BMU-da “Sağlamlıq və xoşbəxtlik günü”
Tarix: 07.04.2017 | Saat: 18:01:00 | E-mail | Çapa göndər


“Sağlamlıq və xoşbəxtlik günü” münasibətilə Türkmənistanın Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə ali təhsil müəssisələrinin tələbələri arasında Bakı Mühəndislik Universitetində (BMU) keçirilən futbol, stolüstü tennis və yüngül atletika üzrə idman yarışının final mərhələsinə yekun vurulub.
BMU-nun mətbuat xidmətindən bildiriblər ki, ali məktəbin rektoru professor Havar Məmmədov reallaşan turnirin əhəmiyyətindən danışıb, idmanın insan həyatındakı rolunun önəmini qeyd edib. Prezident İlham Əliyevin Azərbaycanda təhsillə yanaşı, gənclərin fiziki sağlamlığına, onların idmanla məşğul olmasına da diqqət və qayğı göstərdiyini söyləyən rektor ölkəmizin beynəlxalq turnirlərə ev sahibliyi etdiyini və dünyada idman dövləti kimi tanındığını xüsusi vurğulayıb. Qeyd edib ki, universitetin yeni yaradılmasına baxmayaraq, burada tələbələrin idmanla məşğul olmaları üçün hər cür şərait var.
Türkmənistan səfirliyinin konsulu Batır Rəcəbov bildirib ki, hər il aprelin 5-i ölkəsində “Sağlamlıq və xoşbəxtlik günü” kimi qeyd olunur. Bu münasibətlə artıq dörd ildir Azərbaycanda da səfirlik və universitetlər tərəfindən turnirlər təşkil edilir.
Sonra yarışın qaliblərinin mükafatlandırılması mərasimi olub. Qaliblər təşkilatçılar tərəfindən kubok və diplomlarla təltif ediliblər.

ABŞ Suriyaya 59 qanadlı raket atıb

ABŞ Suriyada davam edən çoxillik müharibə ərzində ilk dəfə olaraq hökumət qüvvələrinin aviasiya bazasına güclü raket zərbələri endirib. Yerli vaxtla saat 4:40-da Aralıq dənizi akvatoriyasında dislokasiya olunmuş “Ross” və “Porter” esmineslərindən “Şayrat” hərbi bazasına 59 qanadlı raket buraxılıb.
Xarici KİV-lər xəbər verir ki, bombardman nəticəsində həlak olanlar var, lakin onların dəqiq sayı məlum deyil.
Amerika tərəfinin məlumatına əsasən bazada rus hərbçiləri də ola bilər. Rusiya Müdafiə Nazirliyi isə bu informasiyanı hələ ki, şərh etməyib.
ABŞ Prezidenti Donald Tramp raket zərbəsini aprelin 4-də Suriya hökumətinin İdlib şəhərindəki dinc sakinlərə qarşı tətbiq etdiyi kimyəvi hücuma proporsional addım adlandırıb. Pentaqon, həmçinin əməliyyatdan öncə Rusiya hərbçilərini xəbərdar etdiklərini də bildirib.
Xatırladaq ki, aprelin 4-də səhər saatlarında Xan-Şeyhun şəhəri ağır bombardmana məruz qalmışdı. Son məlumata görə, kimyəvi hücum nəticəsində həyatını itirən dinc sakinlərin sayı 80 nəfərə çatıb.
Tural
Beyləqanlı fermerlər pambıq əkinini iki dəfə artırmağı hədəfləyib 

Beyləqan rayonunda bu il 8500 hektar sahədə pambıq əkilməsi nəzərdə tutulur ki, bu da ötən illə müqayisədə 4500 hektar çoxdur. Artıq sahələr pambıq əkinləri üçün hazır vəziyyətə gətirilib. Yaxın günlərdə çiyid səpininə başlanılacaq.
Bu barədə Beyləqan rayon Heydər Əliyev Mərkəzində keçirilən pambıqçılığın inkişafına həsr olunan müşavirədə məlumat verilib. Ərazi icra nümayəndələrinin, bələdiyyə sədrlərinin, fermerlərin, pambıq istehsalçılarının və emal müəssisələri rəhbərlərinin iştirak etdiyi tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Vaqif Abdullayev diqqəti martın 28-də Saatlıda keçirilən pambıqçılığın inkişafına dair respublika müşavirəsində dövlətimizin başçısının nitqində qarşıya qoyulan vəzifələrə yönəldib.
Çıxışlarda ölkəmizdə kənd təsərrüfatının böyük potensiala malik, ənənəvi və əməktutumlu istehsal sahələrindən olan pambıqçılığın dirçəldilməsi ilə bağlı atılan addımlardan razılıqla danışılıb. Bildirilib ki, pambıqçılıq sahəsində yüksək təcrübəsi, vərdişləri olan Beyləqanda 1980-ci ildə 80,3 min ton pambıq istehsal olunmuşdu, bu da respublika göstəricisinin təxminən 10 faizini təşkil edirdi.
1990-cı illərdən başlayaraq bu sahəyə olan maraq azalıb və əhali heyvandarlıq sahəsinə meyil edib. Prezident İlham Əliyevin ölkədə strateji kənd təsərrüfatı məhsullarının istehsalının artırılması ilə bağlı tövsiyə və tapşırıqlarına uyğun olaraq, ötən ildən rayonda pambıqçılıq yenidən dirçəlməyə başlayıb. Belə ki, 2016-cı ildə rayon üzrə əvvəlki illə müqayisədə 1,9 dəfə artıq, yəni 3958 hektar sahədə pambıq əkilib. Pambıq sahələrinin əkilib-becərilməsində və məhsulun toplanmasında rayonun 7900-dən çox sakini işlə təmin edilib və onlar 4,8 milyon manatdan çox qazanc əldə ediblər.
Yığıncaqda pambıqçılıqla məşğul olan fermerlərin fikir və təklifləri dinlənilib, qarşıda duran vəzifələr müzakirə olunub.
Prezident Administrasiyasının məsul işçisi Əflatun Rufiyev müşavirədə çıxış edib.

Nigar
 "Azərbaycanın dəstəyini yüksək qiymətləndiririk"



"Ukrayna Azərbaycanın dəstəyini yüksək qiymətləndirir".
 
Bunu Ukraynanın Aəzrbaycandakı səfiri Aleksandr Mişşenko deyib. O, Azərbaycanın üzləşdiyi problemi tam olaraq məhz indi anladıqlarını bildirib: "Azərbaycanın Ukraynaya göstərdiyi dəstəyi Ukrayna da Azərbaycana münasibətdə sərqiləyir. Bu yaxınlarda GUAM-ın Kiyevdəki toplantısında ərazi bütövlüyü problemi ilə üzləşən ölkələrin nümayəndələri görüşüb. Bu ölkələr iqtisadi müqavilət göstərmək üçün birləşib. Ölkələr arasında böyük tranzit potensialı var. Biz azərbaycanlıların öz torpaqlarına qayıtmasını arzulayırıq".
Tural

Rusiya: “ABŞ-la imzalanan Memorandumun fəaliyyətini dayandırırıq"


Rusiya ABŞ-ın Suriya hökumətinin aviabazalarına zərbə endirməsi ilə əlaqədar olaraq Suriyada əməliyyatlar zamanı Vaşinqtonla aviasiya uçuşlarının təhlükəsizliyinin təmin edilməsi və insidentlərin qarşısının alınması haqqında Memorandumun fəaliyyətini dayandırdığını bəyan edib. Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir ki, Rusiya tərəfi Suriyada əməliyyatlar zamanı aviasiya uçuşlarının təhlükəsizliyinin təmin edilməsi və insidentlərin qarşısının alınması haqqında ABŞ-la imzalanan Memorandumun fəaliyyətini dayandırır.
 
Qeyd edək ki, ABŞ-ın Aralıq dənizindəki hərbi gəmiləri dünən Suriyada hökumət qüvvələrinin aviabazasına raket zərbələri endirib. ABŞ-ın iddiasına görə, zərbələr Suriya ordusunun İdlibdə kimyəvi silahdan istifadə etməsinə cavab olaraq endirilib.    
 
ABŞ hərbçilərinin Suriyanın Homs əyalətindəki “Əş-Şəyrat” aerodromuna azı 59 “Tomaqavk” raketi atdığı bildirilir. Zərbələr nəticəsində 6 Suriya hərbçisi həlak olub, aerodrom və aerodromdakı təyyarələr yararsız hala düşüb.
Tural
6 yaşayış məntəqəsini birləşdirən yol yenidən qurulur


Yevlax rayonunun 18 km uzunluğunda olan Salahlı-Balçılı-Ağqıraqlı-Varvara-Cırdaxan avtomobil yolunun yenidən qurulması işlərinə start verilib.
 
“Azəravtoyol” ASC-dən verilən məlumata görə, layihə çərçivəsində hazırda sözügedən avtomobil yolunda torpaq işləri aparılır, yol yatağı inşa olunur. Torpaq işləri zamanı zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılır, bunun əvəzinə xüsusi material tökülərək yenidən kipləşdirmə işləri görülür.
 
Bu işlərə paralel olaraq yol əsasının tikintisi da aparılır. Əsasın tikintisi 15 sm qalınlığında qum-çınqıl və 12 sm qalınlığında optimal qırmadaş qarışığından ibarətdir. Torpaq işləri yekunlaşan hissələr isə artıq asfaltlanır. Sözügedən avtomobil yoluna 2 qat olmaqla 12 sm qalınlığında asfalt-beton örtük döşənir. Ümumilikdə isə yolun 100 min kvadratmetrdən çox ərazisinin asfaltlanması nəzərdə tutulub.
 
IV texniki dərəcəyə uyğun yenidən qurulan Salahlı-Balçılı-Ağqıraqlı-Varvara-Cırdaxan avtomobil yolunun hərəkət hissəsinin eni 6 metr, çiyinlərinin eni hər iki istiqamət üzrə 1,5 metr olmaqla yol yatağının ümumi eni 10 metr təşkil edir. Layihə çərçivəsində yol boyu müxtəlif diametrli 16 ədəd su borusunun tikintisi işləri də aparılır.
 
Tikinti işləri tam olaraq yekunlaşdıqdan sonra yola 360 ədəd təhlükəsizlik dirəkləri, 118 ədəd yol nişanları və göstərici lövhələr quraşdırılacaq, 25 km uzunluğunda yolcizgi və yol göstərici xətlər çəkiləcək.
 
Məlumat üçün bildirək ki, Salahlı-Balçılı-Ağqıraqlı-Varvara-Cırdaxan avtomobil yolunun tikintisi 8 min əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirərək gediş-gəlişi rahatlaşdıracaq, yük və sərnişin daşınmasını isə xeyli asanlaşdıracaq. Ən əsası isə avtomobil yolu ilə Mingəçevir-Bəhrəmtəpə, həmçinin Bakı-Ələt-Qazax-Rürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxış əldə olunmaqla əhalinin yetişdirdikləri məhsulları rahat şəkildə və qısa müddət ərzində bazarlara daşımasına imkan yaranacaq, bu isə öz növbəsində sözügedən ərazidə kənd təsərrüfatının inkişafına müsbət təsir etmiş olacaq.
Tural
Akademik Ramiz Mehdiyevin “Qlobal transformasiyalar dövründə Azərbaycan milli ideyası” kitabının müzakirəsi keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Prezident Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin “Qlobal transformasiyalar dövründə Azərbaycan milli ideyası” kitabının müzakirəsi keçirilir. Akademik Ramiz Mehdiyevin iki cildlik əsərinin bu kitabı XX əsrin sonunda müstəqil Azərbaycan dövləti yaradılması probleminin təhlilinə, müasir dövrdə milli identikliyin formalaşmasına həsr edilib. Bu sanballı tədqiqatda Azərbaycan xalqının milli ideyasının formalaşmasının və reallaşmasının əsas mərhələləri ilk dəfə açıqlanır.
Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov bildirib ki, müəllif kitabda milli ideyanın formalaşması mərhələlərini ətraflı təsvir edir, bu ideyanın təşəkkülündə Azərbaycanın tarixi şəxsiyyətlərinin, mədəniyyət xadimlərinin rolunu təhlil edir, Azərbaycan etnomədəni məkanına xas olan modelləri nəzərdən keçirir. Alim XXI əsrdə Azərbaycan ideyasının inkişafı yollarını da diqqət mərkəzində saxlayır.
Akademik Ramiz Mehdiyev tarixi prosesləri, müasir dünyada mövcud meyilləri və Azərbaycanın imkanlarını nəzərə alaraq əmin olduğunu bildirir ki, ölkəmiz keyfiyyətcə yeni texnoloji cəmiyyətə keçməlidir: “Kreativ və ağıllı insanların, yaradıcı enerjiyə malik intellektualların sayının artması Azərbaycanda inkişaf etmiş müasir cəmiyyət yaradılmasına gətirib çıxaracaq hərəkətverici qüvvə ola bilər. Millətin bu keyfiyyətləri milli ideyanın maddiləşməsinin əsas tərkib hissəsi kimi ölkənin innovasiyalı modernləşməsinin əsasını təşkil etməlidir”.
Vurğulanıb ki, müəllif bu fundamental əsərində gələcək Azərbaycanın qurulmasında gəncliyin rolunu, informasiya cəmiyyətində onun yerini və innovasiyalı inkişafda gənclərin iştirakını təhlil edir.

Nigar
 Ali təhsilin bakalavriat səviyyəsi üzrə 3 yeni ixtisas yaradılıb

Azərbaycanda ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların sayı artırılıb.
Bununla əlaqədar nazirlər Kabineti “Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının (proqramlarının) Təsnifatı”na dəyişiklik edib. Dəyişikliyə əsasən Texniki və texnoloji ixtisaslar qrupu üzrə sənaye mühəndisliyi, Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi və şəhərsalma ixtisasları yaradılıb. 

Nigar
"Fitch": “Neftin 66 dollaradək bahalaşması Azərbaycanı qane edir”


Son aylar neftin bahalaşmasına baxmayaraq, "qara qızıl" hasilatçısı olan ölkələrdə vəziyyət qəliz olaraq qalmaqdadır. "APA-Economics" xəbər verir ki, bu barədə "Fitch" beynəlxalq reytinq agentliyinin yaydığı məlumatda deyilir.
 
"Fitch"in qiymətləndirmələrinə əsasən, ötən il WTI markalı neftin 1 barelinin orta qiyməti 45,1 dollar təşkil edib, car ildə bu rəqəm 52,50 dollaradək artacaq: "Lakin bu da neft hasilatçısı olan ölkələrinin büdcədəki problemlərini həll etmək üçün kifayət deyil. Yaxın Şərq, Şərqi Avropa və Afrika ölkələrinin 14-dən 11-i lazımi addımlar (büdcə xərclərinin azaldılması və milli valyutanın devalvasiyası) atsa da, büdcə defisitlə icra olunur.

Agentlik hesab edir ki, neftin 1 barelinin qiyməti 66 dollar təşkil etdiyi halda Azərbaycanın dövlət büdcəsi profisitlə icra olunacaq.
 
Yeri gəlmişkən, Rusiyanın dövlət büdcəsini neftin 72 dollaradək bahalaşması qane edir. Agentliyin hesablamalarına görə, neftin qiyməti 71 dollaradək artarsa, Qazaxıstanın dövlət büdcəsi profisitlə icra olunacaq.

Füzulidə ötən ildəkindən 4 dəfə çox pambıq əkiləcək

Prezident İlham Əliyevin sədrliyi ilə martın 28-də Saatlı rayonunda keçirilən müşavirədə pambıqçılığın inkişafı ilə bağlı verilən tapşırıqların icrası ilə əlaqədar Horadiz şəhərində qarşıda duran vəzifələr müzakirə edilib. Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə rayonun aidiyyəti idarə və təşkilatlarının nümayəndələri, pambıqçılıqla məşğul olan fermerlər, torpaq mülkiyyətçiləri, kənd inzibati ərazi nümayəndələri və bələdiyyə sədrləri iştirak edib.
Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış edərək, pambıqçılığın inkişafı ilə bağlı həyata keçirilən tədbirlərdən, çiyid səpininə hazırlıqla əlaqədar görüləcək işlərdən danışıb.
Bildirilib ki, 2016-cı ildə rayon ərazisində 505 hektar sahədə pambıq becərilib, 530 ton məhsul tədarük edilib. Bu il isə ötən ilkindən 4 dəfə artıq - 2050 hektarda çiyid səpilməsi nəzərdə tutulur. Pambiq əkinlərinin 806 hektarı “MKT İstehsalat Kommersiya” MMC, 90 hektarı “CTS Aqro” MMC, 1154 hektarı isə “Füzuli Kənd Təsərrüfatı” MMC ilə müqavilə əsasında becəriləcək. Artıq çiyid səpiləcək sahələrdə son hazırlıq işləri aparılır. Yaxın günlərdə çiyid səpininə başlanılacaq.
Yığıncaqda pambıq emalı müəssisələrinin rəhbərlərinin, fermerlərin fikir və təklifləri dinlənilib, qarşıda duran vəzifələr müzakirə olunub.
Prezident Administrasiyasının məsul işçisi Əflatun Rufiyev müşavirədə çıxış edib.

Nigar
"ABŞ-ın Suriyaya zərbə endirməsi beynəlxalq hüquq pozuntusudur"


"Rusiya prezidenti Vladimir Putin ABŞ-ın Suriyaya zərbə endirməsini yalançı bəhanə ilə suveren dövlətə qarşı təcavüz və beynəlxalq hüquq normalarının pozulması kimi qiymətləndirir". 
 
APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu sözləri Rusiya prezidentinin sözçüsü Dmitri Peskov deyib. O bildirib ki, Suriya ordusunun kimyəvi silah ehtiyatı yoxdur: "Bütün ehtiyatların məhv edildiyi faktı BMT-nin xüsusi qrupu tərəfindən qeydə alınıb və təsdiqlənib. Prezident Putinin fikrincə, terrorçular tərəfindən kimyəvi silahdan istifadə edilməsi faktlarının tam inkar olunması vəziyyəti ciddi şəkildə çətinləşdirir. Bundan başqa, dövlət başçısı hesab edir ki, ABŞ-ın Suriyaya zərbə endirməsi İraqda dinc əhali arasındakı çoxsaylı itkilərdən diqqəti yayındırmaq cəhdidir". 
 
Xatırladaq ki, aprelin 7-nə keçən gecə ABŞ prezidenti Donald Trampın əmri ilə ABŞ-ın Aralıq dənizindəki hərbi gəmiləri Suriya hökumət qüvvələrinin istifadə etdiyi Şayrat aviabazasına raket zərbələri endirib. Nəticədə, ilkin məlumatlara əsasən, 4 Suriya hərbçisi ölüb, aviabaza dağıdılıb.
İran: “ABŞ-ın Suriyaya raket zərbələri terrorçuların mövqelərini möhkəmləndirəcək”


İran hakimiyyəti ABŞ-ın Suriyaordusunun aviabazasına raket zərbələri qəti pisləyir.
 
APA-nın xəbərinə görə, bu barədə İranın “Press Tv” telekanalının yaydığı məlumatda deyilir.
 
İran Xarici İşlər Nazirliyi hesab edir ki, Suriya ordusunun mövqelərinə endirilmiş zərbələr terrorçuların mövqelərini möhkəmləndirəcək, habelə Suriyadakı durumu daha da çətinləşdirəcək.
 
Nazirlikdən bildiriblər ki, İdlib yaxınlığında kimyəvi hücumdan fayda əldə edən qüvvələr hələ də kölgədə qalır.
 
Xatırladaq ki, ABŞ-ın Aralıq dənizindəki hərbi gəmiləri Suriya ərazisində yerləşən aviabazaya raket zərbələri endirib. ABŞ-ın iddiasına görə, zərbələr Suriya ordusunun İdlibdə kimyəvi silahdan istifadə etməsinə cavab olaraq endirilib.     
 
ABŞ hərbçilərinin Suriyanın Homs əyalətindəki “Əş-Şəyrat” aerodromuna azı 50 “Tomaqavk” raketi atdığı bildirilir.
Xaçmazda Dekorativ Xalq Sənət Mərkəzi fəaliyyətə başlayıb


Xaçmazda Dekorotiv Xalq Sənət Mərkəzi fəaliyyətə başlayıb.
Mərkəzdə müxtəlif dekorativ-tətbiqi sənət nümunələri, o cümlədən 25 ildir daş üzərində oyma sənəti ilə məşğul olan Ədalət Elmanın əl işləri sərgilənir.
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunu olan Ədalət Elman daş üzərində oyma sənəti üzrə ölkəmizdə ən tanınmış rəssamlardandır. Onun müxtəlif mövzularda 500-dən çox əl işi var. Sənətkar daha çox portret, abstrakt və mənzərə janrlarına üstünlük verir. Ə.Elman Azərbaycanın bir çox siyasi, ictimai, mədəniyyət və incəsənət xadiminin, eləcə də görkəmli şair və yazıçısının portretlərini daş üzərinə həkk edib.
Mərkəzdəki “Ulu kökdən gələn şəxsiyyətlər” adlanan ağac kompozisiyası maraqla qarşılanır. Bu ağacın budaqlarına dahi şəxsiyyətlərin daş üzərində portretləri asılıb.
Yaxın gələcəkdə Dekorativ Xalq Sənət Mərkəzində daş üzərində oyma, dekorativ-tətbiqi sənət, həmçinin rəssamlıq dərnəkləri təşkil olunacaq.

Diaqnostik qiymətləndirmə başlayır

Ölkənin 26 şəhər və rayonunun dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinə başlanılır.
İlk diaqnostik qiymətləndirmə aprelin 16-dan 21-dək Bərdə Olimpiya İdman Kompleksində təşkil olunacaq. Beş gün ərzində keçiriləcək qiymətləndirmədə Ağdam, Füzuli, Bərdə, Tərtər, Beyləqan, Laçın, Kəlbəcər, Xocavənd və Cəbrayıl rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlər iştirak edəcəklər. Bu fikirlər aprelin 7-də Təhsil Nazirliyində müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi ilə bağlı keçirilən mətbuat konfransında səslənib. Bildirilib ki, Ağstafa, Tovuz və Qazax rayonlarının ümumi təhsil müəssisələrində çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsi aprelin 25-dən 27-dək Tovuz rayonunda keçiriləcək.
Mətbuat konfransında digər şəhər və rayonlarda da diaqnostik qiymətləndirmənin keçirilmə vaxtı və yeri, iştirak qaydaları barədə məlumat verilib.
Diaqnostik qiymətləndirmənin nəticələrinə əsasən müəllimlərin bilik və bacarıq səviyyələri müəyyənləşdiriləcək, onların dərs yükü norması və əməkhaqqı artırılmaqla maddi rifahı yaxşılaşdırılacaq. Həmçinin həmin müəllimlər inkişafyönümlü təlimlərə cəlb ediləcəklər.

Nigar
Xəzərdən başlayan su səyahətinin Naxçıvan mərhələsi başlayıb


Aprelin 7-də “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahətinin Naxçıvan mərhələsinə start verilib.
AZƏRTAC xəbər verir ki, muxtar respublikada səyahətin ilk ünvanı Şahbuz rayonundakı Batabat gölü olub. Göl Naxçıvan şəhərindən şimal istiqamətində bir saatlıq məsafədə yerləşir. Çəmənliklərin əhatə etdiyi bu əsrarəngiz dağ gölü dumduru, saf suyu ilə tanınır. Göldəki üzən torf adacıqları yerini gündə iki-üç metr dəyişir.
Batabat gölünə axan Naxçıvanın məşhur Zor bulağından su götürülüb və səyahət iştirakçıları Naxçıvan şəhərinə yola çıxıblar.
Saat 12:00-da Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində “Domestic Grassroots” proqramı çərçivəsində regionlarda IV İslam Həmrəyliyi Oyunlarının təbliği məqsədilə məktəblilər arasında əyləncəli idman yarışlarına start verilib. Axşam saatlarında isə şəhərin mərkəzində - Heydər Əliyev prospektində “Su festivalı” keçiriləcək, konsert proqramı təşkil olunacaq.
Xatırladaq ki, “Xəzərdən başlayan səyahət” mayın 12-də Bakıda IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi ilə başa çatacaq. Həmin vaxt uşaqlar ölkənin göl və çaylarından, şəlalə və bulaqlarından götürdükləri Azərbaycanın saf suları ilə İslam dünyasının 50-dən çox dövlətindən Bakıya gələn idmançıları salamlayacaqlar.

Leyla Əliyeva internat məktəblərini ziyarət edib

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sağlamlıq imkanları məhdud uşaqlar üçün 12 və 2 saylı xüsusi internat məktəblərində olub.
İnternat məktəblərində təlim-tərbiyə alan uşaqlarla görüşən Leyla Əliyeva tədris korpuslarındakı mövcud şəraitlə tanış olub, uşaqların təhsili və asudə vaxtlarının təşkili ilə maraqlanıb.
12 saylı internat məktəbinin yetirmələri hazırladıqları müxtəlif bədii proqram, şeir və rəqs nömrələri təqdim ediblər.
Daha sonra 2 saylı internat məktəbinə gələn Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ibtidai və yuxarı sinif şagirdlərinin təhsil prosesi ilə maraqlanıb.
İnternat evinin yetirmələri müxtəlif səhnəciklər, o cümlədən vətənpərvərlik mövzusunda kompozisiya və rəqs nömrələri ilə çıxış ediblər.
Leyla Əliyeva, eyni zamanda, 12 və 2 saylı internat məktəblərində uşaqların müxtəlif əl işləri ilə tanış olub.
Tural




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”
13.11.2018
Nazarbayev Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını təklif edib
13.11.2018
NATO Avropa ordusuna qarşı çıxdı
13.11.2018
Ermənistanın dövlət strukturlarında çalışanlar ixtisar ediləcək

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10468

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
3 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info