“Pambıqçılığın inkişafı yüngül sənayenin inkişafına böyük təkan verəcək”
Tarix: 06.04.2017 | Saat: 00:30:00 | E-mail | Çapa göndər


Rauf Sultanov:
“Azərbaycan Türkiyədən uşaq geyimlərinin idxalına görə birinci yerdədir. Pambıqçılığı inkişaf etdirməklə toxuculuq sənayesini inkişaf etdirə və hazır məhsul sata bilərik”

Kənd təsərrüfatının inkişafı istiqamətində tədbirlərdə ixrac potensialı mühüm rol oynayır. Bu sahədə istehsalla yanaşı, məhsulun ən yüksək səviyyədə hazırlanıb xarici bazarlara çıxarılması böyük əhəmiyyət kəsb edir. Pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində çıxışı zamanı ölkə başçısı qeyri-neft məhsullarının, xüsusilə kənd təsərrüfatı məhsullarının ixracının indiki inkişaf mərhələsində əsas vəzifə olduğunu bildirib.
“Made in Azerbaijan” brendinin artıq dünyaya yayıldığını deyən Prezident qeyd edib ki, indi ən vacib məsələ məhz Azərbaycan məhsullarının ixracı məsələsidir: “Bu məsələni mən qaldırıram və siyasi dəstək olan yerdə, əlbəttə ki, bizim sahibkarlarımız üçün də yeni imkanlar yaranır. Sahibkarlar özləri də fəal olmalıdırlar, özləri yeni bazarlara çıxmalıdırlar. Onsuz da Azərbaycan dövləti bunu təşkil edir. Biznes-forumlar keçirilir, hökumət nümayəndə heyətlərinin tərkibində iş adamları da həmişə təmsil olunurlar. Onlar da fəal olmalıdırlar, öz məhsullarını təbliğ etməlidirlər, çalışmalıdırlar ki, bu imkandan istifadə edib öz məhsullarını daha çox xarici bazarlara satsınlar. Biz, əlbəttə ki, daxili bazarı da maksimum dərəcədə təmin etməliyik və bunu edirik”.
Ölkə başçısının sözlərinə görə, ənənəvi bazarlar var və biz o bazarlarda işləyirik, biz yeni bazarlara çıxmalıyıq. Ticarət evlərinin yaradılması bu məqsədi güdür. Yaxın gələcəkdə Rusiyada, Belarusda, Ukraynada, Çində, Birləşmiş Ərəb Əmirliklərində ticarət missiyalarımız fəaliyyətə başlayacaq: “Hesab edirəm ki, indiki mərhələdə bu, bizim üçün əsas bazarlardır. Eyni zamanda, biz Avropa İttifaqı bazarlarına da çıxmalıyıq, daha geniş çıxmalıyıq. İndi də ixrac edirik, ancaq hesab edirəm ki, bu, lazımi səviyyədə deyil. Biz bu istiqamətdə də işləyirik”.

Müsahibimiz Azərbaycan Dövlət Pedaqoji Universitetinin Biologiya fakültəsinin professoru, Azərbaycan Ekologiya Standartlarının Monitorinq Fondunun prezidenti Rauf Sultanovdur:

- Yerli məhsullarımızı xarici bazarlara çıxarmaq üçün hansı amillərin əsas götürülməsini vacib hesab edirsiniz?
- Prezident İlham Əliyev kənd təsərrüfatının inkişafına dair müxtəlif müşavirələr keçirir və bu müşavirələrdə həmin sektorun inkişaf yolları, bu istiqamətdə dövlət qarşısında duran əsas tədbirlər haqqında məsələlər qoyur. 2017-ci ildə də bu istiqamətdə dövlət səviyyəsində böyük layihələrin həyata keçirilməsi planlaşdırılıb. Saatlıda pambıqçılığın inkişafına dair müşavirədə bir sıra məsələlərə toxunan ölkə başçısı Azərbaycan məhsullarının xaricə çıxarılması üzərində dayanaraq “Made in Azerbaijan” brendinin tanınması ilə bağlı fikirlərini bildirib. Ölkədə bu istiqamətdə müəyyən tədbirlərin həyata keçirilməsini məqsədəuyğun hesab edib. Ölkə başçısının tapşırığında da göstərilir ki, bizim istehsal etdiyimiz məhsullar inkişaf etmiş xarici ölkələrin məhsullarından geri qalmamalıdır. Onların keyfiyyət göstəriciləri o qədər yüksək olmalıdır ki, xarici bazarda öz məhsullarımızı sata bilək. Bunun üçün, ilk növbədə xaricə satılacaq məhsulların keyfiyyət standartları müəyyən edilməlidir və brend şəklində xarici bazara çıxarılması təmin edilməlidir. Xarici bazara çıxarılan məhsullar keyfiyyət baxımından yaxşı olmaqla yanaşı, həm də elə istehsal olunmalıdır ki, rentabellik səviyyəsi yüksək olsun, həm də maya dəyəri aşağı olsun ki, dünya bazarında aşağı qiymətlə təklif etməklə öz yerimizi tutmağı bacaraq. Azərbaycan ekvatora yaxın bir bölgədə yerləşir, füsunkar bir əraziyə malikdir, Xəzərlə Qara dəniz arasındadır, mövcud iqlim qurşağı müxtəlif kənd təsərrüfatı məhsullarının istehsalına imkan verir. Pambıqçılıq, üzümçülük, meyvəçilik, tərəvəzçilik, fındıqçılıq, ipəkçilik, arıçılıq və digər istiqamətdə kənd təsərrüfatını inkişaf etdirmək üçün imkan və şərait var. Ona görə də biz müasir texnologiyalardan istifadə etməklə məhsullarımızı istehsal etməliyik və həmin məhsulları xarici bazarlara çıxarmalıyıq. Burada əsas amillərdən biri kimi əkinçilik mədəniyyəti yüksəlməlidir, istehsal olunmuş məhsulların saxlanması üçün soyuducu anbarlardan istifadə etməliyik ki, ilboyu brend məhsul kimi xarici bazarlara çıxaraq. Ölkəmizin iqtisadi göstəriciləri bu istiqamətdə mövcud problemlərin həllinə imkan verir. Biz xaricdən müəyyən investisiyaların qoyuluşu ilə layihələri həyata keçirə bilərik. Ümumiyyətlə, kənd təsərrüfatının inkişafında xarici şirkətlərin iştirakı çox vacibdir. Xarici şirkətlər Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalında iştirak edərkən onlara maraqlı olur ki, həmin məhsullar xaricə getsin. Çünki onlar da bu məhsuldan müəyyən dəyər götürürlər. Ona görə də bu, çox vacib məsələlərdən biridir.
-Bu gün “Made in Azerbaijan” brendinin məhsullarımızın tanınmasında rolunu necə qiymətləndirirsiniz?
- Rusiyada, xüsusilə Moskvada digər ölkələrdən daha çox, Azərbaycandan gələn məhsullara diqqət yetirirlər. Çünki bizdə geni dəyişdirilmiş orqanizmlər, onların məhsulları istehsal olunmur. Yəni ekoloji cəhətdən təmizdir. Ona görə də Azərbaycan brend olaraq “Made in Azerbaijan” loqosundan istifadə eməliyik. Lakin təəssüf ki, bizdə bu istiqamətdə maarifləndirici tədbirlər, məhsullarımız haqda dünya miqyasında məlumat vermək üçün çıxışımız zəifdir. Son vaxtlar ərəb ölkələrinin Azərbaycan məhsullarına diqqəti artıb.

“İqtisadi və coğrafi mövqeni nəzərə alaraq, müasir texnologiyalardan istifadə etməklə məhsul istehsal etmək vacibdir. İrandan 40-50 milyon manatlıq tərəvəz gətirilir. Halbuki ölkəmizdə kifayət qədər tərəvəz istehsalı mümkündür”


Bu onunla əlaqədardır ki, onlar ölkəmizdə olublar, istehsal prosesi ilə tanış olduqdan sonra gördülər ki, burada ekoloji cəhətdən daha təmiz məhsullar əldə etmək mümkündür. Hətta Azərbaycan həmin məhsulları başqa ölkələrdə baha qiymətə də satdıqda həmin ərəb ölkələri brend məhsulları olduğu üçün onu ala bilir. Bu bir faktdır ki, inkişaf etmiş ölkələr müasir texnologiyalardan istifadə edərək daha ucuz məhsul satmaqla dünya bazarında yerini tutub. Biz buna nail olmaq üçün Azərbaycan brendi adı altında məhsullar çıxarmalıyıq ki, xaricdə bu məhsullarımızı almağa maraq yaransın.
-Bu gün bir sıra sahələrdə idxal asılılığından azad olmaq mümkündürmü?
- Sovet rejimi dağılanda Belarus və Ukraynadan fərqli olaraq kolxoz və sovxoz ləğv olundu. Üzüm sahələri dağıldı. Son 10 ildə həmin dövrdə istehsal edilmiş məhsulların istehsalına başlamışıq. Həmin rəqəmləri əldə etmək üçün müəyyən zaman lazımdır. Ona görə də bizdə məhsul istehsalı ilə əlaqədar planlı şəkildə regionların iqtisadi və coğrafi mövqeyini nəzərə alaraq, müasir texnologiyalardan istifadə etməklə məhsul istehsal etmək vacibdir. Biz aqrar ölkə olmamıza baxmayaraq, hazırda bir sıra kənd təsərrüfatı məhsullarını xaricdən idxal edirik. Hətta İrandan 40-50 milyon manatlıq tərəvəz gətirilir. Halbuki ölkəmizdə kifayət qədər tərəvəz istehsalı mümkündür. Eləcə də 500 milyon manatlıq keyfiyyəti bilinməyən yağ məhsulları alırıq. Halbuki bunun istehsalı üçün ölkəmizdə imkanlar var. Məsələn, qarğıdalı istehsalı və digər sahələrdə imkanlarımız çoxdur. Maraqlı bir faktdır ki, bu gün Azərbaycan Türkiyədən uşaq geyimlərinin idxalına görə birinci yerdədir. Bu gün pambıqçılığı inkişaf etdirməklə yalnız işçi qüvvəsinin sayını artırmırıq, eyni zamanda toxuculuq sənayesini inkişaf etdiririk. Pambıqçılığın inkişafı, əlbəttə ki, Azərbaycanda yüngül sənayenin də inkişafına böyük təkan verəcək. Eyni zamanda biz hazır məhsul satacağıq, mahlıc, iplik yox. Ölkə başçısının da qeyd etdiyi kimi, çalışmalıyıq ki, hazır məhsul, tekstil sataq, xarici bazarlarda özümüz üçün yer edək. Əlbəttə ki, pambıqçılığın inkişafı ölkəmizə əlavə gəlir gətirəcək. Bunu yalnız pambığa şamil etməməliyik. Bu gün hədəfimiz dünya bazarlarında yer tutacaq məhsul istehsal etmək olmalıdır. Məhsul istehsal edərkən ölkəmizin idxaldan asılılığını azaltmaqla yanaşı, onun ən yüksək səviyyədə ixracını da nəzərə almalıyıq.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində
21.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib
21.09.2018
“Azərenerji”: Ölkə enerjisi sistemində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə başlanılıb
21.09.2018
“Əsrin müqaviləsi” Azərbaycanın dirçəlişinə, iqtisadi inkişafına geniş yol açıb
21.09.2018
“Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info