Mədəniyyətlərin qovuşduğu Avropa mərkəzi
Tarix: 11.04.2017 | Saat: 00:51:00 | E-mail | Çapa göndər


Yaxud Macarıstanın gözəl təbiəti, zəngin tarixi və rəngarəng turizm imklanları barədə nə bilirik?

(II yazı)

Macarıstandan Avropanın digər ölkə və şəhərlərinə çox rahat getmək olur
Qeyd edilənlərdən əlavə, siz Budapeştdən Avropanın digər ölkələrinin müxtəlif şəhərlərinə çoxşaxəli nəqliyyat şəbəkəsindən yararlanmaqla səyahət edə bilərsiniz. Avropanın mərkəzində yerləşən Macarıstan, bu baxımdan da olduqca əlverişli bir ölkədir. Belə ki, ölkənin paytaxtı Budapeştdən Avstriyanın paytaxtı Vyanaya, Slovakiyanın paytaxtı Bratislavaya, həmçinin Çexiya şəhərlərinə və digər yerlərə avtobusla cəmi bir neçə saatlıq yol var.
Vyana, Bratislava, Zaqreb, Brno, Praqa və digər şəhərlər Budapeştdən cəmi bir neçə saatlıq məsafədə yerləşir. O şəhərlərə səfər etmək üçün əlavə hotel xərclərinə gərək qalmayacaq. Yox, əgər həmin şəhərlərdə gecələmək istəsəniz, bunun üçün turizm şirkətləri sizi büdcəyə uyğun hotel və qonaq evləri ilə təmin edə bilər. Müqayisə üçün qeyd edək ki, Macarıstanda əvvəlcədən hazır turistik paketlərin alınması fərdi qaydada səyahət etməkdən daha sərfəlidir. Turizm şirkətləri arasındakı kəskin rəqabət bu sahədə optimal bazar qiymətlərinin yaranmasına səbəb olub. Müqayisə üçün deyə bilərik ki, hər hansı Avropa şəhərinə fərdi qaydada səyahət etsəniz, ikiqat xərcə düşmüş olacaqsınız. Çünki yol-yemək xərcləri, nabələdlik və sair amillər artıq xərclərin yaranmasına səbəb olur. Belə halda, bələdçilikdən yararlanmaq daha məqsədəuyğun və təhlükəsizdir.
Yeri gəlmişkən, səfər çərçivəsində iki gün Avstriyanın paytaxtı Vyanada olduq. Vyanaya getmək üçün “1000 dorog” şirkətinin xidmətindən yararlana bildik. Qısaca demək istərdik ki, Vyana öz möhtəşəmliyi, əzəmətli arxitekturası ilə, həqiqətən də təkcə coğrafi baxımdan yox, həm də gözəllik və mədəniyyət baxımından Avropanın mərkəzində dayanan əsas şəhərlərdəndir. Eləcə də Avstriya belə bir mərkəzdə dayanır. Nahaq yerə demirlər ki, Almaniya saat kimi işləyən mexanizmdirsə, Avstriya bu saata ruh verən orqanizmdir. Ölkə gözəlliyi, səliqəliliyi və eyni zamanda zabitəliliyi ilə hər məqamda təəccübləndirir və həyəcanlandırır. Deyilənə görə, Stalin Vyananı çox sevdiyinə görə, Vyanaya hücum zamanı sovet əsgərlərinə şəhəri dağıtmamağı, lazım gələrsə, əlbəyaxa döyüşlə ələ keçirməyi əmr edir. Məhz buna görə də indiyə qədər Vyanada sovet əsgərinin şərəfinə qızılı dəbilqəli və əlində sovet gerbi həkk olunmuş qızılı qalxan tutmuş nəhəng bir əsgər heykəli ucalır…
Bununla belə, Avstriyada qiymətlər inkişaf etməkdə olan ölkələrin vətəndaşları, xüsusən, postsovet ölkələrindən gələnlər üçün olduqca baha görünə bilər. Macarıstanda isə qiymətlər, Avstriyaya nisbətən nəzərəçarpacaq dərəcədə ucuzdur.
Azərbaycanlı turistlərə onu da tövsiyə edərdik ki, ümumiyyətlə, Budapeşt, Vyana və digər iri Avropa şəhərlərində cibgirlərdən qorunmaq lazımdır. Çünki hər yerdə olduğu kimi, bu yerlər də digər ölkələrdən gələn bəzi tüfeylilər, həmçinin peşəsi oğurluq olanlardan sığortalanmayıb…

Avropanın termal turizm “cənnət”i
Macarıstan yeraltı müalicəvi sular məkanı olduğu üçün bu məkana çoxlu sayda turistlər ilin hər fəslində axın edir. Çünki Macarıstan dünya və Avropa səviyyəsində müalicə və istirahət turizmi baxımından xeyli irəlidədir. Ölkə termal sularla zəngindir. Ölkənin hər bir bölgəsində termal sular mövcuddur və onlar tərkibinə, müalicəvi xüsusiyyətlərinə görə bir-birindən fərqlənir. Burada termal turizmin, demək olar ki, mövsümü yoxdur. Siz paytaxt Budapeştin lap mərkəzində qraf Seçenin şərəfinə adlandırılmış Seçen termal istirahət mərkəzində və ya paytaxtdan cəmi bir saatlıq və ya bir qədər artıq məsafələrdə yerləşən Xeviz, Eger, Vişeqrad Debresen və başqa məşhur termal istirahət və müalicə mərkəzlərini seçə bilərsiniz. Bir sözlə, Macarıstanın termal gölləri bütün dünyada məşhurdur. Ölkənin hər yerində, hətta ilin qış fəslində belə, açıq havada çimə biləcəyiniz termal suyun, hərarəti 25-30 dərəcədən artıq olan müxtəlif termal göllərin ətrafında müasir infrastruktur yaradılıb. Hərçənd ki, bu termal göllərdən ancaq Xevizdəki gölün müalicəvi xüsusiyyəti təsdiqlənib, digərləri isə yorğunluğu atmaq, dincəlmək üçün münasib fürsətdir. Yeri gəlmişkən, termal turizm baxımından Azərbaycanın Macarıstan təcrübəsindən əxz etməli olduğu çox məqamlar var. Azərbaycanın istər cənub, istərsə də şimal bölgəsində tərkibi müalicəvi baxımdan da xeyli zəngin və faydalı olan termal sular olduğu halda, hələ də bizdə termal turizm standartları lazımınca oturuşmayıb və ya rentabellilik yetərincə deyil… Macarıstan isə öz termal turizmi ilə demək olar ki bütün Avropa və dünya ölkələrini cəlb edə bilib…
Əgər Macarıstandakı termal istirahət mərkəzlərinin qonaq evləri və hotellərində gecələmək istəməsəniz, bu halda birdəfəlik giriş kartlarını əldə etməklə termal turizm göllərindən yararlana bilərsiniz
Bundan başqa, Macarıstanda ov turizmi də olduqca əyləncəli və zövqverici hesab edilir. Məsələn, siz öncədən sifariş etməklə ov mövsümündə Macarıstan meşələrində vəhşi heyvanların ovu ilə də məşğul ola bilərsiniz. Həmçinin bu turizm baxımından imkanların tükənmədiyi ölkədə turizmin müxtəlif individual xidmətləri təklif edilir.

Dadlı və orijinal macar mətbəxi

Macar mətbəxi də çox rəngarəngdir. Ümumiyyətlə, mətbəx mövzusu zövq məsələsi olduğundan, bunun üzərində çox dayanmaq istəməzdik, amma əmin olun ki, bu ölkədə nəinki ac qalmayacaqsınız, hətta yeni dadlar kəşf edəcəksiniz.
Qısaca, macar mətbəxinin əsas ənənəvi yeməklərindən “qulyaş”ın adını çəkmək olar. Bu qulyaş fərqli bir şorbadır və ət, tərəvəz, əriştə, ədviyyat qatılmaqla bişirilir. Bundan başqa, Dunay və ətrafdakı göllərdən bol-bol balıq tutmaq imkanı olan macarların bir balıq şorbası da var - “Halasli”. Bu macar şorbası, bizim balıq buğlamasından dadlı olmasa da, rus “uxa”sından yetərincə tamlıdır. Hər halda, zövqlər müxtəlifdir…
Şərabdan anlayırsınızsa, Macarıstanda səfərinizi uzunmüddətli etməyə dəyər. Təkcə Tokai vadisindən Balaton rayonunadək müxtəlif üzüm növlərindən hazırlanan “Tokai”, “Boz Monax”, “Turan”, “Öküz qanı” və başqa məşhur şərabların cürbəcür növlərini dada bilmək üçün zamana ehtiyacınız olacaq. Bir sözlə, avropalılar da tam əminliklə deyirlər ki, macarlar ətdən və üzümdən dadlı xariqələr yarada bilirlər…
İlkin AĞAYEV
Bakı-Budapeşt-Vyana-
Budapeşt-Bakı




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ermənistan yaxın zamanlarda KTMT-də tamamilə təklənəcək
16.11.2018
Rəsmi Paris Azərbaycanın işğal olunmuş ərazilərindən Fransaya qanunsuz səfərlərin qarşısını almalıdır
16.11.2018
Razılaşmanın düzgün və milli mənafelərə uyğun olduğunu düşünürəm
15.11.2018
Çavuşoğlu: “Star” neft emalı zavodu ilə Azərbaycan Türkiyədə ən böyük investor oldu”
15.11.2018
Bu gün Azərbaycan elminin əsas problemi – alimlərin məvaciblərinin aşağı olmasıdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info