Uğursuz “liderlərin” uğursuz mitinqi...
Tarix: 11.04.2017 | Saat: 01:07:00 | E-mail | Çapa göndər


Bu günlərdə müxalifətin radikal qolunun toplaşdığı qondarma “milli şura” adlı birlik mitinq keçirdi. Təşkil olunan əvvəlki mitinqlərində olduğu kimi, bu dəfə də onların bu toplantısına çox az adam qatıldı. Cəmiyyətin bu siyasətçilərin istənilən çağırışına dəstək verməməsinin səbəbləri bəllidir. Onlara olan inam və etibar illər öncə itib. Əslində isə mitinqin keçirilməsi üçün zəmin də yox idi ki, insanlar onlara dəstək verələr. Bu səbəbdən də mitinq stadionun çox az bir qisminin dolması ilə nəticələndi. Bir stadion qədər adam toplamağı bacarmayan, sosial elektoratı zəif olan bu partiya və liderlərin, guya, xalqın qeydinə qaldıqlarını deyərək əllərində mikrofonla bağırmaları isə gülüş doğurmaya bilməzdi. Təsadüfi deyil ki, onlarla eyni cəbhədə olan bir qrup müxalif düşüncəli siyasətçi də sosial şəbəkələrdə “milli şura”nın növbəti şousunu kəskin tənqid edib. Rəsul Quliyev bununla bağlı sosial şəbəkələrdə tənqidi paylaşım edərək yazıb: “Bu, “milli şura” adlanan təşkilatın mitinq oyunu idi.

Məhsul stadionunun yanındakı evin yuxarı mərtəbəsindən çəkilən mitinqin panoraması çox neqativ təsir bağışlayır. İlk növbədə o meydanda (15 minlik stadionda) maksimum 800-900 adam gözə dəyir. Nəzərə alsaq ki, o adamların ən azı 200-ə yaxını islamçılardır, “milli şura”nın professorunun (Cəmil Həsənli, red.) çağırışına maksimum 300-400 adam səs verib. Özünün 2013-cü ildə prezident seçildiyini iddia edən professorun 15 gün bundan öncə əminliklə və ağzı köpüklənə-köpüklənə “mitinq keçirmək xalqın sosial tələbidir və bu işi görmək bu gün zərurətdən irəli gəlir” şüarı, bu insanın həyatdan hansı səviyyədə uzaq olduğunu bir daha göstərir. Bizim professor 10 il parlamentdə oturub, ancaq bir dəfə çıxış edib”. Rəsul Quliyev daha sonra Cəmil Həsənlinin dəyişkən siyasətçi olduğunu deyərək onu “mənəviyyatsız” adlandırıb:” Özünüz baxın, “xalq məni 65 faizlə prezident seçib” elan edən şəxsə mitinq keçirməyə şərait yaradıldı və ona səs verənləri stadiona dəvət etdi, ancaq maksimum min adam toplaya bildi”.
Maraqlıdır ki, “milli şura”nı öz gəlir mənbəyinə çevirən və bu təşkilat üzərindən bəzi qrantlar, siyasi alver edən AXCP sədri Əli Kərimlinin yaxın silahdaşı olmuş şəxslər də bu aksiyanı kəskin tənqid ediblər. Buna misal olaraq AXCP sədrliyinə keçmiş namizəd Sahib Kərimlinin fikirlərini göstərmək olar. O, hətta AXCP-ni şəxsi təşkilatına çevirib, uzun illər burada rəhbər şəxs kimi qalan Əli Kərimlini istefaya da səsləyib.
O deyib: “Cəmiyyətdən mitinqə dəstək gəlmədi, aksiyada həmişəki adamlar iştirak etdi, AXCP və bütövlükdə cəmiyyət ciddi zədə aldı. Təşkilat (AXCP) və onun işi zəifdir.
Liderin (Əli Kərimli) reytinqi isə aşağıdır, insanlar güvənmirlər. AXCP strukturları tamamən zəifləyib, təcrübəli adamlar yanlış idarəetmə nəticəsində partiyadan ya uzaqlaşıb, ya da uzaqlaşdırılıblar. Əli Kərimli illərdir uğursuz fəaliyyət göstərir, heç kim onun nə zamansa nəticə əldə edəcəyinə inanmır. Cəmiyyəti inandırmaq üçün ən əvvəl yaxın çevrəni inandırmalısan”.
Sahib Kərimli daha sonra haqlı olaraq özünü fenomenal, əvəzolunmaz lider kimi göstərən Əli Kərimlinin keçmişi haqqında da bəzi suallar qoyub. O deyib: “Əli Kərimli orta məktəbdə oxuyub, onun sinif yoldaşlarının bir xoş xatirəsinə rast gəlibsinizmi? Və ya Mebel fabrikində işlədiyi müddətdə onun seçkin birisi olduğu haqqında bir iş yoldaşı sonralar nə isə deyibmi? Hərbi xidmətdə olan Əli Kərimlinin əsgər yoldaşını tanıyan varmı? Tələbə Əli Kərimlinin hərəkat yoldaşlarının hamısı ondan üz döndərib, təşkilatda qalan varmı?
Əli Kərimli kənddə böyüyüb, elə həmin kənddən onlarla adam evinin qarşısında onu söyüb. Öz kəndçisini gedib Bakıda söyüb qayıdan qohum və həmkəndli geri dönüb, həmin kənddə heç nə olmamış kimi yaşaya bilirsə, bunun başqa səbəblərini axtarmaq lazımdır. AXCP kimi təşkilata rəhbərlik edən şəxsin keçmişdən bu günə dostu və ya ona sayğı göstərən bir həmkəndlisi, sinif yoldaşı, iş yoldaşı, tələbə yoldaşı olmayıbsa, hərəkat yoldaşının qalmamasında təəccüblü heç nə yoxdur. Əli bəy, istefa verin!”

“Müxalifət öz daxili problemlərini həll edə bilmirsə, xalqın problemlərini necə həll edəcək?”
Vaxtilə vəkil kimi fəaliyyət göstərmiş, Aslan İsmayılov isə müxalifət daxilində uzun illərdir yaranmış qarşıdurmanı həll edə bilməyən siyasətçilərin xalqın problemlərini həll edəcəyinə iddia etməsinə gülüşlə qarşılayıb. O deyib:
“Mitinqdən sonra Müsavat, AXCP üzvlərinin bir-birlərinə yönəlik yazıları ikrah hissi doğururdu. Guya, məqsədləri eyni olanlar bir-birlərinin uğursuzluqlarını toy-bayram kimi qeyd edirdilər. Özünə hörmət edən şəxs mitinqdə iştirak etməyənləri təhqir etməzdi. Mitinqə yüz minlərin yox, min adamın, özü də eyni adamların çıxmasının səbəbi də çox maraqlıdır. Başqalarını demirəm, 2013-cü il mitinqlərinin hamısına gedirdim və insanların da getməsi üçün əlimdən gələni edirdim. Elə bu müddət ərzində bu gün həmin mitinqə gələnlər günümü qara etdilər, haqqımda yazmadıqları böhtanlar qalmadı. Onlardan aralanan kimi təhqirlər də yox oldu”.
Aslan İsmayılov müxalifət liderlərinin bugünkü acınacaqlı halının da təsadüfdən yaranmadığını qeyd edib: “Ənənəvi müxalifət liderlərinin uğusuzluqlarına üzülürəm. Kimin içində nə var, başqalarına nə arzu edir, onu da qazanır. Bu yolda xəyanət, haqsızlıq, təhqir görənlər birinci səbəbi öz etdiklərində axtarsınlar. Hamı bilməlidir ki, intriqalarla, başqalarına böhtan atmaqla, oyunbazlıqla bu günə qədər heç kim uğur qazanmayıb. Əminəm ki, bundan sonra da qazanmayacaq. Müxalifət inhisarını, müxalifət sülaləsini də görürlər”. O qeyd edib ki, müxalifət bəzi adamların hakimiyyətdə çox işləməsini tənqid etsə də, özləri gənclərə yol açmırlar, partiya rəhbərliklərində yapışıb qalırlar. Müxalifətdə, hətta vərəsəlik də görürük. Müxalifətdə partiya sədrinin müavini, sədrin sözçüsü, gənclər təşkilatının sədri və digər adlarda oğulları da tanıyırıq. Azərbaycan balaca yerdir, nə baş verir hamı bilir və görür”. Aslan İsmayılov haqlı olaraq suallar da ünvanlayıb: “Siz mənə deyin, hansı müxalifət liderinin yanında parlaq bir sima var?! Bu illər ərzində hansı müxalif partiyada lider dəyişib? Heç birində. Formal olaraq dəyişmələri də görürük. Son 25 il ərzində mənim şəxsi qənaətim odur ki, müxalifətin öz arasında olan mübarizəsi hakimiyyətə qarşı olan mübarizədən daha kəskin olub. AXCP, Müsavat, AMİP, ADP-nin öz aralarında olanı kənara qoysaq da, yeni yaranan siyasi təşkilatlara hücumları kimlər görmədi? REAL, NİDA təşkilatlarına "ya bizimlə olacaqsınız, ya da atdığımız çirkablarda boğulacaqsınız" prinsipini kimlər görmədi?! “Birdən onlar da irəli düşərlər” qənaətinə görə onların hamısını ictimai həyatdan uzaqlaşdırdılar. Söhbət etdiyim, ictimai həyatda aktiv olmalarını istədiyim ziyalıların hamısı bunu deyib. Bu xalq 25 il meydanda olanların hamısından, yumşaq desəm, yorulub, inanmır, bundan sonra da inanmayacaq və buna da tam haqqı var. Ona görə ki, hamısı bu xalqı aldadıb, onun səmimiliyini öz şəxsi maraqları, ambisiyalarına qurban verib. Kimisi siyasi partiyaya, kimisi paketə, kimisi obyektə, kimisi parlament mandatına satıb. Yekun olaraq onu da bildirim ki, bu işdə heç bir “Sem dayı”, “Seyidağa”, “dyadya Vasya” bizə kömək olan deyil”.

“Mitinqlərə qohum-əqrəbalarından başqa, heç kimi cəlb edə bilmirlər”

Mitinqlərə dəvət üsulları da maraqlı olub. Bəzi siyasət adamlarını, hətta mitinqə dəvət etmək üçün onlara çağırıb içki qonaqlığı da verilibmiş. Buna misal olaraq Samir Kazımlının öz dilindən səslənən fikirləri göstərmək olar : “Çox vaxt müxalifət düşərgəsində tənqidlər düzgün başa düşülmədiyi, nəticə çıxarılmadığı, əksinə, tənqid edənlər söyüşə, böhtanlara tuş gəlindiyi üçün artıq tənqid etmək həvəsində və marağında olmuram, çalışıram belə söhbətlərdən uzaq qalım. Siyasi aksiyada dini şüarlar nümayiş edilməsi 1918-ci ildə əsası qoyulmuş cümhuriyyətçilik dəyərlərimizə, Qərbə inteqrasiya prosesinə ziddir, zərbədir. Ayın 7-də axşam qara qüvvələrin - ABŞ-ın, Avropanın adamları mənə zəng vuraraq içməyə dəvət etdilər və mən də gedib içdim. İçəndən sonra bildim ki, ayın 8-i mitinqdir. Artıq gec idi, sonra gəlib evdə içməyə davam etdim. Və içdiyimə görə də mitinqə getmədim, günaha batmaq istəmədim, axirətdəki məhkəmədən qorxdum.
Günahın hamısı ABŞ-la Avropadadır. Hamıya satqın, qorxaq, işverən, agent deyə-deyə, özləri bambılı gününə qaldılar”.
Azərbaycan Sosialist Partiyasının sədri Elşən Həsənov isə aqressiv davranaraq mitinqə qatılmayan insanları təhqir edən müxalifətçilərə söyüşlərlə dolu hədələr yağdırıb. O sosial şəbəkə vasitəsilə deyib: “Başqa partiya, qurum və sadə vətəndaşları təhqir edənlər! İnsanlar mitinqə gəlməyiblərsə, bunun üçün xalqı təhqir edərlərmi? Sizə onlara “alçaq, kölə, vicdansız, xain, satqın” və daha nələrsə deyib, təhqir etməyi kim ixtiyar verib?”
Qabil Əliyev adlı “Facebook” fəalı isə Elşən Həsənovun bu fikirlərinə haqlı cavab verib: “Elə buna görədir ki, mitinqlərə qohum, əqrəbalarından başqa, heç kimi cəlb edə bilmirlər. Xalqın mitinqə gəlməmə səbəbini araşdırıb çözüm ürətməkdənsə, səviyyələrini ifa edirlər. Xalqı aşağılayanların eqoları, onlara xalqın söz sahibi çoxluq olduğunu anlamaqlarına imkan vermir. Sonuc isə fiaskodan başqa bir şey deyil”.
Mitinqdən sonra Müsavat fəalları ilə “milli şura” üzvlərinin söz davası da diqqət çəkməyə bilməzdi. Belə maraqlı məqamlardan biri Eldəniz Quliyevin, guya, mitinqə stadiona sığmayacaq qədər adam gələcəyi ilə bağlı statusunu sonradan silməsini göstərmək olar. Müsavat fəalı Saday Hacılı və digərlərin bu addıma kinayəli cavab verərək yazıb: “Eldəniz Quliyev, mitinqlə bağlı təbliğat statuslarını silməkdə məqsədiniz nə olub?”
Murad Hacıyev adlı bir fəal isə deyib: “İnsanların stadiona sığmayacağını deyirdi. Yoxdur artıq o status. Bundan öncəki mitinqdə Müsavata “atış gələndə” rüsvayçılığı fikirləşmək ağlınıza gəlmirdi. Tələm-tələsik hamıdan qabağa düşmək üçün qaza gəlib mitinq təyin etmək... Bir həftə irəlini proqnoz edə bilməyən siyasətbazlar”.
Ən nəhayət, elə AXCP fəalının öz dilindən səslənən tənqidi fikirlər diqqətimizi çəkməyə bilməzdi. Seyid Mirfeyzulla adlı bu şəxs yazır:
“Əziz dostlar, 8 aprel mitinqinə qoşulmayan partiya və onun rəhbərlərinə xalqdan danışmaqlarına haqq qazandırmaq olarmı ? Əlbəttə ki, yox! Bunlara kim nə ad qoyur- qoysun, mən belələrinə hakimiyyətin cilovunu başına keçirmiş "Noxtalanmış müxalifət" deyərdim”.
Sonda onu da deyək ki, mitinqə toplaşanlar arasında fikir birliyi də olmayıb. Bir hissə dindarlar, digər qrup isə Qərbyönümlü insanlar olub. Buna misal olaraq Xədicə İsmayılın budəfəki mitinqlə bağlı tələbini göstərmək olar. O şərt qoymuşdu ki, İranın təsirində olan Eldəniz Quliyev mitinqin təşkilat komitəsinə salınmasın. Əli Kərimli də Xədicə İsmayılın tələbinə görə Eldəniz Quliyevi nəinki mitinqin təşkilat komitəsinə, heç tribunaya da yaxın qoymadı. Amma E.Quliyev təşkilat komitəsində təmsil olunmasa da, mitinqin əsas iştirakçıları yenə də radikallar olub. Bu isə Kərimli-İsmayılova arasında yeni qalmaqala səbəb olacaq.
Qısası, “milli şura”nın növbəti mitinq oyunu da fiaskoya uğradı və öz aralarında yola getməyən siyasətçilərin əsl simaları bir daha bəlli oldu!
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Azərbaycanın milli qəhrəmanları haqqında ingilis dilində məqalələr hazırlanıb
20.09.2018
“Azərbaycanda din-dövlət münasibətləri yüksək səviyyədədir”
20.09.2018
AXDG daha üç dənizçini beynəlxalq şirkətin gəmilərində təcrübəyə göndərir
20.09.2018
“Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir”
19.09.2018
Gəncənin Qazaxlar və Balabağman məscidləri təmir edilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info