Aprel qələbəsi Azərbaycanda hakimiyyət və xalq arasında sıx birliyi göstərdi
Tarix: 04.04.2017 | Saat: 15:57:00 | E-mail | Çapa göndər


Musa Qasımlı: “Aprel döyüşlərində Azərbaycanın qələbəsi Ermənistanda olan ümumi böhranı daha da dərinləşdirdi”

Ötən ilin aprelində Azərbaycan ordusu Ermənistan silahlı qüvvələrinin təxribatlarına layiqli cavab verərək uğurlu əks-hücum əməliyyatı ilə düşmənə sarsıdıcı zərbələr endirdi. Ordumuz bununla tarix yazdı və əməliyyatlar nəticəsində işğal altındakı minlərlə hektar torpağımız azad edildi. Bu il həmin şanlı tarixin bir ili tamam olur. Ümumiyyətlə bu ilk belə hal deyildi ki, düşmən ölkənin rəhbər şəxsləri cəbhə bölgəsində təxribatlara əl atırdılar. Ermənistan rəhbərliyi daim Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bu günə kimi irəli sürülmüş təşəbbüslərin qarşısını almağa çalışıb, bu məqsədlə bütün mümkün vasitələrdən, o cümlədən cəbhə xəttində təxribatdan istifadə edib. Hələ 1998-ci ildə Levon-Ter Petrosyanın hakimiyyətdən uzaqlaşdırılması, 1999-cu ildə Ermənistan parlamentinin gülləbaran edilməsi, 2014-cü ildə Parisdə prezidentlər arasında aparılan danışıqlardan sonra ermənilər tərəfindən cəbhə xəttində vəziyyətin gərginləşdirilməsi və digər faktlar göstərir ki, Ermənistan rəhbərliyi çıxılmaz vəziyyətə düşdükdə terror və cəbhədə vəziyyəti gərginləşdirmək kimi metodlardan geniş istifadə edir.
Məlumdur ki, Prezident İlham Əliyevin prinsipial, qətiyyətli, düşünülmüş, xalqın milli maraqlarına uyğun siyasəti sayəsində Azərbaycanın ardıcıl şəkildə qazandığı diplomatik uğurlar Ermənistan rəhbərliyinin mürəkkəb vəziyyətə düşməsi ilə nəticələnib. İlham Əliyev Vaşinqtonda Nüvə Sammitində iştirakı çərçivəsində ABŞ rəhbərliyi, o cümlədən dövlət katibi Con Kerri, vitse-prezident Co Baydenlə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar aparmışdı, ABŞ qəti şəkildə münaqişənin tezliklə həllinə tərəfdar olduğunu bəyan etdi, həmçinin Azərbaycanın haqlı mövqeyinə dəstək ifadə olunmuşdu.
Bundan əvvəl isə 2015-ci ildə Rusiyanın xarici işlər naziri Sergey Lavrov münaqişənin həlli ilə bağlı ilkin mərhələdə 5 rayonun azad edilməsi üçün təkliflə çıxış etdi, o hətta bu məqsədlə həm Azərbaycana, həm də Ermənistana səfər etmişdi. 2016-cı il martın 10-da isə S.Sarkisyan Moskvaya dəvət olundu və ona münaqişənin həllinin zəruriliyi birmənalı şəkildə çatdırıldı.
Fransa Prezidenti Fransua Oland isə cəbhə xəttində vəziyyətin gərginləşməsinə dair aprelin 2-də yaydığı bəyanatında 2014-cü ilin oktyabrında Parisdə əldə olunmuş razılaşmalara sadiqliyini təsdiqləmişdi.
Göründüyü kimi, ATƏT Minsk qrupunun həmsədrləri artıq münaqişənin həlli ilə bağlı qəti mövqe ifadə edirlər. Bundan əvvəl isə həmsədrlər ən yüksək səviyyədə mövcud status-kvonun saxlanmasının mümkün olmadığı barədə bir neçə dəfə ümumi rəy bildiriblər. Bu isə beynəlxalq aləmin və dünyanın aparıcı dövlətlərinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli vaxtının artıq çatdığı və bundan sonra mövcud status-kvonun saxlanmasının qeyri-mümkün olmasına dair açıq mesajlar olub.
Beləliklə 2016-cı il 1-5 aprel tarixlərində Ermənistan rəhbərliyi çıxılmaz vəziyyətə düşdüyünü anlayaraq cəbhə xəttində növbəti təxribat törətməklə və vəziyyəti gərginləşdirməklə Azərbaycanın diplomatik uğurlarını və beynəlxalq aləmin münaqişənin ədalətli həlli ilə bağlı qəti mövqeyini neytrallaşdırmağa çalışdı.
Təxribatlara cavab olaraq isə Azərbaycan ordusu düşmənə sarsıdıcı zərbə endirdi, nəticədə Ermənistan ordusu 200-ə yaxın hərbçi, çoxsaylı texnika itirdi və 2000 hektara yaxın ərazi, o cümlədən Lələtəpə və Talış yüksəklikləri geri qaytarıldı. Hazırda silahlı qüvvələrimiz bu uğurlu əməliyyatlardan sonra on minlərlə hektar əraziyə nəzarət etmək imkanı qazanıb.
Aprel döyüşləri Ermənistan ordusunun öz vəhşi simasını da bir daha nümayiş etdirdi. Təmas xəttində mülki əhal, yaşayış məntəqələri nişana alınaraq iriçaplı silahlardan atəşə tutuldu. Nəticədə 5 nəfər həlak oldu, 40-a yaxın dinc sakin yaralandı, yüzlərlə ev, infrastruktur obyekti dağıdıldı, vətəndaşların təsərrüfatına ciddi ziyan dəydi.
Beləliklə beynəlxalq aləm bir daha əmin oldu ki, Dağlıq Qarabağ münaqişəsi dondurulmuş münaqişə deyil, bütün region üçün ciddi təhlükə mənbəyidir. ATƏT Minsk qrupu həmsədrlərinin fəallaşması, beynəlxalq ictimai rəydə münaqişənin tezliklə həlli ilə bağlı tələblərin səslənməsi bunu bir daha sübut edir.
Bir daha göründü ki, Azərbaycan işğal faktı, mövcud status-kvo ilə barışmaq, Ermənistanın təxribatlarına dözmək niyyətində deyil və düşmənə layiqli cavab vermək əzmi və iqtidarındadır.
Siyasətçilər, ziyalılar, ümumilikdə cəmiyyətin bütün təbəqəsi bu fikri daim önə çəkirlər ki, Aprel döyüşləri Azərbaycan Ordusunun gücünü, hər an torpaqları azad etmək iqtidarında olduğunu, habelə Azərbaycan əsgərinin vətənpərvər və qəhrəman obrazını nümayiş etdirdi.
Aprel döyüşləri Azərbaycan xalqının həmrəyliyini, birliyini, hakimiyyətlə xalq arasında vəhdəti də nümayiş etdirdi. Aprel döyüşləri Azərbaycanla bağlı “məğlub tərəf” sindromunu aradan qaldırdı, bu münaqişədə qalib və məğlub tərəfin olmadığını, Ermənistanın əldə etdiyi “uğurun” müvəqqəti xarakter daşıdığını göstərdi və gec-tez ədalətin bərpa olunacağına əminliyi də artırdı.
Bu döyüşlər Ermənistan təbliğat maşınının erməni ordusunun gücü haqqında formalaşdırdığı mifi də dağıtdı, bu kimi iddiaların heç bir əsası olmadığını göstərdi. Hadisələrdən dərhal sonra Ermənistan ordusunun rəhbərliyində baş vermiş çoxsaylı dəyişikliklər də bunu bir daha təsdiq edir.
Aprel qələbəsi Ermənistan cəmiyyətində gərginliyi də artırdı, xalqla hakimiyyət arasında uçurumun daha da dərinləşdirdi. Qısası, Aprel döyüşləri Dağlıq Qarabağ münaqişəsinin həllində yeni vəziyyətin yaranmasına və Azərbaycanın böyük üstünlük qazanmasına səbəb oldu.
Aprel döyüşlərinin ildönümü ilə bağlı məsələlərə münasibət bildirən Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının Qafqazşünaslıq İnstitutunun direktoru, professor Musa Qasımlı məlum nailiyyətləri Azərbaycanın şanlı hərbi qələbəsi kimi dəyərləndirib. O qeyd edib ki, bu nailiyyətlər Azərbaycan dövlətinin, xalqının, ordusunun gücünü göstərən qələbədir: “Azərbaycan üçün təkcə hərbi-texniki deyil, eyni zamanda, diplomatik-siyasi və mənəvi-psixoloji əhəmiyyət daşıyan aprel qələbəsinin müxtəlif tərəfləri haqqında çox yazmaq olar. Bu qələbə ilk növbədə aşağıdakı prinsipial məsələləri bir daha isbat etdi. Azərbaycan dövləti Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı indiyədək irəli sürülmüş təşəbbüslərin qarşısını almağa çalışan təcavüzkar Ermənistana ciddi qulaqburması verdi, layiq olduğu yeri göstərdi və dəfələrlə güclü olduğunu nümayiş etdirdi. Bir daha əmin olundu ki, Ermənistanın hərbi təcavüzü nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsi dondurulmuş münaqişə deyil, hər an böyük hərbi əməliyyatlar başlaya bilər. Böyük bir müharibə qaçılmaz olar və bütün regionda daha ağır fəsadlar törədər. Bunun da bütün məsuliyyəti təcavüzkar ölkənin və ATƏT-in Minsk qrupu həmsədrlərinin üzərinə düşər. Mövcud status-kvo dəyişdirilməlidir. Yəni, Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ regionundan və ətraf rayonlardan işğalçı ordular çıxarılmalı, BMT Təhlükəsizlik Şurasının qətnamələri yerinə yetirilməlidir. Ona görə də Minsk qrupunun həmsədrləri onlara verilmiş mandata uyğun olaraq hərəkət etməli və Azərbaycan ərazilərinin işğalına son qoyulması üçün səylərini artırmalıdırlar.
Aprel qələbəsi bir daha göstərdi ki, Azərbaycan dövləti və xalqı öz ərazilərinin işğal altında qalması ilə barışmayacaq, düşmənə layiq olduğu cavabı verəcək və nəyin bahasına olursa-olsun torpaqlarını düşmən tapdağından azad edəcək. Qələbə Azərbaycan dövlətinin hərb sisteminin yenidən qurulmasına, müasir silahlarla təchiz edilməsinə və Vətənin müdafiəsinə xüsusi qayğı göstərilməsinə dair Prezident İlham Əliyevin siyasətinin düzgünlüyünü göstərdi. Dövlət büdcəsində müdafiə xərclərinin ən çox olmasının zəruriliyi bir daha təsdiq edildi”.
Musa Qasımlı deyir ki, işğalçı ölkə ordusunun “məğlubedilməziliyi” haqqında uzun illər boyu erməni cəmiyyətinə yalan təbliğat yolu ilə sırıdılmış uydurmalar Azərbaycan Ordusu tərəfindən apreldə qısa bir müddət ərzində “sabun köpüyün”nə çevrildi. İşğalçı ordunun mövqeləri bir anda darmadağın edildi. Bu bir daha göstərdi ki, Azərbaycan ərazilərinin işğal altında qalması müvəqqətidir, işğala son qoyulacaq, ordumuz bu vəzifəni yerinə yetirməyə qadirdir. Qələbə, eyni zamanda, Azərbaycan hərb sisteminin, hərbi kəşfiyyatının işğalçı ölkənin hərb sistemindən və kəşfiyyatından qat-qat üstünlüyünü, Azərbaycan əsgər və zabitinin döyüş ruhunun yüksəkliyini və qəhrəmanlığını göstərdi. Azərbaycan əsgəri mərdliyini, mübarizliyini və döyüşkənliyini ortaya qoymaqla bir qəhrəmanlıq məktəbi yaratdı: “Aprel qələbəsi Azərbaycanda hakimiyyət və xalq arasında sıx birliyi göstərdi. Bir daha təsdiq etdi ki, təcavüzə son qoyulması məsələsində Azərbaycan xalqı və dövlətinin mövqeyi eynidir. Azərbaycan vətəndaşları dövlətin bu istiqamətdə siyasətini birmənalı olaraq müdafiə edirlər və onun yanındadırlar. Azərbaycanın qələbəsi Ermənistanda olan ümumi böhranı daha da dərinləşdirdi. Korrupsiya bataqlığında olan işğalçı ordunun rəhbərliyindən generallar və digər yüksək rütbəli zabitlər qovuldu. Bu, rüsvayçı bir hadisə idi. Azərbaycanın qələbəsi cinayətkar Sarkisyan rejimi ilə erməni ünsürü arasında olan uçurumu daha da dərinləşdirdi.
Bu qələbə erməni cəmiyyətinin mənəvi-psixoloji böhranını dərinləşdirdi. Ölkəni hakimiyyət əleyhinə mitinqlər bürüdü. Erməni əsgərinin anası oğlunun başqa dövlətin ərazisində nə üçün öldüyünü Sarkisyan rejimindən daha çox soruşmağa başladı. Azərbaycanın kiçik bir əks-hücumu nəticəsində nəinki işğal edilmiş ərazilərdən, o cümlədən Ermənistandan adamlar qaçmağa başladılar. Lakin aprel döyüşləri göstərdi ki, Azərbaycan dinc sakinlərə qarşı deyil, ərazilərinin işğaldan azad edilməsi üçün döyüşür”.
Millət vəkili onu da vurğulayıb ki, Aprel döyüşlərində qələbə Azərbaycan üçün yeni bir şərait yaratdı. Dövlətimizin nüfuzu daha da artdı və beynəlxalq mövqeləri gücləndi: “Bir daha təsdiq etdi ki, diplomatiya gücə arxalanmalıdır. Prezident İlham Əliyevin yürütdüyü qətiyyətli, prinsipial və xalqın milli maraqlarına cavab verən siyasəti sayəsində Azərbaycanın ardıcıl şəkildə qazandığı diplomatik uğurlar Ermənistan rəhbərliyinin mürəkkəb vəziyyətə düşməsi ilə nəticələndi. Ordumuzun aprel qələbəsi bizi geriyə baxmağımıza, torpaqlarımızın hansı şəraitdə işğal edilməsinə bir daha diqqət yetirməyimizə və ibrət almağa vadar etdi. Aydın şəkildə göstərdi ki, torpaqlarımız dövlətimiz zəif və daxildə qarışıqlıq, sabitsizlik olduğu zamanlarda işğal edilib. Hamı əmin oldu ki, əgər dövlətimiz güclü olmasaydı, apreldə qələbə də qazanılmazdı. Deməli, Azərbaycanda xalq və hakimiyyət arasında sıx birlik və dövlətimiz güclü olduğu zaman istənilən problemi uğurla həll etmək mümkündür. Bundan sonra da dövlətimizin iqtisadi və hərbi qüdrəti daha da gücləndirilməli, xalqımız daim öz dövlətinin yanında yer almalı, ölkədə sabit, davamlı inkişaf olmalıdır. Aprel döyüşlərində şəhidlər də verdik. Hamı yaxşı bilir ki, Vətən torpağı şəhid verilmədən azad olunmaz. Haqq işimiz uğrunda bizim hər birimiz şəhid olmağa hazırıq. Şəhidlər o zamana qədər əgər yalnız bir ailənin, kəndin və qəsəbənin tanıdıqları idisə, indi onlar bütün millətimizin övladlarıdır. Onların məzarları hər birimizin and yeridir. Qəhrəman şəhidlərimizin ruhu qarşısında baş əyirik. Onlar öz qəhrəmanlıqları ilə bir nümunə göstərdilər. Bir daha təsdiq etdilər ki, Azərbaycan dövləti nəyin bahasına olursa-olsun təcavüzkarı qovacaq və işğal altında olan bütün torpaqları azad edəcək”.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
“Belarusa səfər Prezident İlham Əliyevin xarici siyasət istiqamətində növbəti uğurudur”
21.11.2018
Ukrayna NATO və Avropa İttifaqına üzvlüyə hər an yaxınlaşır
20.11.2018
Yeni Azərbaycan Partiyası: iqtisadi və siyasi müstəqilliyi möhkəmləndirən ideyalar məktəbi
19.11.2018
“Qaçaqmalçılığa qarşı mübarizə sahəsində yüksək göstəricilər əldə olunub”
19.11.2018
Səfir: Azərbaycanla Pakistan arasında olan strateji tərəfdaşlıq münasibətləri bütün sahələrdə əməkdaşlığa öz töhfəsini verir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info