Əcnəbilər hər il Azərbaycanda təxminən 6 milyard dollar xərcləyəcəklər
Tarix: 28.03.2017 | Saat: 01:16:00 | E-mail | Çapa göndər


2027-ci ilədək əcnəbilər hər il Azərbaycanda təxminən 6 milyard dollar xərcləyəcəklər. Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, bu barədə Ümumdünya Turizm və Səyahət Şurasının (World Travel & Tourism Council, WTTC) mart hesabatında qeyd olunub. Bildirilib ki, 2016-cı ildə səyahət və turizm sənayesinin Azərbaycanın ümumi daxili məhsuluna (ÜDM) birbaşa təsiri 2 milyard 285,3 milyon manat (2016-cı ildəki AZN/USD orta məzənnəsi ilə 1 milyard 437,3 milyon dollar), yaxud hesabat dövründəki ÜDM-in ümumi həcminin 4,1 faizi qədər olub.
Qurumun gözləntilərinə görə, 2017-ci ildə bu sənayenin ÜDM-ə birbaşa təsiri güclənəcək və 7 %, yaxud 2 milyard 446,4 milyon manat olacaq, 2017-2027-ci illər ərzində isə 6,5 % daha artaraq 4 milyard 581,9 milyon (2 milyard 881,7 milyon dollar) və yaxud ÜDM-in 5,9 % -i göstəricisinə çatacaq. Hesabatda deyilir ki, bu rəqəmlər, hər şeydən əvvəl, hotellər, mehmanxanalar, turizm agentlikləri, aviaşirkətlər, həmçinin sərnişindaşıma xidmətləri göstərən digər bu tipli bazar iştirakçılarının iqtisadi fəaliyyətini əks etdirir. WTTC təşkilatının hesabatında yer alan məlumatlara əsasən, 2016-cı ildə turizm və səyahət sektorunun (investisiya və digər parametrlərin daha geniş təsiri daxil olmaqla) Azərbaycan ÜDM-nə tam təsiri 8 milyard 91,3 milyon manata (5 milyard 88,9 milyon dollar), yaxud VDM-in 14,6 % qədər olub. Bu göstərici 2017-ci ildə 6,6 % - 8 milyard 622,8 milyon manatadək artacaq və ÜDM-in 15,3 faizinə çatacaq. Bununla yanaşı, qurumun proqnozlarına görə, bu göstərici 2027-ci il üçün 6,3 % artaraq, 15 milyard 924,5 milyon manat (10 milyard 15,4 milyon dollar), yaxud ölkə ÜDM-in 20,6 %-i qədər olacaq.
2016-cı ildə sektor birbaşa olaraq 171 min iş yeri təmin edib ki, bu da əhalinin ümumi məşğulluq səviyyəsinin 3,7 %-i qədər olub. WTTC təşkilatının proqnozlarına görə, 2017-ci ildə bu göstərici 6 %, 2027-ci il üçün isə daha 3,5 %, başqa sözlə desək, 256 min iş yeri artacaq ki, bu da Azərbaycan əhalisinin ümumi məşğulluq səviyyəsinin 5,6 %-i qədər olacaq.
Ümumiyyətlə, turizm və səyahət sənayesinin məşğulluğa tam təsiri 2016-cı ildə 609 min iş yeri, yaxud əhalinin ümumi məşğulluğunun 13,2 faizi qədər təşkil edib. Qurumun ekspertləri proqnozlaşdırır ki, cari ildə sektor 642 min iş yerini (5,4 % səviyyəsində artım) təmin edəcək. Bununla yanaşı, 2027-ci ildə iş yerlərinin sayı 3,2 % - 883 min artacaq ki, bu da ölkə əhalisinin məşğulluq səviyyəsinin 13,9 %-i qədər olacaq. Qurum ölkəyə turist axınının turizm sənayesinin ölkə iqtisadiyyatına birbaşa təsirinin aparıcı komponenti olduğunu vurğulayıb.
WTTC təşkilatının məlumatlarına əsasən, 2016-cı ildə “Visitor Exports” (əcnəbi ziyarətçilərin məsrəfləri) göstəricisi 4 milyard 552,2 milyon manat (2 milyard 863 milyon dollar, yaxud 16,9 %) olub.

Bayram tətili günlərində Qəbələyə 11 minə yaxın turist gəlib

Novruz bayramı ərəfəsində ölkəmizə gələn turistlərin sayı artıb. Bu həftə minlərlə yerli və xarici turist Novruz bayramını Qəbələdə qeyd edib. Son günlər rayona böyük turist axını olub. Bütün hotellərdə yerlər dolu olduğu üçün gələn qonaqlar kirayə götürülən müasir kənd evlərində də gecələməli olublar. Rayonda musiqili-əyləncəli bayram tədbirlərinin təşkili turistləri daha çox cəlb edib. Təbiət qoynunda dincəlməyə üstünlük verən turistlər Qəbələdə, əsasən, Nohur gölü və “Yeddi Gözəl” şəlaləsini çox sevdiklərini deyirlər. Turistlər rayonda istirahət etməklə yanaşı, Qəbələnin qədim tarixi, müasir şəhərsalma mədəniyyəti və ləziz mətbəxi ilə də yaxından tanış olmaq imkanı əldə edirlər. Bayram günləri ilə əlaqədar müxtəlif turizm şirkətləri Bakıdan Qəbələyə endirimli qiymətlərlə tur-aksiyalar həyata keçiriblər. Turistlər rahat nəqliyyat vasitələri ilə Qəbələyə gələrək sifariş etdikləri hotellərdə yerləşiblər. Sonra turizm şirkətinin nümayəndələri onları Qəbələdəki “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksi, Stend və Ox Atıcılığı Kompleksi, Çuxur Qəbələ kəndində yerləşən və 900 il Qafqaz Albaniyasının paytaxtı olan qədim Qəbələ şəhərinin qalıqları, Nic qəsəbəsindəki qədim “Cotari” alban kilsəsi, Vəndam qəsəbəsindəki “Yeddi Gözəl” şəlaləsi, Qəbələ şəhərindəki “Beltman” piano fabriki, Qəbələ Tarix-Diyarşünaslıq Muzeyi ilə tanış ediblər. Bayram tətili günlərində rayona 11 minə yaxın turist gəlib ki, bu da ötənilkindən 3 dəfə çoxdur. Qəbələyə gələn turistlərin 4500-dən çoxu xarici vətəndaşlardır. Qəbələyə gələn xarici turistlərin əksəriyyəti Türkiyə, İran, Pakistan, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Səudiyyə Ərəbistanı, İraq, Qətər, Gürcüstan, Rusiya və Ukraynadan olub. Yerli turistlər isə Bakı, Gəncə və digər şəhərlərdən gəliblər. Qeyd edək ki, hazırda rayonda irili-xırdalı 100-ə yaxın turizm-istirahət obyekti fəaliyyət göstərir. Həmin obyektlərdən 20-si beş, dörd və üçulduzlu hotellər və müasir istirahət mərkəzləridir. Bu turizm obyektlərində gün ərzində 2800 qonağı qarşılamaq, onlara yüksək səviyyədə xidmət göstərmək mümkündür. 2016-cı ildə Qəbələ rayonuna gələn turistlərin sayı 99 min 700 nəfər olub, bunun da 32 min 600 nəfəri xarici turistlərdir. 2015-ci ildə isə Qəbələyə 80 min 200 nəfər yerli və xarici turist gəlmişdi.

“Şahdağ” Turizm Mərkəzinə dörd ayda 90 mindən çox turist gəlib

Bayram günlərində Qusar rayonunda yerləşən “Şahdağ” Turizm Mərkəzinə gələn turistlərin sayı da xeyli artıb. İstirahət kompleksində dincələn qonaqların əksəriyyətini əcnəbi turistlər təşkil edib. Qış mövsümü açılandan bəri mərkəzi, ümumilikdə, 90 mindən çox turist ziyarət edib. Ötən ilin eyni dövründə isə bu göstərici 60 min idi. Bayram günlərində mərkəzdə yerləşən hotellərdəki yerlərin 90 faizi əvvəlcədən sifariş verilib. Bu günlərdə mərkəzin xidmətlərindən istifadə edənlər arasında İran İslam Respublikasından, Rusiyadan və ərəb ölkələrindən əcnəbi turistlər üstünlük təşkil edib.

Novruz bayramında İrandan gələn turistlərin sayı çox olub

Hər il olduğu kimi, bu il də Novruz bayramında Azərbaycana minlərə iranlı turist səfər edib. Ötən illərin statistikası iranlı turistlərin sayının ildən-ilə artdığını göstərir. 2000-ci illərin əvvəllərinə qədər ölkəmizə 10 minə yaxın iranlı turist gəlirdisə, 2010-cu ildən başlayaraq turist axını sürətlənməyə başladı. 2014-cü ildən başlayaraq bu sahədə yeni canlanma baş verib. İrandan Azərbaycana hər il 100 mindən artıq turist gəlir ki, onların da önəmli hissəsi məhz Novruzda ölkəmizə səfər edir. Mədəniyyət və Turizm Nazirliyi 2016-cı ildə ölkəyə gələn iranlı turistlərin sayının 66% artdığını bildirib.
Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov bildirib ki, Novruzda Azərbaycanda istirahət edən əcnəbilər arasında Rusiya, ərəb ölkələri vətəndaşları olsa da, iranlı turistlər öz saylarına görə çoxluq təşkil ediblər. İrandan gələn turistlərin çoxu bu dəfə ölkədə 1 həftədən çox qalıb: “Bayram günləri üçün Bakıda hotellərdəki yerlərin çoxu İran turistləri tərəfindən bronlaşdırılmışdı. İrandan gələn aztəminatlı turistlər həm də ayrı-ayrı evlərdə qalıblar. Lakin bu, həm təhlükəsizlik nöqteyi-nəzərdən doğru deyil, həm də ölkənin büdcəsinə gəlir gətirmir”. M.Ağakərimov bildirib ki, Azərbaycanda aztəminatlı təbəqənin də dincələ bilməsi üçün 1 və 2 ulduzlu hotellərin və hostellərin tikilməsinə ehtiyac var. AzTA rəsmisi əlavə edib ki, bayram günlərində Azərbaycana gələn qonaqlar yalnız Bakıda istirahət etməyiblər. Onların bəziləri regionlara, xüsusilə Quba, Qusar, Şəki və Qəbələyə səfər ediblər.

İranlı turistlərin Bakı təəssüratları

Ənənəvi olaraq bu il də Novruz bayramı ərəfəsində ölkəmizə gələn turistlər arasında İrandan gələnlər çoxluq təşkil edir. Onları Bakının hər yerində görmək mümkündür. Görəsən, Bakı cənublu soydaşlarımızın xoşuna gəlibmi?
- Bir gündür buradayıq. Ailəliklə gəlmişik. Çox gözəldir.
- Mən 12 il bundan əvvəl gəlmişdim. Azərbaycan çox gözəl olub. Çox turistik yer olub. Çox xoşuma gəlir.
- Mən istəyirəm Azərbaycanda qalam. Urmiyadan gəlmişəm. Çox qəşəng şəhərdir, yaşamalı şəhərdir. Tək gəlmişəm indi, sonra mən burada qalsam, ailəm məcbur olacaq gəlib məni görsün. İlk dəfədir buradayam.
- 7 gündür buradayıq. İçərişəhər çox gözəldir. İlk dəfədir gəlirik.
- Mən Qoşaçaydan gəlmişəm. 21 il bundan qabaq da gəlmişdim. Rusiyadan yeni ayrılmışdı. Vəziyyət yaxşı deyildi, o zamandan bu vaxta kimi çox dəyişib. Kaş ki, Qarabağ da bizdə olardı, mən Qarabağı da gəzərdim. Bura bizim vətənimizdir, yaşasın Azərbaycan!
- Hava bir az soyuqdur, şəhər çox gözəldir. Əhalisi, insanları. Çox yerləri gəzdik.
-Mən bu gün gəldim, əsasən də Novruz bayramı üçün gəlmişəm. Bu görülən işlər bizim ortaq dəyərlərimizdir.
- Biz Ərdəbildən gəlmişik. Çox gözəl şəhərdir, insanları mehribandır. İstəyirəm həmişə belə qarşılıqlı gəliş-gediş olsun. Həm Bakıdan bura gəlsinlər, buradan da İrana səfər etsinlər.
- Əslimiz azərbaycanlıdır. Çox istəyirik buranı. Yeni gəlmişik.
- Özümü qürbətdə hiss eləmirəm. Elə bil ki, öz şəhərimizdir. Yenə gələcəyik, sevdik buranı.
- Mən də çox istəyirəm buranı.
- Azərbaycanı sosial şəbəkələrdən çox izləyirik.
- 10 il qabaq gəlmişdim, çox dəyişib. Şəhər çox qəşəngləşib.
- İşdə oluruq deyə, məcburuq bayramda gələk. Çox xoşuma gəlir.
- Yeməkləri yaxşıdır, tez-tez gəlmək istəyirəm.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Biləsuvar şəhərində 1176 şagird yerlik yeni ümumtəhsil məktəbi tikiləcək
18.09.2018
Məcburi köçkünlərin növbəti qəbulu keçirilib
18.09.2018
Rektor: “İnstitutumuzda dövlətin qayğı və təminatı ilə hər cür şərait yaradılıb”
18.09.2018
Ucqar dağ kəndlərindəki uşaqlara məktəb ləvazimatları verilib
18.09.2018
Bu il Azərbaycana payız sentyabrın 23-də qədəm qoyacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Əfsanəvi İndoneziya batikaları
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info