“Elə təhsil mühiti yaratmalıyıq ki, şagird oxumağa həvəsli olsun”
Tarix: 05.04.2017 | Saat: 00:28:00 | E-mail | Çapa göndər


“Qələmsiz keçməyən ömür” rubrikasının növbəti qonağı pedaqoji elmlər doktoru, professor, Əməkdar elm xadimi, Beynəlxalq Pedaqoji Akademiyanın həqiqi üzvü, Pedaqoji və Sosial Elmlər Akademiyasının akademiki Fərrux Rüstəmovdur.
Fərrux Rüstəmov 1 yanvar 1961-ci ildə Qərbi Azərbaycanın Göyçə mahalının Cil kəndində anadan olub. 1978-ci ildə Cil kənd orta məktəbini əla qiymətlərlə başa vurmuş, həmin ildə V.İ.Lenin adına (indiki ADPU) APİ-nin Pedaqoji fakültəsinə qəbul olub. 1985-ci ildə elmi işə maraq onu yenidən V.İ.Lenin adına APİ-yə gətirmiş, o, “Pedaqogikanın nəzəriyyəsi və tarixi” üzrə əyani aspiranturaya qəbul olub. Hərbi xidmətdən sonra "Azərbaycan sovet pedaqoji elminin inkişafı (1961-1981-ci illər)" mövzusunda elmi axtarışlarını başa çatdırıb, vaxtından xeyli əvvəl, 1989-cu ildə müdafiə edərək pedaqoji elmlər namizədi, 2003-cü ildə "Azərbaycanda pedaqoji elmin inkişaf yolları (1920-1991-ci illər)" mövzusunda doktorluq dissertasiyası müdafiə edib, pedaqoji elmlər doktoru alimlik dərəcəsi adını alıb. 1998-2006-cı illərdə Bakı Qızlar Universitetinin Pedaqogika kafedrasının müdiri olub. 22 aprel 1998-ci ildə Beynəlxalq Pedaqoji Akademiyanın (Moskva) həqiqi üzvü (akademiki) seçilib. Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. "Akademik Mehdi Mehdizadə", "Gənc alimlər" və "Qızıl qələm" mükafatları laureatıdır. 2007-ci ildə ADPU-nun Pedaqoji fakültəsinin dekanı, böyük Elmi Şuranın üzvü və Pedaqoji fakültənin Elmi Şurasının sədri seçilib. ADPU -nun Elmi Şurasının qərarı ilə " İlin müəllimi və İlin alimi" müsabiqəsinin qalibi olub. 2007-2012-ci illərdə ADPU-nun İbtidai təhsilin pedaqogikası kafedrasının müdiri olub. 2004-cü ildən professordur. ADPU-da fəaliyyət göstərən Ümumi pedaqogika, Pedaqogika və təhsilin tarixi üzrə ixtisaslaşdırılmış Dissertasiya şurasının sədr müavinidir. 2010-cu ildə "Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif olunub. 2010-cu ilin aprelində Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü (akademiki) seçilib. Təhsildə və elmdə qazandığı uğurlara görə Azerbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Tərəqqi medalı" (2006) ilə təltif olunub, "Əməkdar elm xadimi" (2012) fəxri adı verilib. F.Rüstəmov 30-dan artıq monoqrafiya, kitab və kitabçanın, 31 tədris proqramının, 200 elmi məqalə və tezisin, 250-yə qədər elmi-pedaqoji və publisistik yazının müəllifidir. 10 kitabın tərtibçisidir. 40-a yaxın kitabın elmi redaktoru olub. Rəhbərliyi ilə 8 nəfər pedaqogika üzrə fəlsəfə doktoru dissertasiyası müdafiə edib. 3 nəfərin doktorluq, 20 nəfərin namizədlik dissertasiyasının rəsmi opponenti olub. Təhsil haqqında qanunu hazırlayan işçi qrupunun üzvü olub. Əsərləri Bakı, İstanbul, Tbilisi, Moskva, Çeboksarı, Səmərqənd, Təbriz şəhərlərində nəşr olunub.
- Bu yaxınlarda yeni kitabınızın təqdimatı olub. Öncə bu haqda söz açardınız.
- Bu kitabda pedaqogika tarixindən başlayaraq, bu günə qədər Azərbaycanda təlim-tərbiyə nəzəriyyəsinin inkişaf tarixi, inkişaf tendensiyaları, mühüm məsələləri ümumiləşdirilib sistemləşdirilir. Kitabda həm Azərbaycan pedaqoji fikri, həm də maarifçilərimizin gördükləri işlərlə bağlı tədiqatlar ümumiləşdirilib. Həmçinin Azərbaycan təhsili ilə bağlı və pedaqoji fikrin inkişafına təsir göstərən xarici alimlər araşdırılır. Kitabda dünya şöhrətli Komenski, Uşinski və b. kimi tanınmış pedaqoqların adları da çəkilir. Pedaqogika elmi ümumdünya elmidir, bəşəri elmdir və bu təkcə Azərbaycan coğrafiyasında baş verən proseslərlə deyil, dünyada gedən pedaqoji proseslərlə əlaqədardır. Eyni zamanda burada Azərbaycan pedaqogika alimləri ilə rus pedaqogika alimlərinin əlaqələri və həm də Pedaqogika elminin inkişafını şərtləndirən amillər vardır. Tək dərsliklərin yazılması, kadrların hazırlanması, pedaqoji jurnalistika, pedaqoji tənqid - bunlar Pedaqogika elminin inkişafına təkan verən amillər olub.
Pedaqoji sahədə izi olan, tədqiqatı olan, nəfəsi olan hər bir insan barəsində burada kifayət qədər məlumat tapmaq olar. Müəyyən dərəcədə kitab ensiklopedik xarakter daşıyır. Böyük tədqiqatçı alimlər haqqında burada xırda oçerklər verilir, kitabla tanış olan adam oxuyur ki, akademik Mehdi Mehdizadənin hər hansı bir tədqiqatı var. Bu barədə oxuyan şəxs əgər Mehdi Mehdizadəni tanımırsa, yazının yanında Mehdi Mehdizadə haqqında məlumat və onun fəaliyyət xətlərindən söz açılır.
- Ömrünüzün bir hissəsini Pedaqogika elminə həsr edibsiz. Deyə bilərsinizmi bu elm bizə nə öyrədir?
- Pedaqogika sosial bir elmdir və bizim formalaşmağımızda mühüm rol oynayır. Geniş mənada bunu alimlər belə izah edirlər ki, tərbiyənin iki növü var: mütəşəkkil tərbiyə və qeyri-mütəşəkkil tərbiyə. Mütəşəkkil tərbiyə təhsil prosesidir, qeyri-mütəşəkkil tərbiyə isə ümumi həyatdan aldığımız tərbiyədir və bunun özü də bir pedaqogikadır. Qeyri-mütəşəkkil tərbiyənin, əslində, bir qanunauyğunluğu yoxdur. Bütövlükdə cəmiyyət, insanlar, sosial resuslar hamısı tərbiyə funksiyasını yerinə yetirməlidir. Pedaqogika bizə tərbiyəni, tərbiyənin qanunauyğunluqlarını və prinsiplərini öyrədir. Ali məktəbə gələn, gələcəkdə müəllimlik sənətinə yiyələnmək istəyən tələbə hökmən Pedaqogika fənnini dərindən mənimsəməlidir. Çünki bu ona təhsil-tərbiyəsi ilə məşğul olacaq uşağın şəxsiyyəti ilə bağlı ən zəruri məsələləri öyrədir. Həm də onun yaş və cinsi xüsusiyyətlərini, fiziki imkanlarını öyrədir. Ola bilər ki, bir metod burada səmərəli oldu, başqa yerdə səmərə vermədi. Ona görə də müəllimin əlində kompleks metodlar arsenalı vardır ki, bu, bir silahdır. Pedaqogika müəllim olan şəxs üçün ən gözəl bir silahdır. Müəllim silahlanmasa, müasir məktəbdə o özünə yer tapa bilməz. Pedaqogika müasir təhsil, tərbiyə nəzəriyyəsi ilə gələcək müəllimləri silahlandırır.
- Fərrux müəllim, sizcə, müasir müəllim hansı tələblərə cavab verməlidir?
- Zaman dəyişir, təhsil dəyişir, təhsilin məzmunu sürətlə dəyişir. Əvvəllər 10 ildə təhsil məzmunu bir dəfə dəyişə bilərdi, yəni 10 il ərzində bir kitab kifayət idi. Bir neçə il bundan əvvəl bu dəyişiklik beş ildən bir mümkün oldu. Hal-hazırda təsəvvür edə bilirsinizmi, dəyişiklik 48 saatdan bir olur. Əsl müəllim isə bu dəyişikliyə adaptasiya olmalıdır. O müəllim yaxşı müəllimdir ki, öyrənməyi bacarır. Öyrətməkdən çox müəllim öyrənməyi bacarmalıdır. Konfutsi deyirdi; “Biz bəzi şeyləri müəllimlərdən, bəzilərini kitablardan, insanlardan, bir çoxlarını isə şagirdlərdən öyrənirik”. Deməli, əgər müəllim öyrənməyi dayandırırsa, artıq fəaliyyətini başa vurmuş olur. Müəllimin özünün qabiliyyətləri, öz kompetensiyaları olur. YUNESCO-nun sənədlərində müəllimin üç başlıca kompetensiyası göstərilir: “İKT, pedaqoji və sosial kompetensiyalar”. Biz pedaqoji kompetensiyalardan danışa bilərik. Müəllim qarşısındakı şagirdi görməyi, onu oxumağı bacarmalı və daxili aləmini görməli, nə hiss etdiyini, yalan və doğru danışdığını bilməyi bacarmalıdır. Hazırda Azərbaycan cəmiyyətində ən çox çatışmayan kommunikativlik qanunudur. Burada ünsiyyət çatışmır, şagird-müəllim, müəllim-şagird arasında ünsiyyət bacarıqları, demək olar ki, sıfıra bərabərdir. Müəllim hər zaman çalışır ki, şagirdi oxutsun. Mən həmişə deyirəm: “İnsan bu dünyaya elə oxumaq üçün gəlib?”. İnsan üçün birinci ən böyük dəyər onun yaşamıdır, ikincisi isə ailədir, oxumaq isə vasitədir. Təhsil bir vasitədir. Biz təhsilli olsaq, özümüzü, ətrafımızı, insanları, yaradanımızı yaxşı dərk edərik. Təbii ki, təhsilimiz olsa... Biz təhsil alırıq ki, cəmiyyətə rahatlıqla adaptasiya ola bilək, rahat yaşayaq. Amma, birinci növbədə insan üçün ən vacib faktor onun həyatı və sağlamlığıdır. Bəzi valideynlər uşaqlarını hər şeydən, hər maraqdan uzaq tutub, onları ancaq təhsilə yönəldirlər. Bu ailələrdə isə yeganə məqsəd övladlarının ali məktəbə daxil olmasıdır. Əgər şagirddə hər hansı bir potensial yoxdursa, bu həmin biliyə heç vaxt yiyələnə bilməyəcək. Bəs biz nə etməliyik? Bəzi vaxtlar elə olur ki, insanlarla qarşılaşırıq, onlar seçdikləri peşədən narazılıqlarını bildirir, vaxtilə başqa peşəni istədiklərini, bu işə zorla gəldiklərini deyirlər. Biz uşaqlara elə bir təhsil mühiti yaratmalıyıq ki, şagird özü oxusun, onun içində həvəs yaransın. Elə öz yaşadığımız həyatdan bir misal çəkim. Məsələn, uşaqlar sentyabr ayı dərslərin başlamasına az müddət qalmış çox həvəsli olurlar, dərsin başlamasını səbirsizliklə gözləyirlər. Dərs başlanır, bir neçə aydan sonra uşaqların böyük əksəriyyəti dərsə getmək istəmir. Bəs buna səbəb nədir? Bu zaman narazılıqlar baş qaldırır. Məktəb rəhbərliyi, müəllim belə şagirdlərin oxumamasından şikayətlənir. Bəs niyə belə olur? Bəlkə də biz oxuda bilmirik. Axı onlar dərsə maraqla, böyük həvəslə gəlmişdilər. Bəlkə, biz onlara nələrisə maraqlı edə və həvəsləndirə bilmirik. Şagirdlər məktəbdə çərçivəyə düşür, məktəb qanunauyğunluqlarına adaptasiya oluna bilmirlər. Onu da qeyd edim ki, zehni əmək çox ağır əməkdir. Məsələn, alimlə fəhləni müqayisə etsək, görərik ki, zehni əməklə məşğul olan insan beyni, fəhləyə nisbətən 18 dəfə çox oksigen tələb edir. Ona görə də zehni əmək insanı tez yorur, şagirdlər də onlar kimi...
Hər bir insanın öz potensialı var, o potensialı üzə çıxarmaq, inkişaf etdirmək lazımdır. Bu gün Azərbaycan cəmiyyətində ciddi şəkildə intellektli insanlara ehtiyac yoxdur. Alim də var, həkim də var, siyasətçi də var. Bəs nəyə ehtiyac var? Əsl insana ehtiyac var. Məsələn, o, yaxşı alimdir, yaxşı bəstəkardır, yaxşı müğənnidir. Amma yaxşı insandırmı? Bizim məktəblərin funksiyası isə insan yetişdirməkdir, şəxsiyyət yetişdirməkdir. Təəssüflə qeyd etməliyəm ki, biz bunları bir kənara qoyub, başlamışıq ali məktəblərə tələbə hazırlamağa. Hər hansı məktəb direktoru qeyd edir ki, mən yaxşı direktoram, çünki mənim məktəbimin təhsil göstəriciləri yüksəkdir. Qeyd edim ki, onlar düşünmürlər ki, mənim məktəbimin funksiyası yaxşı alim yetişdirmək yox, yaxşı şəxsiyyət yetişdirməkdir. Cəmiyyətimizdə məktəb öz funksiyasını yerinə yetirmir. Keçən dəfə bir tədbirdə çıxış edirdim. Həmin tədbirdə bu fikirlərimi səsləndirdim- Müəllim çıxır lövhəyə və başlayır yazmağa. Əvvəl lövhəyə yazır bir və deyir ki, bu sizin şəxsiyyətinizdir. Bu sizin həyatda qazanacağınız ən böyük dəyərdir, bunu ömür boyu qoruyun. Daha sonra isə bir rəqəminin yanında sıfır yazır və deyir ki, bu, sizin uğurunuzdur. Uğurlu bir şəxsiyyət olmaq 1-i 10 edər. Yenidən bir sıfır yazır və deyir ki, bu isə təcrübədir, 10-u 100 edir. Sonra yeni-yeni sıfırlar yazır və hər birinə bir ad qoyur. Sonda isə gəlir və əvvəldə yazdığı biri silir və deyir: “Əsas sizin şəxsiyyətinizdir, əgər o şəxsiyyətiniz yoxdursa, qalan şeylər hamısı boş və mənasızdır”.
(Ardı var)
Söhbəti qələmə aldı:
Mahmud Əyyub
Aytən Əlisgəndərova




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Biz tələbələri nəzəri cəhətdən çox yaxşı hazırlayırıq, ancaq praktiki cəhətdən yox
22.09.2018
Azərbaycan dinlərin və mədəniyyətlərin toqquşduğu deyil, qovuşduğu bir yerdir
21.09.2018
“Tələbələrin ixtisasa uyğun təcrübə qazanmaları üçün kifayət qədər imkanlar var”
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info