Suriyaya hava zərbəsi yerdə vəziyyəti dəyişəcəkmi?
Tarix: 08.04.2017 | Saat: 00:10:00 | E-mail | Çapa göndər


Tramp:
“Kimyəvi hücumun həyata keçirildiyi aerodroma zərbə endirdik”

Putin:
"ABŞ-ın Suriyaya zərbə endirməsi suveren dövlətə təcavüz və beynəlxalq hüquq pozuntusudur"
Suriyada vəziyyət yenidən dünya güclərini üz-üzə qoyub. Cenevrə və Astana görüşlərindən sonra koalisiya qüvvələrinin havadan zərbələri, demək olar ki, dayanmışdı. Türkiyə, Rusiya və İranın nəzarəti ilə atəşkəs rejimləri də tətbiq edilirdi. ABŞ-da Donald Trampın hakimiyyətə gəlişindən sonra Suriya ilə məsələdə hərbi güc məsələsi arxa plana keçmişdi. “İŞİD”-ə qarşı İraq və Suriyada ciddi əməliyyatlar həyata keçirilir və uğurlar da əldə edilirdi.
Türkiyə qoşunları Suriya ərazisinə daxil olaraq bir neçə məntəqəni terrorçulardan azad etmişdi. Belə görünürdü ki, vəziyyət tədricən düzəlməyə doğru gedir. Terrorçulara qarşı aparılan savaşla bərabər, bağlı qapılar arxasında diplomatik danışıqlar da davam edirdi. Hərbi əməliyyatlar bağlı qapılar arxasında gedən qapalı danışıqlara bağlı vəziyyətdə idi. Amma birdən-birə İdlibdə dinc sakinlərə, uşaqlara qarşı kimyəvi silahdan zərbələr endirilməsi bütün dünyada şok yaratdı. Ümumdünya Səhiyyə Təşkilatı kimyəvi silahdan edilən hücum nəticəsində 84 nəfərin öldüyünü, 500-dən çox adamın yaralandığını elan edib. Dəhşətli görüntü bütün dünyada qəzəb yaratdı. Dünya KİV-ləri dərhal Suriya hökumət qüvvələrini ittiham edərək dünyada belə bir təsəvvür yaratdı ki, dinc sakinlərə qarşı kimyəvi silahdan istifadə əmrini Bəşər Əsəd verib. Amma rəsmi Dəməşq və Moskva bunu kəskin rədd etdi. Moskva bildirdi ki, Suriyada olan kimyəvi silahlar beynəlxalq güclərin nəzarəti ilə ölkədən çıxarılıb. Hərbi əməliyyatlarda uğur qazanan, ölkə ərazisinin çox hissəsinə nəzarət etməyə başlayan Əsədin belə bir addım atması inandırıcı deyil. Belə görünür ki, hansısa “qara əl” Suriyada vəziyyəti kəskinləşdirmək qəraına gəlib. Sanki hava zərbəsi üçün bəhanə lazım idi. Gözlənilən oldu. ABŞ-ın Aralıq dənizi akvatoriyasında dislokasiya olunmuş “Ross” və “Porter” esminesləri Suriyanın “Şayrat” aerodromuna 59 qanadlı raket zərbəsi endirib. Suriyanın Homs əyalətinin qubernatoru Talal Barazi bəyan edib ki, hücuma məruz qalan aviabaza terrorçulara qarşı mübarizədə istifadə edilirdi. Raket zərbələri nəticəsində azı 15 döyüş təyyarəsi məhv edilib. Zərbə nəticəsində 6 nəfərin, o cümlədən bir pilotun həlak olduğu barədə məlumat yayılıb. Həmçinin bir neçə təyyarəçinin yaralandığı bildirilir.
ABŞ prezidenti Donald Tramp televiziya ilə Amerika xalqına müraciət edib: «Bu gün axşam mən Suriyada kimyəvi hücumun həyata keçirildiyi aerodroma məqsədyönlü hərbi zərbə endirilməsi üçün əmr verdim”. O, kimyəvi silahın yayılmasını əngəlləmək üçün bu əmri verdiyini və qərarın ABŞ-ın həyati vacib milli maraqlarına uyğun olduğunu söyləyib: “Suriyanın BMT Təhlükəsizlik Şurasının çağırışlarını inkar etdiyinə, kimyəvi silahın qadağan olunması barədə Konvensiya üzrə öhdəliklərini pozduğuna və kimyəvi silahdan istifadə etdiyinə heç bir şübhə yoxdur. Bu gün mən bütün sivil ölkələri Suriyada qan tökülməsinə, eləcə bütün növ terrorçuluğa son qoyulması cəhdlərimizə qoşulmağa çağırıram”. Bu zərbələrdən sonra dünya iki yerə bölünüb. ABŞ Dövlət Departamentinin keçmiş sözçüsü, kontr-admiral Kirbi bəyan edib ki, hava zərbələri yerdə vəziyyəti dəyişəcək. ABŞ Senatında hava zərbəsinə qarşı çıxanlar var. Almaniya, Fransa, Türkiyə, İsrail, Səudiyyə Ərəbistanı kimi ölkələr hava zərbələrinə dəstək ifadə ediblər. Rusiya və İran isə kəskin bəyanatları ilə seçilir. Məlum olub ki, ABŞ Suriyaya endirdiyi zərbə barədə Rusiyanı əvvəlcədən məlumatlandırıb. Xəbərdarlıq iki ölkənin hərbçiləri arasında insidentlərin qarşısının alınması məqsədi ilə müəyyən edilmiş rabitə kanalları vasitəsi ilə ötürülüb. Suriyanın informasiya naziri zərbələri məhdud və gözlənilən adlandırıb. O, gərginliyin artması üçün əsas görmədiyini bildirib. Zərbələrdən əvvəlcədən məlumatlı olduqları üçün bazadakı hərbi təyyarələrin əksəriyyəti və yüksək çinli zabitlər oradan vaxtında çıxarılıb.
Gözlənildiyi kimi, ən kəskin münasibət Moskvadan gəlib. “Rusiya prezidenti Vladimir Putin ABŞ-ın Suriyaya zərbə endirməsini yalançı bəhanə ilə suveren dövlətə qarşı təcavüz və beynəlxalq hüquq normalarının pozulması kimi qiymətləndirib”. Bu sözləri Rusiya prezidentinin sözçüsü Dmitri Peskov deyib. O bildirib ki, Suriya ordusunun kimyəvi silah ehtiyatı yoxdur: "Bütün ehtiyatların məhv edildiyi faktı BMT-nin xüsusi qrupu tərəfindən qeydə alınıb və təsdiqlənib. Prezident Putinin fikrincə, terrorçular tərəfindən kimyəvi silahdan istifadə edilməsi faktlarının tam inkar olunması vəziyyəti ciddi şəkildə çətinləşdirir. Bundan başqa, dövlət başçısı hesab edir ki, ABŞ-ın Suriyaya zərbə endirməsi İraqda dinc əhali arasındakı çoxsaylı itkilərdən diqqəti yayındırmaq cəhdidir".

Lavrov:
“Bu, ABŞ və Böyük Britaniyanın 2003-cü ildə İraqa hərbi müdaxiləsini xatırladır”

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Daşkənddə MDB XİN başçıları Şurasının iclasında bildirib ki, ABŞ-ın Suriyadakı aviabazaya raket zərbələri saxta bəhanəsi olan təcavüz aktıdır: “Bu, tamamilə saxta bəhanəsi olan təcavüz aktıdır. Bu hadisə 2003-cü ildə ABŞ və Böyük Britaniyanın bir neçə müttəfiqləri ilə İraqa hərbi müdaxiləsini xatırladır". Lavrov hesab edir ki, ABŞ Suriyanın İdlib şəhərində kimyəvi silahdan istifadə olunmasına dair hər hansı fakt ortaya qoya bilmir: "Hazırda kimyəvi silahdan istifadə olunmasına dair hər hansı fakt yoxdur. ABŞ ancaq fotolara istinad edib. Yenə də uşaqların fotoları ilə spekulyasiya edilib. Müxtəlif qeyri-hökumət təşkilatlarının fərqli vəziyyətləri səhnələşdirməklə məşğul olan "Ağ dəbilqəlilər" adlandırılan saxtakarların görüntülərinə istinad olunub". Lavrov Moskvanın ABŞ-ın təxribatının geri dönüşü olmayan nəticələrə gətirib çıxarmayacağına ümid etdiyini söyləyib.

Rusiya Suriyaya dair ABŞ-la imzaladığı memorandumun fəaliyyətini dayandırdı
Rusiya ABŞ-ın Suriya hökumətinin aviabazalarına zərbə endirməsi ilə əlaqədar olaraq Suriyada əməliyyatlar zamanı Vaşinqtonla aviasiya uçuşlarının təhlükəsizliyinin təmin edilməsi və insidentlərin qarşısının alınması haqqında Memorandumun fəaliyyətini dayandırdığını bəyan edib. Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir ki, Rusiya tərəfi Suriyada əməliyyatlar zamanı aviasiya uçuşlarının təhlükəsizliyinin təmin edilməsi və insidentlərin qarşısının alınması haqqında ABŞ-la imzalanan Memorandumun fəaliyyətini dayandırır.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Nazarbayev Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını təklif edib
13.11.2018
NATO Avropa ordusuna qarşı çıxdı
13.11.2018
Ermənistanın dövlət strukturlarında çalışanlar ixtisar ediləcək
13.11.2018
Ermənistanda dəmiryolçular tətil elan ediblər
12.11.2018
Tümen aeroportlarına iki azərbaycanlının adları verilə bilər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10461

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info