“Kənd təsərrüfatı sahəsində ixtisaslı kadrlara böyük ehtiyac var”
Tarix: 05.04.2017 | Saat: 00:21:00 | E-mail | Çapa göndər


Professor Rauf Sultanov:
“Kənd təsərrüfatı kadrlarını yetişdirən ali təhsil, orta ixtisas peşə təhsili müəssisələrində kadrların düzgün yetişdirilməsinə diqqət artırılmalıdır”
Ölkədə kənd təsərrüfatının inkişafı istiqamətində həyata keçirilən tədbirlər bu sektorda bütün amillərə diqqət yetirilməsini tələb edir. Bu baxımdan kadr hazırlığı məsələləri böyük əhəmiyyət daşıyır. Pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində çıxışı zamanı kadr hazırlığının vacibliyini qeyd edən ölkə başçısı bildirib ki, növbəti illərdə peşə hazırlığı Azərbaycanda geniş vüsət almalıdır və buna böyük ehtiyac var: “Peşə məktəblərinin yaradılması prosesi gedir, daha da sürətlə getməlidir. Bu proses iqtisadiyyatın ümumi inkişafı ilə uzlaşmalıdır. Biz iqtisadi inkişafımızı planlaşdırırıq. Bizim regional inkişaf proqramlarımız dərc olunur. Yəni biz öz beşillik fəaliyyət planımızı tərtib edirik və eyni zamanda sənaye, kənd təsərrüfatı və digər sahələrlə bağlı proqramlar bizə yol göstərir. Ona görə peşə hazırlığı buna uyğun şəkildə aparılmalıdır. Nə qədər və hansı istiqamətdə peşə məktəbləri olmalıdır? Kənd təsərrüfatı, sənaye, turizm sahələrində ixtisaslaşmış peşə məktəblərinin yaradılmasına böyük ehtiyac var, çünki bu sahələr bundan sonra da Azərbaycanda sürətlə inkişaf edəcək.
Kənd təsərrüfatı mütəxəssisləri, aqronomlar, bu peşələr üzrə kadrlar hazırlanmalıdır. Bildiyimə görə, burada müəyyən qıtlıq yaşanır və biz gəncləri bu sahəyə cəlb etməliyik, stimullaşdırmalıyıq ki, onlar da bilsinlər, peşəkar olandan sonra onların yaşayış səviyyəsi böyük dərəcədə yaxşılaşacaq. Bu istiqamətdə işlər keçən il görülüb və bu il də davam edəcək”.

Müsahibimiz Azərbaycan Dövlət Pedaqoji Universitetinin Biologiya fakültəsinin professoru, Azərbaycan Ekologiya Standartlarının Monitorinq Fondunun prezidenti Rauf Sultanovdur:
- Kənd təsərrüfatı sahəsində kadrların hazırlanmasında mövcud vəziyyəti necə qiymətləndirirsiniz?
- Ölkə başçısı son müşavirədə Azərbaycanda kənd təsərrüfatının inkişafına diqqətin artırılması və bu sahədə böyük uğurların qazanılması istiqamətində tədbirlərin həyata keçirilməsini vacib hesab edib. Prezident düzgün olaraq bu işin həllini, ilk növbədə təhsil sistemində gedən islahatlarda görür. Ölkəmizdə peşə yönümlü təhsil sisteminin inkişafı ilə əlaqədar olaraq son 10 ildə çox uğurlu layihələr həyata keçirilib. Bakalavr, magistr pillələrinin yaradılması, tədris olunan fənlərin və onların məzmun standartlarının hazırlanmasında böyük işlər görülüb. Bundan başqa, Boloniya prosesinə keçid, kredit sisteminin tətbiqi ilə əlaqədar olaraq ali təhsili müəssisələrində peşə hazırlığı ilə əlaqədar bir sıra işlə görülüb. Dünya miqyasında elmi tərəqqi artdıqca kadr hazırlığına xüsusi diqqət yetirmək lazımdır. Müəyyən elmi nailiyyətlərin qazanılmasında kadr potensialının mühüm rolu var. Davamlı inkişafla əlaqədar BMT və digər beynəlxalq təşkilatlarda da kadr potensialının yetişdirilməsinə böyük önəm verilir. Azərbaycanda orta təhsil sistemində kurikulumlar tətbiq olunmağa başlayıb və bununla əlaqədar olaraq həm də ali təhsil sistemində peşə yönümlü ixtisaslı kadrların hazırlanmasına diqqət yetirilir. Məsələ ondadır ki, hazırda ənənəvi təhsil sistemindən fərqli olaraq fəal təlim metodlarından istifadə edilməyə başlanılıb. Bu isə ixtisaslı, müasir dövrün tələblərinə cavab verən kadrların hazırlanmasına gətirib çıxarır. Fəal təlim metoduna gəldikdə əvvəllər tədris ənənəvi metodlarda elm yönümlü, yəni tələbələrə elmin öyrənilməsi istiqamətində qurulsa da, indi tədqiqat-təlim istiqamətində qurulur.
-Kənd təsərrüfatı mütəxəssisləri, kadrların hazırlanması istiqamətində hansı tədbirlərin həyata keçirilməsini vacib hesab edirsiniz?
- Hazırda kənd təsərrüfatının inkişafı ilə ölkə başçısının müasir dövrün tələblərinə cavab verən kadrların hazırlanması ilə bağlı fikirləri təqdirəlayiqdir. Azərbaycan sovet dövründə kənd təsərrüfatı istiqamətinə yönəlmiş bir iqtisadiyyata malik idi. Ölkəmizdə pambıqçılıq, heyvandarlıq, üzümçülük, baramaçılıq, meyvə-tərəvəzçilik geniş inkişaf etmişdi. O dövrdə kənd təsərrüfatı kadrları hazırlanmasına diqqət çox idi. Belə ki, kollektiv təsərrüfatlar, kolxoz, sovxozlar var idi və orada kadr hazırlanması üçün xüsusi proqram tərtib olunmuşdu. Bu proqram əsasında ixtisas yönümlü kadrlar hazırlanırdı. İndi bazar iqtisadiyyatına keçidlə əlaqədar olaraq fermer təsərrüfatları yaradılıb və onlar inkişaf etməlidirlər ki, kənd təsərrüfatı kadrlarına olan münasibəti dəyişsin. Hazırkı fermerlər kadrların saxlanması üçün müəyyən vəsait xərcləmək istəmirlər.

“Kadrları elə hazırlamalıyıq ki, fermerlər ondan istifadə etdikdə istehsal prosesində məhsuldarlığın, rentabellik səviyyəsinin yüksəldiyini hiss etsinlər”


Amma kənd təsərrüfatı kadrlarını elə hazırlamalıyıq ki, fermerlər ondan istifadə etdikdə istehsal prosesində məhsuldarlığın, rentabellik səviyyəsinin yüksəldiyini hiss etsinlər. Ona görə də kənd təsərrüfatı kadrlarının hazırlanmasına xüsusi diqqət yetirilməlidir. Burada peşə yönümlü kadrların hazırlanmasına, praktik cəhətdən potensial biliklərə malik olan, bacarıq vərdişləri aşılanmış kadrlara böyük ehtiyac var. Həmin kənd təsərrüfatı istiqamətində yetişmiş kadrlar özlərinin bilik, peşəkarlıq səviyyəsindən istifadə edərək fermer təsərrüfatlarının inkişafına dəyərli töhfə verməlidirlər ki, fermerlər ondan yararlana bilsinlər. Ona görə də kənd təsərrüfatı kadrlarını yetişdirən ali təhsil müəssisələrində, orta ixtisas peşə təhsili müəssisələrində kadrların düzgün yetişdirilməsinə diqqət artırılmalıdır. Bu gün ölkədə Azərbaycan Dövlət Aqrar Universiteti fəaliyyət göstərir və rayonlarda peşə yönümlü kənd təsərrüfatı mütəxəssislərinin yetişdirilməsinə xüsusi diqqət yetirilir. Hazırda Azərbaycan xarici ölkələrdən müasir texnikalar əldə edir və məsələn, 1 milyon dəyərində olan pambıqyığan maşın həm sahədən pambığı toplayır, həm çiyiddən təmizləyir, həm də xüsusi formada qablaşdırır. Əgər əvvəllər bu prosesi yerinə yetirmək üçün 30 nəfər işçi qüvvəsi tələb olunurdusa, indi bu kombaynlar həmin işi yerinə yetirir. İndi bu kombaynlardan düzgün istifadə edilməsi, texniki nasazlıq əmələ gələndə, texniki təmir işləri aparılması üçün daha savadlı, mükəmməl kadrlar lazımdır. Elmi nailiyyət elə inkişaf edib ki, indi yeni yaradılmış pambıq sortları və onlara göstərilən aqrotexniki tədbirlər nəticəsində bir hektar sahədən alınan məhsuldarlığı sovet dövrünə nisbətən iki-üç dəfə artırmaq mümkündür. Ona görə də seleksiya, genetika sahəsində mükəmməl biliklərə yiyələnən kadrlar lazımdır. Dünya elminin nailiyyətinin ölkəmizdə tətbiqi üçün müəyyən biliklərə yiyələnməlidirlər. Sovet dövründə meyvə toplanmasına çoxlu işçi qüvvəsi cəlb olunurdu. Amma indi kiçikboylu meyvə ağacları var və əgər böyük meyvə ağaclarından toplanan meyvənin 30-40 faizi zədələnirdisə, indi kiçikboylu meyvə ağaclarının bir hektar sahədə sayı çox olduğu üçün alınan məhsul da 2-3 dəfə artıq olur. Müasir dövrdə meyvəçiliyi inkişaf etdirməklə yanaşı, yetişmiş meyvələrin keyfiyyəti də yüksək olmalıdır. Ağacların müalicə edilməsi, meyvələri uzun müddət saxlamaq üçün dondurucu komplekslər olmalıdır ki, ilboyu istifadə etmək mümkün olsun. Həm də qış fəslində meyvə daha baha qiymətə olduğu üçün bu onun rentabelliyini artırır. Burada kənd təsərrüfatını, meyvəçiliyi inkişaf etdirməklə yanaşı, iqtisadi biliklər də mühüm əhəmiyyət kəsb edir. Yəni iqtisadi biliklər artırılmalıdır ki, kənd təsərrüfatı inkişafında bazara olan tələb və təminat nəzərə alınsın, həm də ölkədə idxal-ixrac prosesləri əhəmiyyət kəsb etdiyi üçün xüsusi diqqət yetirilməlidir. Burada söhbət təkcə bakalavr pilləsində kənd təsərrüfatı ixtisaslı kadrların hazırlanmasından getmir, eləcə də yüksək magistr səviyyəsində mütəxəssislərin, elmi potensiala malik olan alimlərin tədqiqat işləri mühüm əhəmiyyət kəsb edir.
- Yeni kadrların hazırlanması bu sektorun inkişafı üçün hansı imkanlar yaradacaq?
- Bundan başqa, kənd təsərrüfatı kadrlarının hazırlanmasında müəllimlərin peşə hazırlıq səviyyəsi yüksək olmalıdır. Bu o deməkdir ki, müəllimlərin bilik səviyyəsi müasir tələblərə cavab verməlidir, bacarıq və vərdişləri, pedaqoji qabiliyyəti yüksək olmalıdır ki, tələb olunan dərəcədə kadrların hazırlanması mümkün olsun. Lakin, təəssüf ki, ADAU-da tələbələr test üsulu ilə qəbul olur və burada keçid balı çox aşağıdır. Məsələn, ADTU-ya 500-700 balla daxil olursa, ADAU-ya 150-300 balla daxil olur. Bu tələbələr yüksək səviyyəli olmalıdır ki, aqrar sahədə daha yaxşı biliklərə yiyələnə bilsinlər. Təhsil prosesində bu mütləq nəzərə alınmalıdır. Təklif edərdim ki, kənd təsərrüfatı sahəsində çalışan kadrların əməkhaqları daha da yüksək olsun ki, daha bilikli, savadlı tələbələrin bu sektora marağı artsın. Bundan başqa, fermer təsərrüfatlarında onların özünün sertifikatları olmalıdır. Bunun üçün də fermerlər peşə təhsili məktəblərində təhsil almalıdırlar ki, müasir dövrün tələblərinə cavab verəcək qabiliyyətə malik olsunlar.
Ümumiyyətlə, kənd təsərrüfatı kadrlarının müasir tələblərə cavab verən səviyyədə yetişdirilməsində dövlət səviyyəsində bir sıra məsələlərin həyata keçirilməsi vacibdir. Onlardan biri odur ki, tələbələrimiz kənd təsərrüfatı inkişaf etmiş ölkələrin təhsil müəssisələrində təhsil alsınlar. Oradakı nailiyyətlərlə tanış olsunlar və ölkəmizə qayıtdıqda faydaları çox olsun. Çalışmalıyıq ki, xarici ölkələrlə tələbə mübadiləsi keçirilsin, tələbələrimiz 2-3 aylıq ixtisasartırma kurslarında iştirak etsinlər. Həmçinin bu sahədə inkişaf etmiş ölkələrin biliklərini öyrənmək üçün konfransların keçirilməsi vacibdir ki, burada müasir dövrdə dünyada tətbiq olunan texnologiyalarla bağlı məlumata yiyələnməlidir. Bu sahədə də tədbirlərin həyata keçirilməsi məqsəduyğun olardı.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Ukrayna NATO və Avropa İttifaqına üzvlüyə hər an yaxınlaşır
20.11.2018
Yeni Azərbaycan Partiyası: iqtisadi və siyasi müstəqilliyi möhkəmləndirən ideyalar məktəbi
19.11.2018
“Qaçaqmalçılığa qarşı mübarizə sahəsində yüksək göstəricilər əldə olunub”
19.11.2018
Səfir: Azərbaycanla Pakistan arasında olan strateji tərəfdaşlıq münasibətləri bütün sahələrdə əməkdaşlığa öz töhfəsini verir
18.11.2018
Sanya meri: Azərbaycan qədim tarixə və özünəməxsus mədəniyyətə malik ölkədir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info