“Xammalı, emalı, mütəxəssisi özümüzdən olmaqla hazırlanan məhsulla dünya bazarına çıxa bilərik”
Tarix: 19.04.2017 | Saat: 00:38:00 | E-mail | Çapa göndər


ADPU-nun Sosial fənlər kafedrasının baş müəllimi Vaqif Əliyev:
“Önəmli odur ki, kənd təsərrüfatı məhsullarını müasir standartlara uyğun istehsal edək”
Ölkədə iqtisadi sahədə həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində qeyri-neft sektoru inkişaf etməkdədir. Yevlaxda qeyri-neft ixracatçılarının respublika müşavirəsində çıxışı zamanı ölkə başçısı bildirib ki, Azərbaycan öz iqtisadi potensialını şaxələndirib, hazırda qeyri-neft sektorunun iqtisadiyyatda çəkisi 65 faiz təşkil edir: “Əslində, bizim fəaliyyətimizin əsas istiqamətləri tələbatı daxili istehsal hesabına ödəməkdən və ixrac potensialımızı artırmaqdan ibarətdir. Qarşıda duran vəzifələrdən biri də odur ki, biz ixracda da şaxələndirməyə nail olaq. Necə ki, buna ümumi daxili məhsulda nail olmuşuq, ixracda da buna nail olmalıyıq”.
Mütəxəssislər də ölkədə qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən tədbirləri dəstəkləyir, aqrar sahədə, o cümlədən ixrac potensialının artırılmasını vacib hesab edirlər. Müsahibimiz ADPU-nun Sosial fənlər kafedrasının baş müəllimi Vaqif Əliyevdir:

- 1970-ci illərdə də ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə ölkədə aqrar sahəyə xüsusi diqqət yetirilirdi, o cümlədən pambıqçılıq, üzümçülük, tütünçülüklə bağlı çox işlər görülürdü. Azərbaycanın relyefi, torpağı, şəraiti elədir ki, kənd təsərrüfatını inkişaf etdirməmək mümkün deyil. Biz, gərək bu məhsuldar torpaqlardan istifadə edək. Hazırda ölkə başçısı da bu sektora xüsusi diqqət yetirir. Mən auditoriyada da deyirəm ki, biz, gərək aqrar sahəyə, turizmə xüsusi fikir verək. Bu sahədə mütəxəssislərimiz, alimlərimiz var ki, onlar təklifləri ilə həmin sahələrin inkişafında mühüm rol oynaya bilərlər. Tarixən regionlarda müxtəlif sahələrin inkişafının şahidi olmuşuq. Məsələn, cənub regionumuz çayçılıqla tanınıb. Rusiyanın televiziya kanalında təqdim edilən “Pole çudes” verilişinin sponsoru “Azərçay”dır. Məhsulumuzun adının belə verilişdə çəkilməsi ilə bağlı, bir vətəndaş kimi, fəxr edirəm.

“Aqrar sektorun inkişafı sosial sahəyə də müsbət təsirini göstərir. İşsizliyin aradan qaldırılması, həyat şəraitinin yaxşılaşdırılması, infrastrukturun, emal müəssisələrinin yaradılması kompleks şəkildə bir-birini tamamlayır”

Bizdə kənd təsərrüfatının əksər sahələrinin inkişafı mümkündür. Əsas odur ki, düzgün seçim aparılsın, yəni rayon dəqiq müəyyənləşdirilsin. Sabirabad, Saatlı, Bərdə pambıqçılıq üçün əlverişlidir. Bir çox sahələr, o cümlədən taxılçılığın inkişafı ilə bağlı bizdə yaxşı taxıl sortları olub. Cəlal Əliyevin, İmam Mustafayevin yaxşı taxıl sortları var. Yəni taxılçılığın inkişafı üçün hər bir şərait var. Sadəcə, biz hər bir amili elə seçməliyik ki, xərci, şəraiti, işçi qüvvəsi, istehlakı, ixracı məsələsi uyğun olsun. Vaxtilə Quba-Xaçmaz zonası Rusiyanı alma və digər meyvələrlə təmin edirdi. Bundan başqa, Zaqatala-Balakən zonası da gül yağı ixrac edirdi, valyuta qazanılırdı. Hər bir dövlət çalışmalıdır ki, özünü ərzaqla təmin edə bilsin. Bizim də bunun üçün hər bir potensialımız var. Ərzaq təhlükəsizliyi təmin edildikdən sonra dövlət, cəmiyyət arxayın yaşaya bilər. Bu gün dükanlarda, əsasən, yerli məhsullara rast gəlinir. Biz də, əsasən, yerli məhsullara üstünlük veririk.
- Bu gün əsas məqsədlərdən biri ixrac potensialını artırmaqdan ibarətdir. İxrac potensialımıza təkan verəcək növbəti layihələrlə bağlı nə deyərdiniz?
- Aqrar məhsullarımızı yalnız xammal kimi təqdim etməməliyik. Məhsulun emalına çalışmalıyıq. Niyə meyvə şirəsini xaricdən idxal etməliyik. Sovet dövründə Gürcüstan respublikaları mineral su ilə təmin edirdi, onunla məşhur idi. Bizim də mineral sularımız var. İxrac üçün imkanlarımız var. Prezidentin qeyd etdiyi kimi, kənd təsərrüfatı məhsullarının emalını, beynəlxalq standartlara uyğun, qablaşdırılması, loqistikanı da nəzərə alıb təmin etməliyik. Kənd təsərrüfatı məhsullarından yaxşı mürəbbə, şirə və s. istehsal edib dünya bazarına çıxara bilərik. İxracda müəyyən yerimizi tuta bilərik. Önəmli odur ki, kənd təsərrüfatı məhsullarını müasir standartlara uyğun istehsal edək. Hazırda bunun şahidi də oluruq. Yeni müəssisələr yaradılır və qablaşdırılma, reklamı təmin etməklə ixracı gücləndirmək olar.
- “Made in Azerbaijan” brendinin təbliğində hansı işləri görmək mümkündür?
- Sovet dövründə biz seylon çayı içirdik, hind çayı axtarırdıq, ancaq Rusiyada yüksək səviyyəli Mərkəzi Komitə üzvləri xüsusi hazırlanmış Lənkəran çayı içirdilər. Masallı zonası tərəvəzlə SSRİ-ni təmin edirdi. Hələ sovet dövründə mən SSRİ ölkələrindən birində idim, bir suvenir aldım, sonra baxdım ki, üzərində “Made in Baku” yazılıb. Ancaq SSRİ- nin adı ilə gedirdi. Bu gün brend məhsullarımız lazımdır. Onlar artıq sırf Azərbaycan məhsulu kimi təqdim olunacaq. Bu baxımdan, “Made in Azerbaijan” brendi çox vacibdir. Əsas odur ki, istehlakçının zövqünü oxşaya bilək. Burada turizmin də rolu var. Ölkəmizə gələnlər görürlər ki, necə məhsullarımız var. Biz dünya bazarında aqrar sahədə məhsullarımızla böyük mövqe qazana bilərik.
- Sənaye mərkəzlərinin rolunu necə qiymətləndirirsiniz?
- Bu, məhsuldar qüvvələrin ölkə ərazisində düzgün yerləşdirilməsidir. Onda ölkədən axın olmaz, əhali işlə təmin olunar. Aqrar sektorun inkişafı sosial sahəyə də müsbət təsirini göstərir. İşsizliyin aradan qaldırılması, həyat şəraitinin yaxşılaşdırılması, infrastruktur yaradılması, emal müəssisələrinin yaradılması kompleks şəkildə bir-birini tamamlayır. Prezidentin bu sahədə mövqeyi çox düzgündür. Çünki idman da, mədəniyyət də iqtisadiyyatın əsasında olur. Ulu öndər Heydər Əliyevin məşhur sözü var: “İqtisadiyyatı güclü olan dövlət güclüdür”. Bizim də iqtisadiyyatımıza gəldikdə, məsələn, dünyada neftlə bağlı vəziyyət zamanla dəyişə bilər. Ancaq aqrar sahə elədir ki, istehlakı labüddür. İxrac edə bilməsək belə, əhali ərzaqla təmin oluna bilər.
Ölkəmizdə aqrar sahə üçün potensial var. Bu anlayış iki cürdür. Hollandiya, İsveç sənaye-aqrar ölkəsidir. Yəni sənaye öndədir. Onun da xammalını özlərinin aqrar bölməsi verir. Digəri isə aqrar sənayedir ki, burada öndə kənd təsərrüfatı gəlir və onun əsasında sənaye yaradılır. Bizdə aqrar sənaye ola bilər. Paralellik də ola bilər. Sovet dövründə emal müəssisələri var idi, üzümçülüklə yanaşı, rayonlarda şərab zavodları, konserv müəssisələri yaradılmışdı. Biz aqrardan sənayeyə keçə bilərik və bunun üçün potensial var.
- Ölkədə gübrə və pestisid zavodları istifadəyə veriləcək. Aqrar sahənin inkişafında onların rolunu necə dəyərləndirirsiniz?
- Aqrar sahə varsa, gübrələrlə də təmin etmək lazımdır. Ancaq, bununla yanaşı, unutmamalıyıq ki, dünya bazarında brend qazanan, elitanı təmin edən əsas məhsullar təbii məhsullardır. Elə sahə var ki, gübrə lazımdır, dezinfeksiyası lazımdır. Lakin sırf təmiz məhsullar var ki, onun qiyməti də bahadır. Məsələn, İngiltərədə əsl ingilislər əyalətlərdə yaşayır. Londonda əksəriyyət gəlmədir. Orada dükanların piştaxtalarında müxtəlif qiymətə çaylar var. Ancaq ingilis deyir ki, ən bahalı çay odur ki, onu əllə yığıblar, təbii hazırlanıb. Bəzi məhsullar, xüsusilə də brend məhsullar üçün təbiilik önəmlidir. Məhsul nə qədər təbii olarsa, istehlakçı tərəfindən dəyərləndirilir. Sözsüz ki, aqrar sahəni inkişaf etdiririksə, kimya sənayesini də inkişaf etdirməliyik. Yəni kompleks, paralellik yaranır. Bu, yalnız torpağa toxum səpməkdən ibarət deyil. Bu hər sahənin inkişafı deməkdir. Elmin, yeni ixtisaslar üçün şərait yaradılmalıdır.
Pambıqçılıq varsa, toxuculuq sənayesi mümkündür. Sovet dövründə biz Riqa şəhərinə gedirdik. Bizim pambıq oraya xammal kimi göndərilirdi, orada toxuculuq sənayesi yüksək səviyyədə idi. Köynək və digər geyim məhsulları toxuyurdular. Bizim pambığın qiyməti qəpiklə hesablanırdı, ancaq köynəyi onlardan 12 manata alırdıq. Bu gün biz xammalı, emalı, mütəxəssisi özümüzdən olmaqla hazırlanan məhsulla dünya bazarına çıxa bilərik. Təkcə xammal ölkəsi olmaq lazım deyil.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır
18.09.2018
Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
18.09.2018
Ölkəmizə faydalı vətəndaşlar yetişdirməyə çalışırıq
17.09.2018
“Dünya görür ki, Türkiyə və Azərbaycan bir yerdədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10121

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info