrilmişdir. Bu işdə Ziya mü­əl­l­imin böyük və əvəz­siz əməyi da­nıl­mazdır. Sevindirici haldır ki, bu gün Dövlət Təhlükəsizliyi, Xarici Kəşfiyyat, Dövlət Sərhəd və Xüsusi Dövlət Mühafizə xidmətlərinin müxtəlif əməliyyat struktur bölmələrində Ziya müəllimin onlarca yetirmələri çalışır.
Yeri gəlmişkən, bir məsələni də xatırlatmaq istəyirəm. Hələ orta məktəb il­lə­rin­dən Ziya müəllimin jurnalistikaya xüsusi marağı vardı. O, həmin illərdə rayon qəzetində və yerli radioda maraqlı yazılarla, reportajlarla çıxış edirdi. Təsadüfi deyildi ki, o, yaradıcı ailədə böyümüşdü. Atası Məmmədiyyə Yusifzadə Yazıçılar Bir­liyinin üzvü idi. Kitabları çıxırdı, teatrlarda pyesləri oynanılırdı. Belə bir mü­hit­də böyüməsi ona təsir etməyə bilməzdi. Dövlət işində çalışanda da, DTK-da xidmət edəndə də Ziya müəllim sənədlərin tərtibinə, hazırlanmasına, yazılışına xüsusi fikir verirdi. Yazılarının sadə, aydın və mənalı dili vardı. Azərbaycan dilinin gözəlliklərindən məharətlə istifadə edirdi. Azərbaycan və rus dillərində təq­dim olunan materialları dilin qayda-qanunlarına uyğun olaraq redaktə edir, oxu­naqlı formaya salırdı. Hələ sovetlər dönəmində, Azərbaycan təhlükəsizlik orqanlarının 60 illiyi ilə əlaqədar həm azərbaycan, həm də rus dillərində çap olun­muş “Azərbaycan çekistləri” kitabı da Ziya müəllimin redaktəsindən çıx­mış­dı. O, eyni zamanda, onlarla publisistik məqalələrin müəllifi, dərslik və tədris vəsaitlərinin, təhlükəsizlik problemləri ilə bağlı elmi əsərlərin, monoqrafiyaların məsləhətçisi idi. Onun Ulu Öndərin həyatından və ideyalarından bəhs edən saysız-hesabsız yazıları, xatirələri və müsahibələri vardır. Ziya müəllimin bu materiallarını səliqə ilə toplayan istedadlı şair-jurnalist, dostumuz Mahir Cavadlı xeyirxah bir iş görmüşdür. “Böyük insan” adı ilə nəfis şəkildə çap olunmuş kitab Ulu Öndər Heydər Əliyev dühasını öyrənmək istəyənlərə Ziya Yusifzadənin layiqli hədiyyəsidir. Sadalananları elə-belə xa­tır­la­madım. Mənimlə söhbətlərində bə­zi rus sözlərinin dilimizə çevrilməsinə və səslənməsinə son dərəcə həs­sas­lıq­la yanaşmağının səbəbini anladım. Ziya müəllim xüsusi xidmət və təhlükəsizlik or­qanlarının böyük peşəkarı olmaqla yanaşı, həm gözəl qələm ustası, həm də re­daktor imiş.
29 sentyabr 2016-cı ildə dünyasını dəyişmiş görkəmli ictimai-siyasi xadim, pe­şəkar, pedaqoq, adını Azərbaycan xüsusi xidmət və təhlükəsizlik or­qanlarının tarixinə qızıl hərflərlə yazdırmış, keçmiş SSRİ DTK və Azərbaycan MTN-in fəxri əməkdaşı, xidməti fəaliyyətində 35-dək orden və medalla təltif edilmiş general-leytenant Ziya Məmmədiyyə oğlu Yusifzadənin xatirəsi daim qəlbimizdə yaşayacaqdır. Uzun, eyni zamanda zəngin və mənalı həyat yolu keçmiş böyük şəxsiyyət Ziya Məmmədiyyə oğlu Yu­sifzadəyə Uca Allahdan rəhmət diləyir, qəbri nurla dolsun deyirəm.
P.S. Ziya müəllim haqqında bu xatirə yazısı hələ ötən il, böyük şəxsiyyətin vəfatının ildönümündə, 29 sentyabr 2016-cı ildə oxucuların ixtiyarına verilməli idi. Heç özümdə bilmirəm, nədən və niyə belə oldu? Özüm-özümə təsəlli verirəm. Qabaqdan 28 mart, müstəqil Azərbaycan xüsusi xidmət və təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı gəlir. Fikrimcə, bu tarix daha münasibdir.
Bakı, 27 mart, 2017-ci il.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Rusiya-Azərbaycan münasibətləri fundamental xarakter alır
24.09.2018
Azərbaycan xarici ölkələrə silah satışını artırıb
24.09.2018
Əsas məqsəd ərzaq təminatını daha da yaxşılaşdırmaqdır
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info