Yaşıllıqların bərpası haqqında qərar qəbul olunub
Tarix: 05.04.2017 | Saat: 19:16:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Nazirlər Kabineti "Yaşıllıqların bərpası Qaydası"nın təsdiq edilməsi haqqında qərar qəbul edib.
Nazirlər Kabinetindən AZƏRTAC-a verilən məlumata görə, qərarda meşə fondu torpaqlarında və xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərində olan yaşıllıqlar, xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar (əkinlər) istisna olmaqla, respublika ərazisində olan yaşıllıqların bərpası və bərpa dəyərinin hesablanması qaydaları müəyyən edilib.
Qərara əsasən, yaşıllıqların salınmasını, bərpasını və genişləndirilməsini sürətləndirən tədbirlərin proqnozlaşdırılması və maliyyələşdirilməsi yaşıllıqların mühafizəsi sahəsində iqtisadi həvəsləndirmə istiqamətlərindən hesab olunur, bu tədbirləri həyata keçirmək məqsədi ilə beynəlxalq təşkilatlar və digər donorlar tərəfindən maliyyə vəsaitinin, qrantların və digər yardımların ayrılması dəstəklənir, müvafiq tədbirlər dövlət büdcəsindən maliyyələşən aidiyyəti qurumlar üçün nəzərdə tutulmuş vəsaitlər daxilində həyata keçirilir.
Qərarda qeyd edilib ki, yaşıllıqların bərpası götürülmüş (kəsilmiş), zədələnmiş və ya məhv edilmiş yaşıllıqların və ya onların hissələrinin əvəzinə onlara bərabər yeni bitkilərin əkilməsini və (və ya) yaşıllığın salınmasını nəzərdə tutur və əsas məqsəd mövcud yaşıllıqlarda sanitariya-gigiyena və fitosanitar normalarına uyğunluğu təmin etmək, bitkilərin cins və növ tərkibini yaxşılaşdırmaq, yaşıllıq ərazilərindən səmərəli istifadə etmək, daimi becərmə və əlavə əkinlər aparmaqla yaşıllıq sahələrinin azalmasına yol verməməkdir. Yaşıllıqların (ağaclıqların) bərpası yaşıllıqlar götürüldükdə (kəsildikdə), yaşıllıqlar zədələndikdə, yaşıllıqlar məhv edildikdə, yaşıllıqların təbii istismar müddəti bitdikdə həyata keçirilir. Yaşıllıqların təbii istismar müddətinin bitməsi yerli iqlim və torpaq şəraitindən asılı olaraq onların yaş dövrünü başa vuraraq, hissə-hissə quruyub kök sisteminin zəifləməsi nəticəsində təbii qocalmasını nəzərdə tutur. Yaşıllıqların təbii istismar müddəti bitdikdə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi nəzərə alınmaqla, istifadəsində olan torpaqlarda mərkəzi icra hakimiyyəti orqanlarının, digər torpaq sahələrində yerli icra hakimiyyəti orqanlarının, bələdiyyə mülkiyyətində olan torpaqlarda isə bələdiyyələrin qərarı ilə yaşıllıqlar əsaslı rekonstruksiya olunur. Əsaslı rekonstruksiya iqtisadi cəhətdən səmərəsiz olduqda, təbii istismar müddəti bitmiş yaşıllıqlar torpaqdan çıxarılır və yaşıllığın bərpası məqsədi ilə həmin ərazilərdə bu Qaydaya uyğun yeni yaşıllıqlar salınır.
Yaşıllıqların təbii istismar müddətini uzatmaq məqsədi ilə onların yaş dövrlərinə və digər ekoloji və fitosanitar xüsusiyyətlərinə uyğun olaraq budama işləri aparılır. Zədələnmə və ya məhv olma hallarında yaşıllıqlar həmin yerdə eyni və ya yerli şəraitə daha yaxşı uyğunlaşan münasib bitki cinsləri və növlərindən istifadə olunmaqla bərpa edilir. Yaşıllıqların bərpası bir il müddətində həyata keçirilir. Yaşıllıqları əvvəlki yerində bərpa etmək mümkün olmadıqda, bərpa işləri yaşıllığın yerləşdiyi torpağın mülkiyyətçisinin öz ərazisində və ya istifadəsində olan torpaqlarda mərkəzi icra hakimiyyəti orqanının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanının və yaxud bələdiyyənin başqa ərazidən ayırdığı torpaq sahəsində həyata keçirilir.
Qərara görə, yaşıllıqların götürülməsi (kəsilməsi) halında yaşıllıqların bərpası yaşıllığı götürən (kəsən) subyektlər tərəfindən və ya onların vəsaiti hesabına istifadəsində olan torpaqlarda mərkəzi icra hakimiyyəti orqanları, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanları, bələdiyyələr, fiziki və hüquqi şəxslər, qeyri-hökumət təşkilatları tərəfindən aparılır. Yaşıllığın götürülməsi (kəsilməsi), zədələnməsi və ya məhv edilməsinə görə bərpa dəyəri ödənilir. Yaşıllıqların bərpa dəyəri yaşıllıqların salınmasına, becərilməsinə və mühafizəsinə çəkilən xərclər də daxil olmaqla, yaşıllıqların zədələnməsi, məhv edilməsi və götürülməsi (kəsilməsi) zamanı onların dəyərinin müəyyən edilməsi üçün aparılan qiymətləndirmədir. Yaşıllıqların bərpa dəyərinin hesablanması üçün mülkiyyət və təşkilati-hüquqi formasından, yerləşdiyi ərazidən və funksional təyinatından asılı olmayaraq onlar ağaclar, kollar, canlı çəpərlər, gül-çiçəklər, ot bitkiləri kimi təsnif olunur. Yaşıllıqların bərpa dəyəri ağaclar üzrə 1 ağac, kollar üzrə 1 kol, canlı çəpərlər üzrə 1 metr kol bitkisi, gül-çiçəklər üzrə 1 kvadratmetr gül-çiçək və ot bitkiləri üzrə 1 kvadratmetr ot örtüyü ilə hesablanır.
Şəhərlərin, digər yaşayış məntəqələrinin və infrastruktur obyektlərinin hüdudları daxilində yerləşən ağaclar və kollar öz ekoloji xüsusiyyətinə və bərpa dövrünə görə, çoxqiymətli iynəyarpaqlı bitkilər (10 il), çoxqiymətli enliyarpaqlı növlərin birinci qrupu (7 il), qiymətli enliyarpaqlı növlərin ikinci qrupu (5 il), azqiymətli enliyarpaqlı növlərin üçüncü qrupu (3 il) kimi bölünür.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10132

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info