“Milli şura” ideyası çoxdan gömülüb, İbrahimbəyov isə hələ də ondan dəm vurur
Tarix: 17.04.2013 | Saat: 22:25:00 | E-mail | Çapa göndər


Aydın Mirzəzadə: “Rüstəm İbrahimbəyovun siyasi proseslərə baxışı bəsit təsəvvürlərdən o yana getmir”

Sərdar Cəlaloğlu: “Rüstəm İbrahimbəyov siyasi hadisələrə obıvatel kimi yanaşır”


“Müxalifət ciddi siyasətçilərdən məhrumdur”

Azərbaycan müxalifətindəki başçılar siyasi proseslərin mahiyyətindən bixəbər olduqları və siyasi gedişlərdə həmişə naşılıq sərgilədikləri kimi, öz sıralarına qatmağa çalışdıqları insanlar da adekvat xarakterdə olur. Bu adamlardan biri də kinorejissor, müxalifətdə “milli şura” yaratmaq ideyasının müəllifi və “ssenaristi” Rüstəm İbrahimbəyovdur. Bu adamın incəsənətlə bağlı olduğu və peşəkar siyasətə bələd olmadığı özlüyündə bəllidir. O da bəllidir ki, bu adam öz şəxsi biznes maraqlarına görə “yorğan davası”na başlayıb. Rüstəm bəy Bakını və azərbaycanlıları dəfələrlə rus qəzetlərində təhqir edəndən sonra Bakıda torpaq ərazisi ələ keçirə bilmədiyi üçün indi də “siyasətçi” roluna girib. Son günlər isə o, guya “milli şura”nın gələcək fəaliyyət detallarını açıqlayıb. Amma artıq bütün prosesləri izləyənlərə bəllidir ki, “milli şura” yaradılması ilə bağlı müzakirələrə qoşulan “ictimai palata” və Eldar Namazovun “el” təşkilatı kimi müxalif qruplar artıq bir-birilərilə “qanlı bıçaq”dırlar. Bu qruplar artıq bir-birilərilə yollarını ayırıblar və “milli şura” ideyası da çoxdan gömülüb. Buna baxmayaraq, Rüstəm bəyin hələ də “milli şura”dan optimistcə dəm vurması, onun həm Azərbaycandakı proseslərdən, həm də ümumiyyətlə, siyasətdən bixəbər olmasını bir daha təsdiq edir...

Bu barədə “Palitra”ya fikirlərini bildirən politoloq, millət vəkili Aydın Mirzəzadə belə dedi: “Müxalifətdə “milli şura” adlı birlik ortaya çıxarmaq iddiası ilə ortaya düşən qüvvələr uzun müddət bu barədə müzakirə aparmalarına baxmayaraq, sonda həmin ideyanı dəfn etdilər. Çoxdandır ki, onlar bu barədə qeyri-ciddi açıqlamalar verirdilər. Bu açıqlamalardan heç özləri də baş açmırdılar ki, “milli şura” nədir, nə işlə məşğul olmalıdır və nə işlə məşğul olacaq. Uzun müddət bu cür çaş-baş açıqlamalarla müxalifət düşərgəsindəkiləri də çaşdırmağa çalışırdılar. Sonda məlum oldu ki, belə bir birlik yaratmaq üçün ortaya atılan qüvvələrin, müxalif başçıların şəxsi ambisiyaları və ziddiyyətləri həmin birliyin yaradılmasına imkan vermir. Bununla da “milli şura” ideyası dəfn olundu. Hələ yaranmamış artıq basdırıldı. Bu cür gedişlər də müxalifətdə “güc mərkəzi” kimi özünü təqdim etməyə çalışanların təşkilati səviyyəsinin nə qədər olduğunu ortaya qoymuş olur”.
O ki qaldı, Rüstəm İbrahimbəyovun bütün bunlardan sonra yenə də “milli şura” ilə bağlı fikir bildirməsinə, millət vəkili bu cür düşünür: “Kinorejissor Rüstəm İbrahimbəyovun siyasətlə bağlı fikirləri öz bəsitliyi və həvəskarlığı ilə “seçilir”: “Məlum olur ki, hörmətli incəsənət adamının siyasi proseslərə baxışı bu bəsit təsəvvürlərdən o yana getmir. Ümumiyyətlə, siyasətdən uzaq adamların siyasi proseslərdə önə çıxmağa çalışması və siyasi arenada ambisiyalarla çıxış etməsi yalnız həmin adamların özləri və eləcə də cəmiyyət üçün zərər gətirə bilər. Müxalifət düşərgəsinin, həqiqətən də, ciddi siyasətçilərə ehtiyacı var. Müxalifət ciddi siyasətçilərdən məhrumdur. Ona görə də siyasətdən uzaq insanların fikirlərinə istinad edilir və onlardan sitat gətirilir. Müxalifətin uğursuzluqlarının bir səbəbi də qeyri-ciddi və diletant yanaşmalara əsaslanmasındadır”.
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu isə Rüstəm İbrahimbəyovun sözügedən qeyri-ciddi açıqlaması ilə bağlı bizə belə dedi: “Rüstəm İbrahimbəyov siyasətçi deyil. Siyasətçi olmadığına görə də siyasi hadisələrə obıvatel kimi yanaşır. Amma onun siyasətçi olmaya-olmaya “milli şura” ilə bağlı əminliyi məndə başqa fikirlər yaradır. Onun əminliyinin arxasında Azərbaycan reallıqları yox, başqa bir reallıq yaranır. Birincisi, Azərbaycan müxalifətinin bugünkü durumu ilə bağlı Rüstəm İbrahimbəyovun yersiz optimist görünməsinə heç bir əsas yoxdur. Əgər Azərbaycan reallığından bu optimizm qaynaqlanmırsa, bəs hardan qaynaqlanır? Mən Rafiq Əliyevin dediyi fikirlərlə razıyam ki, üzdə müxalifətdə hamı birlik tərəfdarı olsa da, işə gələndə heç kəs birlik yaradılmasında iştirak etmək istəmir. Əgər müxalifətdə güc, birlik səviyyəsi olsaydı, onda Rüstəm İbrahimbəyovun ağsaqqallıq etməsinə heç bir ehtiyac yoxdu. Müxalifət birləşə bilsəydi, özü birləşərdi”.
Rüstəm İbrahimbəyovun “milli şura” ideyasının özü də əslində diletant və qeyri-bitkin bir ideyadır. Bu barədə danışan Cəlaloğlu qeyd etdi: “Bu “milli şura” nə qədər milli olacaq, nə dərəcədə legitim olacaq, burada tərəflər, qruplar, şəxslər necə təmsil olunacaq, bu barədə heç nə bilinmir. “Milli şura”nın tərkibi necə müəyyənləşəcək, kimlər ora düşəcək, bu adamlar nə dərəcədə milləti təmsil edəcək və sair məsələlərlə bağlı heç bir bilgi yoxdur. Burada o qədər açıq qalan məsələlər var ki, “milli şura” ilə bağlı müxalifət birləşsəydi belə, bu məsələləri həll edib həmin “şura”nı ortaya qoymaq mümkün olmayacaqdı. Bütün bu sualların tüğyan etdiyi bir məqamda “milli şura”nın ayaq tutub yeriməsindən, cəmiyyət üçün hər hansı səmərə gətirməsindən və milli mənafeyə uyğun olmasından söhbət belə, gedə bilməz. Doğrusu, mən bu barədə çox bədbin fikirdəyəm. Yaxud Hikmət Hacızadə də bildirmişdi ki, “milli şura” yaradılması ideyası gecikib. “Milli şura” indi elan edilsə belə, bu qurumun tanınması, əlaqələrinin qurulması üçün ən azı bir ildən artıq vaxt lazımdır. Halbuki seçkilərə artıq 6 aydan da az vaxt qalıb. Bir sözlə, “milli şura” önəmsiz bir məsələ kimi alınmadı”.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Üçtərəfli görüşün yekunlarına dair protokol imzalanıb
21.11.2018
Moskvada MDB dövlətləri təhlükəsizlik şuraları katiblərinin VI görüşü keçirilir
21.11.2018
Polşa portalı Prezident İlham Əliyevin Belarusa rəsmi səfərindən yazıb
20.11.2018
Müxalifət islah olunmayacaq
20.11.2018
Belarus Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəkləyir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info