“Fermer və sahibkarlara ən yüksək səviyyədə dəstək verilir, biz də bu dəstəkdən yararlanmağa çalışırıq”
Tarix: 19.04.2017 | Saat: 00:40:00 | E-mail | Çapa göndər


Elvüsal Mahmudov:
“Yaradılan şərait müqabilində taxıl və toxum istehsalında yüksək nəticələrə nail olmağa, ölkəmizin ərzaq təhlükəsizliyinə öz töhfəmizi verməyə çalışacağıq”

Yeni iqtisadi şəraitə uyğun olaraq Azərbaycanda başlayan genişmiqyaslı iqtisadi islahatlar artıq öz nəticələrini verir. Buna misal kimi əvvəlki illərdən fərqli olaraq artıq Azərbaycan iqtisadiyyatının böyük qisminin neft gəlirlərindən asılı olmamasını göstərmək olar.
Görülən tədbirlər, aparılan islahatlar nəticəsində artıq qeyri-neft sektoru xeyli inkişaf edə bilib. Prezident İlham Əliyevin sədrliyi ilə aprelin 17-də Yevlaxda qeyri-neft ixracatçılarının respublika müşavirəsində səslənən fikirlər də onu deməyə əsas verir ki, artıq Azərbaycanda iqtisadi sahədə həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində qeyri-neft sektoru xeyli irəli gedə bilib, ölkənin ixrac potensialı isə artıb. Prezident çıxışı zamanı qeyd edib ki, Azərbaycan yeni iqtisadi modelə keçib, bundan sonrakı dövrdə ölkə iqtisadiyyatı islahatlar, innovasiyalar, texnologiyalar və qeyri-neft sektoru hesabına inkişaf etdiriləcək. O, Azərbaycanda biznes mühitinin inkişafına və sahibkarların fəaliyyətinə dövlət tərəfindən çox böyük dəstək verildiyini də xatırladıb. Ölkə başçısının səsləndirdiyi fikirlər arasında diqqətçəkən məqamlardan biri isə bu olub ki, Azərbaycan öz iqtisadi potensialını şaxələndirib, hazırda qeyri-neft sektorunun iqtisadiyyatda çəkisi isə 65 faiz təşkil edir. O da vurğulanıb ki, Azərbaycanda iqtisadi siyasətin başlıca məqsədi tələbatın daxili istehsal hesabına ödənilməsi və ixrac potensialının yüksəldilməsidir. O qeyd edib ki, bir neçə meliorasiya layihələri icra edilib və bu proses davam edir: “Hesab edirəm ki, bu il bu istiqamətdə ən ciddi addımlar atılacaq. Fermerlərə bu il təxminən 150 min hektar yeni suvarılan torpaq təhvil veriləcək. Bir il ərzində bu qədər suvarılan torpağı əldə etməyimiz tarixi nailiyyətdir”. Prezident kənd təsərrüfatı məhsullarının ixracının 44 faiz artmasını da vurğulayıb: “Biz il ərzində daha da böyük nəticələrə gəlib çatacağıq. Çünki götürdüyümüz bu temp və geniş vüsət almış islahatlar, o cümlədən sahibkarlar tərəfindən bizim siyasətimizə göstərilən praktiki dəstək, - onlar öz işi ilə, öz investisiyaları ilə bunu göstərirlər, - deməyə əsas verir ki, 2017-ci il çox uğurlu il olacaq. Eyni zamanda, biz yeni iqtisadi modelə keçməklə bundan sonra iqtisadiyyatımızı ancaq islahatlar, innovasiyalar, texnologiyalar və qeyri-neft sektoru hesabına inkişaf etdirəcəyik”.
Kənd təsərrüfatı məhsullarının ixracının 44 faiz artması və müşavirədə səslənən digər məsələlərlə bağlı “Palitra”ya açıqlama verən “Kraun KO-1” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) direktoru Elvüsal Mahmudov ölkədə qeyri-neft sektorunun inkişafı istiqamətində görülən tədbirləri müsbət dəyərləndirdi. O, Prezidentin toxunduğu məsələlərin ölkəmiz üçün həyati əhəmiyyət daşıdığını qeyd etdi.: “Qeyri-neft sektoru artıq iki ildir ki, artan templə inkişaf edir. Burada heç şübhəsiz ki, kənd təsərrüfatının da payı yüksəkdir. Bir məqamı qeyd edim ki, təkcə ərzaq təhlükəsizliyinin təmin edilməsində ən mühüm şərtlərdən biri taxıl istehsalının artırılmasıdır. Bu istiqamətdə də ölkədə mühüm tədbirlər həyata keçirilir, toxumçuluq təsərrüfatları genişləndirilir. Biz də öz növbəmizdə ölkəmizin kənd təsərrüfatının inkişafına sırf öz sahəmizlə-toxumçuluqla bağlı töhfəmizi veririk. Qeyd edim ki, bizim MMC 2015-ci ilin oktyabrında Beyləqan və Füzuli rayonları ərazisində yaradılıb. Toxumçuluq müəssisəmizdə isə Almaniya istehsalı olan avadanlıqlar quraşdırılıb. Bütün bunları ona görə xatırlatdım ki, Prezidentin də qeyd etdiyi kimi Azərbaycanda bütün sahələrdə, o cümlədən toxumçuluqda ən müasir üsullar tətbiq edilməklə lazımi tədbirlər görülür. Ölkə başçısının fermerlərə bu il təxminən 150 min hektar yeni suvarılan torpaq təhvil veriləcəyi ilə bağlı fikri isə diqqətimi çəkməyə bilməzdi. Bu müsbət amili sahibkarlar, fermerlər yüksək dəyərləndirməlidirlər. Bildiyiniz kimi bir neçə il əvvələ kimi fermerlərimiz suvarmaya yararlı torpaqlar əldə etməkdə bir qədər çətinliklər çəkirdilər. Həmçinin taxılçılıq üçün də kifayət qədər münbit torpaqlar tapmaq olmurdu. Artıq dövr dəyişib, Prezident birbaşa bütün bu işləri nəzarətə götürüb, islahatlar aparılır, fermer və sahibkarlara ən yüksək səviyyədə dəstək verilir. Biz də bu dəstəkdən yararlanmağa çalışırıq”.
MMC direktoru taxılçılığın da ölkəmizdə daim prioritet sahələrdən olduğunu söylədi: “Sırf öz sahəmizə aid deyə bilərəm ki, bizə ayrılmış müvafiq ərazilərdə aqrotexniki qaydalara əməl olunmaqla taxıl səpini həyata keçiririk və səpin zamanı, əsasən, yerli şəraitə uyğunlaşdırılmış “Azəri”, “Qobustan”, “Bərəkətli-95”, “Krasnodar-99”, “Nota” və digər sortlara üstünlük veririk”.
Sahibkar qeyd edib ki, iri taxılçılıq təsərrüfatlarının yaradılması prosesinin sürətləndirilməsi, yeni intensiv texnologiyaların geniş tətbiq edilməsi kimi tapşırıqları sahibkarlar qarşısında mühüm vəzifələr qoyub: “Yaradılan şərait müqabilində taxıl və toxum istehsalında yüksək nəticələrə nail olmağa, ölkəmizin ərzaq təhlükəsizliyinə öz töhfəmizi verməyə çalışacağıq. Prezidentin dilindən də deyildiyi kimi Azərbaycanda iqtisadi siyasətin başlıca məqsədi tələbatın daxili istehsal hesabına ödənilməsi və ixrac potensialının yüksəldilməsidir. Bu gün toxumçuluqla bağlı daxili tələbatı tam ödəyib niyə də toxum ixracatını ən yüksək səviyyəyə çatdıra bilməyək? Bu realdır və taxılçılığın da qeyr-neft sektorunun inkişafı fonunda daha da irəli getməsi mümkündür. Onu da qeyd edim ki, Azərbaycanın keyfiyyətli taxıl sortları var. Bu da başqa ölkələrin diqqətini çəkə bilər. Bildiyiniz kimi hazırda bütün dünya təmiz, geni dəyişməmiş toxumlar sarıdan əziyyət çəkir. İnkişaf etmiş ölkələri daha çox bu tip toxumlar cəlb etmir. Bu mənada əlimizdə olan torpaq sahələrindən, suvarma sistemindəki yeniliklər və ümumilikdə yaradılan şəraitdən səmərəli istifadə edib kənd təsərrüfatı məhsullarının, əsasən də bir qədər idxaldan asılı olduğumuz taxıl məhsullarının geniş ixracatına başlaya bilərik. Taxıl elə bir kənd təsərrüfatı məhsuludur ki, buna daim yüksək tələb olub və onun daha çox əkilməsi heç vaxt ziyan gətirməyib. Yəni, heç vaxt əldə qalan məhsul olmur. Yerləşdiyimiz regionu nəzərə alsaq belə bir əlverişli ərazidə taxılçılığı daha da inkişaf etdirmək üçün təbiətin də bizim xeyrimizə olduğunu deyə bilərəm. Qısası, Prezident çox düzgün qeyd edib ki, Azərbaycan öz iqtisadi potensialını şaxələndirib, son iki ildə baramaçılıq, pambıq və digər sahələrin necə inkişaf etdiyini görürsünüz. Yaxın illərdə Azərbaycanda toxumçuluq, taxılçılığın inkişafı ilə bağlı da belə surətli dəyişikliklər olacağına şübhə etmirəm. Ən azından Azərbaycan taxıl sahəsində idxalla bağlı asılılığı tam aradan qaldırıb hətta bəzi ölkələrə ixrac da edə bilərik”.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
21.05.2019
Azərbaycan təhsil sistemində idarəetmə texnologiyalarının tətbiqi zəruridir
21.05.2019
“Mxitaryan, axı sən nə istəyirsən?”
20.05.2019
Cüzeppe Kaniliya: Azərbaycan İtaliya üçün olduqca vacib ölkədir
20.05.2019
Ramin Əhmədov: ”Azərbaycanda mükəmməl sosial təminat sistemi qurulub”
20.05.2019
Millət vəkili Azər Badamov: “Hədəf neftdən asılı olmayan güclü iqtisadiyyat formalaşdırmaqdır”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10784

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 Üç müharibə iştirakçısı olan general-mayor
4 Şuranın dəstəyilə 13 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib
5 AzMİU-da İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info