Yaxşı yazmağın yolu mütaliədən keçir
Tarix: 28.03.2017 | Saat: 23:24:00 | E-mail | Çapa göndər


“Qələmsiz keçməyən ömür” rubrikasının növbəti qonağı gənc şairə və müəllim Günel Əliyevadır. İlahi vergi olan şairlik bu gənc xanıma da verilib və qələmlə dostluğa, bir ömür yoldaşlığa başlayıb. Gözəl şeirlər yazan Günel xanım həm də gənc müəllimdir. Pedaqoji fəaliyyətə başlayan Günel xanım şagirdlərə təhsil verməklə yanaşı, bədii yaradıcılıqla da məşğul olur. Şeirləri qəzet və internet saytlarında işıq üzü görür. Bütün qəlbi ilə bədii yaradıcılığa bağlı olan Günel xanım yaxın vaxtlarda kitabları ilə oxucularla görüşəcək.
Əliyeva Günel Qəzənfər qızı 01.12.1991-ci ildə Şuşada anadan olub. 2009-cu ildə Şuşa rayonu 6 nömrəli tam orta məktəbi bitirib və SDU-nun Filologiya fakültəsinə daxil olub. 2013-cü ildə universiteti bitirib. Bir müddət mətbuatda və radioda, regional televiziyalardan birində aparıcı, müxbir kimi çalışıb. Artıq 3 ildir ki, Ağsu rayonunun Gürcüvan kəndində yerləşən Laçın rayonu E. Əliyev adına Fərəcan kənd tam orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəlliməsi kimi çalışır.

- Müasir ədəbiyyatımızda yetişən çox sayda gənclər var. Bu gün bir gənc kimi sizi həmin gənclərin yaradıcılığı qane edirmi? Bu haqda nə deyə bilərsiz? Gənclərdən kimlərin kitablarını oxuyursuz və yaradıcılığı ilə maraqlanırsız?
- Poeziya bir başqa aləmdir. Duyğusal insanları özünə çəkən fikir, söz dünyası. Mütəmadi olaraq mətbuatı izləyən biri kimi söyləyə bilərəm ki, bəli, bu gün müasir ədəbiyyatımız yetişdirir, sözün dəyərini anlayan, ürəyini misralara poetik, obrazlı dillə köçürərək qəlblərə yol tapmağa müyəssər olan gənclərimiz az deyil.
Fikrimcə, şeirdə bədii təsvir və ifadə vasitələrindən istifadə edildikdə sözlər yaddaşlarda silinməz xatirəyə çevrilir. Laləsiz yamyaşıl çəmənlik düşünək. Bir də yamyaşıl çəmənliyi daha füsunkar edən al yanaqlı lalələrlə birlikdə düşünək. Bu müqayisə obrazlı şeirin daha böyük təəssürat yarada bilməsi fikrinə bir nümunə ola bilər. Ədəbiyyat həyat həqiqətlərini özündə əks etdirən söz sənətidir, ədəbiyyatın özünəməxsus qanunauyğunluqları, prinsipləri var. Lakin ədəbiyyatın əsas məğzi sözləri daha fərqli, düşündürməyə müvəffəq olacaq bir formada çatdırmaqdır. Vətənpərvərlik mövzusunda yazan şairin misralarında Qarabağ nisgili, firqətin cəfadan ucalan üsyan səsi, sevgi lirikasında səmimi hislər, duyğuların tərənnümü yoxdursa, deməli, bu şeirləri ürəyinin əlləri yazdırmayıb. Ürəyinin əlləriylə qələmini ağladan, yazarkən sellər kimi coşub-daşan şairləri dərin bir məhəbbətlə oxuyuram.
Nuranə Nur, Vüqar Rahi, Xəzər Süleymanlı, Aysel Abdullazadə, Şəhriyyə Qəzənfərqızı, Sərvər Kamranlı, İlkin Xaliq, Şəhanə Müşfiq kimi istedadlı qələm sahiblərinin yaradıcılıqlarını daima izləyirəm. İstedadlı yazarları ədəbiyyatımıza ``Tanrının ərməğanları`` kimi qiymətləndirmək olar.
Lakin bu gün təəssüflə qeyd etmək istərdim ki, söz yığınını şeir adlandıraraq özlərinə ``şair`` deyən, lakin yaradıcılıqdan tamamilə uzaq gənclərimiz də kifayət qədərdir.
Yaxşı yazmağın yolu mütaliədən keçir. Bu artıq illərdən bəri təsdiqlənən sınaqdan keçmiş bir fikirdir.
Tanrı yazmaq istedadını bəzi insanlara verərkən, digər insanların ürəyinə məlhəm olacağını da düşünüb, məncə.
- Artıq sizin bir kitabınız işıq üzü görüb. Kitabınızın ərsəyə gəlməsi haqqında danışa bilərsiz?
- Bəli, ``Gecikmisən qəlbimə`` adlı şeir kitabım. Xarakter etibarilə özünə tənqidi yanaşmağı bacaran insanlardanam. Şeir kitabımı çıxarmazdan öncə filologiya üzrə fəlsəfə elmləri doktoru Telman Haqverdiyevin şeirlərim haqda fikirlərini öyrəndim.
Telman müəllim qeyd etdi ki, bu şeirlər ilk dəfə mənə təqdim olunanda müəllifinin yetkin bir qadın olduğunu düşündüm. Sanki bu şeirləri həyat təcrübəsi çox olan biri yazıb. Şeirləri gənc bir xanımın yazdığını öyrənəndə çox təəccübləndim.
Bu sözlər mənə stimul oldu. Və o an Telman müəllimə belə bir sual verdim: “Sizcə, yazmaqda davam edimmi?”
-``Əlbəttə, mütləq yaz``, dedi.
Şeir kitabımın yaranma tarixi belə oldu. Kitabda sevgi lirikasının fonunda humanizmə, insanpərvərliyə, xeyirxahlığa çağırış motivləri var.
Əgər şeirlərim bəyənilməsəydi, qətiyyən kitab çıxarmazdım. Hesab edirəm ki, insanda ən müsbət keyfiyyətlərdən biri öhdəsindən gələ bilmədiyi işdən uzaqlaşmağı bacarmasıdır. Ələlxüsus da incəsənət sahəsində. Təsirsiz şeirlərlə, bəsit ifadələrlə insanları zövqsüzlüyə sürükləməyə haqqı yoxdur kimsənin. Duyğularını itirən cəmiyyət məhvə məhkumdur.
- Yaradıcılığınızda nə yenilik etmək fikriniz var? Poema yazmağı fikirləşirsiz?
- Roman üzərində işləyirəm. Romanın süjet xəttini qarşılaşdığım həyat hadisələri və həyat təcrübəsi ilə əlaqədər olaraq, hələ ki, davam etdirirəm. Yeni şeirlərim oxucular tərəfindən sevilərək oxunur. Təbii ki, peşəkarların qeyd etdikləri tənqidi məqamları da diqqətlə dinləyirəm. Tənqid uğurun yarısıdır. Yaradıcılıq çoxşaxəlidir. Hələ ki şeirlər, hekayələr yazıram. Təbii ki, nə zamansa poema yazmağı da düşünürəm.
- Özünüzü təkmilləşdirmək üçün hansı bədii əsərləri daha çox mütaliə edirsiz?
- Bu məqamda Fikrət Qocanın fikirlərini qeyd etmək istərdim. Bədii əsər oxucuda gözəl hislər yaradır, həyatı insanlara başa düşməkdə ona kömək edir.
Kitablara olan sevgim sonsuzdur. Bir gün kitab oxumasam, özümü dünyanın ən cahil insanı hesab edərəm.
Azərbaycan ədəbiyyatından Cəfər Cabbarlının əsərlərini ruhuma daha yaxın hesab edirəm. ``Vəfalı Səriyyə``, `` Solğun çiçəklər``, ``Oqtay Eloğlu``, ``Od gəlini``, ``Sevil``ən çox sevdiyim əsərlərdir.
Azərbaycan qadınını mənən, ruhən güclü, Azərbaycan kişisini vüqarlı bir dağ kimi məğrur, xalqını, millətini savadlı, maariflənməyə meyilli görmək istəyi, arzusu dramaturqun yaradıcılığına sirayət edib.
Dünya ədəbiyyatından Cek Londonun ``Martin İden``, Bertris Smollun ``Yad Yasəmən``, Mark Levinin ``Haradasan``, Viktor Hüqonun ``Səfillər``, Jül Vernin ``Sirli ada``, Çarlz Dikkensin ``Oliver Tvistin macəraları`` əsərlərini sevdiyim əsərlər kimi qeyd edə bilərəm.
Tarixi, dedektiv janrlarda olan bədii nümunələri oxuyur, mütaliəyə xeyli vaxt ayırıram.
- Siz, həm də bir müəllimsiz. Şagirdlərin ədəbiyyata olan marağını necə qiymətləndirirsiz?
-Şagirdlərin istənilən fənnə marağı bilavasitə müəllimdən asılıdır. Uşaq psixologiyasını anlayan müəllimlər fənnini sevdirməyə səy göstərirlər. Elm həyatdır, nurdur, həyatımızı aydınladan çıraqdır. Ədəbiyyat isə həyatın fənnidir. Estetik zövqümüzü, mənəvi keyfiyyətlərimizi formalaşdırır ədəbiyyat.
Gənc müəllimə kimi şagirdlərimə tədris etdiyim ədəbiyyat fənnini sevdirməyə çalışıram. Şagirdlərin ədəbiyyata marağını yüksək qiymətləndirirəm.
- Bəs bədii ədəbiyyatımızın inkişafı üçün xarici müəlliflərdən tərcümələr etməyi fikirləşirsiz?
- Ədəbiyyat xalqın şüurudur, onun mənəvi həyatının diriliyidir demişdir V. Q. Belinski.
Ədəbiyyatımızın inkişafı, tərəqqisi yolunda hər bir yaradıcı şəxs ürəyilə, qəlbilə sevgilə çalışmalıdır. Yaradıcılıq elə bir yoldur ki, döngələrin səni hansı istiqamətə aparacağını zaman və hadisələrin, yaşantıların gedişatı göstərir. Əlbəttə, nə zamansa xarici müəlliflərdən tərcümələr edərək ədəbiyyatımıza öz töhfələrimi vermək istərdim.
- Şeirə olan sevginizdən danışa bilərsiniz? Həmçinin də şeirlərinizdən bir neçəsini bizlərlə paylaşardız.
-Şeir... sevgimin sədaqəti, qaranlıq otaqdan boylanan hicranı, qaranquşları gətirən bahar kimi möhtəşəm vüsalı, nəfəsim, ürək döyüntülərimdir. Poeziya azadlığım, ruhumun üsyanı, gözlərimin ümmanı, ağlayan xatirələrim, kövrəkliyim, tərəddüdlərim, bəlkələrim, kaşkilərim, mənim vəfalı eşqimdir.

YAZ, XARIBÜLBÜL!

Ağla, göz yaşını saxlama daha,
Ya həsrət insafsız, ya vüsal baha,
Vallah, ümid yoxdur gələn sabaha,
Sən də dərd əlindən yaz, xarıbülbül!

Min güldən bağ saldım, sən niyə yoxsan?
Ürəyə məlhəmdin, indisə dağsan,
Sən də öz bəxtindən yaralanmısan,
Eşqini içində boğ, xarıbülbül!

Seyrinə çıxanlar yoxa çıxıblar,
Ayrılıq əlindən cəfa tapıblar,
Yuxuda boynunu qucaqlayıblar,
Nolar, yuxulardan çıx, xarıbülbül!

Gerçək ol, doğru ol, həqiqətim ol,
Həm vəfam, həm sevgim, sədaqətim ol,
Get daha kədərin saçlarını yol,
Üsyan et, fəryad et, coş, xarıbülbül!

Dərd çəkir hələ də Şuşa dağları,
Unutmaq olarmı o oylaqları?
Tək Vətən bitirər bu ağrıları,
Bizi də qoynuna al, xarıbülbül!

Sənin görüşünə gələ bilmədi,
Neçə qəlb əzabla vurdu, inlədi,
Susdu içindəki ahı gizlədi,
Həsrətin bağrını yar, xarıbülbül!

QARABAĞDA
Toplayır çiçəkdən arılar eşqi,
Gözəldir duyğular, hislər həqiqi,
Sən mənim sevgimin ilki, sadiqi,
Yuxu da aləmdir bil, Qarabağda.

Ürəkdən süzülür dürr o diyarda,
Şuşa keşməkeşdə, Laçınsa darda,
Toxunma, qəmliyəm hislər coşanda,
Bu bahar açarmı gül Qarabağda?

Sən mənim könlümün qübarı, dərdi,
Çəkmişəm cəfanı aylar, illərdi,
İlahi, bu həsrət bağrımı dəldi,
Bir vaxt xoşbəxt idi el Qarabağda.

Ağdam intizarda, Kəlbəcər qışda,
Biz ki, islanmazdıq yağan yağışda,
Qələbə qazanaq biz bu yarışda,
Düşmənə vurulsun qol Qarabağda!

GÜNAHKAR

Ay mənim yazımı qış eyləyənim,
Bu kövrək qəlbimi daş eyləyənim,
Dərdimi gözümdə yaş eyləyənim,
Sənmi günahkarsan, mənmi günahkar?
Dumanmı günahkar, çənmi günahkar?

Ay mənim arzumu puç eyləyənim,
Dağ boyda sevgimi heç eyləyənim,
Hər gün bir ürəyə köç eyləyənim,
Vəfanmı günahkar, qəlbmi günahkar?
Sözlərmi günahkar, dilmi günahkar?

Ay qara saçımda dən eyləyənim,
Bir vuran ürəyi tən eyləyənim,
Şeirimin adını ``sən`` eyləyənim,
Qələmmi günahkar, ruhmu günahkar?
Duyğumu günahkar, hismi günahkar?

İnan, hər şeirimin sözündə sənsən,
Qırdığın ürəyin özündə sənsən,
Sındırma bəxtimi, güzgüdə sənsən,
Nə tale günahkar, nə bəxt günahkar,
Həm sən günahkarsan, həm mən günahkar.
- Sonda gələcək planlarınızdan danışardiz.
- Yaradıcı insanlar xarakter etibarilə uğur qazanmağa daha meyilli olur. Təbii ki, mənim də gələcəyə bağlı bitib-tükənməyən arzularım, planlarım var. Yaxın zamanlarda "Könlümün səhrası" adlı ikinci şeir kitabımla oxucuların görüşünə gələcəm. Kitaba sərbəst, eləcə də heca vəznində yazdığım şeirlərim daxil ediləcək.
Təhsilimi davam etdirməklə bağlı planlarım var. Daima biliyimi artırmağa, özümü təkmilləşdirməyə çalışır və bunun yaradıcılığımda mühüm əhəmiyyət kəsb edəcəyinə inanıram.
Hal-hazırda "Özünü məndən apar" adlı romanımın üzərində işləyirəm. Süjet xəttinə təzadlı məqamların daxil olduğu bu əsər həyat həqiqətlərinin bədii ədəbiyyatla sıx bağlılığı fikrinin inikasıdır.
Ən önəmlisi gənc yazar kimi sözlərim, misralarımla ürəklərə yol tapmaq, düşündürməyə müyəssər olmaq kimi bir arzum var.
Sonda gənc yaradıcı insanlara dəstəyiniz üçün sizə minnətdarlığımı bildirirəm.

Söhbəti qələmə aldı:
Mahmud Əyyub




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”
07.09.2018
“Ukraynada bizim güclü və mehriban komandamız var”
07.09.2018
Qan verənlər minlərlə insanın müalicəsinə böyük töhfə vermiş olurlar
07.09.2018
“BANM-i bitirdikdən sonra bacarıqlı mühəndis olacağıma inanıram”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info