“Pambıqdan emal olunmuş hazır məhsulun ixracı gəlirimizi daha da artıracaq”
Tarix: 30.03.2017 | Saat: 00:02:00 | E-mail | Çapa göndər


Professor Çingiz İsmayılov:
“Pambıqçılığın inkişafı iqtisadi gəlir, əhalinin yaşayış rifahının artması və yeni iş yerlərinin yaradılması deməkdir”

Pambıqçılığın inkişafı Azərbaycanda prioritet sahə sayılır. Saatlıda pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində çıxışı zamanı Prezident İlham Əliyev pambıqçılığın Azərbaycanda qədim ənənələrinin olduğunu, əsrlər boyu xalqımızın pambıqçılıqla məşğul olduğunu bildirib. Pambıqçılığın ən sürətli və uğurlu inkişaf dövrünün ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu deyən ölkə başçısı qeyd edib ki, məhz onun təşəbbüsü və bilavasitə rəhbərliyi ilə 1970-ci illərdə və eyni zamanda 1980-ci illərin əvvəllərində Azərbaycanda pambıqçılıq sürətlə inkişaf edib:
“Əgər biz statistikaya nəzər salsaq görərik ki, ulu öndərin dövründə Azərbaycanda pambıq tədarükü bir neçə dəfə artıb. 1980-ci illərin əvvəllərində 800 min ton -1 milyon tona qədər pambıq tədarük edilirdi. Bu, əlbəttə ki, respublikanın inkişafına səbəb olub. Bu gün pambıqçılığın inkişafı artıq reallıqdır və 2016-cı il dönüş ili olub. 2015-ci il, demək olar ki, bizim müasir tariximizdə pambıqçılıqda ən pis il olub, 18 min hektardan cəmi 35 min ton pambıq tədarük edilib. Çox ciddi tədbirlər görüldü, texnika alındı, dövlət dəstəyi göstərildi, imkan daxilində meliorasiya işləri aparıldı. Keçən il biz 51 min hektarda pambıq əkmişdik və nəticədə 90 min tona yaxın məhsul götürülüb. Yəni bu, 2015-ci illə müqayisədə üç dəfə çoxdur”. Ölkə başçısının sözlərinə görə, bu il və keçən il Dövlət İnvestisiya Proqramında pambıqçılığın inkişafı ilə bağlı böyük vəsait nəzərdə tutulub. Kompleks tədbirlər görülüb. Keçən il 100-ə yaxın pambıqyığan kombayn gətirilib. Bu il 200-dən çox müasir kombayn sifariş edilib. Pambıqçılığın ölkə iqtisadiyyatına çox böyük xeyri olduğunu deyən ölkə başçısı vurğulayıb ki, bu, ölkəmizə valyuta gətirir və pambıq elə bir məhsuldur ki, dünya birjalarında satılır: “Ona görə, pambığın və mahlıcın satışı üçün bazarları aramaq lazım gəlmir və bu, əlbəttə ki, böyük üstünlükdür. Eyni zamanda pambıqçılıq əməktutumlu kənd təsərrüfatı sahəsidir. Keçən il pambıqçılığa 10 minlərlə insan cəlb edilib. Bu il bu rəqəm daha da böyük olacaq. Bölgələrdə məşğulluğun artırılması baxımından pambıqçılığın çox böyük xeyri var. Artıq vətəndaşlar tərəfindən pambıqçılığa çox böyük maraq yaranıb. Dövlət öz dəstəyini göstərir və göstərəcək. Əminəm ki, bu il göstəricilər daha yaxşı olacaq və buna şübhə yoxdur. Əlbəttə ki, biz gələcəkdə pambıqçılığı daha sürətlə inkişaf etdirəcəyik. Pambıqçılıq daha geniş vüsət alacaq və həm vətəndaşlara, həm dövlətə bunun ancaq böyük xeyri olacaq”.
Mütəxəssislərimiz də ölkədə pambıqçılığın inkişafının vacib olduğunu deyirlər. Müsahibimiz Regional İnkişaf Mərkəzinin rəhbəri, professor Çingiz İsmayılovdur:
- Pambıqçılıq ötən illərdə əkinçilikdə aparıcı sahə olub. Təbii ki, onun inkişaf etdirilməsi çox vacibdir. Ölkə iqtisadiyyatının şaxələndirilməsində, xüsusən, kənd təsərrüfatında pambıqçılığın rolu artmalıdır, onun yeri də daha yüksək olmalıdır. Əgər indi kənd təsərrüfatı ÜDM-də 6-7 faiz təşkil edirsə, bu göstərici pambıqçılığın hesabına daha çox ola bilər. Bunun üçün dövlət tərəfindən tədbirlər artır. Toxum, gübrə təchizatı, texnika, lizinq, yanacaq materiallarının, kreditlərin ayrılması, subsidiyaların verilməsi, tədarük mərkəzlərinin yaradılması və s. pambıqçılığın inkişafında təkanverici rol oynaya bilər. Təbii ki, burada ənənəvi, əsasən, aran pambıqçılıq rayonlarında yerli idarəedici orqanların rolu artmalıdır. Mərkəzləşdirilmiş maliyyənin ayrılması ilə yanaşı, yerlərdə bu vəsaitlərin səmərəli istifadəsi, pambıqçılıqda hansı problemlər yaranır, fermerlər həmin problemləri yerli idarəetmə orqanları qarşısında qoymalıdırlar. Bunun nəticəsində pambıqçılıqda dirçəliş olmalıdır. İndi bizim kifayət qədər əkin sahələrimiz var.

“İndi bizim kifayət qədər əkin sahələrimiz var. Biz daha intensiv üsulları tətbiq etməliyik. Bu o deməkdir ki, məhsuldarlıq artmalıdır, yəni bir hektardan daha çox sentner həcmdə pambığın alınması məhsuldarlığın nə dərəcədə səmərəli olmasını əks etdirir. Ona görə suvarma sisteminin təkmilləşdirilməsi vacibdir”

Biz daha intensiv üsulları tətbiq etməliyik. Bu o deməkdir ki, məhsuldarlıq artmalıdır, yəni bir hektardan daha çox sentner həcmdə pambığın alınması məhsuldarlığın nə dərəcədə səmərəli olmasını əks etdirir. Ona görə suvarma sisteminin təkmilləşdirilməsi vacibdir. Keçmişdə çox geniş kollektorlar şəbəkəsi, suvarma kanalları var idi. Onların bir hissəsi yenilənib, bəziləri təmir olunub. Yerlərdə nəzər salmaq lazımdır ki, suvarma sistemi necədir, şoranlaşmış torpaqlar təmizlənməlidir. Bütün bu məsələlər kompleks tədbirləri tələb edir. Ölkə başçısının belə siyasətinin həyata keçirilməsində, onu realizə etmək üçün həm yerli sahibkarlar, fermerlər, həm də bu sahəyə marağı olan sakinlər iştirak etməlidir. Bunun səmərəsinin daha da qaldırılması üçün yerli idarəetmə orqanlarının məsuliyyəti artır. Nəticədə o rayonlarda irəliləyişin olması, nə dərəcədə dövlət tərəfindən aparılan siyasəti yerinə yetirdiklərini göstərəcək. Əgər irəliləyiş olmasa, yerli idarəetmə orqanları məsuliyyət daşımalıdırlar. Bu proqramları həyata keçirmək üçün şərait var. Bu daim nəzarət altında olmalıdır. Onda biz irəliləyiş əldə edəcəyik.
- Ötən ildən ölkədə pambıqçılığın inkişafına start verilib. Siz yeni başlayan bu inkişafın, ölkə iqtisadiyyatına xeyrini necə qiymətləndirirsiniz?
- Ötən il qarşıya məqsəd qoyulmuşdu ki, 100 min ton pambıq yığılsın. Sovet dövründə bu rəqəm 1 milyon tona çatmışdı. Bu elə bir sahədir ki, onun nəticəsi uzunmüddətli dövrü əhatə edəcək. Sonrakı ildə bunun iki, üç dəfə artması, çox çətindir. Ancaq bu o deməkdir ki, daha səmərəli işləyirlər. Yəni sahibkarlar, fermerlər və yerli idarəetmə orqanları tandem şəkildə birgə işləməlidirlər.

“Demək olar ki, Azərbaycanda fermerlərin bu sahədə əmək vərdişləri var. Uzun illər əkinçiliklə, xüsusilə də pambıqçılıqla məşğul olublar. Qarşıda qoyulan məqsədlərə nail olmağa qadirik”

Sahibkarlara şərait yaradılmalıdır və onlar da bilməlidirlər ki, istehsal olunmuş məhsul tədarük mərkəzlərində öncədən müvafiq qurumlar arasında imzalanmış müqavilə əsasında göstərilən qiymətlər əsasında tədarük olunacaq. Fermerin inamı olmalıdır ki, qoyduğu zəhmətə müvafiq ödənişləri əldə edəcək. Bir mövsümdə artım gözləmək çox çətindir. Bu sahədə intensiv işlər görülsə, nəticə gözə çarpacaq. Demək olar ki, Azərbaycanda fermerlərin bu sahədə əmək vərdişləri var. Uzun illər əkinçiliklə, xüsusilə də pambıqçılıqla məşğul olublar. Qarşıda qoyulan məqsədlərə nail olmağa qadirik.
- Bölgələrdə məşğulluğun artırılması baxımından pambıqçılığın rolunu necə qiymətləndirirsiniz?
- Təbii ki, bu sahənin inkişafı bir sıra məsələlərin həllinə imkan verir. Birincisi, istifadədə olmayan, kənd təsərrüfatına yararlı torpaqların istifadəyə cəlb etməyə imkan yaradır. İkincisi, iqtisadi gəlir və əhalinin yaşayış rifahı qalxacaq. Üçüncüsü, əhaliyə yeni iş yerləri açılacaq. Bir çox iqtisadi, sosial və ekoloji məsələləri əhatə edəcək. Təbii ki, bu da həmin rayonun ölkənin iqtisadi inkişafında rolunun yüksəlməsinə kömək edəcək. Yəni bu, çoxşaxələdir. Pambıqçılığın yalnız hasilatı yox, onun emalı da inkişaf edəcək. Tədarük mərkəzlərindən alınan xammal pambıq emal müəssisələrinə göndəriləcək. Bu sanki zəncirin başlanğıcıdır. İstehsal prosesində pambığın alınması və onun xammal kimi ixrac olunması əsas məqsəd deyil. Əsas məqsəd ondan emal olunmuş hazır məhsul kimi ixrac etməkdir. Onda əlavə gəlir daha da artacaq. Bu, həmçinin ölkənin strateji iqtisadi inkişafında, iqtisadiyyatın şaxələndirilməsində, qeyri-neft sektorunun inkişafında mühüm rol oynayacaq.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum
22.09.2018
Ermənistan hökuməti boş xəyallara qapılmamalı və gerçəkliyi qəbul etməlidir
22.09.2018
Pambığın alış qiymətinin artırılması fermerlərə göstərilən diqqət və qayğının növbəti təzahürüdür
21.09.2018
Yalnızlıq qorxusu
21.09.2018
“Gənclərimiz daha məntiqli və faydalı yol tutmalı, müsbət davranış nümunəsi göstərməlidirlər”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info