“Keyfiyyət infrastrukturunun inkişafı rəqabətədavamlı ixrac məhsulları istehsalının vacib amilidir“
Tarix: 11.04.2017 | Saat: 00:38:00 | E-mail | Çapa göndər


UNEC-in kafedra müdiri, texnika elmləri namizədi Zabit Aslanov:
“Texniki tənzimləməyə dair qanun qəbul edilərsə, bu sahədə bir çox məsələlər öz həllini tapacaq”

Bu gün Azərbaycan iqtisadiyyatı yeni inkişaf mərhələsini yaşayır. Dünya bazarında neftin qiymətinin aşığı düşməsi ölkəyə valyuta axınını azaldıb. Bu isə qeyri-neft sektorunun inkişaf etdirilməsini, ixrac yönümlü məhsul istehsalının artırılmasını zəruri edir. Qeyri-neft sektorunun dinamik inkişafının təmin edilməsi, rəqabət qabiliyyətinin artırılması və bu sahəyə investisiya qoyuluşunun sürətləndirilməsi Prezident İlham Əliyevin sosial-iqtisadi inkişaf siyasətinin prioritet istiqamətidir.
Qeyri-neft sektorunun inkişafı, sənayedə bu sahənin çəkisinin daha da artırılması, iqtisadiyyatın diversifikasiya edilməsi çox böyük əhəmiyyət kəsb edir. Dövlət rəqabətədavamlı ixrac yönümlü məhsul istehsalını artırmaq üçün mümkün olan bütün tədbirləri həyata keçirir. Bu sahə ilə bağlı qanunvericilk bazasının təkmilləşməsi, sahibkarlara güzəştli kreditlərin verilməsi, sahibkarlıq sahəsində yoxlamaların dayandırılması inkişaf üçün böyük imkanlar yaradıb. Qeyri-neft sektorunun inkişaf etdirilməsi üzrə bir sıra dövlət səviyyəli tədbirlər reallaşdırılır. Xüsusilə regionların inkişafı, kənd təsərrüfatı məhsullarının istehsalçılarının dəstəklənməsi məqsədilə iri infrastruktur layihələri həyata keçirilib, lizinq yolu ilə texniki təminat təşkil edilib, gübrələrlə təchizat sistemi yaradılıb, anbarlar istifadəyə verilib, yollar çəkilib, müasir müəssisələr istismara verilibş, biznes layihələri üzrə güzəştli kreditlər ayrılması kimi stimullaşdırıcı tədbirlər görülüb. Dövlət bu islahatları həyata keçirməklə qeyri-neft sektorunu inkişaf etdirməyi, idxaldan asılılığı aradan qaldırmağı və ixrac potensialını genişləndirməyi hədəfləyir. Yəni ölkə iqtisadiyyatı bundan sonra neft amili əsas götürülmədən inkişaf edəcək. Dövlət başçısının müvafiq sərəncamı ilə “Made in Azerbaijan” brendinin yaradılması və dünyada təbliğ edilməsi də bu məqsədə xidmət edir. Yəni bu brend adı altında dünya bazarına çıxarılan məhsullar rəqabətədavamlı və keyfiyyətli olmalıdır ki, bazarda özünə yer tuta bilsin. Bu istiqamətdə genişmiqyaslı işlər həyata keçirilir. Deməli, Azərbaycanda istehsal edilən məhsullar yüksək keyfiyyət standartlarına cavab verməlidir. Əks halda, bazarda yer tuta bimərik. Bu isə keyfiyyət infrastrukturunun inkişafının nə qədər vacib olduğunu ortaya qoyur. Bəs, ölkəmizdə keyfiyyət infrastrukturunun inkişafı nə yerdədir?

“Standartlaşdırma haqqında” yeni qanun layihəsi hazırlanır

Bu ilin fevral ayında dövlət başçısı tərəfindən imzalanan müvafiq fərman dövlətin bu sahəyə nə qədər həssas yanaşdığını ortaya qoyur. Həmin fərmanda iqtisadi islahatların dayanıqlılığını təmin etmək, Azərbaycanda istehsal olunan məhsulların keyfiyyətini, təhlükəsizliyini, rəqabət qabiliyyətini və ixrac potensialını yüksəltmək, xarici ticarəti daha da liberallaşdırmaq, standartlaşdırma, metrologiya, akkreditasiya və patent hüququ obyektlərinin mühafizəsi sahələrini müasir tələblərə uyğunlaşdırmaq, nəzarət mexanizminin şəffaflığının və çevikliyinin artırılmasına nail olmaq, habelə “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədilə Nazirlər Kabinetinə beynəlxalq təcrübəni nəzərə almaqla, “Standartlaşdırma haqqında” qanunun yeni layihəsini üç ay müddətində hazırlamaq tapşırılıb. Eyni zamanda beynəlxalq təcrübə nəzərə alınmaqla, istehlak bazarında qeyri-qida məhsullarının təhlükəsizliyinə nəzarət sisteminin təkmilləşdirilməsi, o cümlədən onların istehsalı zamanı texniki reqlamentlərin tələblərinə uyğunluğa nəzarət səlahiyyətlərinin qanunla müəyyən olunmuş qaydada akkreditasiya edilmiş uyğunluğun qiymətləndirilməsi qurumlarına ötürülməsinə dair təkliflər hazırlanaraq Prezidentə təqdim ediləcək. Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılması, o cümlədən Avropa İttifaqının direktivləri əsasında milli texniki reqlamentlərin və beynəlxalq standartlar əsasında istinad edilmiş standartların qəbulu məqsədilə Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2018-2025-ci illər üçün dövlət proqramının layihəsi hazırlanır. Prezidentin imzaladığı bu fərman keyfiyyət infrastrukturunun inkişafı baxımından böyük əhəmiyyət kəsb edir. “Standartlaşdırma haqqında” yeni qanun hazırlanarkən məhsulların təhlükəsizlik göstəricilərinə, o cümlədən məhsullarla əlaqəli proseslərə, saxlanmaya, qablaşdırmaya, etiketləməyə və terminologiyaya dair tələblərin texniki reqlamentlərlə, məhsulların keyfiyyət göstəricilərinə dair tələblərin isə standartlarla müəyyən olunması, texniki reqlamentlərin icrasının sahibkarlar üçün məcburi, məhsulların keyfiyyətinə dair tələbləri ehtiva edən standartların icrasının isə könüllü xarakter daşıması kimi məsələlər nəzərə alınacaq.
Dövlət Komitəsinin gördüyü işlər ixrac yönümlü məhsul istehsalında və ixracında böyük rol oynayır
Bu sahədə uğura nail olunması, xarici bazarlara çıxarılacaq məhsulların müvafiq keyfiyyət göstəricilərinə cavab verməsi məsələsində Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin üzərinə böyük iş düşür. Komitədən “Palitra”ya bildiriblər ki, texniki tənzimləmə, standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya, keyfiyyətin idarə edilməsi və sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahələrində normativ tənzimləmə həyata keçirilir, müvafiq sahəni tənzimləyən normativ hüquqi bazanın təkmilləşdirilməsi və beynəlxalq tələblərə uyğunlaşdırılması məqsədi ilə müvafiq işlər davam etdirilir. Komitənin beynəlxalq qurumlarla birgə həyata keçirdiyi layihələrdə keyfiyyət infrastrukturu sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, texniki komitələrin fəaliyyətinin genişləndirilməsi və onların beynəlxalq təşkilatların işinə daha yaxından cəlb olunması, dövlət standartlar fondu əsasında məlumat bazasının yaradılması kimi komponetlər öz əksini tapıb. Komitənin Ümumdünya Ticarət Təşkilatı, Beynəlxalq Standartlaşdırma Təşkilatı, Avropa Standartlaşdırma Komitəsi, BMT-nin Kənd Təsərrüfatı Təşkilatının “Codex Alimentarius” Komissiyası, İslam Ölkələrinin Standart və Metrologiya İnstitutu, Regionlararası Standartlaşdırma Birliyi, Beynəlxalq Elektrotexnika Komissiyası və MDB-nin Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şura çərçivəsində həyaat keçirdiyi əməkdaşlıq beynəlxalq təcrübənin öyrənilməsi, ölkəmizdə tətbiqi, yeni çağırışlara müvafiq ixrac yönümlü məhsul istehsalında və ixracında böyük rol oynayır.

“Milli standartlar beynəlxalq və Avropa standartlarına uyğunlaşdırılmalıdır”
Azərbaycan Dövlət İqtisad Universiteti-UNEC-in Standartlaşdırma və sertifikasiya kafedrasının müdiri, dosent, texnika elmləri namizədi Zabit Aslanov bu məsələ ilə bağlı “Palitra”ya bildirdi ki, iqtisadi islahatların paralel şəkildə həyata keçirilməsi üçün ölkədə biznes mühitinə mənfi təsir edən qayda və maneələrin aradan qaldırılması məqsədilə davamlı olaraq mümkün tədbirlər nəzərdən keçirilir və inkişaf etdirilir. İslahatların davamlı inkişafının tələblərinə uyğun olaraq yeni tədbirlərin həyata keçirilməsi zərurəti yaranır. İslahatlara əlavə dəstək vermək üçün yaranan cari imkanlar üzrə daha səmərəli qərar verilməsi sahəsində həyata keçiriləcək tədbirlərə keyfiyyətli idarəetmə infrastrukturunun gücləndirilməsi də daxildir. Dosent Zabit Aslanov hesab edir ki, ölkənin qarşısında duran ən mühüm və strateji vəzifələrdən biri də xarici ticarət dövriyyəsinin genişləndirilməsidir: “Bir sıra MDB dövlətləri, o cümlədən Rusiya Federasiyası, Qazaxıstan, Ukrayna və Gürcüstan istehsal etdikləri məhsulların beynəlxalq ticarətdə sərbəst dövriyyəsinə şərait yaradılması üçün ÜTT-nin tələbləri və Avropa İttifaqının modeli üzrə mövcud standartlaşdırma sistemlərini beynəlxalq tələblərə uyğunlaşdırmaqdadır. Azərbaycan məhsullarının beynəlxalq ticarətdə sərbəst dövriyyəsinin təmin edilməsi və idxal-ixrac əməliyyatlarının sadələşdirilməsi üçün də bir sıra tədbirlərin görülməsi məqsədəuyğundur. Bu tədbirlər hüquqi bazanın formalaşdırılmasından başlayaraq milli standartların beynəlxalq və Avropa standartlarına uyğunlaşdırılması ilə bağlı müvafiq tədbirlər planının qəbul edilməsinədək olan prosesləri əhatə edir. Belə ki, texniki tənzimləməyə dair qanun qəbul edilərsə, məhsullara dövlət nəzarətinin təhlükəsizlik tələbləri ilə məhdudlaşdırılması və keyfiyyət tələblərinə uyğunlaşdırmanın könüllü həyata keçirilməsi, məhsullara nəzarətin texniki tənzimləmə və standartlaşdırma sistemindən çıxarılması, məhsulların sertifikatlaşdırılmasının risk səviyyəsinə görə aparılması kimi məsələlər öz həllini tapacaq. Bundan əlavə, keyfiyyət məsələlərini tənzimləyən standartlaşdırmaya dair qanunun yeni redaksiyasının qəbulu sistemin hüquqi bazasını beynəlxalq tələblərə tam uyğunlaşdıracaq». Ekspert hesab edir ki, ölkədə ixrac məqsədilə istehsal olunan rəqabətqabiliyyətli məhsulların çeşidindəki məhdudluq özü də ciddi problemlər yaradır: “Bir çox sənaye məhsullarının, o cümlədən kimya, neft və neft-kimya maşınqayırması, metallurgiya və s. ixrac potensialından cüzi miqdarda istifadə olunur. Bir sıra aqro sektor məhsulları var ki, onlar bilavasitə güclü ixrac potensialına və bu sahədə beynəlxalq müqayisəli üstünlük göstəricilərinə malikdirlər. Belə məhsullara bitki yağları, üzüm şərabı, meyvələr, təzə tərəvəz və s. aid etmək olar ki, onların da ixrac potensialının cüzi bir hissəsi dövriyyədədir. Hələ ki, ölkənin qeyri-neft sektorunun ixrac potensialının vəziyyəti ilə onun faktiki potensialı arasında xeyli fərq qalmaqdadır. Aqrar sahənin inkişafı ilə bağlı dövlət tərəfindən görülən yüksək səviyyəli işlərə baxmayaraq, gözlənilən səmərəliliyi əldə etmək mümkün olmayıb. Qeyri-neft sektorunun ixrac potensialının artırılması üçün, ilk növbədə milli iqtisadiyyatın özü diversifikasiyalaşdırılmalı, modernləşdirilməli və innovasiyalaşdırılmalıdır. Digər tərəfdən, qeyri-neft sektoru ölkənin təbii resursları və iqtisadi amilləri nəzərə alınmaqla, dərindən tədqiq edilməlidir. Bu, hər şeydən əvvəl, müasir dövrdə Azərbaycanın qeyri-neft sektorunun ixrac potensialının dərin təhlilinin aparılmasına, adekvat meyarlar çərçivəsində bu sahənin imkanlarının müəyyənləşdirilməsinə, ixrac potensialından istifadənin tənzimlənməsinin təkmilləşdirilməsi istiqamətlərinin aşkar edilməsinə geniş imkanlar açmış olar”. Bir sözlə, beynəlxalq standartlara uyğun keyfiyyət infrastrukturu Azərbaycan məsullarının dünya bazarına ixracı üçün vacib əsasdır.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Azərbaycan xarici ölkələrə silah satışını artırıb
24.09.2018
Əsas məqsəd ərzaq təminatını daha da yaxşılaşdırmaqdır
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum
22.09.2018
Ermənistan hökuməti boş xəyallara qapılmamalı və gerçəkliyi qəbul etməlidir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info