Azərbaycan iqtisadi və siyasi inkişafını özü təmin edən dövlətdir
Tarix: 17.04.2013 | Saat: 22:50:00 | E-mail | Çapa göndər


Azərbaycanda həyata keçirilən iqtisadi siyasət taktikasının fərqləndirici xüsusiyyətləri, onun paralel şəkildə həyata keçirilən əlaqələndirilmiş proqramlar üzrə aparılması, həmçinin iqtisadi inkişafın obyektiv qanunauyğunluqlarını nəzərə alaraq gələcəyə hesablanan qərarların qəbul olunması, bu zaman sosialyönümlülüyün gözlənilməsi və mütərəqqi dünya təcrübəsindən faydalanması ilə xarakterizə oluna bilər. Bu mənada müstəqil Azərbaycanın tarixən qısa bir vaxt ərzində bütün sahələrdə dinamik inkişafında, siyasi, sosial-iqtisadi və digər sahələrdə möhkəm, sarsılmaz sabitliyin yaradılmasında və ictimai tərəqqinin təmin edilməsində ulu öndər Heydər Əliyevin yürütdüyü məqsədyönlü idarəetmənin rolu böyükdür.

Sosial-iqtisadi inkişaf və dünya təsərrüfat sisteminə inteqrasiyada böyük nailiyyətlər

Azərbaycanın sosial-iqtisadi inkişafının ən aktual məsələsi regionların tarazlı sosial-iqtisadi inkişafıdır. Bu inkişafın təməli hələ ötən əsrin 70-80-ci illərində ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Həmin dövrdə ölkənin iqtisadiyyatında rayonların xüsusi çəkisi 2 dəfə artaraq 20 faizdən 40 faizə çatıb. Sovet rejimi dağıldıqdan sonra xalqımız iqtisadi sarsıntılar, çətinliklər girdabına düşmüşdü. İstehsal olunan məhsullar tələbata cavab vermədiyi üçün anbarlarda yığılıb qalır, strateji məhsullar isə xarici bazarlara böyük çətinliklə çıxarılırdı. Həm valyuta çatışmazlığı, həm də yolların təhlükəli olması ilə əlaqədar mal idxalı da böyük çətinliklə həyata keçirilirdi. Ərzaq anbarları boşalmış, ilkin tələbat mallarının istehsalı fəlakətli dərəcədə azalmışdı. Bu dövrdə dövlət idarəçiliyi sahəsində zəngin təcrübəyə malik olan Heydər Əliyevin müdrik daxili və xarici strateji kursu ölkəni bürümüş dərin siyasi, iqtisadi, sosial və psixoloji böhran və sarsıntılardan çıxararaq müstəqilliyin əbədi yolu ilə inamla irəliləməsi üçün möhkəm zəmin yaratdı. Belə ki, ölkəni bu ağır vəziyyətdən 1993-cü ildə xalqın istəyi ilə yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev çıxardı. Akademik Ramiz Mehdiyevin göstərdiyi kimi: “1993-cü ilin ortalarında, Heydər Əliyev ölkəyə rəhbərliyə qayıtdıqdan sonra milli transformasiyanın dördüncü mərhələsi başlandı - modernləşdirmə mərhələsinə başlamağın əsası qoyuldu. Onun mahiyyəti Azərbaycanın tənzimlənən bazar iqtisadiyyatına keçməsində və demokratik islahatların həyata keçirilməsində idi ki, bu da beynəlxalq aləmdə ölkənin dünya siyasətinin subyekti kimi tanınması ilə nəticələndi”. Beləliklə, ölkədə iqtisadi tənəzzülün qarşısı nəinki alındı, hətta 1996-cı ildə onun artımına nail olmaq mümkün oldu. 1996-cı ildə 1,3% olan iqtisadi artım 1997-ci ildə 5,8%-ə çatdırıldı. Real sektordakı bu canlanma Cənubi-Şərqi Asiyada və qonşu Rusiyada baş vermiş dərin maliyyə böhranına baxmayaraq, 1998-ci ildə daha da inkişaf etdi. 1998-ci ilin yekunları respublikanın sosial-iqtisadi inkişafında müsbət meyillərin ildən-ilə möhkəmlənməsi, bu prosesin dönməz xarakter almasını göstərirdi. Az bir zamanda Azərbaycan iqtisadi inkişafın artım sürətinə görə postsovet respublikaları arasında qabaqcıl mövqe tutmağa və lider olmağa başladı. Azərbaycanın yeni iqtisadi inkişaf xətti, xarici iqtisadi əlaqələri və neft strategiyası 1996-cı ildən öz müsbət nəticələrini verməyə, ölkəni dünya iqtisadiyyatına və siyasətinə inteqrasiyası istiqamətində ciddi addımlar atmağa imkan yaratdı. Bununla da Azərbaycan tezliklə regionda geosiyasi və geoiqtisadi cəhətdən ən əhəmiyyətli bir ölkəyə, arzuolunan iqtisadi tərəfdaşa və ciddi perspektivlər vəd edən dövlətə çevrildi. Məhz ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti və gərgin fəaliyyəti nəticəsində ölkəmizin sosial-iqtisadi inkişafı və dünya təsərrüfat sisteminə inteqrasiyası sahəsində çox böyük nailiyyətlər əldə olundu. Bu dövrdə ölkəmizdə aparılan müstəqil dövlət quruculuğu prosesində iqtisadi islahatların və inkişafın mahiyyət etibarı ilə yeni bir istiqaməti yarandı.

"Əsrin müqaviləsi" ilə ölkənin enerji təhlükəsizliyinin möhkəm təməli qoyuldu

Ümummilli liderin bilavasitə rəhbərliyilə ölkənin sosial-iqtisadi inkişaf xəttini müəyyən edən bir çox irimiqyaslı konsepsiya, strategiya və proqramlar qəbul edildi, Azərbaycanda kiçik və orta sahibkarlığa dövlət yardımı, kiçik və orta sahibkarlığın inkişafının Dövlət Proqramı, eləcə də Azərbaycanda maşınqayırma sənayesinin, aqrar bölmənin, turizmin inkişafının, ölkədə yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə, həmçinin regionlarının sosial-iqtisadi inkişafı üzrə Dövlət proqramları təsdiq edildi. Bu irimiqyaslı sənədlər ölkə iqtisadiyyatının davamlı və dinamik inkişafını təmin etmək üçün zəmin yaratdı, sərbəst bazar münasibətlərinə əsaslanan sosialyönümlü iqtisadi sistemin formalaşdırılmasına, ölkədə mövcud olan təbii-iqtisadi, texniki-istehsal və elmi-texniki potensialın fəal surətdə təsərrüfat dövriyyəsinə cəlb olunmasına, milli iqtisadiyyatın dünya təsərrüfat sisteminə səmərəli şəkildə inteqrasiyasının təmin olunmasına rəvac verdi.
Beləliklə, müstəqilliyimizin bərpasının ilk illərində ölkədəki siyasi quruluşun dəyişməsi və keçid dövrünə xas olan qarışıqlığın, iqtisadi böhranın, sosial gərginliyin və hakimiyyətdə xaosla müşayiət olunan hiperinflyasiyanın, işsizliyin, kriminal ünsürlərin güclənməsinin, əhalinin təhlükəsizliyinin pozulmasının və ərzaq qıtlığının aradan qaldırılması məhz ulu öndər Heydər Əliyevin müdrikliyi sayəsində mümkün oldu. Qeyd edək ki, tənəzzül meyli sənayedə xüsusilə kəskin xarakter almış, 1985-ci ilə nisbətən sənaye istehsalının həcmi 1993-cü ildə 50 faizə qədər azalmışdı. Ölkə istehsal potensialının, demək olar, 2/3-ni itirmişdi. 1991-ci ildən etibarən inflyasiya səviyyəsi dəfələrlə artaraq 1994-cü ildə 1764 faizə çatıb, büdcə kəsirinin ümumdaxili məhsula nisbəti 13 faizə qədər artmış, 1992-1994-cü illərdə xarici ticarət dövriyyəsinin həcmi 42 faiz azalmışdı. 1991-1995-ci illərdə əhalinin pul gəlirləri real ifadədə 3,3 dəfə, adambaşına pul gəlirləri orta hesabla 3,6 dəfə aşağı düşmüşdü. 1991-ci ildən başlayaraq 4 il ərzində əhalinin əməkhaqqı 5,7 dəfə azalmışdı. Yalnız ümummilli lider Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra ölkədə irimiqyaslı iqtisadi islahatlara başlandı. Bunun nəticəsində ölkədə maliyyə vəziyyəti sabitləşdi, iqtisadiyyata cəlb olunan investisiyaların həcmi ildən-ilə artdı, xalqın həyat səviyyəsi yaxşılaşmağa başladı. 1994-cü ildə dünyanın aparıcı neft şirkətləri ilə "Əsrin müqaviləsi" imzalandı və bununla da ölkənin enerji təhlükəsizliyinin möhkəm təməli qoyuldu. Eyni zamanda, planlı iqtisadi sistemdən liberal bazar iqtisadiyyatına keçid üçün neft sektoru ilə yanaşı, digər sahələrdə də genişmiqyaslı islahatlara başlandı. Beləliklə, 1995-2003-cü illər ərzində ümumidaxili məhsul 90,1 faiz, dövlət büdcəsinin gəlirləri 3 dəfə, ölkənin valyuta ehtiyatları 85 dəfə, sənaye məhsulunun həcmi 25,2 faiz, kənd təsərrüfatı istehsalının həcmi 53,9 faiz, xarici ticarət dövriyyəsi 4 dəfə, orta aylıq real əməkhaqqı 5,1 dəfə artdı, inflyasiya səviyyəsi 2-3 faizə qədər endirildi.

İqtisadi sahədə seçdiyimiz kurs beynəlxalq qurumlar tərəfindən də
qiymətləndirilir

Qazanılmış uğurlar Prezident İlham Əliyev tərəfindən aparılan sosial-iqtisadi siyasət nəticəsində daha da möhkəmləndirilib, bu dövrdə makroiqtisadi sabitlik qorunub saxlanılıb, iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sahələrinin, regionların inkişafı sürətlənib, strateji valyutaehtiyatlarının səmərəli istifadəsi təmin olunub, milli valyutanın sabitliyi, bank sisteminin etibarlılığı artırılıb, konservativ xarici borclanma strategiyası həyata keçirilib, sahibkarlığa dövlət dəstəyi gücləndirilib, əhalinin sosial rifahı davamlı olaraq yaxşılaşıb. Regionların sosial-iqtisadi inkişafı, yoxsulluğun azaldılması və davamlı inkişaf diqqət mərkəzində saxlanılır, əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı və müxtəlif sahələri əhatə edən dövlət proqramları uğurla icra olunur, kənd təsərrüfatı məhsullarının istehsalı stimullaşdırılır, regionlarda mövcud iqtisadi potensialdan tam və səmərəli istifadə olunur. Transmilli nəqliyyat layihələri çərçivəsində beynəlxalq dəhlizlərin Azərbaycan hissəsində avtomobil magistralları çəkilir və ya yenidən qurulur. Regionlarda yol şəbəkələrinin bərpası və təkmilləşdirilməsi işləri həyata keçirilir. Azərbaycanda hasil olunan karbohidrogenin dünya bazarlarına nəql edilməsi üçün Bakı-Novorossiysk, Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan neft, eləcə də Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri istismara verilib. Bakı-Tbilisi-Qars dəmir yolu inşa olunur. Bu magistral Avropa və Asiya arasında birbaşa dəmir yolu əlaqəsinin yaradılmasına, Qara dəniz və Xəzəryanı ölkələrin Avropanın dəmir yolu şəbəkəsinə qoşulmasına imkan verəcək. Bu gün ölkənin enerji təhlükəsizliyi təmin edilib, ölkə ərazisinin 85 faizi qazlaşdırılıb, Azərbaycan enerji idxalçısından onun ixracatçısına çevrilib. Artıq ölkəmiz Avropanın enerji təhlükəsizliyinin fəal iştirakçısıdır. Ölkəmizin ixrac bazarlarının davamlı olaraq genişlənməsi, yeni bazarlara çıxış imkanlarının artması və Azərbaycanın Ümumiləşdirilmiş Preferensiyalar Sisteminə (GSP) qoşulması ixrac potensialından daha səmərəli istifadəyə zəmin yaradıb. Bu gün Azərbaycanda iqtisadi islahatlar uğurla davam etdirilir. Nazirlər Kabinetinin 2013-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında çıxışı zamanı Prezident İlham Əliyev bildirib ki, islahatlar artıq gözəl nəticələrə gətirib çıxarır: “Bu ilin birinci rübündə ümumidaxili məhsul 3,1 faiz artıb. Hesab edirəm ki, bu, çox yaxşı göstəricidir. Biz bu artımı qeyri-neft sektorunun hesabına əldə etmişik. Bu ilin birinci rübündə qeyri-neft sektorunun inkişafı 11,4 faiz olub. Əhalinin pul gəlirləri isə təxminən 6 faiz artıb. Biz burada da real artımı görürük. Kənd təsərrüfatında 4 faizdən çox artım olub. Azərbaycan o ölkələrdəndir ki, öz daxili imkanlarına söykənir, öz iqtisadi və siyasi inkişafını özü təmin edir. İqtisadi sahədə seçdiyimiz kurs beynəlxalq qurumlar tərəfindən də qiymətləndirilir. Buna görə baxmayaraq ki, bu gün hələ də bəzi ölkələrdə böhran öz acı nəticələrini göstərməkdədir, Azərbaycanda nə böhranın ən qızğın çağında, nə də indi maliyyə və iqtisadi böhranın heç bir əlaməti yoxdur. Davos Dünya İqtisadi Forumu dörd il ardıcıllıqla Azərbaycan iqtisadiyyatını MDB məkanında ən rəqabət qabiliyyətli iqtisadiyyat kimi qeyd edir. Bu gün dünya miqyasında rəqabət qabiliyyətliliyinə görə Azərbaycan iqtisadiyyatı 46-cı yerdədir. Bu gün mövcud rəqəmlər onu göstərir ki, bütün sahələrdə dinamik inkişaf təmin edilir. Azərbaycan inkişaf etmiş ölkələrin sırasında olmalıdır”.
Nigar ABDULLAYEVA





 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Göyçayda xurma bağlarından yığılan məhsul Rusiya bazarlarına göndərilir
24.09.2018
Bakıda ilk Beynəlxalq Elektron Ticarət Forumu keçirilir
24.09.2018
“AzerTelecom” “Türkmentel 2018” sərgisində iştirak edəcək
24.09.2018
“Ölkəniz möhtəşəm inkişaf edir”- YENİLƏNİB
24.09.2018
“Bloomberg”: “Azərbaycan sürətlə populyarlaşan turizm istiqamətləri arasındadır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info