Biz zəkalı insan yetişdirməliyik ki, bu günümüz, sabahımız, gələcəyimiz əmin əllərdə olsun
Tarix: 06.04.2017 | Saat: 20:24:00 | E-mail | Çapa göndər


(əvvəli 5 aprel sayımızda)
- Azərbaycanda müəllim hazırlığı haqqında nə deyə bilərsiz?
- Deyə bilərəm ki, bu gün müəllim hazırlığında ciddi problemlər var. Bu problem nədir? Öncə hər şey seçimdən başlayır. Konstantin Stanislavski deyir: “Teatr asılqandan başlayır”. Əgər tamaşaçı varsa, deməli, mən rolu yaxşı oynayacam və tamaşaçının çoxluğu mənə enerji verəcək. Biz tələbə qəbulu həyata keçiririk. Rəssam üçün rəng duyumu, musiqiçi üçün musiqi duyumu, müəllim üçün isə pedaqoji duyum olmalıdır. Hansısa tələbə müəllimlik sənətinə gəlibsə, mütləq onun yararlılıq qabiliyyəti yoxlanılmalıdır. Əgər İbtidai sinif fakültəsinə gələn tələbənin yazı və hüsnxət qabiliyyəti yoxdursa, onu həmin peşədən uzaqlaşdırmaq lazımdır. Bu zaman onun daxili potensialını, şəxsi qabiliyyətlərini üzə çıxarmaq və bacarığının yüksək olduğu sahəyə yönləndirmək vacibdir. Müəllim dediyimiz şəxs öncə nitq qabiliyyətinə malik olmalıdır. Əgər müəllimin nitqində qüsur varsa, şagirdlər o zaman müəllimdən heç nə öyrənə bilməzlər. Müəllim özünəqiymət verməyi bacarmalı, səliqəli geyinməli, nümunəvi və gözəl nitqə malik olmalıdır. Bir sahədə iki nəfər qeyri-əxlaqi hərəkət törədərsə, həmin hərəkət bir həftədən sonra unudulacaq. Ancaq bu hərəkəti müəllim törədərsə, o heç vaxt unudulmayacaq və müəllimə bir ömürlük ləkə olacaqdır. Müəllimlik müqəddəs bir peşədir. İndiki vaxtda valideyn uşağının öhdəsindən gəlməyi bacarmır, onu tərbiyə edə bilmir və düşünür ki, məktəbə yollayaraq orada tərbiyə olunsun. Deməli, müəllimin üzərinə böyük iş düşür. Müəllimə xalqın gələcəyini etibar edirik. Gələcəyimiz olan uşaqlarımızı onların öhdəsinə veririk. Hegel deyir: “Nəzəriyyə boş şeydir, o qurudur, həyat ağacı isə daim yamyaşıldır”.
- Bəs ali məktəblərdə tələbələr pedaqogikanı dərindən mənimsəyə bilirlərmi?
- Təbii ki, müəllimlik sənətinə yiyələnmək istəyən tələbə pedaqogikanı dərindən mənimsəməlidir. Biz buna çalışırıq. Son illər deyə bilərəm ki, təhsil standartlarının dəyişdirilməsi, yenilənməsi tələbələr arasında pedaqogikanı dərindən mənimsəmə qabiliyyətlərini üzə çıxarır. Çalışırıq ki, tələbələr pedaqogikanı mənimsəsinlər. Çünki onlar pedaqoji təcrübələrə cəlb olunurlar və bu zaman pedaqogikanı mənimsəməyənlər bu təcrübələrdə çoxlu çətinliklərlə qarşılaşırlar. Tələbələr pedaqogika imtahanından keçməsələr, pedaqoji təcrübəyə buraxılmırlar. Bu yaxınlarda 35 nəfər arasında sorğu keçirildi. Onların içərisində sırf müəllimlik sənətini sevən, gələcəkdə ancaq bu peşəyə sahib olub, bu sahədə işləmək istəyən 7 tələbə oldu. Əgər söhbət səriştəli və kompetensiyalı müəllim hazırlığından gedirsə, qəbul prosesi dəyişməlidir. Hətta mən deyərdim ki, qəbul imtahanlarında universitetlərin iştirakına şərait yaradılmalıdır. Əgər abituriyent qəbul imtahanında 500 bal toplayıb, gəlib kimya müəllimliyinə düşübsə, onun bu ixtisasa yararlılıq dərəcəsi yoxlanılmalı və bu fənni mənimsəyə biləcəyi bacarıqları qeyd olunmalıdır. Təbii ki, buna indiki dövrdə vaxt məhdudiyyəti imkan vermir. Məsələn, həkimlik sənətini istəyən şəxs müəyyən balı toplaya bilməyib, gəlib düşür biologiya müəllimliyinə və daim narazılıq bildirir. Nəticədə gələcəyinin necə olacağını heç kim düşünmür. Buna görə də təklif edirəm ki, qəbul qaydaları, proqram, ixtisas seçimləri dəyişilsin. Sırf müəllimlər üçün qəbul proqramı tərtib edilsin və oraya ancaq müəllimlik ixtisasını istəyən şəxslər müraciət etsinlər. Düşünürəm ki, belə olan halda, düzgün ixtisas seçimi və gələcəyə səriştəli müəllim hazırlamaq olar.
Müasir məktəbdə çalışan müəllim pedaqogikanı öyrənə bilmir və yeniliklərdən xəbərsizdir. Hazırda şəhər və rayon məktəblərində müasir təlim metodlarına, biliklərə yiyələnən olduqca yaxşı müəllimlərimiz var. Amma treninqlərdən, müasirlikdən kənarda qalan, dərsi ənənəvi qaydada keçən və hələ “mən haqlıyam”, “mən mərkəzdəyəm”, “mən yeni dərs üsulunu bəyənmirəm” və s. fikirləri ilə yaşayan müəllimlər də var. Dəhşət orasındadır ki, bir çox orta ümumtəhsil ocaqlarında avtoritorizm hələ də qalır.
Dəfələrlə şahidi olmuşam ki, müəllimlər potensialı zəif olan şagirdlərə qarşı onları incidən və çox mənfi təsir edən ifadələr işlədirlər. Bu, tamamilə yanlış məsələdir. Bunun yanlış olduğunu hər kəs deyir. Amma əksər müəllimlər buna riayət etmir. Bizim vəzifəmiz hər hansı şagirdə alçaldıcı sözlər demək deyil, onları dəyişmək, onları şəxsiyyət kimi formalaşdırmaqdır. Bunun üçün öncə özümüzü, cəmiyyəti və baxış bucağımızı dəyişməliyik.
- Azərbaycanda təhsil infrastrukturu hansı səviyyədədir?
- Deməli, 1990-cı illərin ikinci yarısında ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə İslahat Komissiyası yaradıldı və bu sahədə olduqca böyük işlər görüldü. Təhsil hüququ normativ bazası yaradıldı və sonrakı illərdə isə Prezident İlham Əliyevin rəhbərliyi ilə bu işlər davam etdirildi. Son illərdə cəmiyyətə keyfiyyətli təhsil vermək məqsədi ilə çox güclü infrastruktur yaradılıb. 3000-ə yaxın müasir tipli məktəb binası tikilib istifadəyə verilib və yaxud yenidənqurma işləri aparılıb. Mən iki il əvvəl Naxçıvan şəhərinə getmişdim və Batabatda oldum. Orada Biçənək adlı kənd var. O kənddə bir məktəb binası gördüm və inanın ki, mən belə məktəbin Azərbaycanda olduğuna çox şad oldum. Sanki Avropadakı hər hansı ali təhsil ocağıdır. Hazırda ən müasir məktəb binaları respublikanın ucqar rayon və kəndlərində yaradılıb. Təbii ki, burada Birinci vitse-prezident Mehriban Əliyevanın və Fondun fəaliyyətini yüksək qiymətləndirmək lazımdır. Sovet dövründə tikilən məktəblərin sayından çox məktəb binası tikilib və ən müasir avadanlıqlarla kompüterləşdirilib. Bu gün etiraf etmək lazımdır ki, orta ümumtəhsil məktəblərinin müasir kompüter infrastrukturu ilə təmin olunması imkanları ali məktəblərdən daha yüksəkdir. İstərdim ki, ali məktəb ocaqlarında da həmin imkanlar olsun. Belə məktəb binalarında olan infrastruktur heç Avropa məktəblərində yoxdur. Təbii ki, dərsliklər yeniləşir, yeni-yeni təlim texnologiyaları əlavə olunur, kurikulum sistemi təkmilləşir, müəllim hazırlığına yüksək qiymət verilir.
- Gələcək planlarınız haqqında danışardız?
- Təbii ki, mənim əsas işim ibtidai sinif müəllimi hazırlığı ilə bağlıdır. Daha keyfiyyətli tədris planları haqqında müxtəlif təkliflərimiz var. Müəllim hazırlığında, əsl müəllim yetişdirmək üçün müəyyən kompetensiyalar mövcuddur ki, bəzən o kompetensiyaların müəllim hazırlığında heç bir rolu olmur və yoxdur. Bəzi fənlər var ki, onların tədrisdən çıxarılmasına, yaxud dərs yükünün azaldılmasına, həmin saatların ixtisas fənlərinə verilməsinə nail ola bilsək, hesab edirəm ki, təhsil daha səmərəli şəkildə olar. Tələbələrin sosiallaşması üçün müəyyən işlər görülür və bunlar yetərli deyil. Bunun üçün tələbə yataqxanaları, tələbə sığınacaqları olmalıdır. Çox təəssüflər olsun ki, bizim tələbə yataqxanalarımız, tələbə sığınacaq ocaqlarımızda məcburi köçkünlər yerləşdirilib. Əgər tələbə yataqxanaları yenilənib, təmir edilərsə, tələbələrimizin sosiallaşması üçün olduqca əlverişli mühit yaranacaq. Ümumiyyətlə, belə götürdükdə gənclərin çoxu narazıdır, evdə valideynlər, məktəbdə direktorlar, ali məktəblərdə dekanlar belə, narazıdır. Onlar şikayətlənirlər ki, tələbələr oxumur, çalışmır, öyrənməyə can atmırlar. Yaşlı nəsil yeni nəsli daha çevik təfəkkürlü, daha qabiliyyətli görmək istəyir. Görkəmli filosoflardan biri deyirdi ki, şərabla üzünü yuyanların sayı artıb, görəsən, bunların axırı necə olacaq? Yəni dediyim odur ki, bu narazılıq hər zaman olub. Dünya elmini, iqtisadiyyatını elə həmin narazılıqlar yaradıb. Vaxt var idi ki, Bill Qeytsdən də narazılıqlar var idi. O, heç universitetdə də təhsil ala bilmədi. Amma Harvard Universiteti ona diplom verdi. Bu gün onun univertsitetə yox, universitetin ona ehtiyacı var. Bizim tələbələrimiz debatın iştirakçısı oldu və şahidi oldum ki, çox məntiqli, yüksək təfəkkürlü gənclərimiz var. Biz inanırıq ki, Azərbaycan xalqının gələcəyi etibarlı əllərdədir. Heç də çalışmaq lazım deyil ki, hamı istedadlı olsun. Bu, mümkün deyil. Dünyaya gələn hər nəslin 3-8 %-i istedadlıdır. Onların da çoxu itib-batır və 0,3-0,7 %-i qalır. Bu faizlə isə dünyanı idarə edirlər. Yəni heç vaxt cəmiyyətin və millətin gələcəyindən şübhə etmək olmaz. Azərbaycanda çox gözəl təhsil infrastrukturu var. Xüsusilə, təhsil Prezidentimizin diqqətində olan bir məsələdir. Hamı başa düşür ki, tərəqqinin yolu təhsildən keçir. Hansı millət ki, təhsildə irəliləyir, deməli, o öndədir. Biz maddi kapitalımızı insan kapitalına çevirməliyik. Biz zəkalı, cəmiyyətə yararlı, ölkəsini, vətənini, torpağını, milliyətini sevən insan yetişdirməliyik ki, bizim bu günümüz, sabahımız, gələcəyimiz, əmin əllərdə olsun.

Söhbəti qələmə aldı:
Mahmud Əyyub
Aytən Əlisgəndərova




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”
07.09.2018
“Ukraynada bizim güclü və mehriban komandamız var”
07.09.2018
Qan verənlər minlərlə insanın müalicəsinə böyük töhfə vermiş olurlar
07.09.2018
“BANM-i bitirdikdən sonra bacarıqlı mühəndis olacağıma inanıram”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Əfsanəvi İndoneziya batikaları
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info