Mədəniyyətlərin qovuşduğu Avropa mərkəzi
Tarix: 08.04.2017 | Saat: 00:22:00 | E-mail | Çapa göndər


Yaxud Macarıstanın gözəl təbiəti, zəngin tarixi və rəngarəng turizm imklanları barədə nə bilirik?

Mart ayının ortalarında Macarıstana ezamiyyət səfərimiz bir sıra maraqlı məqamları ilə yadda qaldı. Bu baxımdan təəssüratlarımızı oxucularla bölüşmək istədik.
Öncə qeyd edək ki, olduqca gözəl təbiətə, tarixi abidələrə, zəngin və eyni zamanda keşməkeşli tarixə malik olan Macarıstan Avropanın tən ortasında yerləşən, şimaldan dağlarla əhatələnən düzən ərazidə yerləşir. Ölkənin qədim tarixə malik memarlıq abidələri, teatr və muzeyləri ilə bir neçə gün ərzində əyani olaraq tanış olmaq praktiki olaraq mümkün deyil. Bunun üçün hər məqamda xüsusi turlara və peşəkar gidlərə ehtiyac duyulur. Macarıstanı Avropanın ən böyük düzənlik ərazisinə və otlaqlarına malik ölkə də adlandırmaq olar. Məhz bu xüsusiyyətinə görə də tarixi Macarıstan ərazisi həmişə müxtəlif tayfaları, xüsusilə Şərqdən gələn döyüşkən köçəri xalqları özünə cəlb edib. Ölkənin indiki ərazisi Azərbaycan ərazisindən, təxminən bir qədər böyükdür - 93,028 min kvardatkilometr. Şimaldan cənuba 250 km, şərqdən qərbə 524 km uzanan ölkə Qərbdən Avstriya, cənub və cənub-qərbdən Serbiya, Xorvatiya və Sloveniya, cənub-şərqdən Rumıniya, şimal-şərqdən Ukrayna, şimaldan isə Slovakiya ilə həmsərhəddir. Hazırkı Macarıstan tarixi Macarıstanın çox kiçik bir hissəsidir - 1920-ci ildə bağlanmış Trayan müqaviləsinə görə, ölkə ərazisinin 71 faizindən çoxunu, əhalisinin 58, 5 faizini, macar əhalisinin isə 32 faizini itirib. Ölkə İkinci Dünya müharibəsi ərəfəsində itirilmiş ərazilərinin böyük bir hissəsini geri alsa da, İkinci Dünya müharibəsinin nəticələrinə görə yenidən həmin əraziləri əldən verib. Məsələn,Transilvaniya kimi vilayət etnik macarların çoxluq təşkil etdiyi tarixi Macarıstan ərazisi olsa da, bu gün Rumıniyanın tərkibindədir. Ölkənin şimalı Karpat dağlarına söykənir, Dunay və Tisza kimi çaylar Macarıstan ərazisindən keçir. Bundan başqa, Mərkəzi Avropanın ən böyük şirin su gölü olan və “Macar dənizi” adlandırılan Balaton, həmçinin Velens, Fetto kimi göllər də füsunkar təbiət inciləri kimi qeyd edilə bilər. Ölkənin ən böyük təbii sərvəti isə onun bərəkətli torpaqları hesab olunur. Ölkə ərazisinin 70 faizi kənd təsərrüfatı üçün yararlıdır, Macarlar orta boydan hündür, daha çox sarışın(əsasən, mərkəzi şəhərlərdə), çox danışan və az hərəkət edən xalq kimi xarakterizə olunsa da, ölkənin tarixində “hərəkətliliyin” çox olduğunu söyləmək mümkündür. Qeyd etdiyimiz kimi, bu yerlərə tarixi köçlər çox olub. Hunlar, avarlar, madyarlar(macarlar), hətta peçeneq və qıpçaqlar buralara basqınlar edərək dövlətlərini və ya xanlıqlarını qurublar. Bu baxımdan əhalinin genetik tərkibi və eləcə də mədəniyyətini də rəngarəng saymaq olar. Həmçinin ölkənin tarixində baş verən burulğanlar, müxtəlif dövlətlər və hakim xalqların, sülalələrin bir-birini əvəzləməsi buradakı tarixi abidələrdə, vilayətlərdə öz dərin izlərini qoyub. Bu baxımdan Macarıstan həm də turistlər üçün olduqca böyük maraq kəsb edən nəhəng bir tarix “muzey”idir. Burada qədim romalılardan və hunlardan tutmuş, Habsburqlar sülaləsinə qədər və daha sonrakı tarixin zəngin maddi-mədəni irsini əyani olaraq görmək imkanı genişdir. Bu baxımdan, Macarıstan erkən orta əsrlərdən Şərqlə Qərbin qovuşduğu, yaxud toqquşduğu ən bariz nümunələrdən biri kimi göz önündə canlanmış olur. Bununla belə, macarların əksəriyyəti katolik olmaqla özlərini Avropa ailəsinin üzvü sayır. Macarıstan 2004-cü ildən Avropa Birliyinin üzvüdür, 2007-ci ildən Şengen ərazisi sayılır. Bununla belə, ölkə avrozonaya daxil deyil. Burada avrodan daha çox macar valyutası olan forint işlənir. 1 avro təxminən 310 forintə bərabərdir.

Əlverişli turizm marşrutları
Yuxarıda qeyd etdiyimiz kimi, Macarıstanın tarixi və milli mədəni xüsusiyyətləri barədə ətraflı bilgilərə yiyələnmək və əyani tanışlıq üçün əlahiddə turlara, ölkədə gəzdiyimiz hər an ehtiyac duyurduq. Belə bir situasiyada “1000 doroq” şirkəti və şirkətin peşəkar mütəxəssisləri dadımıza çatdı. Adından göründüyü kimi, bu şirkətin adının mənası ruscadan “min yol” anlamındadır. Şirkət rusdilli işçilərdən və ya rus-ukraynalı menecerlərdən təşkil olunduğu və gidləri də rusca gözəl anlada bildiyi üçün postsovet ölkələrindən Macarıstan və ətraf ölkələri gəzmək istəyənlər üçün əlverişlidir. Budapeştin, demək olar ki, mərkəzində yerləşən yaşadığımız “Medosz” hoteli vasitəsilə şirkətlə asan bir şəkildə əlaqə yaratmaq mümkün oldu. Macarıstanda olduğumuz müddətdə boş vaxt tapıb, şirkətin təşkil etdiyi bir neçə tura qatıldıq. Qatıldığımız bütün turlar əyləncəli olması, rəngarəngliyi, cazibədarlığı və ölkənin tarixi, mədəniyyəti, görməli yerləri, təbiəti barədə məlumat vermək baxımından informativliyi ilə yadda qaldı. Beləliklə, səfər boyunca biz Macarıstan barədə fərqli üslubda və o qədər müfəssəl məlumat aldıq ki, ölkə haqqında nəyisə öyrənmək üçün “Wikipedia”da eşələnməli olmadıq. Beləliklə, təkcə Budapeştlə tanışlıq üçün bir neçə gün sərf etmək gərəkdir. Paytaxtın ölkənin mərkəzində yerləşməsi, Dunay çayı boyunca düzülmüş qədim Avropa şəhərləri arasında inkişaf etmiş yol nəqliyyat infrastrukturu bu şəhəri, eləcə də Macarıstanın digər Dunayboyu ərazilərini turizm baxımından olduqca cəlbedici və əlverişli edir. Budapeştin ictimai nəqliyyatı çox rahat və turistlər üçün çox əlverişlidir. Burada da ictimai nəqliyyat, bizdəki “Bakubus” sistemində olduğu kimi, mərkəzləşmiş qaydada idarə olunur. Bundan əlavə, şəhərdə tramvay və trolleybuslar hələ də fəaliyyət göstərir. Eyni zamanda Dunay çayındakı gəmilər də eyni sistemlə işləyir. Taksilər istisna olmaqla, şəhərdaxil ictimai nəqliyyat növləri üçün bir bilet almağa görə metrostansiyaların girişində qoyulmuş ödəmə terminalına 350 forint - bir dollardan bir qədər artıq məbləğdə pul daxil etməlisən. Ödəmə terminalı rus, ingilis, alman, macar və başqa dillərdə xidmət göstərir. Budapeşt metrosu əsas ictimai nəqliyyat növü olmaqla, sarı, qırmızı, mavi, yaşıl gediş xətləri üzrə fəaliyyət göstərir.
Ümumiyyətlə, ictimai nəqliyyat Macarıstanda bir çox qonşu Avropa ölkələri ilə müqayisədə ucuzdur.
Alış-veriş üçün şəhərin mərkəzindəki bahalı butiklərə deyil, mərkəzdən kənardakı metrostansiyaların çıxışındaki mall və ticarət mərkəzlərinə üstünlük verməniz tövsiyə olunur. Belə olduqda, eyni keyfiyyətdə məhsulları 30-40% ucuz qiymətə əldə edə bilərsiniz. Avropanın digər şəhərləri ilə müqayisədə Budapeşt keyfiyyətli və brend məhsulların alış-verişi üçün çox əlverişli şəhərdir. Ölkənin pul vahidi forint çoxsıfırlıdır. Bu isə onun dollar və avro qarşısında bir o qədər möhkəm olmadığına, Macarıstan məhsullarının və eynilə idxal mallarının qonşu Avstriya ilə müqayisədə, daha yumşaq şəkildə desək, daha əlçatan olduğunu söyləməyə əsas verir. Macarıstanda qiymətlər baha deyil, ancaq ən ucuz da deyil. Tutaq ki, yerli istehsal olan pivənin şüşəsini mağazadan 80 qəpiyə ala və ya həmin pivə üçün hansısa pubda 6 manat ödəyə bilərsiniz. Dad dəyişməyəcək. Dəyişən, sadəcə, əyləşdiyiniz masa və ortamdır. Budapeştin gecə həyatı da möhtəşəmdir. Şəhər, demək olar ki, səhərəcən yatmır. Şəhərin 7-ci rayonu adlanan ərazidəki gecə klubları, pub və barlarda hər zövqə uyğun ritmik, gurultulu, həzin, bir sözlə, istəyə və zövqə uyğun əyləncə məkanları fəaliyyət göstərir. Bu arada əksər kafe, bar və restoranların önündə iri şriftlərlə menyu qiymətləri əks olunub. Bu, sizə qiymətləri cibinizə uyğun müqayisə etməyə və daha səmərəli xərcləməyə yardım edəcək.
Həmçinin paytaxt Budapeştdən ölkənin digər turistik mərkəzlərinə - Balaton rayonu, Xeviz, Eger, Keçkenet və başqa qədim tarixi yerlərə gedib-qayıtmağınız kifayət qədər tez və ucuz başa gəlir.
İlkin AĞAYEV
Bakı-Budapeşt-Vyana-
Budapeşt-Bakı




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Aşıq Hüseyn Bozalqanlının “Xalxal səfəri” dastanı belə başlayır...
18.09.2018
Biləsuvar şəhərində 1176 şagird yerlik yeni ümumtəhsil məktəbi tikiləcək
18.09.2018
Məcburi köçkünlərin növbəti qəbulu keçirilib
18.09.2018
Rektor: “İnstitutumuzda dövlətin qayğı və təminatı ilə hər cür şərait yaradılıb”
18.09.2018
Ucqar dağ kəndlərindəki uşaqlara məktəb ləvazimatları verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info