Sağlamlıq imkanları məhdud insanlar cəmiyyətinaktiv üzvünə çevrilir
Tarix: 29.03.2017 | Saat: 16:30:00 | E-mail | Çapa göndər


Sağlam cəmiyyət işıqlı və etibarlı gələcək vəd edir. Odur ki, öz millətinin gələcəyini düşünən, ölkəsinin müstəqilliyini möhkəmləndirməyə çalışan, bütün sahələrdə inkişafa nail olmaqla dünyada söz sahibinə çevrilmək istəyən dövlətlər və müdrik rəhbərlər sağlam cəmiyyət formalaşdırırlar. Belə bir cəmiyyətin qurulması üçün sağlam insanlar lazımdır. Ancaq bu da reallıqdır ki, cəmiyyətin bütün üzvləri sağlam olmurlar və məhdud fiziki imkanlı insanlardan heç bir cəmiyyət sığortalanmayıb. Sağlamlıq imkanları məhdud insanları cəmiyyətin aktiv üzvlərinə çevirmək isə Azərbaycan kimi sosialyönümlü siyasət yürüdən, insan amilinə yüksək dəyər verilən ölkələrdə qarşıya qoyulan əsas vəzifələrdəndir. Azərbaycanda bütün insanların yaxşı yaşaması, ölkəmizin inkişafına fayda verə bilməsi üçün sağlamlıq imkanları məhdud insanların problemlərinə həssaslıqla yanaşılır, onların qarşılaşdıqları çətinliklər dərhal aradan qaldırılır. Bu istiqamətdə Naxçıvan Muxtar Respublikasında həyata keçirilən tədbirlər xüsusilə diqqəti cəlb edir.
Naxçıvanda mərhələ-mərhələ həyata keçirilən tədbirlər sağlamlıq imkanları məhdud insanların cəmiyyətin aktiv üzvünə çevrilməsi ilə nəticələnib. İlk mərhələdə bu kateqoriyadan olan şəxslərə insanların münasibətini dəyişmək lazım idi. Əlillik anadangəlmə də ola bilər, sonra da yarana bilər. İstənilən halda bu insanlar cəmiyyətin ayrılmaz hissəsidir. Onların reabilitasiyası, cəmiyyətə inteqrasiyası mühüm sosial vəzifələrdəndir. Sağlamlıq imkanları məhdud şəxslər də bizim insanlarımızdır. Bu kateqoriyadan olan şəxslər də təhsil almaq və işləmək, kimsəyə möhtac olmamaq istəyirlər.
Naxçıvan Muxtar Respublikasında 1996-cı ildən sağlamlıq imkanları məhdud insanların cəmiyyətə inteqrasiyası üçün görülən işlərin istiqaməti məhz belə idi. Düşünülmüş şəkildə həyata keçirilən tədbirlər bu kateqoriyadan olan insanlara münasibəti kökündən dəyişdi. Həm sağlam insanlar, həm də məhdud fiziki imkanlı şəxslərin özləri onların ölkəmizin inkişafına fayda verə biləcəyinə, cəmiyyətin fəal üzvünə çevriləcəyinə inandırıldı. Beləliklə, özlərini dörd divar arasına “həbs etmiş”, həyatdan küsmüş, gələcəkdən heç bir gözləntisi olmayan, özünə inamını itirmiş sağlamlıq imkanları məhdud insanlar bu təhlükəli vəziyyətdən çıxaraq digər insanlarla qaynayıb qarışdılar, cəmiyyətin fəal üzvünə çevrilmək yoluna çıxdılar. Məhz bunun nəticəsi idi ki, məhdud fiziki imkanlı Mətanət Əhmədova “Şərq qapısı” qəzetinin 1997-ci il 28 may tarixli nömrəsində dərc olunan “Ümidsiz ürəklərdə inam yandırılanda” adlı məqaləsində yazırdı: “Həyat qəribədir. Adamların taleyi də müxtəlifdir. Hər bir insanın qismətinə, taleyinə düşən onun alın yazısıdır. Allahın yaratdığı bəndələr bəzən anadan doğulanda fiziki cəhətdən qüsurlu olurlar. Bu səbəbdən də qəlbi incik və kövrək insanlar üçün həyat o zaman mənalı və yaddaqalan olur ki, onlar cəmiyyət daxilində axtarılırlar. İlin müxtəlif vaxtlarında xalqın əbədi yaddaşına həkk olunan bayram mərasimlərində yada düşürlər. İstər ətraf mühitin, istərsə də insanların ağrılı nöqtələrini, cəhətlərini tapıb əlac etmək, onlara hayan durmaq, köməkdar olmaq hər kəsin qabiliyyəti və insanlıq borcu ola bilmir. Bəzən ürəksizlər, biganə və laqeydlər müxtəlif dərdə düçar olanları heç yadlarına belə salmırlar. Naxçıvan şəhərində yerləşən Gözdən Əlillər Cəmiyyətinə məxsus olan kiçik yataqxana kimsə tərəfindən, xüsusilə vəzifə sahibləri tərəfindən yada düşmürdü. 25 nəfərlik gözdən əlil ailəni təmsil edən yataqxana da bütün yaralı nöqtələr kimi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun diqqətindən kənarda qalmadı. Gözlərdən uzaq, könüllərdən iraq olan yataqxana sakinlərinin dərd-sərini dinləmək, onlara kömək etmək üçün Ali Məclisin Sədri keçən ilin axırlarında yataqxanaya gəlmişdi. Bu gəliş kövrək ürəklərin küsüb getmiş inamını yenidən özünə qaytardı. Həyatda insanlara xoş ovqat bəxş etməyə qadir olan insanlar həmişə minnətdarlıq hissi ilə yad edilirlər”.
“Şərq qapısı”nın 1990-cı illərin ortalarında çap edilmiş nömrələrini vərəqlədikcə belə tədbirlərin tez-tez keçirildiyinin, sağlamlıq imkanları məhdud insanlarla görüşlərdə onların cəmiyyətin ayrılmaz hissəsi olduğunun xüsusi vurğulandığının şahidi oluruq. Bu kateqoriyadan olan şəxslərlə keçirilən görüşlərdə ölkəmizin inkişafı üçün onlara da ehtiyac duyulduğu barədə fikirlərin səsləndirilməsi sağlamlıq imkanları məhdud insanların özlərinə olan inamını artırıb.
Sonrakı mərhələdə məhdud fiziki imkanlı insanların yaşayış şəraitinin yaxşılaşdırılması, onların reabilitasiyası istiqamətində ardıcıl tədbirlər görülüb. Sağlamlıq imkanları məhdud şəxslər üçün yaşayış binaları, fərdi mənzillər tikilib, bu kateqoriyadan olan insanların reabilitasiyası məqsədilə müasir avadanlıqlarla təchiz olunmuş Naxçıvan Əlillərin Bərpa Mərkəzi və Uşaq Bərpa Mərkəzi istifadəyə verilib. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən aldığımız məlumata görə, son 20 ildə muxtar respublikada 211 sağlamlıq imkanları məhdud insan mənzillə, 456 məhdud fiziki imkanlı şəxs isə minik avtomobili ilə təmin olunub. Hər il sağlamlıq imkanları məhdud insanların xarici ölkələrə müalicəyə göndərilməsi, onların iştirakı ilə müxtəlif tədbirlərin keçirilməsi məhdud fiziki imkanlı şəxslərin cəmiyyətə inteqrasiyasında mühüm rol oynayıb.
Mənzil-məişət şəraiti yaxşılaşdırılan, sağlamlığı qismən bərpa olunan, özünə inamı artan məhdud fiziki imkanlılar artıq təhsil almaq və işləmək istəyirdilər. Dövlətin də istədiyi məhz bu idi. Çünki istənilən fərdin cəmiyyətə fayda verə bilməsi üçün təhsilli olması əsas şərtlərdəndir. Söhbət ali təhsil almaqdan getmir. Hansı sahədə çalışmağından asılı olmayaraq, yazıb oxumağı bacarmalı, bir peşəyə yiyələnməlisən. Odur ki, sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi istiqamətində ardıcıl tədbirlər görülüb. Fiziki imkanları orta məktəblərdə təhsil almağa imkan verən uşaqlar ümumtəhsil məktəblərinə cəlb olunub. Orta məktəblərə gedə bilməyən uşaqlar üçün isə Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində Distant Tədris Mərkəzi yaradılıb. Bu barədə bir az sonra. Əvvəlcə Regional İnformasiya Mərkəzi barədə qısa məlumat verək.
“Fiziki imkanları məhdud olan uşaqlar burada oxuyacaqlar. Onlar cəmiyyətdən kənarda qalmayacaqlar. Azərbaycanda elə şərait yaradılmalıdır ki, bütün vətəndaşlar onların fiziki imkanlarına baxmayaraq, ondan asılı olmayaraq, cəmiyyətdə öz yerini tuta bilsin”. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2010-cu il oktyabrın 5-də Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin açılış mərasimində söylədiyi bu fikirlər hər bir vətəndaşın taleyi üçün cavabdeh olan dövlət başçı­sının bu kateqoriyadan olan şəxslərə xüsusi diqqətinin təzahürüdür. Azərbaycan Prezidenti ölkənin əsas düşüncə mərkəzlərindən biri olan Naxçıvanda bu fikirləri səsləndirməklə sürətlə inkişaf edən qədim diyarımızın bu sahədə də nümunə olduğunu ifadə etmişdi. Ötən illərin təcrübəsi göstərir ki, Naxçıvan Muxtar Respublikasında bu sahədə nəinki müasir təcrübə tətbiq edilir, hətta Naxçıvanda sağlamlıq imkanları məhdud şəxslərin cəmiyyətə inteqrasiyası istiqamətində həyata keçirilən işlər bir model kimi qəbul olunur. Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində yaradılan şərait, tətbiq olunan yeniliklər, sağlamlıq imkanları məhdud insanların istifadəsinə verilən xidmətlər belə deməyə əsas verir. Mərkəzdə görmə və eşitmə qabiliyyəti məhdud şəxslərə xüsusi proqram təminatı əsasında audio və elektron kitabxana xidmətinin göstərilməsi, görmə qabiliyyəti məhdud insanlar üçün brayl yazı sisteminin və kompüterin tədrisi kurslarının təşkili onların öyrənməsinə, cəmiyyətə inteqrasiya olunmasına xidmət edir. Bundan başqa, mərkəzdə autizm və digər sindromlu uşaqlar, habelə bədənini koordinasiya edə bilməyən, ünsiyyət qurmaqda çətinlik çəkən məhdud fiziki imkanlı uşaqlar üçün kinekt oyunları otağı da yaradılıb. Burada Defektologiya bölməsinin yaradılmasında məqsəd zehni inkişafı ləngiyən və nitq qüsurları olan uşaqların reabilitasiyasına nail olmaqdır. Mərkəzdə yaradılan əmək terapiyası otağında uşaqlar tikmə-biçmə, kəsib yapışdırma, quraşdırma işləri ilə məşğul olur, rəsm çəkirlər. Bu, sağlamlıq imkanları məhdud uşaqların əmək qabiliyyətinin inkişafına, əqli cəhətdən geri qalanların sağlamlıqlarının bərpasına öz təsirini göstərir. Bir sözlə, Naxçıvan Regional İnformasiya Mərkəzi bu kateqoriyadan olan insanların təhsil almasında, öyrənməsində, sağlamlığının bərpasında mühüm rol oynayır. Bütün bunlara sistemli şəkildə həyata keçirilən tədbirlərlə, bu sahədə qəbul edilən dövlət proqramlarının uğurlu icrası nəticəsində nail olunub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 18 dekabr tarixli Sərəncamı ilə təsdiq olunan “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Proqramı”nın icrası nəticəsində onların təhsilə cəlbi sistemli xarakter alıb, inklüziv təhsil üçün əsaslı zəmin hazırlanıb. Proqramın icrası dövründə sağlamlıq imkanları məhdud 124 uşaq məktəbəqədər, 140 uşaq ümumtəhsil müəssisələrinin 1-ci siniflərinə, 417 uşaq isə musiqi məktəblərinə, məktəbdənkənar təhsil müəssisələrinə və idman qruplarına cəlb edilib. Proqrama uyğun olaraq hərəkət qabiliyyətinin məhdudluğu səbəbindən ümumtəhsil məktəblərinə gedə bilməyən uşaqlar üçün Distant Tədris Mərkəzi yaradılıb. Mərkəzdə server və çevirici avadanlıqlar, tədris sinfində elektron lövhə, kompüter, smart kamera, monitor və digər texniki avadanlıqlar, distant tədrisə cəlb olunmuş uşaqların yaşadığı mənzillərdə isə asinxron rəqəmsal abunəçi avadanlığı, noutbuk və veb-kameralar quraşdırılıb. 150 nəfər sağlamlıq imkanı məhdud uşağın qoşulması mümkün olan mərkəzdə hazırda 24 uşaq distant dərslərə cəlb edilib.
Məhdud fiziki imkanlı uşaqların sosial reabilitasiyası sahəsində həyata keçirilən tədbirlərin davamlılığının təmin edilməsi, onların təlimində mütərəqqi üsulların tətbiqi, bu istiqamətdə kadr hazırlığının gücləndirilməsi yeni proqramın qəbul olunmasını şərtləndirirdi. Ona görə də Ali Məclis Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı” qəbul edilib. Ötən dövr ərzində proqramın uğurlu icrası sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyasına, onların təhsilində müasir üsulların tətbiqinə stimul verib, müvafiq pedaqoji kadrların hazırlanmasına şərait yaradıb, sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbinin davamlılığını təmin edib, inklüziv və məsafədən (distant) təhsil imkanlarını artırıb. Dövlət proqramına uyğun olaraq sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyasında müasir üsullar tətbiq edilir, bu kateqoriyadan olan uşaqların müasir informasiya texnologiyalarından istifadə imkanları artırılır.
Sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi istiqamətində görülən işlər barədə bu sətirləri yazarkən mərhum jurnalist həmka­rımız Səxavət Kəngərli ilə olan söhbətimiz yadıma düşdü. Ustad jurnalistimiz danışırdı ki, ötən əsrin 90-cı illərinin ortalarında belə uşaqlar haqqında məqalə hazırlamaq üçün görüşdüyüm 13 yaşlı Sabirlə olan qısa dialoqu­muzu heç vaxt unutmadım. Sabir hərəkət qabiliyyətinin məhdudluğu səbəbindən məktəbə gedə bilmirdi. O zaman nə qədər çalışsaq da, haqqında yazı hazırlamağımıza, fotoşəklini çəkməyimizə razılıq vermədi:
– Xahiş edirəm mənim haqqımda heç nə yazmayın.
– Niyə? Qəzetdə özünü görmək istəmirsən?
– Mən o yazını sərbəst oxuya bilməyəcəyəm. Ona görə də narahat olacağam. Xahiş edirəm məni incitməyin.
O, bu sözləri deyəndən sonra öz otağına keçdi və bir daha bizimlə görüşmək istəmədi.
Səxavət Kəngərli ilə söhbətimizin bu hissəsini olduğu kimi qeyd dəftərçəmə köçürmüşdüm: “Oxumaq həvəsi ilə alışıb yanan, həyatdan küsmüş bu uşağın qapının arxasından söylədiyi son sözlərdən sonra özümü saxlaya bilmədim, gözlərim doldu: “Gedin sağlam insanlardan yazın. Biz kimin nəyinə lazımıq ki”. “Şərq qapısı”nın dünənki sayında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi istiqamətində görülən işlər barədə yazını oxuyarkən bu hadisə yadıma düşdü və yenə gözlərim doldu. Amma budəfəki sevinc göz yaşları idi. Dövlətimizin böyük diqqət və qayğısı ilə belə uşaqlar artıq təhsilə cəlb olunub”.
Bu hadisədən, təqribən, 20 il sonra hərəkət qabiliyyətinin məhdudluğu səbəbindən məktəbə gedə bilməyən, buna görə də distant dərsə cəlb edilən, Səxavət Kəngərlinin ürəkağrısı ilə mənə danışdığı Sabirlə eyni yaşda olan Babək rayonunun Aşağı Uzunoba kənd sakini Rauf Hüseynov “Şərq qapısı” qəzetinin əməkdaşına həvəslə deyir: “Bu il üçüncü sinfi əla qiymətlərlə başa vuracağam. Müəllimimi, mənimlə birlikdə dərs keçən uşaqları çox istəyirəm. Gün ərzində zəng edib onlarla söhbət edir, hamısı ilə əlaqə saxlayıram. Çox sevinirəm ki, məktəbə gedə bilməsəm də, hamı kimi oxuyub bir peşəyə yiyələnəcəyəm”.
Naxçıvan Muxtar Respublikasının qısa zaman kəsiyində əldə etdiyi böyük nailiyyətlərdən biri budur: hər bir insanımızın cəmiyyət üçün yararlı vətəndaşa çevrilməsi.
Naxçıvan sağlamlıq imkanları məhdud insanların təhsilə cəlbi sahəsində böyük bir yol keçib. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, görmə qabiliyyəti məhdud Elməddin Kərimov kimi hətta magistr təhsili alan sağlamlıq imkanları məhdud insanlarımız da vardır.
Yuxarıda xatırlatdığımız “Ümidsiz ürəklərdə inam yandırılanda” adlı məqalədə müəllif sağlamlıq imkanları məhdud insanlara diqqətsizlikdən, onların bayram günlərində yada salınmamasından gileylənirdi. İndi bayram günlərində onlar nəinki yada salınır, hətta bayram tədbirləri sağlamlıq imkanları məhdud insanların iştirakı ilə təşkil olunur. Bu il də Novruz bayramı ərəfəsində məhdud fiziki imkanlı şəxslərlə görüşlər keçirilib, hərəkət qabiliyyətinin məhdudluğu səbəbindən tədbirlərdə iştirak edə bilməyən şəxslərə evlərdə baş çəkilib, onlara bayram sovqatı verilib. Bayram tədbirlərində, ümumilikdə, məhdud fiziki imkanlı 1000 nəfərə sovqat təqdim edilib.
Sağlamlıq imkanları məhdud insanların işlə təminatı da daim diqqət mərkəzində saxlanılır. Onların özünüməşğulluğunun təmin olunması üçün sosial layihələr həyata keçirilir. Bu kateqoriyadan olan şəxslərin sosial reabilitasiyası məqsədilə peşə hazırlığı kurslarına cəlbi də xüsusi diqqət yetirilən məsələlərdəndir. Son illər 540-dan çox sağlamlıq imkanı məhdud şəxs peşə hazırlığı kurslarına cəlb olunub, işlə təmin edilib.
Məhdud fiziki imkanlı insanların sosial reabilitasiyasında onların idmana cəlb edilməsi də mühüm rol oynayır. Artıq 11 ildir ki, fəaliyyət göstərən Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyası sağlamlıq imkanları məhdud insanların idmanla məşğul olmasına öz töhfəsini verir. Hər il sağlamlıq imkanları məhdud insanlar arasında keçirilən yarışlar onların idmana kütləvi cəlbinə şərait yaradır. Bu sahədə görülən işlərin nəticəsi isə göz qabağındadır. Artıq Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının yetirmələri sırasında Hüseyn Həsənov kimi Paralimpiya Oyunlarının qalibi də vardır.
Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud insanların tibbi və sosial reabilitasiyası istiqamətində görülən işlər artıq öz bəhrəsini verir, onlar cəmiyyətin aktiv üzvünə çevrilirlər.
Tural SƏFƏROV
"Şərq qapısı" qəzetinin baş redaktoru




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info