İqtisadi inkişafın təməli Heydər Əliyev tərəfindən yaradılmış potensiala əsaslanır
Tarix: 16.04.2013 | Saat: 22:50:00 | E-mail | Çapa göndər


Zəngin maddi və mənəvi resurslara, qeyri-adi əlverişli coğrafi mövqeyə, böyük geostrateji əhəmiyyətə malik olan və elə bunlara görə də daimi basqılara məruz qalan Azərbaycanın keşməkeşli və dramatik tarixinin bir qərinədən artıq dövrü Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev zamanın və ideologiyaların çərçivəsinə sığmayan, ölkənin və xalqın indisindən, cari məsələlərdən daha çox onun gələcəyini sərfnəzər edərək fəaliyyət göstərən gerçək bir dövlət adamı kimi təkcə bu gün üçün, indi üçün yox, həm də gələcək üçün yolgöstərəndir. Heydər Əliyev təkcə dünən və bu gün deyil, həm də gələcəkdir. Heydər Əliyevin yolu, amalı, ideyaları, fəaliyyəti Azərbaycanın neçə-neçə onilliklərinə hesablanıb. Onun müəyyən etdiyi yol Azərbaycanın hələ uzun onilliklər ərzində ehtiyac duyacağı yoldur. Bu yolun adı milli özünüdərk, milli özgürlüyün qorunması, milli "mən"in təntənəsi və milli intibahdır. Heydər Əliyev yolundan kənarda güclü və rifahlı Azərbaycan yoxdur. Və bunu biz azərbaycanlılarla yanaşı, artıq bütün dünya da yaxşı başa düşür.
Qısa müddətdə
iqtisadiyyat sahəsində
nailiyyətlər əldə olundu


1969-cu ildə Heydər Əliyevin hakimiyyətə gəlişindən etibarən respublikamızın həyatında geniş vüsət alan ictimai-siyasi proseslər və iqtisadi islahatlar müsbətə doğru radikal dəyişikliklərə təkan verib. Qısa müddətdə iqtisadiyyat sahəsində nailiyyətlər əldə olunmuş, mədəniyyətin yüksəlişi və milli-mənəvi dəyərlərin dirçəlişi istiqamətində mühüm addımlar atılıb. O illərdə Heydər Əliyevin idarəetmə fəlsəfəsinin başlıca ideya istiqamətini milli özünüdərkin güclənməsinə imkan verən sürətli inkişaf strategiyası təşkil edib.
Heydər Əliyev həmin dövrdə özünün dövlət idarəçiliyi strateji proqramında mədəni və mənəvi intibahı həmişə iqtisadiyyatda və sənayedəki uğurlarla əlaqələndirərək vahid məcrada həyata keçirib. 1969-1982-ci illərdə həyatımızın bütün sahələrində baş vermiş köklü dəyişikliklər öz miqyasına görə Azərbaycanın quruculuq salnaməsində ən dolğun səhifələri təşkil edir. Ölkəmizin müstəqilliyinin və dünya iqtisadiyyatına dərin inteqrasiyası proseslərinin hazırkı möhkəm təməli Heydər Əliyev tərəfindən həmin illərdə yaradılmış potensiala əsaslanır.
Heydər Əliyevin idarəçilik istedadı, tükənməz enerjisi və misilsiz işgüzarlığı 1982-ci ildən SSRİ-nin dövlət başçılarından biri kimi fəaliyyət göstərdiyi və irimiqyaslı layihələrə rəhbərlik etdiyi vaxtlarda özünü xüsusilə parlaq surətdə təzahür etdirib. Həmin dövrdə Heydər Əliyev fenomeni ümumittifaq miqyasında etiraf olunurdu. O, ölkədə baş verən ən ekstremal vəziyyətlərin aradan qaldırılmasının bilavasitə iştirakçısı olması sayəsində dövlətin ən nüfuzlu siyasi xadimlərindən birinə çevrilmişdi.

Azərbaycan SSRİ-də
dotasiyasız işləyən
respublikaya çevrilmişdi


Heydər Əliyev üçün hər hansı ideoloji çərçivə olmayıb, yoxdur və ola da bilməz. Bu tipli liderlər sadəcə olaraq yaradıcıdır. Onları hansı ideoloji prinsiplər çərçivəsinə salırsansa sal, belə şəxsiyyətlər həmin prinsiplərin xidmətində dayanmırlar, əksinə, o siyasi sistemləri öz ideyalarının xidmətində dayanmağa məcbur edirlər. Bəli, Heydər Əliyev sovet sisteminin başında dayanan, SSRİ kimi nəhəng bir dövləti idarə edən şəxsiyyətlərdən biri olub. Amma o, sovet sistemindən yararlanaraq Azərbaycanı inkişaf etdirib, böyük infrastruktur yaradıb, sənayeni yüksəldib, Azərbaycanı dotasiyasız işləyən iki respublikadan birinə çevirib. Heydər Əliyevin bu yaradıcı fəaliyyəti, xidmətləri o qədər qabarıqdır ki, onun müsbət nəticələrindən bu gün də yararlanırıq. Heydər Əliyev Azərbaycanda nəhəng elmi-texniki kadr potensialı yaradıb.
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən az sonra, xarici təzyiqlər və daxili çəkişmələr nəticəsində 1993-cü ilin iyununda vətəndaş qarşıdurması ilə üz-üzə qaldığı bir vaxtda xalqımız öz taleyini yalnız Heydər Əliyevə etibar edib. Onun təkidli istəyi ilə hakimiyyətə qayıdan Heydər Əliyev siyasi təcrübəsi, uzaqgörənliyi və sarsılmaz iradəsi sayəsində ölkəni vətəndaş müharibəsi təhlükəsindən və ictimai-siyasi pərakəndəlikdən qurtarmış, qanunçuluğu bərpa etmiş və cəmiyyəti vahid məfkurə ətrafında birləşdirib.
Ölkəmizdə müstəqil dövlət təsisatlarının yaradılması, beynəlxalq normalara əsaslanan demokratik, hüquqi dövlət quruculuğunun böyük vüsət alması, suveren Azərbaycanın əsas qanunu olan Konstitusiyanın qəbul edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması, milli təhlükəsizliyin təmin olunması və yeni iqtisadi kursun müəyyənləşdirilməsi ilə bağlı proseslərin müvəffəqiyyətli həlli şəxsən Heydər Əliyevin xidmətləridir.

"Əsrin müqaviləsi"
ölkəmizin tarixində yeni dövr açıb


1994-cü ildə Heydər Əliyevin neft strategiyasının reallaşdırılmasını təmin edən "Əsrin müqaviləsi"nin imzalanması Azərbaycan xalqının öz maddi sərvətlərinin, o cümlədən neftinin həqiqi sahibi kimi çıxış etməsinin təntənəsinə çevrilib. Bu müqavilə ölkəmizin tarixində yeni dövr açmış, dinamik inkişafın təməlini təşkil edərək müstəqilliyimizin iqtisadi bünövrəsinin möhkəmlənməsi və Azərbaycanın bu gün dünyada analoqu olmayan templə davamlı inkişafı üçün zəmin yaradıb. Hazırda Heydər Əliyevin adını daşıyan Bakı-Tbilisi-Ceyhan neft kəməri xalqımızın ümummilli liderinin ideyalarının gerçəkləşməsinin parlaq təcəssümüdür. 1994-cü ilin sonlarına doğru ölkədə həyat öz axarına düşməyə başlamışdı. 1994-cü il mayın 12-də Ermənistanla atəşkəs sazişi imzalandı. Sonrakı proseslər də göstərdi ki, bu, Heydər Əliyevin müstəsna tarixi əhəmiyyətə malik qərarı idi. Azərbaycan bununla vaxt qazanırdı. Ordunu qurmaq, cəmiyyəti sosial-iqtisadi, ictimai-siyasi, mənəvi və hərbi böhrandan çıxarmaq, dövlət təsisatlarını yaratmaq və onları işlək vəziyyətə gətirmək, iqtisadiyyatı dirçəltmək və xəzinəni doldurmaq, vətəndaşların ərzaq, sosial və can güvənliyini təmin etmək, Azərbaycana xaricdən olan təzyiqləri neytrallaşdırmaq, beynəlxalq əlaqələri sahmana salmaq, ölkədəki silahlı cinayətkar dəstələri, hərbi müxalifəti zərərsizləşdirmək, sabitlik və vətəndaş həmrəyliyi yaratmaq üçün əlavə imkanlar yarandı.
1995-ci ilin ortalarına qədərki mərhələnin xarakterik cəhəti dövlət müstəqilliyinin qorunub saxlanması və sabitliyin bərqərar edilməsidir. Sonra isə demokratiyanın inkişafı, hüquqi dövlət, mülki cəmiyyət quruculuğu prosesi, demokratik təsisatların yaranması, çoxpartiyalılığın, söz, mətbuat və fəaliyyət azadlığının bərqərar edilməsi başlandı. 1995-ci il noyabrın 12-də müstəqillik dövrünün ilk parlament seçkiləri keçirildi və həmin gün keçirilən referendumda yeni Konstitusiya qəbul edildi. Seçicilərin 94,8 faizinin səs verdiyi müstəqil Azərbaycanın ilk Konstitusiyası hüquqi dövlət quruculuğunun əsasını qoydu.
Hamıya aydındır ki, bugünkü müstəqil, qüdrətli, demokratik, sivil və dünyəvi Azərbaycanın memarı Heydər Əliyevdir. Bu dövləti Heydər Əliyev qurub. Ölkədəki dayanıqlı sabitlik də, demokratikləşmə də Heydər Əliyevin adı ilə bağlıdır.

2003-cü ildən etibarən
yeni iqtisadi inkişaf dövrü başlayıb

Ulu öndərin siyasi kursu, yaratdığı ictimai-siyasi sabitlik və iqtisadi baza, xalqın möhkəm dəstəyi nəticəsində Azərbacan 2003-cü ildən etibarən yeni iqtisadi inkişaf dövrü yaşayır. Belə ki, arxada qalan 10 il Azərbaycanda dinamik sosial-iqtisadi inkişaf, demokratik və müasir dövlət quruculuğu sahəsində mühüm mərhələ olub.
Həm ölkənin ümumi inkişaf konturlarını, həm də ayrı-ayrılıqda hər bir sahədə görüləcək işləri əhatə edən çoxsaylı dövlət proqramları qəbul olunub və uğurla icra edilib. Bu işlərin görülməsi daxili sosial-iqtisadi inkişafın təminatına, vətəndaşların rifahının yüksəldilməsinə və cəmiyyət qarşısında duran digər problemlərin həllinə mühüm təsir göstərib. Azərbaycanın yeni neft strategiyasının işə düşməsi bütün gələcək planları reallaşdırmaq üçün geniş imkanlar açıb. 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin, daha sonra Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin istifadəyə verilməsi, Xəzərin karbohidrogen ehtiyatlarının ixrac infrastrukturunun yenilənməsi və şaxələndirilməsi Azərbaycan neftinin və qazının birbaşa Avropa və dünya bazarına çıxışını təmin edib ki, bu da təkcə keçən on ilin deyil, bütövlükdə müstəqillik tariximizin ən önəmli hadisələri sırasına daxil olub. Bütün bu işlərin həyata keçirilməsinin məntiqi nəticəsidir ki, 2005-2009-cu illərdə Azərbaycan iqtisadi inkişaf tempinə görə dünyada lider dövlət olub və iqtisadiyyatda keçid dövrünü başa çatdırıb. Həmin ildən başlayaraq ölkəmiz əsas diqqətini neftdən asılılığın azaldılmasına yönəltdi və son üç ilin dinamikası aydın şəkildə göstərir ki, bu vəzifənin öhdəsindən layiqincə gəlinib. Hazırda ölkənin iqtisadi artımı əsasən qeyri-neft sektorunun hesabına həyata keçirilir. Hətta dünyadakı maliyyə böhranının başladığı 2009-cu ildə Azərbaycan iqtisadiyyatında 9 faiz artım olub. Ötən 10 ildə Azərbaycan iqtisadiyyatı 3 dəfə artıb. 2003-cü ildə 1,5 milyard dollar olan dövlət büdcəsi 2013-cü ildə 25 milyard dollara çatıb. Ölkədə bir milyondan çox yeni iş yeri yaradılıb, əhalinin işsizlik səviyyəsi 5,1 faizə salınıb. 2003-cü ildə Azərbaycanda yoxsulluq səviyyəsi 49 faiz təşkil edirdisə, 2012-ci ildə bu rəqəm 6 faizə endirilib. Bu, yoxsulluqla mübarizə sahəsində dünyada ən yüksək göstəricilərdən biridir. Azərbaycan iqtisadiyyatına bütövlükdə 140 milyard dollar həcmində sərmayə qoyulub, ölkənin strateji valyuta ehtiyatları 46 milyard dolları ötüb. Bütün bu uğurlar təməli ulu öndər tərəfindən qoyulub və bu gün həmin siyasi kurs dövlət başçısı tərəfindən uğurla davam etdirilir. Azərbaycan Prezidenti bildirib ki, ölkəmiz 2003-cü ildə qarşıya qoyduğu bütün məqsədlərə nail olub: «Azərbaycan bu gün iqtisadi potensial baxımından regionun lider ölkəsidir. Cənubi Qafqaz iqtisadiyyatında onun payı 80 faizdən artıqdır. Biz artıq dayanıqlı iqtisadiyyata malik ölkəyə çevrilmişik. Qətiyyətlə demək olar ki, 2003-cü ildə qarşıya qoyduğumuz bütün məqsədlərə nail olduq. Dünyanın aparıcı iqtisadi və maliyyə qurumları hazırda Azərbaycanın uğurlarını qeyd edir, bütün hesabatlarda biz öncül mövqelər tuturuq. Keçən il dünyanın aparıcı “Fitch”, “Moody`s” və “Standard & Poor`s” reytinq agentlikləri əksər inkişaf etmiş ölkələrin kredit reytinqini aşağı saldıqları halda, ölkəmizin reytinqini artırıblar. Azərbaycan BMT-nin İnkişaf Proqramının insan inkişafı ilə bağlı hesabatına əsasən, “yüksək insan inkişafı” ölkələri qrupuna yüksəlib. Dünya İqtisadi Forumunun “Qlobal Rəqabətlilik Hesabatı”nda ölkəmiz dünyada 46-cı, MDB məkanında isə 1-ci yerdədir. Bu il Davos İqtisadi Forumunun Azərbaycanda keçirilməsi haqqında qərar qəbul olunub. Bu, ölkəmizin iqtisadi nailiyyətlərinin dünya birliyi tərəfindən təsdiq edilməsi deməkdir».
Anar MIRIYEV

Yazı Zərdabi Mətbuat Mərkəzinin iqtisadi mövzuda keçirdiyi müsabiqəyə təqdim olunmaq üçün verilir




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Neftin qiyməti bahalaşmaqda davam edir
19.11.2018
Bu il sənaye məhsullarının iyirmi iki faizi emal sektorunda istehsal edilib
18.11.2018
Azərbaycan və Belarus “Şimal-Cənub“ layihəsi çərçivəsində saziş imzalayıblar
18.11.2018
İsveçrə Azərbaycan iqtisadiyyatına 850 milyon dollardan çox investisiya yerləşdirib
17.11.2018
On ayda neft sektoruna 5 milyard manatadək vəsait yönəldilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info