Tərtərdə məcburi köçkünlər üçün 34 binadan ibarət yaşayış məhəlləsi inşa edilir
Tarix: 01.04.2017 | Saat: 00:38:00 | E-mail | Çapa göndər


Əli Həsənov:“Bakıda qəzalı vəziyyətdə olan binalarda yaşayan məcburi köçkünlər üçün ilkin olaraq Masazır qəsəbəsində üç beşmərtəbəli binanın, Ramana qəsəbəsində isə bir beşmərtəbəli binanın tikintisinə başlanılıb”

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Tərtər rayonunda məcburi köçkünlər üçün salınan yaşayış məhəlləsində tikinti işlərinin gedişi ilə tanış olub. Baş nazirin müavini yaşayış məhəlləsinin tikintisində çalışan şirkətlərin rəhbərləri ilə birlikdə tikinti sahəsinə baxış keçirib, işlərin vaxtında və yüksək keyfiyyətlə başa çatdırılması ilə bağlı konkret tapşırıqlar verib.
Bildirilib ki, Prezidentin 2004-cü il 1 iyul tarixli sərəncamı ilə təsdiq edilən “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na 2011-ci il 21 fevral tarixli sərəncamla edilmiş “Əlavələr”in 1.7-ci bəndinin icrası ilə əlaqədar olaraq 1176 məcburi köçkün ailəsinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə bütün zəruri sosial-texniki infrastruktur obyektləri ilə birlikdə salınan yaşayış məhəlləsində işlər davam etdirilir. Layihəyə əsasən yaşayış məhəlləsində hər biri 4 mərtəbəli olmaqla, 34 yaşayış binası, 1200 şagird yerlik məktəb, 280 yerlik uşaq bağçası, musiqi məktəbi, həkim məntəqəsi, inzibati bina, klub icma mərkəzi, Avtomat Telefon Stansiyası inşa ediləcək. Binalardakı mənzillərin 120-si bir, 504-ü iki, 472-si üç, 80-i dördotaqlı olacaq. Yaşayış məhəlləsi qaz, su, elektrik enerjisi, istilik sistemi ilə tam təchiz olunacaq. Məhəllədə inşaat işlərinin bu ilin sentyabr ayınadək başa çatdırılması nəzərdə tutulur. Baş nazirin müavini Əli Həsənov inşaat işlərinin gedişi ilə yaxından tanış olduqdan sonra tikinti şirkətlərinin rəhbərlərinin təkliflərini dinləyib. Tikinti şirkətlərinin nümayəndələri inşaat işlərinin gedişində heç bir problemin yaranmadığını diqqətə çatdırıblar. Əli Həsənov qeyd edib ki, tikinti işlərinin sürətlə aparılması ilə yanaşı, keyfiyyətə də ciddi fikir verilməli və yaşayış kompleksi bütün infrastruktur obyektləri ilə birlikdə yüksək səviyyədə təhvil verilməlidir. Baş nazirin müavini Əli Həsənov jurnalistlərə müsahibəsində bildirib ki, Tərtər rayonunda 25 hektar sahədə inşa edilən yaşayış məhəlləsi bu günədək tikilmiş 95 qəsəbə içərisində ən böyük qəsəbələrdən biridir. Burada elektrik, su, istilik sistemləri kimi genişhəcmli işlər aparılır. Yaşayış məhəlləsində orta məktəb binası, uşaq bağçası və musiqi məktəbi yeni layihə əsasında inşa edilir.

“Cocuq Mərcanlıda tikinti işləri may ayının sonunadək başa çatacaq”

Orta məktəbdə 700 yerlik akt zalı, 400 yerlik yeməkxana yaradılacaq. Tikintidə, əsasən, məcburi köçkünlər olmaqla, 2 minə yaxın işçi çalışır. Diqqətə çatdırılıb ki, ötən ilin aprel ayında işğalçı Ermənistan ordusunun artilleriya atəşi nəticəsində Tərtər və Ağdam rayonlarının ərazisi böyük dağıntılara məruz qalıb. Ərazidə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən də bərpa işləri aparılıb. Keçən il ərzində 200-dən çox dağılmış bina bərpa olunub. Prezidentin tapşırığı ilə ayrılmış vəsait hesabına 120 ailəyə dəymiş ziyana görə maddi təminat ödənilib. Hazırda Tərtər rayonunun kəndlərində 78 ev tikilir. Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin Prezidentin sərəncamı ilə yenidən qurulması işləri də sürətlə davam etdirilir. Kənddə ilkin olaraq 50 fərdi evin və məktəb binasının tikintisi aparılır. Prezidentin tapşırığı ilə kənddə Şuşa məscidinin bənzəri inşa olunur. May ayının sonunadək kənddə tikinti işləri başa çatacaq: “Cocuq Mərcanlı kəndinin adı indi dünya mətbuatında qeyd olunur. Prezident İlham Əliyevin tapşırığı ilə xarici ölkələrin media orqanlarının və səfirlərinin Cocuq Mərcanlıya səfəri təşkil edildi. Bütün dünya bildi ki, erməni silahlılarının 1993-cü ildə 3-4 aylıq işğal dövrü ərzində həmin kənd darmadağın edilərək yer üzündən silinib. Onlar gördülər ki, erməni vandalizmi nədir. Səfirlər çıxış etdilər, mövqelərini bildirdilər. Bütün bunlar dünya mediasında işıqlandırıldı. Hesab edirik ki, bu kəndin bərpası üçün Prezidentin tapşırığı əsasında görülmüş işlər bütün dünyaya səs saldı, ermənilərin işğal altında saxladıqları və darmadağın etdikləri ərazilərimiz haqqında daha mükəmməl məlumatın dünyaya yayılmasında böyük rol oynadı”. Əli Həsənov qeyd edib ki, qaçqın və məcburi köçkünlərin problemlərinin həlli Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim diqqət mərkəzindədir. Bu yaxınlarda Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilk müşavirəsini qaçqın və məcburi köçkünlərin problemlərinə həsr edib. Müşavirədə konkret tapşırıqlar verildi ki, Bakı şəhərində və digər şəhərlərdə qəzalı vəziyyətdə olan binalarda yaşayan məcburi köçkünlər mütləq köçürülməlidir. Bu istiqamətdə Mehriban xanım Əliyevanın tapşırığı əsasında işlər gedir. Artıq ilkin olaraq Masazır qəsəbəsində üç beşmərtəbəli binanın, Ramana qəsəbəsində bir beşmərtəbəli binanın tikintisinə başlanılıb. Hazırda bu istiqamətdə geniş iş aparılır. Qəzalı vəziyyətdə olan binalarda yaşayan insanlar qısa müddətdə yeni mənzillərə köçürüləcəklər. Məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində işlərin bundan sonra da davam etdiriləcəyini deyən Əli Həsənov Prezident İlham Əliyevin işğal altındakı torpaqlarımızın azad olunması istiqamətində apardığı işlərin öz bəhrəsini verəcəyinə, bütün məcburi köçkünlərin doğma torpaqlarına qayıdacağına əminliyini ifadə edib.
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov sonra Tərtər rayonunun Şıxarx qəsəbəsinə gedərək, burada məskunlaşan məcburi köçkün ailələri ilə görüşüb, onlar üçün inşa edilən fərdi evlərin tikintisi ilə tanış olub. Bildirilib ki, erməni silahlı birləşmələrinin atəşi nəticəsində Tərtər rayonunun Şıxarx, Çaylı, Həsənqaya, Buruc və Əskipara kəndləri ərazisində məskunlaşan məcburi köçkün ailələrinin yaşadığı 78 dağılmış ev yenidən tikilir. Hazırda evlərin hörgü işləri başa çatıb. 47 evin dam örtüyü vurulub, tamamlama işləri aparılır. Sakinlər göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər. Şıxarx kəndində olarkən Əli Həsənov böyük hissəsi ermənilər tərəfindən dağıdılmış “Marağa-150” abidəsinə də baxıb. Bu abidə Rusiya ilə İran arasında 1828-ci ildə bağlanmış Türkmənçay müqaviləsindən sonra ermənilərin İran Marağasından Qarabağa köçürülməsinin 150 illiyi münasibətilə ermənilərin özləri tərəfindən 1978-ci ildə inşa edilib. XX əsrin sonlarında Ermənistanın Azərbaycana qarşı növbəti ərazi iddiaları başlayanda “Marağa-150” abidəsi ermənilər tərəfindən qəsdən dağıdılıb. Baş nazirin müavini erməni məkrini və yalanını ifşa etmək üçün tutarlı vasitə olan abidənin mühüm siyasi əhəmiyyətə malik olduğunu deyib. Abidənin ölkəmizə səfər edən insanlara, xarici mətbuat nümayəndələrinə göstərilməsinin vacibliyini vurğulayıb.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq
12.11.2018
Daha 4 vərəsəyə sığorta ödənişi aldıqlarına dair sənədlər təqdim edilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10465

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info