Qeyri-infeksion xəstəliklərə qarşı mübarizəyə dair Milli Strategiya hazırlanır
Tarix: 16.04.2013 | Saat: 22:21:00 | E-mail | Çapa göndər


Strategiyanın həyata keçirilməsi qeyri-infeksion xəstəliklərlə bağlı vaxtından əvvəl ölümün azalmasına imkan yaradacaq

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında nəzərdə tutulan qeyri-infeksion xəstəliklərə qarşı mübarizəyə dair 2013-2020-ci illəri əhatə edən Milli Strategiyanın ilkin layihəsinin müzakirəsinə həsr olunmuş dəyirmi masa keçirildi. Tədbirdə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Ceyhun Məmmədov bildirdi ki, strategiyanın məqsədi qeyri-infeksion xəstəliklərlə bağlı vaxtından əvvəl ölümün qarşısının alınması, həyat davamlılığının uzadılması, ölkənin əmək ehtiyatlarının və iqtisadi potensialının artmasına nail olmaqdır: “Qlobal miqyasda 2008-ci ildə qeydə alınan ölüm hallarının 36 milyonuna səbəb QİX olub. Aparılan tədqiqatlar ölkəmizdə də ölüm və xəstələnmə hallarının başlıca səbəbinin QİX olduğunu göstərir. Buna görə də Səhiyyə Nazirliyi tərəfindən bu xəstəliklərlə bağlı bir sıra araşdırmalar aparılıb”.

İSİM-in direktoru ölkəmizdə onkoloji xəstəliklər və şəkərli diabetlə bağlı bir sıra dövlət proqramlarının uğurla icra edildiyini də diqqətə çatdırdı. Bununla yanaşı, bildirildi ki, ölkəmizdə QİX-lə bağlı məsələlərin əhatəli həlli üçün aidiyyəti qurumların iştirakı ilə milli strategiyanın həyata keçirilməsinə zərurət var. Bu strategiyanın hazırlanması isə İSİM-ə həvalə olunub. Azərbaycanda qeyri-infeksion xəstəliklərin qarşısının alınması və nəzarəti üzrə 2013-2020-ci illər üçün ümumi strateji çərçivəni müəyyən edən strategiyanın həyata keçirilməsi qeyri-infeksion xəstəliklərlə bağlı vaxtından əvvəl ölümün azalmasına və xəstəliklər yükünün əhəmiyyətli dərəcədə ixtisarına imkan yaradacaq. Strategiyanın məqsədi birgə və inteqrasiya olunmuş tədbirlər vasitəsilə qeyri-infeksion xəstəliklərdən qaynaqlanan vaxtından əvvəl ölüm hallarını 10 faiz azaltmaqla əhalinin sağlamlığını yaxşılaşdırmaqdır. 2020-ci il üçün hədəflər arasında tütün istifadəsinin 10%, eyni zamanda, duz və turşu istehlakının 5% azaldılması, piylənmə və şəkərli diabetin yayılmasında artımın olmaması vəzifələri var.
Beynəlxalq ekspert Xose Martin Morenonun “Sübutlardan təcrübəyə: Azərbaycanda QİX-in yükünün ünvanlandırılmasında beynəlxalq təcrübənin və DST-nin tövsiyələrinin tətbiqi” mövzusunda məruzəsi dinlənildi. Ekspert bildirdi ki, qeyri-infeksion xəstəliklər səssiz qatildir ki, bütün dünyada bunun qarşısının alınması istiqamətində mühüm tədbirlərin görülməsinə ehtiyac var. Onun sözlərinə görə, QİX-lərin yaranma səbəblərinin aradan qaldırılması yalnız insan sağlamlığı ilə nəticələnmir, həmçinin ölkədə təhsil, isqtisadiyyat və digər sahələrin də inkişafına təkan verir. Belə ki, bu gün bir sıra ölkələrdə ictimai yerlərdə siqaretin qadağan edilməsi ilə bağlı qanunun qəbul olunması insan sağlamlığında müsbət rol oynamaqla yanaşı, həmçinin siqaret satışında qiymətlərdəki dəyişikliklə də özünü göstərir. Yaxud alkoqoldan istifadənin azaldılması insan sağlamlığı ilə yanaşı, cinayətlərin azalmasına nail olmaq olar. Eyni zamanda erkən ölüm hallarının azalması bu ÜDM-nin artması ilə nəticələ bilər.
Tədbirdə, həmçinin DST-nin məsləhətçisi Sevil Əsədovanın “Azərbaycanda qeyri-infeksion xəstəliklər problemi. QİX-ə dair vəziyyətin təhlili və QİX-in risk amilləri üzrə milli araşdırmanın nəticələri” mövzusunda çıxış etdi. İSİM-in Səhiyyə siyasəti və islahatlar şöbəsinin müdiri Töhfə Cəmilova isə qeyri-infeksion xəstəliklərin qarşısının alınması və nəzarəti üzrə Milli Strategiyanın ilkin layihəsi ilə bağlı təqdimatla çıxış etdi. Təqdimatdan sonra layihə ətrafında fikir mübadiləsi aparıldı.

Azərbaycanda əhalinin
60 faizi artıq çəkidən əziyyət çəkir


Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Ceyhun Məmmədovun sözlərinə görə, aparılan tədqiqatlar göstərir ki, Azərbaycanda ölüm və xəstələnmə hallarının başlıca səbəbi qeyri-infeksion xəstəliklərdir. O bildirdi ki, nəticələrə əsasən qeyri-infeksion xəstəlik hallarının böyük əksəriyyətinin baş verməsi tütün çəkmə, artıq çəki və qeyri-sağlam qidalanma kimi risk faktorları ilə bağlıdır: “Ölkədə tütün çəkmə 22,9%, gündəlik tütün çəkmənin yayılması isə 21,3% təşkil edir. Lakin bu yayılma kişilər arasında qadınlara nisbətən 100 dəfə yüksəkdir. Ətrafa yayılan tütün tüstüsünə kişilər daha çox ictimai yerlərdə (76,6%), qadınlar isə evdə (41,2%) məruz qalırlar. Hazırda spirtli içki içənlərin nisbəti kişilər arasında qadınlardan əhəmiyyətli dərəcədə yüksəkdir. Bu da müvafiq olaraq kişilərdə 26,9% qadınlarda isə 1,7% təşkil edir”. İSİM-in direktoru vurğuladı ki, Azərbaycanda 60%-ə yaxın əhali artıq çəkidən əziyyət çəkir: “Azərbaycanda insanlar arasında artıq çəki 35,8 faiz, piylənmə isə 21,9 faiz təşkil edir. Aparılan sorğular nəticəsində məlum olub ki, piylənmədən əziyyət çəkən qadınların sayı kişilərdən əhəmiyyətli dərəcədə çoxdur”.

Dünyada 2030-cu ilədək xəstəliklərlə bağlı
gözlənilən proqnoz açıqlanıb


Mərkəzin direktoru bildirdi ki, dünyada ürək-damar xəstəlikləri nəticəsində ölənlərin illik sayının 2030-cu ilədək 23,3 milyona, onkoloji xəstəliklərdən ölənlərin illik sayının isə həmin dövrə kimi 13,1 milyonadək artması gözlənilir: “Belə meyillərin nəticəsi kimi il ərzində qeyri-infeksion xəstəliklərdən ölənlərin ümumi sayının 2030-cu ilə kimi 55 milyonadək artması proqnozlaşdırılır. Dünyada hər il təxminən 6 milyon insan tütünlə bağlı səbəblərdən dünyasını dəyişir. Bu rəqəmin 2030-cu ilədək 8 milyonadək artması gözlənilir”. Nazirlik rəsmisinin sözlərinə görə, hər il baş verən təxminən 3,2 milyon ölüm halı kifayət qədər olmayan fiziki aktivliyə aid edilə bilər: “Təxminən 1,7 milyon ölüm halı meyvə və tərəvəz istehlakı səviyyəsinin aşağı olması ilə izah edilir. Dünyada hər il 2,8 milyon insan artıq bədən çəkisi və piylənmə nəticəsində ölür”.

13-14 yaşlı məktəblilər arasında siqaret
çəkənlərin sayı artır


Ceyhun Məmmədov onu da bildirdi ki, Azərbaycanda 13-14 yaşlı məktəblilər arasında siqaret çəkənlərin sayı ildən-ilə artır. O qeyd etdi ki, bu nəticələr Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) dəstəyi ilə məktəblərdə aparılan araşdırma nəticəsində məlum olub. Onun sözlərinə görə, 2005-ci ildə ÜST Tütünlə Mübarizə üzrə Çərçivə Konvensiyasını qəbul edib. Azərbaycanda tütünlə mübarizə istiqamətində görülən işlər mövcud konvensiyaya uyğun həyata keçirilir.

ÜST: “Azərbaycanda ölüm halları daha çox ürək-damar xəstəlikləri ilə bağlıdır”

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Azərbaycanda ölüm hallarının səbəblərini açıqladı. ÜST-nin qeyri-infeksion xəstəliklər üzrə məsləhətçi Sevil Əsədova bildirdi ki, ölkədə ölüm halları daha çox ürək-damar xəstəlikləri ilə bağlıdır. Onun sözlərinə görə, bu xəstəlikdən ölənlərin sayı 51% təşkil edir: “Bundan əlavə, ölkəmizdə yoluxucu, qida çatışmazlığı, analıq və perinatal xəstəliklərdən 17%, xərçəngdən 11%, digər xroniki xəstəliklərdən 10%, tənəffüs orqanlarının xroniki xəstəlikləri və zədələnmələrdən 4%, şəkərli diabetdən isə 3% insanlar dünyasını dəyişir. 2010-2020-ci illər ərzində qeyri-infeksion xəstəliklər ilə bağlı ölüm hallarının 15% artması proqnozlaşdırılır”.

Ürək-damar xəstəlikləri xeyli cavanlaşıb

Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktor müavini Azad Hacıyev jurnalistlərə açıqlamasında bildirdi ki, Azərbaycanda ürək-damar xəstəlikləri ötən illərlə müqayisədə xeyli cavanlaşıb. O qeyd etdi ki, əgər 30-40 il əvvəl çox nadir hallarda 30 yaşdan aşağı yaşda olan insanlarda infarkt və digər kardioloji xəstəliklər qeydə alınırdısa, indi bu say çoxalıb və daha cavan yaşlı insanları əhatə edir. A.Hacıyevin sözlərinə görə, cavan insanlarda bu xəstəliklər stress nəticəsində yaranır: “Onlara ilkin yardımın göstərilməsi çox önəmlidir. Çünki köməkliklərin vaxtında edilməsi ilə onların xəstəlikdən vaxtında azad olunması imkanları var. Əgər əvvəllər 30 yaşdan aşağı 2-5 nəfər insanda ürək-damar xəstəlikləri aşkarlanırdısa, indi onların sayı 100-ə yaxındır”. A.Hacıyev qeyd etdi ki, paytaxt Bakıda ürək-damar xəstəliklərindən əziyyət çəkən xəstələrin sayı daha çoxdur: “Bakı meqapolis olduğundan və burada insanlar stresslə daha tez-tez qarşılaşıldığından, ürək-damar xəstəliklərinə daha çox rast gəlinir. Amma rayonlarda insanlar təbiətlə daha çox əlaqədə olduğu üçün və digər amillərin təsiri ilə onlarda xəstəlik daha az qeydə alınır”.

Nigar ABDULLAYEVA




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10132

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info