Zəlzələ bölgəsində onlarla kənd yenidən tikilib
Tarix: 17.04.2013 | Saat: 23:46:00 | E-mail | Çapa göndər



Şimal-qərb bölgəsində ötən ilin mayında baş vermiş zəlzələnin törətdiyi fəsadların aradan qaldırılması ilə bağlı işlər yekunlaşmaq üzrədir


Daha 740 ev tikiləcək, 4500-ü isə bərpa ediləcək

Aprelin 15-nə qədər Azərbaycanın zəlzələ baş vermiş 3 rayonunda Qax, Balakən və Zaqatalada 3245 fərdi yaşayış evinin tikintisi başa çatdırılıb. Təhvil verilən evlərdən 292-si Qax, 203-ü Balakəndə, 2750-si Zaqataladadır. Hazırda 1847 qəzalı evin tikintisi davam etdirilir.
İndiyə qədər 26 məktəb binası və 1 uşaq bağçası istifadəyə verilib. Qısa müddətdə Zaqatalada daha 8, Qaxda 1, Şəki şəhərində də 1 məktəb binası tikilib istifadəyə veriləcək. Zəlzələdən sonra bərpa işlərinin aparılması üçün əhaliyə 17 milyon 734 min manat yardım paylanılıb, bu vəsait poçt vasitəsilə ödənilib. Aprelin 17-nə olan son statistikaya görə, 19 848 evə təkrar baxış keçirilib. Bu baxışlar nəticəsində 740 evin yenidən tikilməsinə, 4500 evdə isə bərpa-gücləndirmə işlərinin aparılmasına qərar verilib.

Qaxda

Aprelin 16-da isə fövqəladə hallar naziri Kəmaləddin Heydərovun iştirakı ilə Qax və Zaqatala rayonlarında məktəblərin açılışı olub. Qax rayon Təhsil Şöbəsinin müdiri Məmməd Xasıyev deyib ki, ötən ilin mayında baş vermiş zəlzələ nəticəsində rayondakı evlərlə yanaşı, məktəblərə də ciddi ziyan dəyib, açılışı keçirilən Ləkit kənd orta məktəbi isə tam yararsız vəziyyətə düşüb: “Azərbaycan Prezidentinin göstərişinə əsasən, ötən ilin avqustunda bu məktəb üçün yeni binanın tikintisinə başlanıldı. Tikinti işləri Fövqəladə Hallar Nazirliyinin nəzarəti altında həyata keçirildi və qısa müddətdə müasir standartlara cavab verən yeni məktəb binası istifadəyə verildi”.
Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev isə deyib ki, bu günə qədər rayonda 1300 şagird yerlik 9 məktəb binası tikilərək istifadəyə verilib: “Bu məktəblərin hamısı müasir standartlara uyğun inşa olunub”. M.Şəkiliyev göstərilən diqqət və qayğıya görə rayon ictimaiyyəti adından Prezident İlham Əliyevə minnətdarlığını bildirib. Müəllimə Gülxar Maqsudova deyib ki, zəlzələdən sonra qəzalı vəziyyətə düşən neçə-neçə məktəbin qısa zaman kəsiyində yenidən tikilərək istifadəyə verilməsi dövlətin millətin gələcəyi olan təhsilə göstərdiyi diqqətin nümunəsidir. Qaxlı Mehparə Qazıyeva da məktəb binasının və qəzalı vəziyyətə düşmüş evlərin yenidən tikilməsinə görə, təşəkkürünü bildirib. O deyib ki, valideynlər məktəbin tikilməsini səbirsizliklə gözləyiblər: “Bundan sonra uşaqların rahat, təhlükəsiz şəraitdə oxuyacaqlarından arxayınıq”.

Zaqatalanın bir neçə kəndi
yenidən tikilib


Zəlzələdən ən çox zərər çəkmiş Zaqatala rayonunda isə indiyə qədər 2750 ev tikilərək sakinlərə təhvil verilib. Zaqatalanın bəzi kəndləri isə demək olar ki, yenidən tikilib. Məsələn, rayonun Gözbarax kəndində 403, Muxaxda 368, Danaçıda 600-ə qədər, Aşağı Talada 208, Çobançöldə 192, Qımırda 200-ə yaxın, Bazarda 122, Faldarlıda 108 ev yenidən tikilib. Bu kəndlərin bəzilərində tikinti işləri hələ də davam edir. Zaqatala rayonunda indiyə qədər 21 məktəb tikilib, daha 8 məktəbin isə tikintisi davam etdirilir. Zaqatalanın Suvagil kəndində isə yeni inşa edilmiş məktəb binasının açılışı keçirildi. Suvagil kəndində yenidən tikilərək istifadəyə verilən 2 saylı tam orta məktəb Qarabağ müharibəsində şəhid olan kənd sakini Akif Qədirovun adını daşıyır. Açılış mərasimində fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov, rayon ictimaiyyətinin nümayəndələri və ziyalılar iştirak ediblər.
Mərasimdə çıxış edən rayon Təhsil Şöbəsinin müdiri Habil Qurbanov deyib ki, ötən ilin may ayında baş verən zəlzələ nəticəsində rayonda qəzalı vəziyyətə düşmüş məktəblərin böyük əksəriyyəti artıq tikilərək təhvil verilib. Şöbə müdiri rayonda təhsil sahəsinə göstərdiyi diqqətə görə təhsil işçiləri adından ölkə rəhbərliyinə təşəkkürünü bildirib.
Suvagil kənd 2 saylı orta məktəbin direktoru Carullah Əhmədov bildirib ki, zəlzələdən dərhal sonra rayonda yeni məktəblərin tikintisi dövlətimizin təhsilə göstərdiyi diqqət və qayğının nümunəsidir: “Bu gün Suvagil kəndinin sakinləri üçün çox əlamətdar günlərdən biridir. Ötən ilin mayında Zaqatalada baş verən zəlzələdən dərhal sonra ölkə başçısı İlham Əliyev bölgəyə səfər etdi və təbii fəlakətin törətdiyi fəsadları aradan qaldırmaqdan ötrü bir sıra sərəncamlar imzaladı. Açılışına toplaşdığımız bu möhtəşəm məktəb binasının ərsəyə gəlməsində Fövqəladə Hallar Nazirliyinin və burda iş aparan tikinti şirkətlərinin böyük əməyi olub. Suvagil kəndinin sakinləri və rəhbəri olduğum məktəbin kollektivi adından Prezident İlham Əliyevə minnətdarlığımızı bildiririk. Zaqatala camaatı dövlətimizin bu humanist addımını yüksək qiymətləndirir, Azərbaycan Prezidentinin siyasətini bəyənir, onu dəstəkləyir”.
Suvagil kənd sakini, şəhid bacısı Validə Qədirova 21 il əvvəl Qarabağ müharibəsində şəhid olan qardaşı Akif Qədirovun adını daşıyan 2 saylı tam orta məktəbin yenidən tikilərək müəllim və şagirdlərin istifadəsinə verilməsini fəxr və qürur hissi ilə qarşıladığını bildirib: “Akif Qədirov 21 il il əvvəl Azərbaycanın ərazi bütövlüyünü qoruyarkən qəhrəmancasına şəhid olub. 1993-cü ildə Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra atəşkəsin imzalanması nəticəsində gənclərimiz şəhid və əlil olmaqdan xilas oldu. Bu gün ölkəmizdə sabitlikdir. Həm bu sabitliyin davam etdirilməsinə, həm də zəlzələdən zərər çəkən bizlərə göstərdiyi diqqətə görə, şəhid ailələri adından ölkə başçısına minnətdarlığımı bildirirəm”.
X. Qədirova həmçinin zəlzələdən zərərçəkən sakinlərdən olub. Ötən ilin mayında baş verən zəlzələ nəticəsində onun yaşadığı ev də qəzalı vəziyyətə düşdüyündən yenidən tikilib: “Mənim özüm də zəlzələdən zərər çəkən sakinlərdən biriyəm. Zəlzələ nəticəsində evim qəzalı vəziyyətə düşmüşdü. Dövlətin qayğısı nəticəsində evim yenidən tikildi və mən hazırda yeni evimdə yaşayıram”. Məktəbin açılışından sonra fövqəladə hallar naziri K. Heydərov Suvagil kəndində tikintisi başa çatan daha 5 mənzilin açarlarını sahiblərinə təqdim edib.

“Narazı olanları başa düşürəm”

Daha sonra nazir jurnalistlərin suallarını cavablandırıb. K. Heydərov ötən il Azərbaycanın şimal-qərb bölgəsində baş verən zəlzələdən sonra həyata keçirilən tikinti işlərindən danışıb, həmçinin bölgədə bəzi sakinlərin narazı qaldığı məsələlərə aydınlıq gətirib. Azərbaycanın zəlzələdən zərər çəkən bölgəsində ölkə başçısının tapşırığına əsasən, tikinti işləri aparıldığını, qəzalı olması barədə rəy verilən evlərin və sosial obyektlərin yenidən tikildiyini deyib. Nazir qeyd edib ki, aprelin 15-nə qədər Azərbaycanın zəlzələ baş vermiş 3 rayonunda Qax, Balakən və Zaqatalada 3245 fərdi yaşayış evinin tikintisi başa çatdırılıb, 1847 qəzalı evin tikintisi isə davam etdirilir.
K. Heydərov zəlzələ bölgəsində bəzi sakinlərin haqsız narazılıqlarının olduğunu xüsusi vurğulayıb: “Ötən il mayın 7-də ölkənin Şimal-qərb bölgəsində baş verən zəlzələdən dərhal sonra Prezident İlham Əliyev bölgəyə səfər etdi. Zəlzələ bölgəsindəki vəziyyətlə tanış olduqdan sonra ölkə başçısı bir sıra sərəncamlar imzaladı və bundan sonra bölgədə müvafiq komissiyalar öz işinə başladı. Komissiyalar ilkin işləri bitirdikdən sonra layihələr hazırlandı. Bundan sonra da qəzalı vəziyyətə düşən evlərin, sosial obyektlərin tikintisinə start verildi. Bu proseslər bu günə kimi davam etməkdədir. Belə ki, bölgədə ötən il baş verən zəlzələdən sonra oktyabrda yenidən təkanlar oldu və həmin təkanlardan sonra bölgədə qəzalı vəziyyətə düşən evlərin, sosial obyektlərin sayı artdı”. Nazir bildirib ki, zəlzələ bölgəsində işləyən komissiyalar daimi əsaslarda fəaliyyət göstərir: “Bu komissiyalar zəlzələnin törətdiyi fəsadlar aradan qaldırılana kimi bölgədə fəaliyyətlərini davam etdirəcəklər. Əhali arasında müəyyən narazılıqlar var. Məsələn, bu gün mənə dedilər ki, bir ev sahibi evinə baxış keçirilməsi üçün 8 dəfə müraciət edib. Komissiyalar 8 dəfə həmin vətəndaşın evinə təkrar baxış keçiriblər. Bütün baxışlarda da eyni qərar verilib. Mən həmin narazı insanları da başa düşürəm. Başa düşürəm ki, onların qonşuları üçün yeni evlər tikilib, onların evləri isə köhnədir və həmin insanlar da istəyirlər ki, onların evləri də qonşularının evləri kimi təzə ev olsun. Onlar bilməlidirlər ki, əgər evləri qəzalı vəziyyətdə deyilsə, həmin evlərin sökülməsi birmənalı olaraq yolverilməzdir. Müəyyən bərpa gücləndirmə işlərinə ehtiyac varsa, biz həmin ev sahiblərinə təmir üçün kompensasiyalar ödəyirik. Onlar bir daha başa düşməlidir ki, bu hadisə təbii fəlakət nəticəsində baş verib və dünyanın heç bir ölkəsində dövlət sığortalanmamış evlərə təbii fəlakətlər zamanı yardım göstərmir. Lakin Azərbaycanda həm 2010-cu ildə baş verən sel və daşqınlardan zərər çəkənlərə yardım məqsədilə, həm də 2012-ci ildə Şimal-qərb bölgəsində baş verən zəlzələnin nəticələrini aradan qaldırmaq üçün dövlət tərəfindən vəsait ayrılıb. Bu, Prezident İlham Əliyevin əhalinin sosial vəziyyətini nəzərə alaraq vermiş olduğu çox mühüm bir qərardır. Biz də həmin qərarın icrası ilə məşğuluq”.

“Son qərarı komissiyalar verəcək”

Nazir bölgəyə son səfəri zamanı narazı vətəndaşları qəbul etdiyini, evlərə baxış keçirdiyini xatırladıb: “Məlum oldu ki, bəzi kəndlərdə elə sakinlər var ki, onlar hamının gözü qarşısında öz evini uçurublar. Belə adamlar öz əmlakına qarşı cinayət törətmiş sayılırlar. Onlar öz əmlaklarını qəsdən zədələyiblər. Belə iş görmək olmaz. Bir daha deyirəm ki, bu günə kimi zəlzələ bölgəsində 3245 fərdi yaşayış evinin tikintisi başa çatdırılıb. Artıq ikinci mərhələ başlayıb. Bu mərhələdə qalan evlərin tikintisi davam etdirilir. Bunların hamısı dövlətin və Prezidentin göstərdiyi qayğının nəticəsidir. Mən başa düşürəm ki, sakinlər öz evlərini vaxtilə sadə çay daşlarından tikiblər və həmin mənzillərdə yaşayıblar. Əgər bu gün həmin evlərdə hər hansı bir qəza baş veribsə, burada dövlətin günahı nədir? Unutmaq lazım deyil ki, həmin evlərin hamısı şəxsi evlərdir və o evlər tikilən zaman dövlət heç bir zəmanət verməyib. Bütün bunlara baxmayaraq, dövlətimiz hər zaman olduğu kimi yenə vətəndaşların köməyinə çatdı və biz ölkə başçısının tapşırığı ilə zəlzələ bölgəsində qəzalı vəziyyətə düşən evləri yenidən tikib sakinlərin istifadəsinə verdik”.
Kəmaləddin Heydərov narazı qalan vətəndaşların müraciətlərinin araşdırıldığını deyib: “Elə vətəndaşlar var ki, narazı qaldığı üçün məhkəmələrə müraciət edirlər. Bu da onların öz hüququdur. Birmənalı olaraq deyirəm ki, evlərə baxış keçirilir, son qərarı komissiyalar verəcək. Heç kim komissiyaların işinə təzyiq edə bilməz. Komissiyalar tərəfindən verilmiş rəy və statusları dəyişdirmək mümkün deyil”. K. Heydərov ötən ilin mayında Azərbaycanın şimal-qərb bölgəsində baş verən zəlzələnin nəticələrini aradan qaldırmaq üçün heç bir xarici ölkədən yardım almadığını açıqlayıb: “Biz nə 2010-cu ildə baş verən daşqınlar zamanı, nə də ötən il baş verən zəlzələ zamanı təbii fəlakətin nəticələrini aradan qaldırmaq üçün heç bir ölkədən yardım almamışıq. Sadəcə dövlətimiz tərəfindən, öz vəsaitimiz hesabına başqa ölkələrdən alınan çadırlar təyyarələrlə Zaqatalaya gətirilib”. K. Heydərov bərpa-gücləndirmə rəyi verilmiş evlərin sakinlərə mənzillərini tikinti işləri aparan şirkətlər vasitəsilə təmir etdirməyi tövsiyə edib: “Mən keçən dəfə də bura gələndə sakinlərə bildirdim ki, nə qədər ki, bölgədə iş aparan tikinti şirkətləri buradadır, həmin şirkətlərlə müqavilə bağlayıb, evlərini təmir etdirsinlər. Dövlət tərəfindən ayrılmış kompensasiyalar sakinlərə bu işləri görməyə imkan verir. Onu da deməliyəm ki, bu gün dövlət tərəfindən verilən kompensasiyalar vaxtilə həmin evlərin tikintisinə xərclənən vəsaitdən çoxdur”.
CAVIDAN






 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Lənkəranda keçirilən humanitar aksiyada 130 nəfər könüllü qan verib
19.09.2018
Uşaqlar üçün yardım Mərkəzi tərəfindən 113 nəfərə müxtəlif növ yardım göstərilib
19.09.2018
Neftçilərə yeni mənzillərin orderləri təqdim edilib
19.09.2018
Astarada keçirilən əmək yarmarkasında 45 nəfərə göndəriş vərəqəsi verilib
18.09.2018
Aşıq Hüseyn Bozalqanlının “Xalxal səfəri” dastanı belə başlayır...

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info