Naxçıvanın böyük turizm potensialı var
Tarix: 13.04.2017 | Saat: 18:02:00 | E-mail | Çapa göndər


Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası qədim tarixi, zəngin mədəniyyəti və əsrarəngiz təbiəti ilə seçilir. Tarixi və mədəniyyət abidələri, gəzməli-görməli yerləri, abadlaşan şəhər və kəndləri Naxçıvanın turizm potensialını daha da artırır. Məhz bu potensialı tanıtmaq məqsədilə “Nəqşicahan Holdinq” tərəfindən aprelin 11-dən 14-dək qədim diyara info-tur təşkil edilib.
İnfo-tur çərçivəsində Türkiyə, İran, Şimali Kipr, Küveyt və Azərbaycanın müxtəlif turizm şirkətlərindən, ümumilikdə, 220 sahibkar və turizm sahəsinin nümayəndəsi Naxçıvana gəlib.
Səfərin birinci günü qonaqlar “Duzdağ” otelində yerli turizm nümayəndələri və iş adamları ilə görüşərək əməkdaşlıq imkanlarını müzakirə edib, Duzdağ Fizioterapiya Mərkəzinin imkanları ilə tanış olublar.
Aprelin 12-də qonaqlar Uzunoba İstirahət Kompleksi ilə tanış olub, dəniz səviyyəsindən 2 min 450 metr yüksəklikdə yerləşən Batabat yaylağını gəzib, ərazidəki göllər, məşhur Üzən ada, Zorbulaq haqqında məlumatlar alıblar. Həmin gün qonaqlar Ağbulaq İstirahət Mərkəzinin turizm imkanlarını da öyrəniblər.
Günün sonuna yaxın qonaqlar muxtar respublikanın dini turizmində mühüm rol oynayan “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksi ilə tanış olublar.
Qeyd edək ki, Naxçıvanın mövcud turizm potensialı qonaqlarda böyük maraq oyadıb və onlardan bir neçəsi təəssüratlarını AZƏRTAC-ın müxbiri ilə bölüşüb.
Ruslan Quliyev, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri: “Bizim qurumun əsas məqsədi, adından da göründüyü kimi, ölkəmizdə sağlamlıq və termal turizmə dəstəyi özündə əks etdirir. Duzdağ Fizioterapiya Mərkəzi də Naxçıvanın turizm potensialında mühüm əhəmiyyəti ilə seçilən yerlərdən biridir. Hər il bura dünyanın müxtəlif ölkələrindən bronxial-astma xəstəliyindən əziyyət çəkən xeyli insan gəlir. Burada yaradılmış infrastruktur imkan verir ki, bu məqsədlə muxtar respublikaya üz tutan turistlərin sayı daha da çox olsun. Qeyd edim ki, bu ildən başlayaraq biz Pribaltika ölkələrində bu mərkəzin tanıdılması istiqamətində işlərə başlayacağıq. Bundan əlavə, Naxçıvanın hərtərəfli inkişafı, burada həyata keçirilən quruculuq və abadlıq tədbirləri muxtar respublikaya turist axınının artmasına imkan verir. Ümid edirik ki, qarşıdakı illərdə biz bunun şahidi olacağıq”.
İran İslam Respublikasının “Mişoparvaz Təbriz” turizm şirkətinin meneceri Fəriba Mirsefidi: “Naxçıvanla bağlı təəssüratlarım böyükdür. Hər şeydən əvvəl deyim ki, burada bütün küçələr, yollar çox təmizdir. Müasir dövrdə bunu qoruyub saxlamaq elə də asan deyil. Digər tərəfdən Naxçıvan çox gözəldir. Şəhərdə müasirliklə qədimlik bir-birini tamamlayır. Burada olduğumuz müddətdə Naxçıvanın bir çox gəzməli-görməli yerlərində olduq. Təbiətin qoynunda yer alan Batabat yaylağı, Ağbulaq turistlər üçün əsl istirahət məkanlarıdır. Əshabi-Kəhf ziyarətgahı haqqında isə çox eşitmişdim, amma burada olmamışdım. Çox möhtəşəm bir yerdir. Məlumatım var ki, İran İslam Respublikasından ziyarət üçün bura gələnlər çox olur. Çalışacağıq ki, bundan sonra biz də buraya ziyarətə gələnlərə kömək göstərə bilək. Duzdağ Fizioterapiya Mərkəzi isə məni çox təəccübləndirdi. Naxçıvanın hansı tərəfində olduqsa, orada bir füsunkarlıq, gözəllik gördük. İnanıram ki, Naxçıvan bütün bu gözəllikləri ilə qarşıdakı illərdə daha çox turist qəbul edəcək”.
Türkiyə Respublikasının “ASV Lojistik” şirkətinin nümayəndəsi Hanifi Yıldırım: “Qədim Naxçıvan diyarında olmağımdan qürur hissi keçirirəm. Burada 20 il əvvəl olmuşdum, ancaq indi çox dəyişib, yeni binalar tikilib, yollar çox rahatdır. Ötən illərdə Naxçıvan çox sürətlə inkişaf edib, hər şeydən əvvəl sabitlik təmin olunub. Bu da turizmin inkişafı üçün başlıca şərtdir. Təmizliyə isə söz ola bilməz. Bu təmizliyi indi bir çox Avropa ölkələrində belə görmək mümkün deyil. Bu, məni çox sevindirir. Əslən İqdırdanam. Hazırda Ankarada yaşayıram. Mənim ata-babalarım ötən əsrin əvvəllərində Naxçıvandan köçüb Türkiyədə məskunlaşıblar. Buna görə də Naxçıvanı həmişə özümə Vətən saymışam. Naxçıvanla bağlı təəssüratlarım böyükdür. Xüsusilə qeyd etmək istəyirəm ki, burada turizmin inkişafı ilə bağlı böyük işlər görülüb. Öyrəndim ki, Naxçıvanda tarixi abidələrin bərpası və təmiri, yeni turizm obyektlərinin tikintisi diqqətdə saxlanılaraq mühüm layihələr həyata keçirilib. Naxçıvanda kənd yaşayış məntəqələrinin abadlaşdırılması isə məni valeh etdi. Yəni söhbət hər hansı bir kəndə gedən avtomobil yolunun salınmasından deyil, kəndlərin təhsil, səhiyyə, mədəniyyət müəssisələri ilə təmin olunmasından, insanlara rahat yaşamaq və internetə çıxmaq imkanlarının yaradılmasından gedir. Bu mənada, Naxçıvan həm yaşamaq və işləmək, həm də turizmin inkişafı baxımından çox unikal məkandır. Yeri gəlmişkən, Duzdağ Fizioterapiya Mərkəzi məni çox valeh etdi. Bu obyekt sağlamlıq turizmi baxımından Naxçıvana çox fayda verə bilər. Artıq gələcək layihələrimizdə bu mərkəzi Türkiyə vətəndaşlarına daha yaxından tanıtmaq və onları buraya yönləndirməklə bağlı fəaliyyətimizin olacağını düşünürəm. Ümumilikdə götürsək, Naxçıvan təbiəti, tarixi, mədəniyyəti, müasir inkişafı, turizm potensialı, məişəti və qonaqpərvərliyi ilə xeyli sayda turisti qəbul etmək iddiasında və gücündədir. Bu işin təşkilatçılarına da minnətdarlığımı bildirmək istəyirəm ki, Naxçıvanı bu cür müasir və yaraşıqlı görmək fürsətini bizə verdi”.
İran İslam Respublikasının “Behparvaz” turizm şirkətinin meneceri Emin Ehşeri: “Şirkətimiz Təbriz şəhərində fəaliyyət göstərir. Naxçıvana dəvət ediləndə çox sevindim. Doğrusu, ölkələrimiz arasındakı məsafə az olsa da, işlərin çoxluğundan buraya gəlmək arzumu reallaşdıra bilmirdim. Naxçıvanda 1997-ci ildə olmuşdum. O vaxtdan indiyə çox dəyişilib, hətta şəhəri tanımaq olmur. Hara baxırsan yaraşıqlı binalar tikilib, gözəl parklar, yollar salınıb. İlk növbədə diqqətimi çəkən isə buranın təmizliyi oldu. Bəlkə də, siz çox fərqinə varmırsınız, ancaq kənardan gələnlər bunu o dəqiqə hiss edir. Burada bir çox ünvanlarda olduq. Duzdağ Fizioterapiya Mərkəzi ilə də tanış olduq, Batabat yaylağını gəzdik, Ağbulağın gözəlliyini gördük, Əshabi-Kəhfi ziyarət etdik. Hər şey mükəmməl və gözəldir. Buna görə də hər il İran İslam Respublikasından xeyli turist gəlir. Naxçıvandan Məşhədə yeni sərnişin qatarının fəaliyyətə başlaması isə hər iki tərəfdən turist axınını gücləndirəcək. Bizi belə bir səfərə dəvət etdiklərinə görə minnətdarlığımı bildirirəm. Çalışacağıq ki, qarşıdakı dövrlərdə iranlı turistlərin Naxçıvana daha çox gəlişini təmin edək”.
“Cənnət bağı” turizm şirkətinin nümayəndəsi İnnara İbrahimova: “Əvvəlcə “Nəqşicahan Holdinq”ə minnətdarlığımı bildirirəm ki, yerli və əcnəbi turizm şirkətlərinin nümayəndələrini Naxçıvana dəvət ediblər. Naxçıvan Azərbaycanın ayrılmaz tərkib hissəsi, qədim və zəngin mədəniyyətə malik bir diyarıdır. Müstəqillik illərindən sonra burada görülən işlər, həyata keçirilən quruculuq, abadlıq tədbirləri Naxçıvanın büsbütün dəyişməsinə, gözəlləşməsinə səbəb olub. Muxtar respublikanın özünəməxsus təbii gözəlliyi və insan zəhməti ilə yaradılmış müasir infrastrukturu bu qədim diyarın gözəlliyini daha da artırır. Yaradılmış şərait Naxçıvanın turizm imkanlarının genişliyini də ortaya qoyur. Buna görə də Naxçıvan bu gün yerli və əcnəbi turistləri yüksək səviyyədə qəbul edəcək potensiala malikdir. İnanıram ki, bura gəlmiş turizm şirkətlərinin nümayəndələri bu imkanları dəyərləndirəcəklər”.
Qeyd edək ki, aprelin 14-dək davam edəcək info-tur çərçivəsində qonaqlar Naxçıvanın gəzməli-görməli yerləri ilə tanış olacaq, qarşılıqlı təcrübə mübadiləsi aparılacaq, turizm sahəsi üzrə fəaliyyət göstərən yerli mütəxəssislər üçün ustad dərsləri təşkil ediləcək.
AZƏRTAC-ın Naxçıvan Muxtar Respublikasındakı bürosu




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib
19.11.2018
Paytaxtın 2 rayonunda iməclik keçirilib
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info