31 mart soyqırımı Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin ən qanlı səhifəsidir
Tarix: 30.03.2017 | Saat: 00:29:00 | E-mail | Çapa göndər


Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor Əli Həsənovun “Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri” kitabı bu sahənin araşdırılması ilə bağlı ən sanballı əsərlərdən biridir. Kitabda yer alan faktlar etnik təmizləmə və soyqırımı siyasətini ifşa edir.
Kitabda qeyd edilir ki, son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi azərbaycanlıları öz tarixi torpaqlarından qovmaqla əzəli Azərbaycan ərazilərində ermənilərin uydurduqları “Böyük Ermənistan” dövləti yaratmaq olmuşdur. Tarixi faktlar göstərir ki, strateji baxımdan mühüm əhəmiyyətə malik olan Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsinə İrandan və Türkiyədən çoxlu sayda erməni əhalisinin köçürülməsinə XIX əsrin əvvəllərində başlanmışdır. Bu dövrdə regionun zəngin təbii sərvətləri üzərində nəzarəti ələ keçirmək istəyən çar Rusiyası XVIII əsrin sonu, XIX əsrin əvvəllərində Türkiyə və İrana qarşı müharibə apararkən “erməni amili”ndən siyasi alət kimi istifadə edib. Müəllif qeyd edir ki, çar Rusiyasının müstəmləkəçilik siyasətinin tərkib hissəsi olan köçürülmə prosesi bütün XIX əsr boyunca davam etdirilmiş və nəticədə regionda demoqrafik vəziyyətə təsir göstərmişdir. Ermənilərin bu bölgədə süni surətdə çoxaldılması onların XX əsrin əvvəllərindən başlayaraq Azərbaycana qarşı ərazi iddiaları və təcavüzkarlıq siyasətinin baş qaldırmasına səbəb olub: “XX əsrin əvvəllərində erməni millətçiləri “Daşnaksütyun” partiyasının proqramında irəli sürülən “Böyük Ermənistan” ideyasını reallaşdırmaq istiqamətində fəaliyyətini genişləndirərək öz tarixi torpaqlarında yaşayan azərbaycanlıları planlı surətdə doğma yurdlarından qovmaqla etnik təmizləmə və soyqırımı siyasətini həyata keçirməyə başladılar. Belə ki, 1905-1906-cı illərdə ermənilər Bakıda, Gəncədə, Qarabağda, İrəvanda, Naxçıvanda, Ordubadda, Şərur-Dərələyəzdə, Tiflisdə, Zəngəzurda, Qazaxda və başqa yerlərdə dinc azərbaycanlılara qarşı qırğınlar törətmiş, əhali amansızlıqla qətlə yetirilmiş, şəhər və kəndlər yandırılmış və dağıdılmışdır. Erməni silahlı dəstələri Şuşa, Zəngəzur və Cəbrayıl qəzalarında, İrəvan və Gəncə quberniyalarında azərbaycanlılar yaşayan 200-dən artıq yaşayış məntəqəsini viran qoymuş, on minlərlə soydaşımız öz doğma yurdlarından qaçqın və məcburi köçkün düşmüşlər. Ermənilər 200 mindən artıq azərbaycanlını (uşaq, qadın, qoca) fərq qoymadan qətlə yetirməklə həmin ərazilərdə çar Rusiyasının onlara vəd etdiyi “Ermənistan dövləti”ni qurmaq üçün etnik təmizləmə aparmışlar. Belə ki, Birinci Dünya müharibəsi illərində də çarizmin himayəsinə sığınan ermənilər azərbaycanlılara qarşı qırğınları davam etdirməyə başladılar. 1917-ci ildə Rusiyada baş verən fevral və oktyabr hadisələrindən sonra “Daşnaksütyun” partiyası və Erməni Milli Konqresi daha geniş fəaliyyətə başladılar. Eyni zamanda, V.Lenin tərəfindən 1917-ci ilin dekabrında Qafqaz işləri üzrə müvəqqəti fövqəladə komissar təyin edilən S.Şaumyan azərbaycanlıların kütləvi qırğınının təşkilatçısı və rəhbərinə çevrildi. Erməni silahlı qüvvələri tərəfindən 1917-ci ilin əvvəllərindən 1918-ci ilin mart ayına qədər olan dövrdə İrəvan quberniyasında 197 kənd, Zəngəzur qəzasında 109, Qarabağda 157 kənd dağıdılmış, digər bölgələrdə 60 yaşayış məskəni məhv edilmiş, yandırılmış və viran qoyulmuşdur. 1918-ci ilin əvvəllərində, yəni mart qırğını ərəfəsində bilavasitə Şaumyana tabe olan erməni silahlı qüvvələrinin sayı 20 minə yaxın idi. Bolşeviklərin, o cümlədən Leninin himayəsi altında Şaumyan Bakı Kommunasının rəhbəri oldu. Həmin il martın 30-da erməni-bolşevik birləşmələri Bakı şəhərini gəmilərdən yaylım atəşinə tutdular. Bunun ardınca isə silahlı daşnaklar azərbaycanlıların evlərinə hücum edərək amansız qətllər törətdilər. Martın 31-də və aprelin ilk günlərində qırğınlar kütləvi xarakter aldı. Minlərlə dinc azərbaycanlı yalnız milli mənsubiyyətinə görə məhv edildi. Həmin günlərdə erməni-bolşevik birləşmələri Bakıda 12 min dinc azərbaycanlını qətlə yetirdi. Bu qanlı hadisələr zamanı insanlar evlərində diri-diri yandırılmış, eləcə də xüsusi işgəncə və amansızlıqla öldürülmüşdür. Ermənilərin silahlı hücumu nəticəsində 1918-ci ilin ilk beş ayı ərzində Quba qəzasında 16 mindən çox insan xüsusi qəddarlıqla qətlə yetirilmiş, 167 kənd dağıdılmışdır ki, onlardan 35-i hazırda mövcud deyil. Erməni-daşnak dəstələrinin Quba qəzasında azərbaycanlıları kütləvi şəkildə qətlə yetirmələrinə dair aşkar edilmiş faktlar son vaxtlar bir daha sübuta yetirilmişdir. Belə ki, 2007-ci ildə Quba şəhərində kütləvi məzarlıqların aşkar edilməsi erməni vandalizmini təsdiqləyən faktlardır. Məzarlığın tədqiqi zamanı 1918-ci ildə erməni silahlı birləşmələrinin Qubaya hücumu zamanı insanların hər cür zorakılığa məruz qalaraq qəddarlıqla qətlə yetirilməsi və həmin məzarlığın sonradan kütləvi şəkildə basdırılmış yerli sakinlərə məxsus olduğu müəyyən edilmişdir. Onu da qeyd etmək lazımdır ki, Amazaspın rəhbərliyi ilə erməni hərbi birləşmələri Qubada türk-müsəlman əhalisi ilə yanaşı, yəhudilərə qarşı da qırğınlar törətmişlər. Aparılan tədqiqatlar nəticəsində məlum olmuşdur ki, 1918-1919-cu illərdə Qubada ermənilər tərəfindən 3 min nəfərə qədər yəhudi qətlə yetirilmişdir. Bundan əlavə, Azərbaycanın yüzlərlə yaşayış məntəqəsi, o cümlədən Qarabağda 150-dən çox kənd dağıdılmış və yandırılmış, eləcə də Şuşada azərbaycanlılara qarşı amansız qırğınlar törədilmişdir. Erməni daşnakları tərəfindən 1918-ci ilin mart-aprel aylarında Bakıda və digər Azərbaycan ərazilərində 50 minə yaxın insan xüsusi işgəncələrlə qətlə yetirilmişdir. Zəngəzur qəzasında 10 mindən çox, Şamaxı qəzasında 10 min 270 nəfər, şəhərlə birlikdə isə 18 min 270 nəfər azərbaycanlı amansızlıqla öldürülmüşdür”.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanda gördüklərim məndə xoş təəssüratlar yaratdı
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10133

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info